Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,37 Mb.
səhifə8/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

ƏDƏBİYYAT

1.Hacıyev T. Bəxtiyar Vahabzadənin dil üslubu. Ulduz. Bakı: 1983. №7, səh. 45-52.

2.Qarayev Y. Faciə və qəhrəman. Bakı: Azərnəşr, 1965, 192 səh

3.Qarayev Y. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh

4. Rzasoy S. Bəxtiyar Vahabzadə və milli yaddaş // I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu, Qafqaz Universiteti, 13-15 dekabr, 2012, 225 səh.

5.Seyidov Y. Ədibi tənqid və bədii dil. Bakı: Yazıçı, 1986, 197 səh

6.Vahabzadə B. Hara gedir bu dünya ? Bakı, “ Azərbaycan “ nəşriyyatı,2001-384 səh

7.Vahabzadə B. Seçilmiş əsərləri . 1 cild Bakı Öndər nəşriyyat,2004 – 328 səh

8.Vahabzadə B. Seçilmiş əsərləri . 2 cild Bakı Öndər nəşriyyat,2004 – 320 səh

9.Vahabzadə B. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.

10.Vahabzadə B. Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh

11.Vahabzadə B. Şənbə gecəsinə gedən yol .Bakı n Azərnəşr 1991,334 səh

12.Vahabzadə B. Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh
Ülkər İman qızı ƏLİYEVA

filologiya qzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu
HERODOTUN GÜNEY AZƏRBAYCAN ƏRAZİSİNDƏN

TOPLADIĞI İKİ ƏFSANƏ BARƏDƏ
Herodotun Güney Azərbaycan ərazisindən topladığı iki əfsanə barədə

Xülasə

Məqalədə Güney Azərbaycan folklor xəritəsində xüsusi mövqeyi olan əfsa­nələr­dən söhbət açılır. Müəllif qədim dövrlərin ən mükəmməl tarixçisi, “tarixin atası” Hero­do­tun Güney Azərbaycandan topladığı iki əfsanə üzərində xüsusi olaraq dayanır. O, əf­sanələrdən birincisi “Astiaq” əfsanəsidir ki, Herodot tərəfindən e.ə.V əsrdə qeydə alın­mışdır. Digər əfsanə isə “Tomris” əfsanəsidir ki, o da Azərbaycan folkloruna, ədəbiy­ya­tı­na və tarixinə həsr olunmuş bütün kitablara salınmışdır. Müəllif bu iki əfsanəni dərin­dən təhlil etmiş, əldə olan materialların əksəriyyətinə nəzər salmağa cəhd göstərmişdir.



Açar sözlər: əfsanə, Güney Azərbaycan, Herodot, Astiaq, Tomiris
Улькер Алиева

О двух легендах, зафиксированных Геродотом

в Южном Азербайджане

Резюме

В статье рассказывается о легендах, которые обладают особым местом в фольклорной карте Южного Азербайджана. Автор особо обращается к двум легендам, собранным в Южном Азербайджане великим историком всех времен, «отцом истории» Геродотом. Первой легендой является «Астиаг», которая соб­рана в V веке до нашей эры. Другая легенда это «Томрис» которая была включена в почти все основные книги и учебники по литературе, фольклору и истории Азербайджана. Эти две легенды были проанализированы автором, который пос­та­рался ознакомиться с большинством материалов на эту тематику.



Ключевые слова: легенда, Южный Азербайджан, Геродот, Астиаг, Томирис
Ulker Aliyeva

Two legends collected by Herodotus on the territory

of the South Azerbaijan

Summary

The article is talk about the legends take place in a special position on the map of South Azerbaijan folklore. The author focuses specifically on the two legends gathered by the excellent historian of ancient times, “the father of history” Herodotus at the South Azerbaijan. One of them – “Astiag” legend was recorded by Herodotus in the V century. Other legend - the “Tomris” legend have been dedicated at the books about Azerbaijani folklore, literature and history. The author thoroughly analyzed these two legends, tried to get a look at most of the materials.



Keywords: legend, Southern Azerbaijan, Herodotus, Astiag, Tomiris
Güney Azərbaycan ərazisində qeydə alınmış ən əski əfsanə elm aləmində «Astiaq əfsanəsi» adlı əfsanədir. E. ə. V əsrdə Herodot tərəfindən yazıya köçü­rül­müş bu əfsanəyə (1, s. 24-25) görə, sonuncu Midiya hökmdarı Astiaq yatıb yuxuda görür ki, qızı Mandananın ətrafında su əmələ gəlir. Bu su çoxalıb şəhəri və bütün Asiyanı basır. Astiaq yuxudan oyanıb yuxusunu danışır. Yuxu yozanlar deyirlər ki, Mandanadan olacaq oğlan onun taxtı-tacını əlindən alacaqdır (1, s. 24; 2, s. 31).

Burada yuxuyozmaya inam ilə üzləşirik ki, bu fakt ölkəmizin ərazisində, eynən digər qədim Şərq ölkələrində olduğu kimi (3, s. 117), bu inancın kök­lərinin çox qədim olduğundan xəbər verir. Məlumat üçün bildirək ki, yuxu­yozma ilə bağlı dövrümüzədək yetişən əlyazmaların ilk nümunəsi hələ e. ə. 1250 ildə papirus üzərində Misirdə qələmə alınmış yuxuyozma əlyazmasıdır (3,s.7). O, qədim misirlilərin 200-dən artıq yuxusunu və onların çoxsaylı yozumlarını əhatə edir (4, s. 18).

Folklorşünaslıqda yuxuyozmalara həsr edilmiş tədqiqat əsərlərində onun fövqəlbəşərilik, kahinlik, peyğəmbərlik və öncəgörməliklə bağlılığı üzərində da­ha çox durulmaqdadır (5, s. 46). «Astiaq əfsanəsi»ndə bu funksiyanı kahinlər yerinə yetirir.

Əfsanədə daha sonra deyilir ki, o vaxtkı qanuna görə şah yalnız midiya­lı­lardan olmalı idi. Buna görə Astiaq qızı Mandananı Kombis adlı fağır bir iran­lıya ərə verir. Bir qədər keçəndəıı sonra Astiaq ikinci dəfə yuxuda görür kı, Man­dananın sinəsində üzüm tənəyi ağacı göyərdi və büyüyüb bütün Asiyanı tut­du. Yuxu yozanlar bu yuxunu da əvvəlki kimi yozdular. Astiaq hamilə qızını sa­raya gətirib nəzarət altında saxlayır. Bir müddət keçəndən sonra Mandananın bir oğlu olur. Astiaq uşağı Harpaq adlı qohumuna verib öldürməsini əmr edir. Har­pa­ğın uşağı öldürməyə əli gəlmir və uşağı bir çobana verir ki, onu öldürsün. Tə­sadüfən həmin çobanın arvadının da oğlu olur, lakin uşaq ölü doğulur. Ər-arvad Mandananın oğlunu özlərinə götürür, ölü uşağı isə Harpağın adamlarına göstərib dəfn edirlər. Bu hadisədən on il keçəndən sonra çobanın oğlu uşaqlarla oynayır­mış. Oyuna görə onu Şah seçirlər. Çobanın (Mandananın) oğlu oyun vaxtı Ar­tem­baras adlı bir Midiya zadəganının oğlunu əmri yerinə yetirmədiyi üçün «Şah» kimi döydürür. Döyülən oğlan evə gəlib hadisəni atasına danışır. Zadəgan bunu özü üçün təhqir hesab edir. Oğlunu da götürüb Astiaqın yanına şikayətə gəlir. Astiaq qəzəblənib çobanı və onun oğlunu hüzuruna çağırtdırıb danışdırır. Uşağın çox sərbəst və cəsarətli danışığı Astiaqı şübhələndirir. O, uşaqda özünə bən­zər əlamətlər görür. Bir tərəfdən də uşağın yaşı nəvəsinin (Mandananın oğ­lunun) yaşına uyğun gəlir. Əhvalatı çobandan soruşur. Çoban qorxaraq hər şeyi açıb danışır (2, s. 31).

Bundan sonrakı hissə daha maraqlıdır: ««…Harpaq bu sözləri eşidib hökm­darın ayaqlarına düşür. O, özünün günahkar olmasına baxmayaraq, hər şey uğurla ötüşdüyü, belə şad hadisəyə görə hətta ziyafətə dəvət edildiyi üçün yük­sək xoşbəxtlik qanadında uçur. Harpaq sonra tələsik evə gedir və oğlunu dərhal Astiaqın sarayına göndərir (yeganə oğlunun 13-ə yaxın yaşı olardı). Ona buyu­rur ki, hökmdarın bütün əmrlərini yerinə yetirsin. Özü də bütün baş vermiş ha­di­səni böyük sevinclə arvadına danışır. Bu arada Harpaqın oğlu (saraya) Astiaqın hüzuruna gələn kimi o, oğlanı öldürməyi, bədənini tikə-tikə doğramağı əmr edir. Hökmdar uşağın ətinin bir qismini qızartmağı, bir qismini də bişirməyi və bu yaxşı hazırlanmış xörəyi dəmdə saxlamağı əmr edir. Ziyafət başlananda dəvət olunmuş adamlar sırasında Harpaq da gəlir. Astiaqın və qonaqların süfrəsinə qo­yun əti, Arpaqın qabağına isə öz oğlunun bütün ətini qoyurlar (uşağın başı, əlləri və ayaqları qapağı örtülü səbətə qoyulmuşdu). Görünür, Harpaqın doyduğunu hiss edən Astiaq ondan xörəyi xoşlayıb-xoşlamadığını soruşur. Arpaq cavab verir ki, xörək ona böyük ləzzət verdi. Onda xüsusi tapşırıq almış xidmətçilər uşağın başı, əlləri və ayaqları qoyulmuş ağzı örtülü səbəti gətirib Harpaqa əmr edirlər ki, səbəti açsın və içindəkilərdən nə istəsə götürsün. Arpaq əmrə boyun, əyir və səbətin qapağını qaldıranda oğlunun cənazəsinin qalıqlarını görür. Am­ma gördükləri Harpaqı çaşdırmır; o, özünü itirmir. Bu vaxt Astiaq ondan soruşur ki, hansı quş ətindən, yediyini bilirmi? Harpaq cavab verir ki, bəli, bilir, həm də hökmdar hər nə iş görsə, onun üçün yaxşı olmalıdır. Bu sözləri deyir, oğlunun ətindən qalan tikələri də yığıb evə qayıdır. Bəlkə də, oğlunun cəsədindən nə qa­lıbsa, onları toplayıb torpağa tapşırmaq istəyirmiş» (1, s. 24-25).

Bu süjet «Kitabi-Dədə Qorqud» dastanının «Salur Qazan xanın evinin yağmalanması» boyundadakı bir süjeti xatırladır:



«Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Dedi:

Bəylər, bilirsizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla xatununu gətirdək, badə paylasın!”.

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə
bel­li qızın içinə girib, məsləhət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdır?”-
deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”.

Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu hansınızdır?” deyə so­ruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

Kafir dedi: “Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətin­dən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün-gəlin, şərab paylasın!”.

Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğlunu söyləyir,
görək, xanım, nə söyləyir:

Oğul, oğul, ay oğul! Bilirsənmi, nələr oldu?

Söyləşdilər xısın-xısın,

Duydum işini kafirin.

Qızıl tağlı uca evimin dirəyi oğul!

Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!

Oğul, oğul, ay oğul!

Doqquz ay dar qarnımda

On ay deyəndə dünyaya gətirdiyim oğul!

Bələyini beşikdə bələdiyim oğul!

Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxa­rıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab pay­latdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşə­yi­nə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?!” – dedi.

Uruz deyir: “Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı – Tanrı haq­qı” – deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan boğazından tu­tar­dım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər; qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duyma­sınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan. Saqın!” (6, s. 194-195).

Müqayisəyə çəkdiyimiz iki süjetdən belə görünür ki, qədimdə düşməni öz övladının ətinin kabab edilərək, ona yedirdilməsi kimi cəza növü olmuşdur. Bu faktı əldə əsas tutan B. Tuncay Qafqaz oğuzlarının gerçəkdən də midiyalılaran varisləri olduğunu, eyni ədəbi düşüncə sistemlərini paylaşdığını bildirir və bunu təsdiqləyən başqa dolayı bir misal da gətirir. O, bir çox mənbələrə istinad edərək (7, 1997, s. 77-78; 8, 116, 144-145) qədim türk idarəçilik sistemi barədə geniş məlumat verir, sağ-sol bölgüsünün üzərinə gəlir (9) və «Oğuznamə»dən aşa­ğıdakı sitatı təqdim edir:

«Oğuz yurduna dönməsi şərəfınə toy üçün doxsan min qoç və doqquz yüz dayça kəsilməsini əmr etdi və böyük bir toy düzəltdi və qızıl ev (alaçıq) qur­durdu. Bu toy ərəfəsində, özü ilə birlikdə fatehlik səfərlərinə apardığı və onunla bərabər sağ-salamat əsas yurda dönmüş olan altı oğlu bir gün ova getdilər. Təsadüfən qızıl bir yay və üç qızıl ox tapdılar. Öz istəyinə görə onların arasında bərabər bölməsi üçün, bunları atalarının hüzuruna gətirdilər. Ataları Oğuz yayı üç yerə parçalayıb daha böyük üç oğluna, üç oxu da üç kiçik oğluna verdi. Belə qərar verdi: özlərinə yay verdiyim üç oğlumun soyundan törəyəcək qəbilələr “Bozuq' adlanacaqlar. Çünki bunlara yayı paylamaq üçün onu mütləq parçala­maq lazım idi. “Bozuq” sözünün də mənası “parçalam aq,pozm aq” deməkdir.

Özlərinə ox verdiyim digər üç oğlumun soyundan törəyəcək qəbilələrin aya­ması “Uçuq olsun. Bu “uçuq”, yəni “üç dənə ” ox deməkdir. Buyurdu ki, bundan sonra oğullarından kim gəlirsə bərabərcə (təmacamişi) çalışmışlar: “Biz hamımız bir soydanıq” - deyib orduda da öz yerlərini və rütbələrini bilsinlər.

Bunlar da belə qərarlaşdırdılar: “Yay verdiklərinin yeri daha üstün olsun və orduda sağ qolu təşkil etsinlər. Özlərinə ox verdiklərinin yeri aşağı olub sol qolu təşkil etsinlər. Zira yay padşah kimi hökm edər; ox isə ona tabe olan bir elçidir. Onların yurdunu da buna uyğun şəkildə ayırıb təyin etdi. Bu toyda ha­mının qarşısında sözünü bu şəkildə tamamlayıb buyurdu: “Mən öldükdən sonra yerim, taxtım və yurdum, əgər Gün o zaman sağ olarsa, onundur” (10, s. 51-52).

Oğuznamələrdəki hakimiyyət modelini təhlil edən S. Rzasoy oğuz ritual-mifo­loji dünya modelinin təsvir kodlarını və kosmoqonik struktur vahidlərini aşağıdakı kimi bərpa edir:

Nominativ kod: Buzuklar ------------- Uçuklar

Sakral kod: Yay ------------------------ Ox

Relyef kodu: Günçıxan ---------------- Günbatan

Üfüqi məkan kodu: Sağ ---------------- Sol

Şaquli məkan kodu: Yuxarı ----------- Aşağı

Siyasi struktur kodu: Hökmda--------- Nökər

İctimai-ierarxik kod: Tabe edən ------ Tabe olan

Zaman kodu: Əvvəlincilər ------------ Sonrakılar (11, s. 87).

Bu bölgüdə söhbət sağın sol, gündoğanın günbatan üzərində hakimiyyə­tindən gedir.

Yuxarıda təqdim edilən süjetdən göründüyü kimi, türklərdə yay haki­miy­yəti, ox isə tabeçiliyi simvolizə edirmiş. B. Tuncay yazır ki, İraqın Süleyma­niy­yə yaxınlıqlarında bulunan, midiyalılara aid olan bir barelyefdə bu bölgünün izlərini görməkdəyik (9).

Tədqiqatçının haqqında söz açdığı barelyefdə iki nəfər təsvir edilib. «Onların birinin əlində yay, digərinin əlində oxqabı vardır. İşin ən maraqlı tərəfi isə budur ki, onların başı üzərində ay diski içərisində oturan Tanrı, başqa sözlə Ay Tenqri təsvir edilmişdir.

Bu təsvirləri bizə təqdim edən əslən Güney Azərbaycandan olan Mənsur Rəhbəridir. Onun bildirdiyinə görə həmin təsvirin qrafik surəti M. İ. Dya­kono­vun «Midiya tarixi» kitabında verilmiş, fəqət alim bilərəkdən şəkli təhrif edərək, oxqabını da yay kimi göstərmiş, Ay Tenqrinin isə şəklini verməyi lazım bil­mə­mişdir» (9).

B.Tuncayın sözlərinə görə, Midiya barelyefində «Oğznamə» dəki struk­turdan fərqlənən bir incə detal var. Burada hakimiyyətin təmsilçisi, yəni əlində yay tutmuş şəxs solda yox, sağda, tabe olan, yəni əlində oxqabı tutan şəxs isə oğuzlardakının əksinə olaraq solda deyil, sağda təsvir edilib (9). Tədqiqatçı belə bir sual verir: Niyə? Axı, hakimiyyət sağda tabe olanlar solda olmalıdır.

O, haqlı olaraq göstərir ki, Midiya barelyefindəki struktur fərqini anlamaq üçün Herodota müraciət etmək lazımdır və ondan daha bir sitat gətirir. Və işin maraqlı tərəfi budur ki, o, sitatı sırf tarixi bir fakt kimi gətirir. Halbuki gətirilən süjeti əfsanə kimi də gözdən keçirmək olar və lazımdır. Fikrimizcə, şərti olaraq «Deyok və Frəörtə haqqında əfsanə» kimi təqdim edə biləcəyimiz bu əfsanə də folklorşünaslarımız üçün maraqlı olmalıdır. Amma nədənsə «Astiaq əfsanəsi»ni Azərbaycan folkloru nümunəsi kimi gözdən keçirməyi lazım bilən folklor­şü­nas­larımız onu gözaltı etmişlər.

Tarix və folklorun, daha dəqiq desək, rəvayət və əfsanələrin çuğlaşmasına «tarixin atası» adlandırılan Herodotun tarix kitabında da rast gəlirik. Onun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədim dün­yanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından, onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini və folklorunu öyrənmək baxımından da qiy­mətli məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyətə malikdir. «Herodotun "Tarix"ini açan hər kəs birinci kitabın ilk sətrində iki ad görür: "Halikarnaslı Herodot..." Sonra bütün "Tarix" boyu gah uzaq keçmişin o vaxta qədər qalan abidələrini öyrənən, keçmişlər haqqında bi­rin­ci, ikinci, hətta üçüncü dildən olaylar, əsatir, əfsanə, rəvayət, dastan və müd­rik sözlər eşidən; gah da zamana hadisələrinin iştirakçıları ilə görüşərək onların fikrini və xatirəsini dinləyən müəllifin hər şeyə açıq-aşkar, birbaşlı, qərəzsiz və ədalətli rəyini sanki "eşidirik". İlk sətirdə nişan verilən müəllifin və onun doğul­duğu şəhərin adına qalanda bu, o vaxtın dəbindən gəlir» (13, s. 1).

Maraqlıdır ki, Azərbaycan ədəbiyyatşünasları Herodotun Astiaq və To­miris haqqında yazdıqlarının Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri kimi gözdən keçirirlər. Məsələn Y. Babayev yazır ki, «Midiya və Albaniyada zəngin bir ədəbiyyatın varlığını оnun bizə gəlib çatan … «Tоmris» və «Astiaq» əfsanələri, Cavanşirin ölümünə Davdağın yazdığı mərsiyə və s. kimi az saylı nümunələri də təsdiq еdir» (14, s. 11).

Folklorşünas Vaqif Vəliyev də onları məhz əfsanə kimi gözdən keçirərək, “Astiaq” əfsanəsinin “Tomris” əfsanəsi ilə müqayisəli təhlilini vermişdir (15, s. 280- 284). S. Zülfüqarlı da Astiaqla bağlı süjeti əfsanə kimi dəyərləndirərək onu «Azərbaycan dili» dərsliyinə daxil etmişdir (16, s. 31-32).

R.Qafarlı isə hər iki süjeti rəvayət kimi dəyərləndirərək yazır: «İlk «Tarix» (Herodot) kitabına düşən «Astiaq» və «Tomris» rəvayətləri ilə bir sıra mif sis­temlərinin (xüsusilə tale mifi) ömrü uzadılır. Roma mifologiyasında ilkin döv­lət­çilik görüşləri əks olunur ki, bunu mədəni həyatın başlanğıcı hesab edirlər. Romul və Rem Romanı düşmən hücumlarından və daxili xəyanətkarlardan qo­rumaq üçün xüsusi icra mexanizmi olan yeni birlik yaradırlar. Astiaqın ulu ba­bası Deiyokun Midiya dövləti qurması haqqında Herodotun verdiyi məlumatlar göstərir ki, Azərbaycan mifoloji təsəvvüründə dövlətin daha mükəmməl modeli qurulmuşdur» (17, s. 12).

“Tomris” və “Astiaq” əfsanələri ayrıca mövzu kimi «Erkən orta əsrlər Azər­baycan ədəbiyyatı», «VII-X yüzilliklərdə Azərbaycan ədəbiyyatı», «Xətib Təbrizi Azərbaycanda ədəbiyyatşünaslığın banisi kimi», «XII yüzillikdə Azər­baycan ədəbiyyatı: Xaqani, Məhsəti və b.», «Nizami Gəncəvi, yaradıcılığı», «Ni­zami və xalq qaynaqları» kimi mövzularla yanaşı Azərbaycan Univer­site­tinin Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris planına daxil edilmişdir (18).

Maraqlıdır ki, Azərbaycan tarixçiləri həm Astiaqın, həm də Tomirisin real tarixi şəxsiyyətlər olduğunu təsbit etmiş və onların adlarını «Azərbaycan kitab­ların»da əbədiləşdirmişlər. Burada R.Qafarovun aşağıdakı fikri ilə razılaşmamaq mümkün deyildir: «Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində mif dünya tarixinin başlanğıcını özündə əks etdi­rən ən dolğun mənbə sayılırdı. Bu günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeoloji axtarışların nəticə­sin­də miflərdə göstərilən şəhər, saray və qalaların qalıqları üzə çıxdı, mifoloji təs­virlərin çoxunun gerçəkliyi təsdiqləndi» (17, s. 14).

B.Tuncayın real tarixi fakt kimi gözdən keçirdiyi «Deyok və Frəörtə haq­qında əfsanə»nin birinci hissəsi belədir:

«102. Deyokun Frəörtə adlı oğlu vardı. Deyok 53 illik hökmranlıqdan son­ra vəfat edir, hökmdarlıq irsən Frəörtəyə keçir. Frəörtə hakimiyyəti ələ alıb mi­di­yalılara hökmdarlıq etməklə kifayətlənməyərək, farsların üstünə müharibəyə gedir. Onun ilk hücumuna farslar məruz qalırlar və midiyalılara ilk dəfə onlar tabe olurlar. Frəörtə bu iki, özü də qüdrətli xalqa hakim kəsilərək, sonra Asiya xalqlarını dalbadal özünə tabe etməyə başlayır. Nəhayət, o, assurların üzərinə yürüş edir. (Məhz həmin assurlara ki, onlar Ninə sahib olub, əvvəllər bütün Asi­yaya ağalıq edirdilər, indi isə müttəfiqlərinin qopub ayrılmasından sonra tək qal­mışdılar, amma bununla belə, öz evlərində hələ də kifayət qədər güclü idilər). Frəörtə özü 22 illik hökmranlıqdan sonra bu yürüşdə həlak olur və ordusunun da böyük hissəsi məhv edilir.

103. Frəörtənin ölümündən sonra hökmranlıq onun oğluna, Deyokun nə­vəsi Kiaksara keçir. Danışılanlara görə bu Kiaksar öz sələflərindən daha hərbçi olmuşdur. Asiya ordusunu ilk dəfə silah növlərinə görə əsgəri hissələrə o böl­müş, hər hissəyə-nizəçilərə, kamançılara və süvarilərə sərbəst hərəkət etmək əm­ri vermişdir. O vaxta qədər bütün ordu intizamsızcasına qarışıq olmuşdur. Bu hə­min Kiaksardır ki, lidiyalılarla vuruşanda gündüz qəflətən gecəyə dönmüşdü. Kiaksar Qalisin o tərəfi boyu bütün Asiyanı öz hakimiyyətinə birləşdirir…» (1, I, s. 102-103).

Bu məlumatı əldə əsas tutan B. Tuncay yazır ki, midiyalılar bütün Asiyanı öz hakimiyyəti altına almışdılar. Midiya isə Asiyanın qərbində, başqa sözlə, solunda yerləşirdi. Odur ki, barelyefdə hakimiyyətin təmsilçisinin sağda deyil, solda təsvir edilməsi təbiidir. Fikrimizcə, vəziyyətin dəyişməsi böyük Asiyanı Ötükendən idarə etməyə başlayan Göytürk Xaqanlığı dövründən sonra baş vermişdir. «Oğuznamə»lər də həmin dövrdən sonra qələmə alındığı üçün orada sonrakı modeli görməkdəyik (9).

Tədqiqatçının fikrincə, midiyalılarla oğuzları yaxınlaşdıran başqa bir cəhət isə midiyalılarda da eynən oğuzlar və digər türklərdə olduğu kimi hökdarın xalq tərəfindən seçilməsi məsələsidir. Herodot ilk Midiya hökmdarının seçilməsini eyni əfsanənin ikinci hissəsində belə təsvir edir:

«96. …Midiyada Frəörtənin oğlu Deyok deyilən müdrik adam yaşayırmış. Həmin bu Deyok hökmdar olmaq həvəsinə düşür və öz arzusunu bax belə hə­yata keçirir: O vaxt lidiyalılar kəndlərdə yaşayırlarmış. Deyok özünün (doğ­ma) kəndində hələ əvvəllər də hörmət qazanıbmış, sonra isə məhkəmə işlərinə baxa­raq daha səylə haqq-ədalət gözləyirmiş. Bütün Midiyada böyük qanunsuzluq hökm sürsə belə, Deyok əyriliyin düzlüyə həmişə düşmən olduğunu bilə-bilə yenə ədalətli hərəkət edirmiş. Həmkəndliləri onun bu qabiliyyətini görüb onu özlərinə məhkəmə hakimi seçmişlər. Deyok isə hökmdarlığa çatmaq niyyəti ilə məhz bu cür təmiz və haqpərəst hakim olmuşdur. Bununla da öz həmkənd­lilə­rinin kifayət qədər təqdirini qazanmış, hətta (əvvəllər ədalətsizlik qurbanı ol­muş) başqa kənd sakinləri də Deyokun yeganə ədalətli hakim olduğunu eşidib, öz çəkişmələrini həll etmək üçün onun yanına gəlirmişlər və belə - belə, axırda ancaq ona etibar göstərməyə başlamışlar.…» (1, I, s. 96-98).

Beləliklə, Herodotun Güney Azərbaycandan topladığı iki əfsanə ilə üz-üzəyik. Onlardan birincisi elm aləminə çoxdan məlum olsa da, ikincisi bugünə qədər naməlum qalır və fikrimizcə, folklorşünaslarımız ikinci əfsanəyə də xü­susi diqqət yetirməlidirlər. Beləliklə, «Deyok və Frəörtə haqqında əfsanə» He­rodotun topladığı «Astiaq əfsanəsi» və «Tomiris» əfsanəsi ilə yanaşı Azər­bay­can şifahi xalq ədəbiyyatının e.ə. V əsrdə yazıya köçürülmüş 3 nümunə­sindən biri kimi gözdən keçirilməlidir.



Məlum olduğu kimi, folklorumuzda bu və ya digər şəhər, kənd və s. ya­şayış yerinin salınması ilə bağlı çox sayda əfsanə və rəvayət mövcuddur. Sözü­ge­dən süjeti də bu qəbildən olan süjetlər sırasına daxil etmək və Akbatan (bu­gün­kü Həmadan) şəhərinin genezisi ilə bağlı əfsanə kimi gözdən keçirmək müm­kündür.
QAYNAQÇA


  1. Herodot. Tarix (Doqquz kitabda). Birinci hissə. Bakı, 1998, (http://www.kitabxana.net/files/books/file/ 1331842212.pdf).

  2. Zülfüqarlı S. Azərbaycan dili. Ali məktəbin rus bölmələri üçün dərslik. Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2009. 610 səh.

  3. Всемирная энциклопедия сновидений. Нальчик, 1997, 496 с.

  4. Nəbiyev A. Folklor yaradıcılığında fasiləsiz transfer və yuxu paradiqmaları, Bakı, 2011, 341 səh.

  5. Психология. М., 1993, 327 с.

  6. Kitabi-Dədə Qorqud. Öndər nəşriyyatı, Bakı, 2004. 376 s.

  7. Ergin M. Dede Korkut Kitabı, c.I. Ankara, 1997.

  8. Bayat F. Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları // Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, s. 47-65.

  9. Tuncay B. «Dədə Qorqud» eposunda gizlənən tarix (https://bextiyartuncay.wordpress.com/2016/08/02/d%C9%99d%C9%99-qorqud-eposunda-gizl%C9%99n%C9%99n-tarix/).

  10. Rəşidəddin. Oğuznamə. Anadolu türkcəsindən Azərbaycan dilinə çevirən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanm tərtibçisi İsmixan Osmanlı. “Azərbaycan Milli Ensiklopediyası” NPB, Bakı, 2003, 108 səh.

  11. Rzasoy S. Əcdad kultu və Oğuz dövlətçilik ənənəsi // Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, s. 66-108.

  12. Бартольд В. В. Сочинения. М., 1968, Т. 5, 757 с.

  13. Xəlilov P. Herodot və biz // Herodot. Tarix (Doqquz kitabda). Birinci hissə. Bakı, 1998, s. 1-7 (http://www.kitabxana.net/files/books/file/ 1331842212.pdf).

  14. Babayеv Y. Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və еpik şеirin inkişafı (XIII-XIV əsrlər). Mоnоqrafiya. Bakı, ADPU, 2008, 128 səh.

  15. Vəliyеv V. Azərbaycan sоvеt pоеmalarında əfsanə mövzusu. Bakı: ADU, 1969, 40 s.

  16. Zülfüqarlı (Hüseynova) S. Аzərbaycan dili. Ali məktəblərin rus bölmələri üçün dərslik. Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2009. 610 s.

  17. Qafarov R. O. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı. 2010. 60 s.

  18. Azərbaycan Universiteti. Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris olunan fənlərin təsviri (http://au.edu.az/uploads/files/Az% 20fil%20ve%20jur%20kaf%20(fenlerin%20tesviri).pdf).


Xanım MİRZƏYEVA

AMEA Folklor İnstitutunun doktorantı

xanim102@mail.ru

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin