Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə10/29
tarix07.04.2018
ölçüsü2,7 Mb.
#47711
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

CAN HƏSƏN KƏNDİ


I mətn

Yaşdı adamlardan, babalarımızdan eşitmişəm ki, bizim kəntdə iki qaçax oluf. Birinin adı Qaçax Mahmud, o birisinin adı isə Qaçax Abdulhüseyn oluf. Mərtdihləriynən hamını heyran qoyurdular. Bınnarın qəhrəmannığı keçən əsrin əvvəllərinə gəlib çıxır. Yəni Sovet hakimiyyəti qurulandan əvvəlki dövrə aiddir. Bütün kənd, obuynan bir adı-sanı oluf onnarın. Onnar həmməşə eli qorumax üçün düşmən qarşısına yeriyiflər. Deyilənnərə görə, bir dəfə necə olursa Mahmudnan Abdulhüseyn kəntdə olmurlar. Bu hadisə Kosalar kəndində olur. Yəni başqa yerə getmişmişdər. Bu ərəfədə erməni gavurları kəndin üstünə hücuma keçillər.

Qaçax Mahmudnan Qaçax Abdulhüseyn gedəndə kəndi qorumağı Həsən addı bir iyid olur, ona tapşırıllar. Həsən onnarın dəstəsindən olur. Gavırlar hücuma keçir. Həsən böyüh şücaət göstərir, son qanına kimi onnarnan mübarizə aparır. Ancaq həlak olur. Həsənin sağ qolunu gavırlar kəsillər. Götürüf atın yəhərinə bağlıyıllar ki, aparsınnar. Keçmişdə də belə bir şey varmış ki, iyitdən bir miras aparıllarmış ki, onun qarşılığında qızıl pul, sikkə alsınnar. Camaat pərən-pərən düşür, dağılır meşələrə. Gavurlardan da qırılannar olur ha. Həsənin qolunu atın yəhərində aparıllar. Bizim kəndin ərazisində Dağ çay deyilən bir yer var. Həmin çayı erməni dəstəsi keçəndə Abdulhüseynnən, Mahmudnan qabaxlaşıllar. Aralarında təxminən yüz əlli, iki yüz metr məsafə oluf. Baxıllar ki, atlılar gəlir. Amma qabaxda gedən atın yəhərində bir qol sallana gedir. Abdulhüseyn nişan alır, həmin ermənini orda öldürür. At dayanır. Orda atışma olur. Abdulhüseyn atın yəhərindəki qola baxanda başdıyır ağlamağa. Ağlamax yox, kövrəlir. İyid ağlamaz deyillər. Mahmud soruşur ki, niyə ağlıyırsan Abdulhüseyn? Deyir ki, siz bilmirsiniz. Bu Həsənin qoludu. Onnan yol vermir ki, Həsənin qolunu aparsınnar. Həsənin qanını yerdə qoymurlar. Artıxlamasıynan qisasdarını alırlar.

II mətn

Bizim kəndin adı Kosalar kəndidi. Kosalar ümumi addır. Beş kənd Kosalar kəndi hesab olunur. Hər kəndin də öz adı var. Bı kəntdərdən birinin adı Can Həsən kəndidir. Bilirsən, niyə ona Can Həsən kəndi deyillər? Bir günnəri Həsən adlı bir iyid kəndi gavurlardan qoruyurmuş. İyitdik gösdərif onnarın çoxunu öldürür, amma özü də gavurlar tərəfinnən öldürülür. Həsənin qolunu gavurlar kəsif aparıllarmış. Kəndin qoçax oğlannarı Həsənin qolunun aparılmasına imkan vermillər. Qolu qaytarıf gətirillər. Həsənin qolunu gətirif harda ölüfsə, ora – kəndin ortasına qoyullar. Kəndin camaatı “Can Həsən, Can Həsən, Can Həsən” deyif nalə qoparıllarmış, şivən eliyirmişdər. O vaxtdan da həmin kəndin adı Can Həsən qalır. Can Həsən də Kosalara daxil olan beş kəntdən biridi.




  1. HACI QARA

Hacı Qara bizim kəntçi olub, özü də çox imkannı adam olub, kasıb-kusuba baxan olub. Onun xəsis kimi tanınmasının səbəbi belədir. Bir qaraçı tayfası olub, ayı oynada-oynada gəzirmiş. Oların başçılarının adı da Lotu Kərim olur. Oxuyurmuş, əlin açıb pul dilənirmiş. Gəlir Hacı Qaranın yanına. Oynuyullar, gülüllər, danışıllar. Deyib Hacı, bizə pul ver. Hacı da deyib:

– Ə, sənin boynun kəl boynu kimidi. Get işdə pul qazan, bu sənət döyül. Mən yetimə-yesirə baxıram.

Həqiqi də, bayram vaxdı böyür-başındakı arvatdarı göndərirmiş ki, get gör kimin evində düyüsü yoxdu, ayın-oyunu yoxdu. Olara kömək eliyirmiş ki, bayram axşamı onun da evində qazan asılsın. Lotu Kərim də bu sözü tutub başdıyır Hacını bəzəməyə. Sora bunu Hacıya çatdırıllar, Hacı gedib Lotu Kərimi tapıf. Deyib, ə, sən sağlam adamsan, mən sənə ona görə pul vermədim. Bu söz-söhbəti qutar. Deyir, Hacı, vallah, bu gündən qutardım. Bu da gedib çıxıb Axundovun qulağına. Hacı Qaranın xəsisliyi burdan yaranıb. Amma əslində çox əliaçıq adam olub.




  1. CƏFƏR AĞA

Cəfər yetim uşağ oluf, bir varrının yanında çoban olufdu. Cəfərin ağası Məşədə gedəndə bu da deyif ki, ay ağa, mən də səynən gedim. Deyif ki, bala, gedək. Cəfər də düşüb ağasının yanına, gedib Məkkəyə. Rozə deyillər, kiminsə ziyaratı qəbul olunanda adı yazılır. Ağa gedib ziyarat eliyəndə ziyarat daşın belə götürüb görüb Cəfərin adı birinci lövhədə. Necə indi qol çəkmirik, onda deyirdilər barmağın rozəyə keçib, belə məsəl var. Cəfərin barmaqları basılıb bura. Ayə, bu nə olan şeydi, nətər şeydi? Deyəndə deyif ki, ağa, yolda mənə verdiyin çörəyi mən yeməmişdim, qoymuşdum həyvəmə. Gələndə yolda qabağıma bir qoja kişi çıxdı. Ajınnan qılçası dolaşırdı, yeriyə bilmirdi. Dedi, ay bala, ajınnan ölürəm, bəlkə bir belə çörəyin ola. Mən öz çörəyimi yemədim, verdim o qoja kişiyə. Demək, o Allah-taalaya o qədər xoş gedib ki, mənim barmağım gəlib rozəyə keçib. Allah onun ziyaratın qəbul eliyif. Varranıf, döölətdənif Karbalayi Cəfər ddandırılıf. Cəfərin də Dəli Məhərrəm, Pezi Məhəmməd deyilən varlı, qoçax oğlannarı oluf.




  1. ŞİRVAN ŞAH

Burda (Füzuli rayonunda – top.) Şirvan şah oluf. İran şahı deyif ki, sən mənim pəhlivanımnan güləşməlisən. Bu da çox güjdü pəhlivanmış. Deyif ki, ay şah, məə yaraşmır axı mən pəhlivannan güləşəm. Deyir, yox, əmr eliyirəm, güləşməlisən. Deyir, onda bir iş eylə, bir qijiy maya18 gətir, bir də nər gətir. Mayanı yatızdırıflar, nəri də bu yatızdırıf. Baş barmaxların qoyur nərin buduna, nər nə qədər eliyir, qalxa bilmiyif. Deyif, indi pəhlivanı gətir, salxasın nəri. Pəhlivan əlin qoyur nərin üsdünə, nə qədər güj verirsə, nəri saxlıya bilmir. Nər qalxır. Deyir, bu da sənin pəhlivanın, güləşdik. Orda bir bayatı çəkir. Deyir:

Əziziyəm, Qarabağ,

Qara salxım, qara bağ.

Cənnətə dönsə Şirvan,

Yaddan çıxmaz Qarabağ.



  1. PƏHLƏVAN XƏLİL

Bir nəfər gəlir, deyir, Xəlili yaman qüvvəli deyillər, gedib onnan güləşəjəm. Xəlil hardan gəlirmişsə buna rast gəlir. Pəhlivan deyir, Xəlili axtarıram. Deyir, Xəlil mənəm. Deyib, nağarax? Deyir, mən aj güləşə bilmərəm. Gəl çörək-zad yeyək. Oturublar möhkəm yeyiflər-içiflər. Çölə çıxanda görüllər bir kadın əlində güyüm sudan gəlir. Güyüm də otuz litr su tutur. Onu altından götürmək olar, amma boğazından qaldırmax çətin məsələdi. Xəlil deyib, ay qız, burdan gəl, burdan gəl. Gəlib bura. Deyir, güyümü maa ver, su içəjəm. Qız güyümü qoyub yerə, çəkilib. Xəlil tutub güyümün boğazınnan çəkib başına. İçib-içib, doyannan sora qoyub yerə. Deyir, gedək güləşək. Gələn pəhlivan deyir, yox, qardaş, mən sənin güjü gördüm. Mənnik döyül.


MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR


  1. CAN ÖVLADDAN ŞİRİNDİR

Bir qoja arvat nəvəsiynən qalırmış. Bir günnəri nəvəsi xəsdələnir. Arvat deyir, ay Allah, ona gələn mənə gəlsin, ona gələn mənə gəlsin. Bu cavan uşaxdı, ona heş-zad olmasın, nə gəlirsə, mənə gəlsin. Bir müddət heylə duva eliyirmiş. Qapılarında da bir dənə dana varmış. Dana qapıda gəzirmiş. Görüf vedrədə su var. Gəlif başın belə basanda ki, su içə, vedrə girir bunun başına. Vedrə girəndə görmür axı. Qapı da açığımış. Belə-belə, belə-belə eliyə-eliyə (başını silkələyə-silkələyə – top.) gəlif girir içəri. Kənd eviymiş. Heylə içəri girəndə deyir, ooy, Əzrayıl gəldi, öləsən canım, xəsdə mən dəələm, mən dəələm, odey odu, – deyif, nəvəsin gösdərif... Can şirin olur. Deyir, Əzrayıl, başaa dönüm, xəsdə mən dəələm, odu.




  1. ALLAH ÖZÜNƏ LAYİQ OLANI APARIR

Bir kişinin gözəl bir oğlu varmış. O qədər qənirsiz gözəlimiş ki. Deyir, oğul, gəl gedəh meşiyə oduna. Gedillər, odunu qırıllar, eliyillər. Deyir, gedəh bir bulağın üsdündə çörəh yəəh. Gəlillər çörəyi yeellər. Oğlan deyir, ata, yuxum gəlir. Deyir, yat. Oğlan başın qoyur atasının dizinin üsdə, yatır. Çox yatır, az yatır. Görür gün əyildi. Deyir, oğlum, gün əyildi, dur get ulağı gəti, yühlüyəh gedəh. Nə qədər eliyir, oğlan durmur. Bir də baxır ki, oğlan ölüf. Kişi meşədə bir başına, gözünə döör, deyir:

– Allah, bu nə işdi, mənim başıma gətidin?

Qurban olduğum gözünə görükür. Deyir:

– Ay kişi, niyə belə eliyirsən?

Deyir:


– Ay saa canım qurban, varım-yoxum, gözümün ağı-qarası budu. Bax, bu gözəllihdə oğlana nətəər Allah-taala qıydı. Gözümün tikəcəyiydi.

Deyir:


– Kişi, qəm yemə. Get meşədən buna ləyax bir çubux qır gəti.

Deyir, yəqin vuruf ayıldajax. Gedir meşəni gəzir, görür ki, bir ağacı kəsiflər. Ağac ortadan pöhrə atıb belə. Qəşəh qol-qanad atıf. Şiv ağaşdı. Bını qırır, gətirir kişinin yanına. Deyir ki, gətdim. Deyir:

– A kişi, sən bu boyda meşədə ağaş tapmadın? Bəs bu gözəllihdə ağaşdı, bunun gələcəyi vardı, bu meyvə verəjeydi. Bu gözəllihdə ağajı niyə qırdın gətdin?

Deyir:


– Sən dedin, buna ləyağın gətir, mən də bunu ləyağ bildim.

Deyir:


– Onda ağlamaginən, Allah da özünə ləyağ olanı aparır.


  1. HƏRƏNİN DƏRDİ ÖZÜNƏ DƏVƏ BOYDADI

Bir kişi olur, bunun dəvəsi itir. Dəvəni axdarmağa çıxanda görür bulağın başında bir qız oturuf. Deyir ki, ay qızım, məəm dəvəmi görməmisən? Deyir, mən gözələm, məni alan yoxdu. Kişi bir də deyir, ay qızım, məəm dəvəmi görməmisən? Deyir, ay dayı, mən gözələm, məni alan yoxdu. Deyir, ay qızım, saa axırıncı dəfə deyirəm, burdan dəvə-zad keşmiyif? Sən nə danışırsan heylə? Deyir, ay dayı, mən gözələm, məni alan yoxdu. Deyir, buna bax e, mən dəvəmi axdarıram, bı da özün sırımağa adam axdarır. Deyir, ay dayı, hərənin dərdi özünə dəvə boydadı.




  1. NAŞÜKÜR İNSAN

Məhəmməd əleyhsalamın vaxtında bir kişi iki qatım un alır. Arvad deyir ki, get peyqəmbərdən uruza istə. Gəlir deyir ki, ya peyqəmbər, bəs bizim yeməyimiz. Deyir:

– Nə qədər unun var?

Deyir:


– Nə bilim, çualın dibində bir qatım olar dayna.

Deyir:


– Getginən bir teşt çörəh bişir, apar, kimin yoxdu ona ver.

Gedir çörəh bişirtdirir, alır başına, düşür qapı-qapı. Deyir, kimin ehtiyacı var? Deyillər, vallah, yemişih, bir üş günnüh də varımızdı, apar kimin yoxdu, ona ver. Gedir o birisinə. Deyir, vallah, yemişih, sabaha da var. Apar kimin yoxdu, ona ver. Gedir o birisinə. Deyir ki, vallah, səhər yemişih axşama da Allah yetirəjəh. Qaytarır gətirir evinə, heş kəs yiyə durmur. Deyir:

– Arvad, Allah evini yıxsın, peyqəmbər bizi imtahana çəkirmiş. Hələ bizim çörəyimiz ola-ola getmişih, axşama umudu olmuyan götürmədi. Gör biz nəkqədərnə Allahsızıx.


  1. ALLAH ÇALIŞANA ƏL TUTUR

Biri əkirmiş, suvarırmış, dibin təmizdiyirmiş, Allah buna verirmiş. Biri də Allaha arxayın oluf ki, Allah maa verəjək. Çölə bir az toxum əkif gedirmiş. Az olurmuş bunun məhsulu. Bir gün də Musa peyğəmbər Allahnan kəlmələşməyə gedəndə deyir, sana qurban olum, gedirsən Allah-taalanın yanına, deynən mənim də ruzamı versin. Hamıya verir, axı maa vermir. Mən əkirəm, heş bir şey götürmürəm. Musa peyğəmbər onun istəyini çatdırır. Allah deyir ki, getsin, bu il onun ruzasın verəjeyəm. Gəlir əkir, görür ruza gənə həmən ruza oldu. Peyğəmbərə deyir ki, Allaha denən saa qurban olum, səndə də yalan. Bəs sən maa dedin ki, getginən, ruzunu verəjeyəm. Gedif deyir. Deyir, o mənnən ruzu isdiyif, mən də ruzunu bejərənə verirəm. Kim əzyət çəkir, zəhmət çəkir ona verirəm. O da əksin, bejərsin, ona da verim ruzunu.




  1. YOLÇUYNAN KƏNDLİ

Bir kətçi gedir dəryaz vurmağa. Deyir, arvad, çaydan-çörəkdən ver, mən günorta gəlmiyəcəm. Otumu çalım, axşam gələcəm evə. Deyir, yaxşı, nə deyirəm ki. Kasıbın olanınnan da, fəhlə adamdı, buna yemək qoyur. Otu çalır, günorta süfrə açıb çörək yeyəndə oraynan bir adam gedirmiş. Bu yolçu deyir, dəyəsən orda qaraltı var, gedim bəlkə onun çörəyi var, bir tikə də mən alım. Gəlir görür bir az çörəkdi, bir az da su, qoyuf qabağına yeyir. Deyir, salamməlöykü. Deyir, əlöyküsalam. Deyir, iştahlı olsun. Deyir, çox sağ ol. Görür buna demir ki, bir tikə də sən ye. Deyir, qağa, mən o kəndə gedəcəyəm, qılçamın hərəkəti yoxdu. Xayiş eliyirəm, onnan bir tikə ver, hərəkətim olsun, gedim ora. Deyir, mən də o dey üş kilometr uzaxlıxdakı kəntdən gəlmişəm, axşamacan burdayam. Onu saa versəm dəryaz vurammıyacam. Baxır-baxır, görür vermiyəcək. Deyir, ağzın nədi vermiyəsən? Belə baxır, görür qoldan qolaydı, bunu döyə bilər da. Deyir, əşi, sən nə deyirsən? Çörək mənimdi, vermirəm. Genə deyir, ağzın nədi vermiyəsən? Deyir, əşi, məni hirsləndirmə, dəryaznan səni biçərəm, çıx yoluynan get. Yolçu deyir, sən allah, vurma, mən getdim. Elə üş metr aralanmışdı ki, bu, çörəyi götürüf qoyur ağzına. Deyir, buna bax ey, isdiyir bu tikəni əlimdən ala, mən də dəryaz vurmuyam. Çörək qalır boğazında. Elə udquna-udquna qalır, görür getmir. Gəncikdə də qalan pis olur axı. Udquna-udquna birtəri çörək gedir. Deyir, sən allah, gəl bir tikə də sən ye. Gəlir oturur, bir tikə o yeyir, bir tikə bu. Deyir, a yolçu qardaş, de görüm, bax sən məni tanımırsan, eləmirsən, niyə deyirsən ki, ağzın nədi vermiyəsən? Deyir, kişi, sənin bir belə yaşın var, mənim də bir belə. O çörəyi Allah-taala mənim üzümə görə verif ki, sən dəryazı qüvvətli vurasan, filan vaxdı bir yolçu buraynan gedəcək, o tikəni də ona verəsən. Yoxsa o tikəni özün qarmalasaydın, çoxdan o dünyalığıdın. Ona görə deyirdim, sən kimsən Allah-taalanın verdiyi ruzanı əlimdən alasan. Gördün, verdi. Deyir, düz deyirsən, halal olsun, get.




  1. VAR-DÖVLƏTİNİN AZALDILMASINI

İSTƏYƏN ADAM

Bir gün bir adam Musa peyğəmbərin qabağını kəsir. Deyir ki, ya Musa, Allah-taalaya bir ərzim var. Deyir, nədi? Deyir, mənim ərzimi Allaha çatdır ki, mənim varım-dövlətim başımnan aşıf. Ta yığmağa da yer tapmıram. Onnan bir az azaltsın. Deyir, nolar. Deyərəm, azaldar. Gəlir bir əz qabaxda görür ki, bir kişi də duruf yolun qırağında. Deyir ki, ya Musa, hara gedirsən? Deyir, gedirəm Allahnan görüşə. Deyir, ya Musa, mən çətinnihdəyəm. Mənim ərzimi Allaha çatdırginən. Denən bir az mənim ruzumu artırsın. Deyir ki, yaxşı. Gəlir, Allahnan kəlmələşənnən sora indi bu ərzdəri qəbul eləməlidi. Deyir, mən gələndə İlahi, yolda iki qocaynan rastlaşdım. Birincisi dedi ki, mənim varım-dövlətim başımdan aşır. Onnan bir az azaltsın. Mən yığıf yığışdıra bilmirəm. İkinci qoca dedi ki, mən yeməyə çörəh tapmıram, dolana bilmirəm. Mənim bir əz ruzumu artırsın. Deyir ki, get o ruzu isdiyənə denən ki, şükrün artırsın. Onun ruzusunu mən artıraram. O birisinə də deynən ki, şükrün azaltsın. Şükrün azaldanda mən də onun var-dövlətini azaldacam.

Musa gəlir yolda ikinci qocaynan rastlaşır. Deyir ki, ya Musa, Allah nə dedi? Deyir, dedi ki, bəs o ruzusu olmuyana deynən şükrün artırsın, mən onun ruzusunu artıraram. Qoca belə eliyir ey, harama yaraşır mən şükrümü artıram. Nəyim var ki, şükür eliyəm? Heç olmasa gərək bir şeyin ola ki, şükür eliyəsən. Mən şükür eliyən deyiləm. Bu batdı qaldı. Gəlir birincinin yanınnan keçəndə deyir, ya Musa. Deyir, bəli. – “Musa, sən getdin Allahnan kəlmələşdin, mənim ərzimi elədin?” Deyir, bəli, elədim. Deyir, bəs nə dedi? Deyir ki, şükrün azaltsın, mən onun ruzusunu azaldaram. Deyir, ey Allahın rəsulu, mənim var-dövlətim yerlə-göyün arasını doldura, mən genə şükrümü azaltmıyacam. Mən şükrümdə həmişə varam. Mən onun böyüklüyünə həmişə şükür eliyirəm. Mən şükrümü azalda bilmərəm. Artırsa da özü bilər, azaltsa da özü bilər.


  1. ALLAHLA ŞƏRİKƏ GİRƏN ADAM

Günnərin bir günündə bir kişi olur. Deyir, ə, mən nə qədər əkin əkirəm mənim buğdam olmur, təsərrüfatım batır gedir. Mən neynim ki, mənim bərəkətim bol olsun. Deyir, hə, tapdım. Arvad deyir, a kişi, nəyi tapdın? Deyir, arvat, Allahnan şərikə girəcəm, buğda əkəcəm. Deyir, a kişi, Allahnan sən nətəri şərikə girəssən? Allah hardadı, sən hardasan. – “Yox, arvad, mütləq Allahnan girəcəm şərikə”. Deyir, özün bilərsən.

Gəlir taxıl əkir. Üç aydan sora taxıl nətəri bitirsə, leleh-leleyə bitir. Deyir, arvat, gördün? Bax, Allahla şərikə əkmişəm bıranı, gör nə qədər buğda əmələ gəlif. Deyir, nolar, kişi, lap yaxşı, şükür Allaha. Buğda gəlir yetişir. Bunu biçir, dərz vurur, bağlıyır gətirir xirmənə. Tay nə qədər buğda, xırman tutmur. Deyir, Allah, çox gözəl. Sənnən şərikə girmişəm, yığdığım taxılı sənnən yarı böləcəm. Taxılı-zadı əmələ gətirir, başdıyır bölgü bölməyə. Bir vedrə götürür qoyur bura, deyir, birinci Allahın. Vedrəni götürür doldurur, deyir, bu da mənim. Birini bu yana, birini o yana qoyur. Axırda deyir, Allah-taala hardan görür ey, dayan görüm. Birin qoyur Allahın payının üstünə, doldurur üş dənəsini qoyur öz payını üstünə. Bırdan doldurur birini qoyur ora, beşin qoyur özünkünə. Belə-belə, Allahın payı bunun götürdüyünün üşdə biri də olmur. Deyir, Allah-taala, bölgünü bölmüşəm. Bir də baxır görür ki, göydə bir gurultu var. Küləh, yağış, boran qalxır, bəyindən əyinə sel gəlir, buğdanın hamısını aparır. Gecə bir şimşəh çaxanda küləh bunun papağın da götürür gedir. Papağını aparanda bu əlini tutur başına deyir, Allah-taala, çaxmağı çəhginən, papağımı tapım. Hansı axmax sənnən şərikə girər bunnan sora. Bölgünü düz bölmədim. Axmaxlıx elədim.


  1. ÜÇ QARDAŞ VƏ YEZNƏ

Bir kişinin üç oğlu, bir qızı olur. Kişi də sözükeçən kişi olur. Yeznə gəlir evdə oturur, yeyir-içir, dirsəklənir. Üç oğlu deyir ki, ata, bu yeznə kimdi gəlif bizim evdə dirsəklənir, yeyir-içir, tam sərbəst gəzir? Deyir:

– Bizim namusumuz, qeyrətimizdi.

Üç oğlu deyir ki, nətər yanı? Biz ölmüşük ki, yeznə bizə qeyrət-namus çəkə. Deyir ki, oğul, heylədi. Qardaşlar atalarının sözüynən razılaşmırlar. Ata balaca oğluna deyir ki, get bacını da, yeznəni də çağır gəlsin. Ata oturur, böyüknən ortancıl qardaş da oturur onun sağında. Balaca qardaş gedir çağırır yeznəynən bacısını, gəlif özü də oturur. Üç oğul, bir ata oturullar, yeznəynən qız girir içəri. Ata qızına deyir ki, qızım, soyun. Qız deyir ki, ata, olmaz axı, siz burdasız. Deyir:

– Qızım, sənə deyirəm soyun.

Qız soyunur, qalır bir dənə köynəkdə. Deyir:

– Qızım, əynində nə var hamısın soyun.

Deyir:


– Ata, olmaz axı.

Tərs baxır kişi. Qız girir ərinin arxasına, alt paltarın da soyunur atır. Atası çönür deyir:

– Niyə o namus-qeyrətin sizin arxanızda gizdəmədi, ərinin arxasında gizdədi? Mən demədim ki, yeznə bizim namus-qeyrətimizdi.


  1. BİRİNİ BİLİRSƏN, BİRİNİ BİLMİRSƏN

Bir gün şahın gözü düşür bir qadına. Bunu gətirir yanına. Deyir ki, mənim sənnən xoşum gəldi. Bu da yaxşı qadın olmur. Deyir:

– İstəsəz mən siznən ola bilərəm.

Bu da çıxardır buna bir qızıl verir. Qızıl verəndə bunun baş hərəmi görür kü, şah bu qadına qızıl verdi, vədə yeri təyin elədi ki, bura gələrsən. Vədə yerinə gəlməmişdən baş hərəm qadını yolda tutur. O vaxdı da işıx yoxuydu, fənər yoxuydu ki, görəsən kim gəlir, kim gedir. Gecə görüş yerinə gəlir. Baş hərəm çıxardır iki qızıl verir ki, ora mən gedəcəm, sən getmə. Qadın üç qızıl alır, aradan çıxır, şahın öz arvadı gəlir. Şah girir qadınnan yatır. Çölə çıxanda nökər deyir ki, qibleyi-aləm sağ olsun, arvadın deyil, bir şeyin deyil. İcazə ver mən də girim bir kefimi görüm. Girir içəri bunnan yatır durur, çıxır çölə. Şah fikirrəşir ki, nökər də bir dəfə, mən də bir dəfə. Şah bir də qayıdıf girir içəri. Arvad şamı yanıdırır deyir ki, kişi, beycə nə yemisən? Bu üçüncü dəfədi qayıdırsan. Şah kor-peşman çölə çıxanda nökər deyir:

– Qibleyi-aləm sağ olsun, qoy bir dəfə də girim.

Deyir:


– Bala, birin bilirsən, birin bilmirsən. Birin bilirsən ki, bu içəridəki qadındı, amma bilmirsən ki, bu şahın arvadıdı.


  1. İKİ AŞIQ VƏ HAZIRCAVAB GƏLİN

İki aşıx olur, bıllar yol gedirmişdər. Az gedillər, çox gedillər, gedif çıxıllar bir evə. Deyillər, bir iskan sudan, çaydan isdiyəh. Yaxşı adam olar oturarıx, olmaz da çıxıf gedərih başqa evə. Bıllar girillər evə. Görüllər, bir dənə gözəl gəlindi. Deyir, ay bacı, olar sizə qonax gələh? Deyir, niyə olmur? Deyir, evdə bir kişi xeylağı varmı? Deyir, yoldaşım işdədi, hardasa gələr, keçin əyləşin. Bı aşıxlar girir içəri, oturur. Baxıllar mına, deyillər, görən bı özü belə gözəlsə, bının yoldaşı nətərdi? Elə bırda aşıx sazı götürür deyir:

Ay gəlin, nazan gəlin,

Gül üsdünə döşən gəlin.

Özün gözəl, ərin xürrəm,

Gəl ərinnən boşan gəlin.

Bı dəmdə gəlinin əri gəlir. Görür ki, əri də belə heyvərənin biridi, heş mına layiq dəyil qəti. Gəlin deyir:

.......................................

Gül üsdünə döşənnəm.

Ərim xürrəm, özüm gözəl,

Zatım-köküm var, boşəmmərəm.

Yanı, zatım, köküm var. Bını bilif, bına veriflər də. Ordaca aşıxlar durur, sazdarın da vırıf qoltuxlarına çıxıf gedillər.



  1. ƏSİL-NƏCABƏT NƏSİLNƏNDİR

Biri qonax gedir. Xeylax gedənnən sora gəlif çıxır bir evə. Deyir ki, gedim görüm bu evdə adama bir iskan çaydan, çörəhdən verən olar, yol adamıyam. Girir evə. Deyir ki, kişi xaylağı varsa girim, qadın xaylağı olsa yaxşı dəyil, yoldaşı gələr danışar. Gəlin deyir, əşi, sən nə danışırsan, qardaş, yol qonağısan. Nə olar, evdi də, yoldaşım da gələr, filan. Nəysə, munu yaxşı qarşılıyır. Gətirir yeməh-içməh qoyur kişinin qabağına ki, yol gəlmisən dana, bir iskan çaydan-çörəhdən ye. Bu dəmdə kişi gəlir. Hirsdi-hirsdi gəlir. Deyir, bu nədi, mən evdə olmuya-olmuya bu kişini dəvət eləmisən? Qonaq kor-peşman durur, çıxır gedir.

Az gedir, çox gedir, başqa kəntdə gedir düşür evə. Deyir, girim bu evə, bir görüm nədi, nə deyil. Bir iskan çaydan, çörəhdən də verəllər, yol adamıyam. Girir içəri. – “Salamməleykim”. – “Əleykimsalam”. Arvad evdəymiş, kişi yoxuymuş. Deef, qonağ eliyərsiz? Deyif, niyə eləmirik, gəl gir içəri. Girir içəri, oturur. Arvad nə çay qoyur, nə çörəh. Heş nə eləmir. Kişi gəlir evə axşam. Gəlir deyir ki, xoş gəlmisən, beş gəlmisən. Bu kişiynən qəşəh-qəşəh görüşür, xoş-beş eliyir. – “Ay arvad, bu kişiyə çaydan-çörəhdən vermisən?” Deyir, yox, verməmişəm. Kişi deyir, aaz, sənin başın xarafdı? Nolardı bir iskan çay qoyardın qabaana də. Qonax öz-özünə deyir, o evə getdim gəlin məni yaxşı qarşıladı kişi pis, bu evə də gəldim qadın pis qarşıladı kişi yaxşı. Bu nə deməhdi? Deyir, qardaş, sifdə gəldim başqa kətdə bir evə düşdüm. Qadın elə yaxşı qadındı, gətdi çay qoydu, çörəh qoydu. Ancax əri gəldi bını bırnımnan töhdü. Dedi, bını niyə dəvət eləmisən, niyə çay-çörəh vermisən? Deyir, o yaxşı qadın mənim bacımdı. Bı pisnən də (kişinin öz arvadı – top.) o pis bacı-qardaşdı.


  1. MEŞƏBƏYİ VƏ AĞILLI ARVAD

Biri meşəbəyiymiş, dağlara gedirmiş. Yolu düşür həmişə getdiyi evin qabaannan. Qabaa qarannığa düşəndə ev yəəsinə deyir, evdə kişi xaylağı var? Bı arvad da deyir ki, səs-küydən, onnan sora ağlamaxdan xoşun gəlirsə, gəl qalginən. Xoşun gəlmirsə, getginən. Bı da deyir ki, əşi, qalaram da, nolar, bir gejədi də. Bu qalır. Gəlir görür ki, xırım-xırda uşaxdı, biri orda ağlıyır, biri burda ağlıyır, hay-küy. Genə qalır. Neçə illər keçir, kişinin yolu genə ordan düşür. Gələndə, genə deyir ki, olar sizdə qalım? Dəəndə, deyir ki, çal-çağırdan xoşun gəlirsə, gəlginən. Uşaxları irilif də. Gəlif görür ki, uşaxları irilif, çalır-eliyillər, o onu vurur, bu bunu vurur, çombax oynuyullar. Həyətdə top oynuyan kim, hay-kuy. Bunu da qabul eliyir. Sora gəlir, bir-neçə il keçir. Uşaqlar böyüyür də, ildən ilə böyüyür. Bir gün genə gəlir. Deyir, olar? Tay elə birinci günnən bura bünövrə salmışam dana. Deyir, sazdan-sözdən xoşun gəlirsə, gəl. Deyir ki, hə, niyə gəlmir? Ollara ki, dözmüşəm, saz-söz yaxşıdı də, buna da dözərəm. Gəlir evə. Görür ki, bınnarın uşaxları irilifdi – qızı, oğlu irilifdi. Biri saz çalır, biri sööbət eliyir, biri şeyir deyir. Ləzzət verir də buna. Burda da elə bı arvad bunu misalnan deyir, belə şeydən xoşun gəlirsə, gəlginən.




  1. ƏFƏTLİLİ ÖTDÜ, ƏYİLMƏDİ, GÖTDÜ

Bir gün elə bil rayon, kənt hamısı yığılıf, çoxlu qızıl töküllər yerə. Bəylər, xannar – hamı yığılıf gəlif ora. Deyiflər ki, bu qızılı kim götürsə, biləjeyih ki, qoçaxdı da. Nəysə, gəlif hamı keçif, götürə bilmiyif. Əfətdiliyə deyiflər, gəl keç. Əfətdili gəlif keçəndə əyağının altına qırı belə yapışdırıf keçif. Görüflər ki, götdü, amma əyilmədi. Bunu kim götdü, kim götdü? Əfətdililər. Elə onnan qaldı ki, Əfətdimi, ötdümü, əyilmədi götdümü!




  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin