İşin elmi nəticəsi: Bütün yuxarıda deyilənlər, alimin tədqiqata cəlb etdiyi məsələlər onu göstərir ki, Azərbaycanın böyük yazıçısı, alimi, pedaqoqu və ən nəhayət, əbədiyaşar vətəndaşı İsmayıl Şıxlının “Dəli Kür” romanı xalqın epik irs potensiyasında özünəməxsus bir yer tutmuş, mövqe qazanmışdır. Bu romanın “xalq ruhunun daşıyıcısı” olması, milli-mənəvi dəyərləri özünə hopduraraq yaşatması ilə bağlıdır. Biz bunu Ə.Tanrıverdinin “Dəli Kür” romanının poetik dili” əsərini oxuduqdan sonra bir daha yəqin etdik.
Ədəbiyyat
1. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un obrazlı dili. Bakı, Nurlan, 2006
2. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, Nurlan, 2007
3. Ə.Tanrıverdi. Poeziyanın dili, dilin poeziyası. Bakı, Nurlan, 2008
4. Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, Elm və təhsil, 2012
5. Ə.Tanrıverdi. “Dəli Kür” romanının poetik dili. Bakı, Elm və təhsil, 2012
6. M.Allahmanlı. Dilin və ruhum doğmalığında. “Kredo” qəzeti, 9 fevral 2013
7. R.Qafarlı. “Kitabi-Dədə Qorqud” eposundakı At kultunun sirrini açan böyük alim və vətəndaş//Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, 2012
8. T.Salamoğlu. Nəsr dilinin şeiriyyəti monoqrafik araşdırma obyekti kimi // Ə.Tanrıverdi. “Dəli Kür” romanının poetik dili. Bakı, 2012
Mətanət MAŞALLAHQIZI (ABBASOVA)
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu
abbasova_metanet @rambler.ru
EPİK ƏNƏNƏDƏ MİFOLOJİ İNAM MOTİVLƏRİ
(M.Süleymanlının «Səs» romanı əsasında)
XÜLASƏ
Məqalədə M.Süleymanlının “Səs” romanında mifoloji düşüncə, inam və təssəvvürlər əsərin məzmunu, ideya-bədii xüsusiyyətləri ilə əlaqəli olaraq araşdırılmış, mifik arxetiplərin obraz yaratmadakı funksionallığı müəyyənləşdırilmışdir.
Açar sözlər: epik, məzmun, mifik, arxetiplər, inanc
MYTHOLOGICAL BELIEF MOTIVES IN THE EPIC TRADITION
(On the base of the novel “Sound” by M.Suleymanli)
SUMMARY
In the article the mythological thought, belief and perceptions in the novel “Sound” by M.Suleymanli are investigated closed with the content of the novel, ideological-literary peculiarities and the functionality of the mythical archetypes in the image forming is determined.
Key words: epic, content, mythical, archetype, belief, image
МИФОЛОГИЧЕСКИЕ МОТИВЫ ПОВЕРИЙ
В ЭПИЧЕСКИХ ТРАДИЦИЯХ
(На основе романа «Сес», М.Сулейманлы)
РЕЗЮМЕ
В статье исследуется связь содержание произведения с идейно – художественными особенностями, с мифическим мышлением, поверьями и представлениями данные в романе М. Сулейманлы «Сес». Отдельно определяются особенности создания образов на основе мифических археетипов.
Ключевые слова: эпический, содержание, мифический, архетипы, верования
Məsələnin qoyuluşu: Epik ənənə, konkret olaraq M.Süleymanlının «Səs» romanında əski düşüncə, təssəvvürlərə bağlı mifoloji motiv, modellərin semantikası, işlənmə mexanizmi və arxetip dominantlığının mövzu, obraz və. s ilə bağlılıq prinsiplərinin müəyyənləşdirilməsi.
İşin məqsədi: M.Süleymanlının «Səs» romanı əsasında Azərbaycan nəsrində mifoloji düşüncənin bədii-estetik, ideya-məzmun kontekstinin araşdırılması.
Həyatı, dünyanı obrazlı dərk etmək cəhdinə əsaslanan mifologiya bütün xalqların tarixi, ilkin yaddaşı, dünyagörüşünün mühüm tərəfi kimi çıxış edir. Hər bir xalqın etnik-milli dünyagörüşünə bağlı mifologiya uzun tarixi keçmişindən uzaqlaşmasına baxmayaraq, öz arxaik rudimentləri ilə insanların həyat və məişətində yaşamaqdadır. Zamanında ibtidai insan tərəfindən həyatın özü kimi yaşanıb, qəbul edilən mifologiya xüsusilə mədəniyyətin müasir səviyyəsi, məzmun dəyərlərində qorunmaqdadır. İncəsənət, ayrıca ədəbiyyatda milli yaddaş mövqeyindən çıxış edərək poeziya və nəsrdə qiymətli ədəbi ənənəyə çevrilmişdir. Məlumdur ki, epik ənənədə mifoloji görüntünün modelləri müxtəlif olmaqla çoxçalarlıdır. Mifologiya bu və ya digər etnos üçün ən mükəmməl sistemli mətn, həm də rudiment şəklində mövcud olmaqla fərqləndirilməkdədir. Rudiment, obraz, simvol şəklində olan bu arxaik qalıqlar müəllif tərəfindən bəzən məqsədli şəkildə işlədilsə də, əksər hallarda onun niyyətindən asılı olmayaraq mahiyyətinə varılır. Azərbaycan ədəbiyyatında Anar (“Ağ qoç, qara qoç”), Elçin (“Ağ dəvə”), M.Süleymanlı (“Köç”, “Ceviz qurdu”, “Səs”), İ.Əfəndiyevin (“Geriyə baxma qoca”) və s. yazıçıların əsərlərində mifoloji düşüncə modelləri geniş, müxtəlif formaları ilə süjet, obraz əhatəliliyində funksionallığı ilə seçilir.
Bədii yaradıcılıqda götürülən hər bir obraz müvafiq fərdi, psixoloji keyfiyyətləri ilə seçilməsinə baxmayaraq, onun həyat tərzi, dünyagörüşü, davranış normativləri aid olduğu etnosun yaşayış kompleksini formalaşdırır. Milli müəyyənlik mövqeyindən ümumiləşdirilən bu səciyyəvilik mədəniyyət aktı olaraq sosial, mənsubiyyətlilik, etnos daxili zaman və məkan baxımından seçilir. Geniş, həyati baxımdan yanaşılan bədii obrazların xalqlar, onların keçmişi, məişəti, milli kodeksləri əsasında yaradıldığını nəzərə alsaq, sözsüz ki, bu istiqamətdə obrazın daşıdığı etnik dünyagörüş, inam və düşüncə motivləri ön plana keçir. Hətta öz-özlüyündə ayrıca davranış modelinin pozulması obrazın bədii kimliyini belə konkretləşdirmiş olur.
İnsan, mənəviyyat və cəmiyyət problemlərinin işıqlandırılması istiqamətində yazılan M.Süleymanlının “Səs” romanı bu xüsusda diqqəti cəlb edir. 80-ci illərin əvvəllərində qələmə alınmış “Səs” sovet dövrü, bu dövrün siyasi-ideoloji təzyiqində yaşayan bütöv bir cəmiyyətin daha çox mənəvi problemlərini əhatə edən geniş tutumlu romandır. Bu cəmiyyət, dövrün, insanının mənəvi iflası, gələcəyə ümidsizliyi, faciəsi əsərdə müxtəlif sosial statuslu obrazların həyatı psixoloji düşüncələrinin timsalında ümumiləşdirilmişdir. Romanda 6 mərtəbəli, çat verməkdə olan bina və onun sakinləri məhvə məhkum cəmiyyət, iflasa uğramış mənəviyyatın görüntüsü olaraq simvollaşdırılmışdır.
Müəllifi düşündürən problemlər əsərdə müxtəlif təbəqədən olan insanlar, onların adi, gündəlik qayğıları üzərində qurulmaqla ayrı-ayrılıqda ümumiləşdirilən obrazların fərdi, tipik mahiyyətində izlənilməkdədir. Yuxarıda da qeyd olunduğu kimi, bütün hallarda bu obrazlar öz-özlüyündə müvafiq etnos, xalqın düşüncə, həyat tərzi, əski inamlarını təlqin etməkdədir.
Romanda halallıq-haramlıq, mədəniyyət-murdarlıq və s. pozulması obrazların fərdi xüsusiyyətləri, həyat tərzi əsasında müşahidə edilir ki, hər bir vəziyyətdə bu insanlar öz əski mifik inam və görüşlərindən çıxış edirlər. Konkret olaraq obrazların səciyyəsi romanda iki qrupda müəyyən edilir:
1) Dəyişən zamanın özü ilə gətirdiyi siyasi-sosial dəyişikliklərdən öz mənfəətləri üçün əyri yolla yararlanıb faydalı əməl və inamdan uzaq düşənlər.
2) Sonadək halal və haramın tarazlığını saxlayıb sakit, inamlı həyatlarını yaşayanlar.
Romanda hər iki istiqamətdə səciyyələndirilən obrazlar üçün əski inamlara bağlı davranış formulları, əxlaqi dəyərlər mövcuddur, lakin onların həyat tərzi, ömürlərində bu düşüncələri yaşatmaları tam fərqlidir. Roman boyu geniş kontekstdə bütün obrazlar üçün xaos-kosmos qarşılığında ümumi bir xof, qorxu yaşanmaqdadır.
İlkin halda vəzifəli şəxsin qardaşı ilə qonşu olmaq xofu insanları doğru yoldan sapdırmış, müsbət əxlaqi davranışlardan uzaqlaşdırmışdır. Anaşa satan, məhəllədə “professor” ləqəbi ilə tanınan İskəndər, onun əlaltıları, evlər idarəsinin müdiri Dəmir, evini əxlaqsızlıq yuvasına çevirən Məleykə, din, imanını pula satan Hacının və s. qorxusu məhz Kamal müəllimin vəzifə səlahiyyətlərinin xofuna bağlıdır. Bu insanların davranışları, əməlləri əslində riyakarlıq üzərində qurulmaqla Kamal müəllimin hörmətini qazanmaq, ona yaxınlaşmaq məqsədini güdür. İkinci halda isə obrazların xofu, qorxusu halal və haram mizanının söykəndiyi axirət inamına əsaslanır. Pianino ustası Haley, Buta xala, Umbikə kimi obrazların səciyyəvi xüsusiyyətləri bu inam və düşüncədən irəli gəlir.
Yeni zaman, dövrün yaratdığı asudəlik, özbaşınalıq bu cəmiyyətin əski əxlaq, inam və dəyərlərinə tamamilə ziddir. Ayrı-ayrı obrazların sosial mənsubiyyətlərinə bağlı davranışlarının yeni cəmiyyətə uyğunlaşdırılması bütün hallarda etnosun tarixi, əxlaq-etik mövcudluğuna qarşıdır. Romanda bütün obrazların yaşadıqları cəmiyyətə uyğun qazanc əldə etmə fəallıqlarında nəticə olaraq onların şüuraltı dünyaları, təfəkkürlərində yaradan qarşısında sorğu olunmaları, halallığın itməsi müqabilində cəzalandırılmaları inamı dayanır. Başqa sözlə desək, insan psixikasının yönəldildiyi, daha çox öz etnik dünyagörüşünə bağlı Allaha inam, pisliklərin cavabsız qalmaması inancı, cəzalandırılma romanda əksər obrazların süuraltı fikir qatında qalmaqdadır. Qorxudanlar, eləcə də bu xofu yaşayanlar üçün bu mənəvi haqq keçilməzdir. Cəmiyyət məhv olmaq üzrədir. Haleyin təbirincə, parçalanan zaman çat səslərini çalmaqdadır, eyni istiqamətdə insanın özünə qayıdışı, əbədi, haqqa bağlı xofun varlığı canlanmaqdadır. Dünyanın, zamanın, yaşananların ilkin inamlardakı qapalı, təkrarlanan modeli burada mifik təfəkkürün mühüm tərəfi kimi çıxış edir.
Romanda cəmiyyətə uyğun yaşayıb öz içindəki haqdan uzaqlaşan Məleykə obrazı bu baxımdan xarakterikdir. Ömrü boyu “dünyanı tanıyandan adlı-sanlı, sanballı adamların” üzünə durmaqla onları şərləyib pul qazanan, evini əxlaqsızlıq yuvasına çevirən bu qadın sonunda “tük gətirməklə” “Allahın qəzəbinə” düçar olur. Obraz öz düşüncələrində cəzalandırılma həqiqətinə olan inamını törətdiyi əməllərə bağlayır: “... Allahın adından da qorxmağa başlamışdı, Allahın adını çəkən kimi şər atıb tutdurduğu adamlar gözlərinin qabağına gəlirdi. Hər halda Allahın işidi. Arvad ola-ola birdən-birə kişi kimi tük gətir, tüklən, Allahdan başqa kimin işi ola bilər bu...”(4, 416) Allahı tanıma, ömrünün müəyyən dövründə bu inancı özünə daha yaxın buraxmaqla bağlanması obrazın etirafı olaraq onun təslimidir. Halallığın haqlarını içində daşıyıb (Allaha olan inamı), əməllərində onlardan uzaqlaşan Məleykə obrazı mövcudluğun qapalı modelinə uyğun sonda öz əski inancını qəbul etmiş olur.
Romanda halallığını yaşayan və bunun qorunması üçün mübarizə aparan obrazlar içərisində Buta və Umbikə xala obrazları ayrıca yer tutur. Oğlanlarının haram pul qazanmalarına göz yuma bilməyən Buta xala ömrünün son günlərində yatağa düşərkən belə bir tikə halal çörək dadmaq üçün övladlarına yalvarır. Bu yalvarış və halallığın axtarılması obrazın öz iç dünyasının kökləndiyi inanca-haram, naqisliyin cəzalandırılması inamına bağlıdır. Ağbirçək ananın göz yaşları içərisində söylədiyi “sizin cavabınızı verəmməyəcəm. Döşümnən asacaqlar məni” yalvarışları eyni düşüncədən irəli gəlir.
Buta xalanın (obrazın adının da tarixi-milli arnamentlərin simvolikasından götürülməsi də təsadüfi səciyyə daşımır) etiqadında axirəti əks etdirən, ədəbi həyat və səadətin qazanılması bu dünyada mövcuddur. Eyni zamanda axirətə, yəni xeyirli həyat tərzi keçirərək yaşayan hər kəsin səadət (cənnət), əksinə pis əməllilərin cəza (cəhənnəm) ilə mükafatlandırılmasına inam Buta xala üçün sadəcə dünyagörüş formulu deyil, onun həyat tərzi, yaşadığı ömrün özüdür.
Romanda eyni məqamda halal və haramlığın sınağından keçmə, Allaha inam Umbikə xalanın da obraz kimi səciyyələndirilməsində ilkin cəhət olaraq seçilir. Doğma bacısı Məleykənin əməllərinə görə xəcalət çəkən, onu özündən uzaqlaşdıran Umbikənin cəmiyyətdəki pisliklərdən aldığı qorxusu onu Allaha, nənəsinin dilindən eşitdiyi ata-baba adı kimi bir doğmalıq duyduğu Tanrıya yaxınlaşdırır “…Allah, demək istəyirdi, birdən Tanrı yadına düşdü. Nənəsi həmişə dua qılanda Tanrının adını çəkərdi, Tanrı məni eşidir, deyərdi, Allah eşitmir. Tanrının adını da doğurdan da ata-baba adı kimi bir yaxınlıq, doğmalıq vardı. Xataları uzaq elə bizdən, ay Tanrı!...”(4, 460) “Tanrı” adının Allahdan fərqləndirilməsi əslində obrazın gözünü açdığı, həyatı, dünyanı tanımağa başladığı andan hər gün eşitdiyi, özündə eşidə-eşidə doğmaları – ata, anasıyla birlikdə böyütdüyü məhrəm, sirli varlığa olan düşkünlüyə bağlıdır.
Romanda diqqəti cəlb edən cəhətlərdən biri də obrazların mifoloji təfəkküründə şam, işıq əyəsinə olan inamıdır. Türk mifoloji düşüncəsində “sahib” mənasında işlədilən “əyə” (bəzi variantlarda “ic”, “iye” və s.) hami ruhlar mənasını verir. Bu mifoloji motivə bağlı geniş yayılmış su əyələrindən fərqli olaraq burada şam, işıq əyəsinə inam vurğulanır. Əsərdə oğlu nəzarətə alınan ana Haleyin ayaqlarına düşüb yalvarır, onun xilasını qardaşı Rəhimovdan istəyir. Bu zaman ovuclarında yanan işıq obrazın yalvarışının cavabı olaraq “gözə görünməyənlər”in şamı kimi onun təsəllisinə çevrilir. Eyni inam və xəyali görüntünü Haley yuxusunda ovcuna qoyulan şamla yaşayır.
Əyə – Orta Asiya, Qərbi Sibir, Altay Kazan və s. türk xalqlarının mifologiyasında “sahib” ruh anlayışı olaraq geniş yayılmaqla müxtəlif məkan, yaşayış yerləri ilə əlaqələndirilməkdədir (orman, ev yiyələri və s. anlamında). Digər təbiət elementləri, xüsusilə işıq əyəsi faktı isə daha çox iç dünya, mənəviyyat aktı olaraq formalaşmışdır. İşıq inamının mifoloji kökündə dayanan istilik, başlanğıc, aydınlıq, daha geniş mənada bu dünya və s. mənaları sonralar xalq mifik təfəkküründə cilalanaraq ruh, sahib anlayışlarında konkretləşmişdir. Bu mənada hər kəsin işığı, onun öz sahibi, ruhu kimi inanca çevrilmişdir. Romanda da işığa and, şam nurunun istisinin yuxuda, eləcə də aşkarda hiss olunması sovet cəmiyyətinin yeni aurasında həyat, talelələrinin axarından asılı olmayaraq öz soy-kökü, dünyagörüşünü mifoloji təfəkküründə qoruyan insanların səciyyəsində verilir. Müəllif iradəsindən asılı olmayaraq obrazın həyat, məişətinin bu mifik reallıqda canlandırılması əslində obrazların həyatiliyinə əsaslanır. Onların adi məişət həyatı, yaşayışında sadə bir dua, çağırışa çevrilən bu elementlər böyük, tarixi əski inam, düşüncə sistemində etnosun mifik yaddaşı ilə səsləşir.
Eyni işıq həqiqətinin bağlandığı ikinci bir tərəf kosmoqonik miflərdən sayılan Ay obrazına olan münasibətdir. Romanın bir neçə yerində, canlı-itin hadisələrin müşahidəçisinə çevrilərək gördüyü, yaşadığı haqsızlıqlardan təsirlənərək göyə - Aya ulaması və bunun daha çox obrazların öz çirkin əməllərinə daha çox bulaşdığı məqamla üst-üstə düşməsi də təsadüfi səciyyə daşımır.
İt İskəndər və onun əlaltılarının binaya daşıyıb gizlətdiyi, sonra da dostları vasitəsilə payladığı anaşa, narkotik maddə alverçilərini, evini əxlaqsızlıq yuvasına çevirən Məleykənin çoxsaylı qonaqlarını, Tokayın binanın VI mərtəbəsində açdığı studiyasındakı ədəbsiz film həvəskarlarını hər gün qarşılamaqdadır. Göz önündə yaşanan pisliklərə hürən, acığını-hirsini bəzən onlara hücum edib qapmaqla soyudan bu canlı həmişə döyülüb, bir kənara atılmaqla cəzalandırılır. Əslində romanda 6 mərtəbəli binanın, simvolik mənada çürüyən cəmiyyətin önünə çıxaran it öz arxaik həyat tərzi-mahiyyətini qoruyub saxlayan yeganə canlıdır. Ən qədim dövrlərdən başlayaraq köçəri həyat tərzi yaşayan xalqlar ev heyvanları içərisində sədaqət, güç, qorumaq, etibarlılıq timsalında itlərə xüsusi önəm vermişdilər. İtin canlı olaraq qorumaq, sahibinə aid olanı saxlamaq funksiyası romanda öz etnik mahiyyətində qabardılmaqla məlum cəmiyyət, xırda bina sakinlərinin cürüyən mənəviyyat və saflığına qarşı qoyulmuşdur. Pisliyə, murdarlığa, harama hürən it, əslində itən bu mənəvi dəyərlərin qorunmasına çalışır. Anaşa satan İskəndər, əxlaqsız Məleykənin qonaqları, riyakar Dəmirdən aldığı təpiklər, işgəncələr belə iti öz əməlindən uzaqlaşdıra bilmir. İtdən uzaqlaşmaq üçün onu azdırmağa qərar versələr də uca dağ döşünə aparılan bu canlı yenidən şəhərə, 6 mərtəbəli binanın önünə qayıdır. İt hürür, əski məişətdəki karvanlara, qaranlığa, hənirtiyə, həyət-bacaya soxulacaq dəvətsiz qonaqlara deyil, açıq-aşkar günün-günorta çağı belə öz vicdansızlıqları, alıb-aldatmaları, əxlaqsızlıqları ilə ətrafı murdarlayanlara qarşı çıxır.
Cəmiyyət üçün narahatlıq keçirən adi, saf insanlardan fərqli olaraq, canlı-it öz hikkə və üsyanını Aya-göy üzünə ulaması ilə bildirir. İtin Aya üz tutub ulaması da mifoloji kontekstdə simvollaşdırılmışdır. Sibir-şaman mifologiyasında Ay dünyanın gecə qaranlıq yarısı ilə əlaqələndirilir, ayrıca Çukca miflərində isə insanlara bədbəxlik gətirən məxluq Seles-Ayla bağlanır (5).
İnsan ölümü, ruhun dəyişməsi ilə bağlı miflərdə də Ayın əsatiri – rəmzi mənalarına rast gəlinir. Belə ki, bu mifoloji görüşlərdə insan ruhu, ayrıca ölən insan, heyvan gözlərinin Ayda yerləşməsi ilə bağlı faktlar diqqət mərkəzindədir. Ölümdən sonrakı həyatda ruhun yerləşdiyi Aydan kosmosun izlənilməsi mifoloji motivi sonralar şifahi və yazılı ədəbiyyatda poetik cilalanma nəticəsində şahidlik, çağırış və s. mənalarda simvollaşdırılmışdır (Klassik nəsrdə Ə.Haqverdiyevin “Ayın şahidliyi” hekayəsi bu xüsusda daha maraqlıdır).
Binada, simvolik mənada bu mikrocəmiyyətdə baş verənlər – Dəmirin ikiüzlülüyü, İskəndərin Nazlının bədəninə sarıdğı pulların istisini, Məleykənin evinə gəlib-gedən bazar alverçilərinin əxlaqsızlığını gördükcə və hər dəfə bu insanlar tərəfindən təhqir olunub, qovulduqca it göy üzünə - Aya üz tutub ulayır. Ay mifik müəyyənliyində şahidlik kimi itin çatdırmaq istədiyi səsə çevrilir. Romanda digər obrazların da itin ulamasından həyəcanlanması bu inamın mahiyyətinə bağlıdır. “...Beləcə, qorxu iti təzədən əzməkdəydi, ona görə də ağzını düz binanın üstündə dayanmış Aya tutub uzun-uzadı uladı, bir məhəllə o yanda Umbikə arvad itin səsinə yuxudan oyanıb qalxıb yerinin içində oturdu, əlini üzünə çəkib: – Nə xətasıdı, Allah –, dedi, – yenə axtarır bizi?! O it boşuna ulamır, nə nifrindi yağdırır üstümüzə, iraq elə bizdən”(4, 460).
İnama çevrilən mifologiya bu gün rudiment, obraz, simvol şəklində qalan arxaik qalıqları ilə mövcuddur. Təhlil olunan “Səs” romanında da obrazların səciyyələndirilməsində ön plana keçən mifoloji inam bu insanların böyük əksəriyyəti üçün tanış, doğma, bu və ya digər dərəcədə mahiyyətinə varılan mənəvi tapıntı sistemidir.
İtin ulaması Tanrıya üz tutma, çağırış motivini ifadə etməklə daha fərqli tutumda Hacının peşmanlığı, “ölə bilməmək” xofuna bağlanır. Vaxtilə atasının üzünə durub onun ölümünə bais olan Hacı da “elə ulaya-ulaya qalacağam dünyada” – təəssüfü, qorxusuyla vicdan əzabı çəkir. Hər iki çağırış səslənmə kimi xaosa ünvanlanır. İlkinlik, qeyri-müəyyənlik, aliliyin qarşısında bu səs həm də inam, ümid, sitayiş motividir.
Romanın sonuncu fəslində bu motiv daha da konkretləşərək mifik sitayişin ritualı-dua şəklində ön plana keçir. Olanlar, yaşananlar, haram əməllər, “yer əkib, toxum səpilən kimi günah əkilən yer üzü” Tanrıya qarşı duadadır. Dünyanı tanıyandan yaşamaq, mübarizə aparmaq üçün insanın tapındığı qüvvələrə səsləyişi – dualar bu günün insanını təfəkküründə eyni inanc, ümid yeridir. Yazıçı bu romanda “səs”in ritminin pozulması – simvolik yöndə cəmiyyətin, insanların halallıqdan uzaqlaşması, sonda yenə də əski inam və sitayiş – dua etməklə pisliklərdən arınma, yaradanın mərhəmətini qazanmasını bədii yolla yaradıcı şəkildə əks etdirir.
Mif – folklor ənənələrinin nəsrdə zənginliyi göründüyü kimi, bir sıra modellərlə xarakterizə olunur. Mifoloji motiv, obraz, simvol və s. yaradıcı bəhrələnmə nəsrin kompozisiya quruluşu, poetik xüsusiyyətləri, ümumilikdə strukturuna öz təsirini göstərmişdir. Bütöv mif folklor motivlərinin nəsrə gətirilməsi, bu mövzuların yazılı ədəbiyyatın kontekstində işlədilməsi, sistemləşdirilməsi nisbətən məhduddur. Ayrıca obraz, simvol, rituallar şəklində mifoloji göstəricilərlə zənginliyi baxımından isə istər klassik, istərsə də müasir nəsr geniş, çeşidli mifoloji informasiyanı özündə cəmləməkdədir.
Bu baxımdan, 70-80-ci illərdən başlayaraq Azərbaycan nəsrinin müəyyənliyi onun poetik-mifoloji qatının mükəmməlliyinə bağlanır. Yeni epik ənənədə mifoloji motiv, obrazlara, mifik-simvolik elementlərə geniş yer verilməsi canlı, həyati obraz yaratma, milli özünəqayıdışın nəsrdə möhkəmləndirmə prinsipi olaraq diqqəti cəlb edir.
İşin elmi nəticəsi: Epik ənənədə milli-etnik xüsusiyyətlərin mövcud arxaik, ritual-mifoloji modellərlə əks olunması mexanizminin müəyyənləşməsi.
İşin elmi yeniliyi: Epik əsərin ideya-bədii təhlilinin genepoetik sistem əsasinda aparılması.
İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi yeniliklərindən Azərbaycan nəsri, ayrıca poetikası, yazılı ədəbiyyatın folklor-mifoloji qatının araşdırılması ilə bağlı aparılan tədqiqatlarda istifadə oluna bilər.
Ədəbiyyat
1. C.Məmmədov. Sənətkar gözü, nəsrin sözü. Bakı, Yazıcı, 1990
2. T.Salamoğlu. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Səda, 2012
3. T.Salamoğlu. Müasir Azərbaycan romanı-janr təkamülü. Bakı, Nafta-Press, 2007
4. M.Süleymanlı. Üç roman. Azərnəşriyyat, 2004
5. Грачева. Г.Н. Человек, смерть и земля мёртвых у нганасан. Природа и человек в религиозных представлениях народов Сибири и Севера. Ленинград Наука, 1976
6. Лейтс Н.С. Роман как художественная система. Перм: ПГУ, 1985
7. Мифы народов мира. Энциклопедия, Т.М. Советский Энциклопедия, 1988
8. Храпченко М.Б. Художественное творчество, действительность, человек. Москва: Советский писатель, 1978
Elmira MƏMMƏDOVA-KEKEÇ
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu, Xəzər Universiteti
mamedovaelmira4@gmail.com
ÇAĞDAŞ VÜCUDNAMƏLƏRİN FORMA VƏ MƏZMUN ÖZƏLLİKLƏRİ
XÜLASƏ
Modern vücudnamələrlə bağlı bu məqaləmizdə son dövrlərdə topladığımız müəllifi məlum olmayan nümunələr və çağdaş şairlərin ən yeni bu cür poeziya örnəkləri üzərində təhlil aparacağıq. Həmin nümunələr Azərbaycan və türk dillərindədir. Bu şeirlərin çoxu sərbəst vəzndədir. Nəsr formasında olan nümunələr də diqqəti cəlb edir. Bu vücudnamələrdə insanın yaş mərhələləri daha çox günlük sosial, mənəvi problemlərin fonunda təsvir edilir. Atatürkün ömür yoluna həsr olunan, yeni doğulmuş qızı ilə bir atanın ömür yoluna həsr edilən və hələ ana bətnində olan bir qız uşağının həyatı kimi məsələlərə bu vücudnamələrdə yer verilir.
Açar sözlər: vücudnamə, modern, Azərbaycan aşıqları, Türkiyə
CONTEMPORARY VUCUDNAME’S (WHICH DESCRIBETHE LIFE
OF THE CHARACTERS FROM BIRTH TO DEATH) FORM
AND CONTENT FEATURES
SUMMARY
In this article the examples which author are unknown and collected recently by us about modern vucudname and contemporary poets’ the lastest examples of this kind of poetry we will conduct analyze. These examples are in Azerbaijan and Turkish languages. Many of the poems are in free rhythm. Examples of prose form are in the attention. In these vucudname stages of a person’s age is depicted in the background of daily social and spiritual problems. The vucudname which describe Ataturk’s life, the way of life of a father and his newborn daughter and the life of a little girl who is still in the womb.
Key word: age poetry, modern, Azerbaijani ashug, Turkey
ОСОБЕННОСТИ ФОРМЫ И СОДЕРЖАНИЯ СОВРЕМЕННЫХ ВУДЖУДНАМЕ
РЕЗЮМЕ
В данной статье о современных вуджуднаме анализируются собранные нами за последнее время образцы, авторы которых неизвестны, а также произведения современных поэтов. Эти произведения написаны на азербайджанском и турецком языках, большинство из них созданы в форме свободного стиха. Внимание привлекают также образцы прозы. В данных вуджуднаме возрастные этапы человека выражены, в основном, на фоне ежедневных социальных и нравственных проблем. Рассмотрены вуджуднаме, посвященные жизненному пути Ататюрка, жизни отца и только родившейся дочери, а также находящейся еще в чреве матери дочери.
Dostları ilə paylaş: |