Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə19/29
tarix07.04.2018
ölçüsü2,7 Mb.
#47711
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

BƏHLULUN QƏRİBƏ HƏRƏKƏTLƏRİ

Şah çıxır səyahətə. Fikirrəşir ki, mən bu xəzinədarrığın açarın kimə verim, dağıtmasın, neynəməsən. Fikirrəşir ki, Bəhlul Danəndənin dünya malında onsuz da gözü yoxdu, verim ona. Xəzinədarrığın, padşahlığın açarın hamısın verir ona, iki-üş dənə də çuğul qoşur ki, gör bir neyniyir, nətəər eliyir.

Bəhlul gedir, yeyir-içir, öz kefində, dünya vejinə dəyil. Bir gün gəlif Bəhlul Danəndəyə deyillər ki, bir dilənçi var qapıda. Deyir, aparın ona iki qab qızıl verin. Gətirif ona iki qab qızıl verillər. Bir günnəri də Bəhlul Danəndə aralığnan gələndə görür ki, yolda ölü aparıllar. Deyir ki, ölünü gətirin bura. Deyillər, bəs nətəər? Deyir ki, sizə derəm gətirin bura. Deyir, açın onun qulağın, çıxardın qulağının pambığın. Heləjə aşdırır, çıxartdırır. Qulaana açarrarı cınqıldadır, nəysə deyir. Sora deyir ki, götürün gedin.

Padşah səfərdən qayıdır. Deyillər ki, Bəhlul Danəndə bı müddətdə heş nə eləmədi. Yedi, işdi, öz kefində, heş nə eləmədi. İki dənə iş elədi. Bir dilənçiyə iki qab qızıl verdi, bir də ölünü yoldan qaytardı. Padşah çağırtdırır. Deyir, Bəhlul, bəs neynədin? Deyir, heş zad, sağlığına yedim, işdim. Deyir, adam dilənçiyə iki qab qızıl verər? İki qab qızılı dilənçiyə nəə vermisən? Deyir, dilənçi dəəldi ey, mənim arvadımıdı. Bir qab borcumu qaytardım ki, indiyəcən məni saxlıyıfdı. Bir qab da borc verdim ki, sən gələndə mən gedəjəm, genə məni saxlasın. Deyir, yaxşı, bını başa düşdüh. Bəs, ölüynən sənin nə işin var? Deyir, nə var, nə ola? Dedim o dünyadakılara xəbər apar ki, gör bu dünayadakılar nə günə qalıflar ki, xəzinədarrığın açarın verif bir divanənin əlinə, cınqıldadır. Padşah gülür.




  1. SÖZGƏZDİRƏN ARVAD

Bir kişinin arvadı xəbərçiymiş. Evdə nə söz olarmış, arvad qonşuya gedirmiş, qonşuya deyirmiş, suya gedirmiş, suda deyirmiş. Bı deyir ki, yox, mən bını sınıyajam. Gedif evdə bir söz dəəcəm. Görəh arvadım gedif dəəcəh, demiyəcəh. Həmin günü də padşahın bir adamın öldürüflər, nə qədər axdarıllar, tapmırlar. Kişi gəlir evə. Gəlif deyir ki, mən söz saxlıya bilmirəm. Başıma belə bir iş gəlif. Onu mən öldürmüşəm, aparıf təpədə basdırmışam. Ağzınnan çıxmasın ha. Çıxsa, məni tutuf aparacaxlar. Deyir, yox, yox, heç kimə demiyəcəm. Deyir, bir sən bilirsən, bir də mən. Deyir, hə, ilaf yaxşı.

Bı gedir çeşmədən su gətirməyə. O vaxdı çeşmədən gətirirmişdər. Çeşmədən gətirməyə gedəndə baxır ora, baxır bura “uf” eliyir. Deyillər, ay bacı, niyə heylə eliyirsən, nooluf? – “Əşi, yox ey, nə bilim”. Üzün tutur qəbrə. Kişi də bir kötüyü aparıf qoyuf ora, üsdün də basdırıf. Arvad genə ora baxır, bura baxır. Deyir, ay bacı, saa nooluf e belə? Deyir, bir şey deyim, bir sən bil, bir də mən. Deyir, yox, yox, arxeyin ol, heş kimə demərəm. Deyir, o ölən var ha, onu məəm ərim öldürüf, basdırıf. Day biri bildi, hamı bildi. Gəlif kişini tutuf aparıllar. Deyillər, sən adam öldürmüsən. Deyir, a kişinin qızı, mən öldürməmişəm ey. Orda kötüh basdırmışam. Bı arvadın ağzı boşdu, nə deyirəm sözüm ellərdədi, yayılır. Onu sınamaxdan ötrü yalandan demişəm. Gedillər qəbri açıllar, görüllər kötühdü.


  1. HƏDİYNƏN MƏDİ

Bir avam qadınnan kişi olur. Bıllar evlənillər. Bir əz başdan para kimi olullar. Bılların bir dənə qızı olur. Qəşəh olur, yekəlir. Bir gün şahın oğlu bı qızı görür, bəyənir. Gəlir deyir, ay qız, sən kimsən? Deyir, bir atam var, bir anam, kasıf ayləyih. Mən də bılların uşağıyam də, elə bil qızıyam. Deyir, mən səni isdirəm də, kim olursan ol. Yanı qəlbimə yatmısan. Bını alır aparır. Atasına, anasına deyir, bını götürür gedir. Kişinin adı Hədiymiş, arvadın adı Mədi. Götürüf aparır.

Bir il keçir. Hədi deyir ki, ay Mədi, dur gedəh bir qızı görəh dana.Yaxşı deyil. Deyəllər heş bı qızın atası-anası gəlif yoxlamır. Gedillər, görüllər qız evində qəşəh, padşah arvadı, varrı-hallı. Baxdı gətirif də belə düşüf. Hə, bıllar gəlir. Qız fikirrəşir ki, biyavır olajam da bılların yanında. Yenə qavıl eliyir də, ata-anasıdı. Qavıl eliyir, bıllara yeməh-işməh verir. Deyir, ana, ata, siz bırda oturun, mən bırda işimnən məşğul olum. Gedif işiynən məşğul olur. Arvat birdən deyir ki, ay Hədi, qazdar elə bil bitdənif, bədənnəri yanır. Qızımın da vaxdı yoxdu də. Bılları gedəh çimizdirəh. Gedillər, su qoyullar, qazdarı götürüllər basıllar qaynar suya. Ağıl kəsmir də. Bıllar qazdarın hamısın öldürür. Qız elənçi görür qazdarı. Vay, qazdarın hamısı ölüf. Deyir, ay nənə, niyə heylə elədiz? Deyir ki, vallah, hamısı yatıf ey, elə dincəlillər. Qız fikirrəşir ki, dalı pis olajax, yaxşısı bıdı bılları yola salım gessin. Gətirir atasına bir əyaqqabı qoyur, anasına bir şamaxı qoyur, düyü qoyur, yağ qoyur. Deyir, day çıxın gedin. Deyir, noolar, bala.

İndi bıllar yol gəlillər, yayın isdisiymiş. Gəlillər, görüllər zəmidi, bığda zəmisi. Əyilir o tərəfə, əyilir bı tərəfə. Deyir, boy, bıra bax ey Hədi, yazıxlar üşüyür. Gə bı şamaxını başdarına bağlıyax. Sümbülü belə yığıf şamaxını bağlıyıllar başına. Bir əz gəlillər, görüllər bir qarqa əəğinin birin götürür, “qa, qa” eliyir, qoyur yerə. Əyakqabını da qoyullar ki, ay qarğa, gəlif geyərsən. Sora bir əz gəlillər, görür ki, yer belə yarılıf, paralanıfdı, isdidi də torpax. Deyir, oy Hədi, Hədi, bına bax e, bının dodağı paralanıf, quruyufdu, yağı sürtəh bınnar birrəşsin. Bı yağı da töküllər, gəllər. Bir əz gəllər, görüllər, yerdən bir çeşmə çıxır, elə bil qaynıyır. Deyir ki, düyünü də tökəh, bırda bişsin. Düyünü də töküllər ora. Gedillər, çıxıllar evə. Gedillər görüllər ki, evi oğurruyuflar. Elə bir müddət qalıllar. Heş bıllardan adam olmuyayajax, ölüllər, gediflər.




  1. AXMAQ ARVAD

Bir ər-arvad olur. Kişi bayram ayın-oyununa gedir. Deyir, arvad, evdə otur, qabaxdan bayram gəlir, düyüdən, şabalıtdan alım, sora pulumuz azalar, tapbarıx. Deyir, ay kişi, nolar. Çıxır bazara. Gedir alma alır, armud, şabalıd, kişmiş alır, ağzın bağlıyır qoyur. Deyir, arvad, bunu tərpətmə, bu bayramınkıdı. Arvad da elə bilir ki, yağın Bayram addı bir adam gəlif aparajax.

Aradan bir müddət keçir, bayram da yaxınnaşır. Bu bir günnəri sənəyi götürür suya gedir. Arvad səydurummuş, kişi də harasa gedir. Sənəyi götürüb bulaxdan suyu dolduranda görür bir atdı gəldi. Deyir, ay bajı, ay bajı, dolçan varmı? Dedi, var, ay qardaş. Dedi, sən allah, ciyarım yanır, dolçanı doldur bulaxdan ver, içəjəm. Aldı suyu içdi. İçəndə dedi, ay qardaş, nə yaman tərrəmisən, belə hardan gəlirsən? Dedi, cəhənnəmdən, gordan gəlirəm. Dedi, booy, ay qardaş, sən allah, mənim qardaşım da ordadımı? Kişi görür ki, arvad səytərəkdi. Deyir, hə, cəhənnəmdə idi, cənnətə buraxmırdılar. Sən allah, – dedi, – nə qədər ona pul lazımdı? Bir belə pul olsa, bəs edər? Gəldi evdən kişinin cibinnən nə qədər pul vardı götdü, dedi, sən allah, kişinin qastyumun da gətirmişəm, bunu da apar ver, geyinsin. Dedi, bəri ver. Dedi, ə kişi, adın nədi? Dedi, adım Bayramdı. Dedi, bıy, Allah sənə kömək olsun, nə yaxşı gəlib çıxmısan. Kişi sənin adına ayın-oyun alıbdı, yığıb torbaya, bir həftədi orda qalır. Dedi, tez get gətir. Gördü, sən öl, arvad lap qurreydi ey, ağıldan kəmdi. Atın yanına bir şallax vurdu, getdi.

Əri gələndə arvad dedi, a kişi, bajısı ölmüşün yanınnan bir adam gəlmişdi. – “Aaz, kim gəlmişdi?” Dedi, filankəs gəlmişdi. Ay kişi, sən allah, söylənmə. Əyninin qastyumun da apardım verdim, bir əz də pul lazım idi, apardım verdim. Sora soruşdum, ay kişi, adın nədi? Dedi, Bayram. Dedim, ə, sən öl, bu həmən Bayramdı. Aldığın bayram ayın-oyununu da ona verdim. – “Aaz, sən nə danışırsan? Dəlisən, nəsən? Hardan getdi?” Deyir, burdan getdi. Atı minir tez bunun dalınca gedir. Gethaget, gethaget. Kişi qanırıb görür bir kişi atdı elə gəlir. Görür sən öl, bu, arvadın əridi. Yaxınnaşanda deyir, a kişi, yavaş get, a kişi, yavaş get. Ay qardaş, başına dönüm. Tez gəl, bu qaya uçur. Qayaya dirsəyini ver, ayın-oyununu verim, yoxsa qaya uçur. Dedi, baş üsdə, qayanı saxlıyaram mən. Qayaya dirsək verəndə öz atını mindi, o biri atı da yedəyinə aldı çıxdı getdi. Kişi də daldan baxa-baxa qaldı. Qayıtdı gəldi evə. Arvad dedi, ay kişi, noldu? Dedi, qardaşının goru zırbazır olsun, bir at da borcu vardı, onu da verdim gəldim.




  1. PADŞAH VƏ KASIB QONŞU

Bir padşah olur, ədalətdi padşah olur. Bunun da mənim kimi kasıb bir qonşusu varmış. Bir gün arvada deyir, arvad, gəlsənə saa bir məslahat eliyim. Deyir, buyur, ay kişi. Deyir, sən allah, darılma, mən nə desəm ona bax. Deyir, ay kişi, bir de görüm dana. Deyir, bizim varımız-dövlətimiz qapıda bir qazımız var. Get onu gətir kəsim, onu qəşəng bişir, soğançada qovur. Neçə ildi padşahnan qonşuyam, hələ onun evinin qivləsini bilmirəm. Əliboş gedəmmirəm, aparım ona. Arvad daralar. Deyir, a kişi, varın-dövlətin bir dənə qazdı, onu da aparıb padşaha yedirdəcəksən? Deyir, arvad, Allaha pənah, Allahı çağırıb gedirəm, qızırqalanma, get tut gətir.

Gedir qazı tutur gətirir, başın kəsir. Bütöy soğançada qıpqırmızı qızardır, üsdünə bir ağı çəkir, qujağına alır. Allah, Məhəmməd, ya Əli, düz gedir. Darvazanı döyür. Padşahın arvadı gəlir: – “Kimdi?” Deyir, qonaxdı. Deyir, qonağa da qurban olum, Allaha da, orda durma, gəl bəri. – “Xozeyn evdədirmi?” Deyir, evdədi, keç içəri. Keçir içəri. – “Salamməlöyküm”. Deyir, əlöyküməsalam. A qonşu, nə yaxşı gəlmisən? Qucağındakını da aparır evin bir küncünə qoyur, üsdü örtülü. Arvad çay gətirir. Çay içəndə deyir, qonşu, o qucağındakı nə idi gətdin ora qoydun? Məni agah elə görüm. Dedi, padşah sağ olsun, neçə ildi qonşuyux, kasıb olduğuma baxma, əliboşa gələmmədim. Onu arvada bişirtdirmişəm, gətirmişəm sənə, qazdı. Deyir, soruğu belə göt görüm. Gördü ki, qıpqırmızı bişib. Dedi, payın çox olsun. Gətir bura görüm. Gətdi qoydu isdola. Bunun da iki qızı, iki oğlu var, bir də xanımı. Dedi, oturun hamınız. Otdular. Dedi, ay kişi, iki qızım, iki oğlum, bir də xanımım, bir də sən. Bu qazı böl qardaş malı kimi, hər küşdənin payını qoy öz qarşısına. Deyir, əşi, mən qonağ adamam, mən niyə bölüm. Özün böl, mənə də bir tikə bəsdi. Dedi, yox, canınçün. Bölməsən, qazı qaytarıb aparajaxsan. Dedi, onda qızdarın bir otsun, oğlannarın bir otsun, sən də xanımınnan. Dedi, baş üsdə. Dedi, padşah sağ olsun, padşah elin başcısıdımı? Dedi, hə. Başını üzdü apardı ayləsiynən padşahın qarşısına qoydu. Dedi, bu sizin payınız. Padşah da əlini üzünə qoyub buna zəndnən baxır. Dedi, qız bu gün burdadı, sabah uça-uça gedib ayrı ojağa düşəjək. Helədirmi? Dedi, hə. Qanatdarını da üzdü apardı qızdarın qarşısına qoydu. Dedi, oğul öyün dirəyidi, helədirmi? Dedi, hə. Buddarın da üzdü apardı oğlannarın qabağına qoydu. Dedi, canımın canı çıxsın, qazın cəmdəyi də mənim. Salamat qal, mən getdim.

Çox insaflı padşah idi. Dedi, arvad bu ki uçotsuz-muçotsuz bunu belə böldü, səni Allaha and verirəm, dur o qazın cəmdəyinin yanına bir ovuş qızıl qoy. Qoy aparsın yesin. Amma, arvad, sən allah, əlini qısma. Arvad xəzinədən bir ovuş qızıl tökdü qazın cəmdəyinə. Dedi, xoş getdin.

Gejəydi. Az getmişdi, çox getmişdi, bunun qabağına bir nəfər adam gəldi. Salamməlöyüküm. Dedi, əlöyküməsalam. – “Ə qonşu, hardan gəlirsən?” Dedi, hal-qaziyə belə-belə. Dedi, nə danışırsan sən? Allah öyü tiksin, mənim qapımda beş dənə qaz var, gör nə qədər qazanaram mən. Bu da səfərə gedirdi, yoldan qayıtdı. Gəldi “tfu” dedi bıçağa, qazın beşini də yıxdı böyrü üsdə. Arvad qışqırdı ki, a kişi, Allah öyünü tiksin, nə iş görürsən? Dedi, arvad, səs eləmə, bunda yaxşı gəlir var.

Uzun sözün gödəyi, qazın beşin də buna bişitdirdi, yığdı bir badnosa, hıkqana-hıkqana apardı padşahın qarşısına. İçəri girdi. Dedi, salamməlöyküm. Dedi, əlöyküməsalam, əyləş. Padşah dedi, Allah öyünüzü tiksin, dünənnən bəri ayağınız açılıb, nə yaxşı qonşusunuz siz. Bu da apardı padnosu evin bir küncünə qoydu. Dedi, ay qardaş, ora qoyduğun nəydi, bir gətir görək. Soruğu aşdı gördü ki, beş dənə qaz cəmdəyi. Dedi, çox gözəl, Allah payını çox eləsin. Dedi, indi onu böl. Dedi, vallah, bajaran döyüləm. Dedi, ə, orda nə var ki? Dünən bir kişi gəlmişdi, elə qəşəh böldü ki. Orda nə var? Onu bölginən. Dedi, vallah, mən böləmmərəm. Dedi, arvad, get dünənki yetim kişini çağır, bura gəlsin. Arvad gəlif çağırır: “Ay Xeyratalı, ay Xeyratalı”. Kişi hay verdi. Arvadı dedi, ə kişi, ə kişi, bəyin arvadı yağın qızılı almağa gəlib. Dedi, qorxma, arvad. Gəldi dedi, sən allah, xozeyn məni neynir? Dedi, qonax var, dedi gəlsin çörək yeyək. Dedi, nə yaxşı. Bunun yanına düşdü gəldi. Qapıdan girdi içəri, gördü ki, ə, bunun qonşusu da burdadı, amma beş dənə qaz cəmdəyi var. Dedi, a kasıb kişi, bu besavatdı, uçot çəkə bilmir, qazı böləmmədi, bunu böl. Dedi, burda nə var, sən bunu bölə bilmirsən? Qaş belə. Qolunnan tutdu nətər çəkdisə, getdi qapının ağzında şeş durdu. Dedi, dünənki kimi iki bir, iki bir oturun. Oğlannarı bir otdu, qızdarı bir otdu, özü də xanımınnan otdu. Dedi, a padşah. Bir qaz, bir özün, bir də xanımın, üç eylədimi? Dedi, bəli, üç eylədi. Dedi, bir qaz, iki oğlun, oldumu üç? Dedi, oldu üç. Dedi, iki qızın, bir qaz, oldumu üç? Dedi, yerdə iki qaz qaldı. İki qaz bir də mən, olduğmu üç? Dedi, arvad, bu oxumamış alimdi, get bu qazın cəmdəyinin yanına iki ovuş qızıl tök. Arvadın qolu bir az boşaldı. Dedi, sənə nə deyirəm ona bax. Gətdi iki xışma qızılı qoydu. İndi o qaz gətirən deyir, ə, səni Allaha and verirəm, məni arvad xışdıyıb öldürəjək, qaz əldən getdi, heç olmasa qızıldan bircə qırıx ver. Dedi, ölsən də vermərəm.




  1. SƏNDƏN KİŞİ ÇIXMAZ

Bir kişinin bir oğlu vardı. Gəlir görür ki, atası bir kötüyün üsdündə oturub. – “A kişi, məni tanıyırsanmı?” Deyir, tanıyıram, bala, tanıyıram. – “Mən kiməm?” Deyir, mənim oğlumsan, kim olajax? Deyir, mənnən kişi çıxarmı? Deyir, ay oğul, sənnən kişi çıxan döylü. Buy, ay kişi, yer üzünün padşahıyam ey, camaat məni barmağnan gösdərir. Dedi, oğul, onnan döyül. Bu qəzəbləndi, atasınnan ayrıldı. Getdi evləndi, ildə də bir pilləkən bunun nərdivanı yuxarıya qalxırdı. Aradan bir beş il keçənnən sora qayıtdı gəldi atasının yanına. Gördü gənə oturub qapıda. Əşi, məni tanıyırsanmı? Daa ata demir, əşi deyir. Tanıyıram, a bala, tanıyıram. Mən kiməm? Dedi, oğul, kişinin sözü bir olar, mənim oğlumsan. Mənnən kişi çıxarmı? Dedi, oğul, sənnən kişi çıxan döylü. Dedi, Allah öyü tiksin, milləti mənə tapşırıblar ey, ağasıyam hamının. Məni barmağnan gösdərillər, hamı zağ-zağ əsir. Dedi, heylə döylü. Dedi, bu saat knopkanı basım beş nəfər burda hazır olsun. Beş nəfər adamı çağırdı bu. Dedi, gedin o kişini döyə-döyə gətirin bura, dizimin dibinə. Döyə-döyə gətdi. Dedi, görürsən, əmr elədim səni döyə-döyə gətdilər. Dedi, a beqeyrət oğlu, heylə döyül ey. Onda sənnən kişi çıxardı ki, deyərdin nadan olmuşam, başa düşməmişəm, o mənim atamdı. Gedin onu qucağınıza alın, laylay çala-çala gətirin. Onda deyərdim, sənnən kişi çıxar.




  1. İKİ NÖKƏR

Bir şah olur, iki dənə fəhləni götürür özünə, deyir ki, vəzir, bunnarı uzax vilayətə göndərəh gessinnər bir işnən məşğul olsunnar. O vaxtdar kotanıymış. Bunnar kotanın belinə minir, nəysə, kotanı sürüllər əənə-bəənə. Deyir, bıra gəlin, işizdən razı qaldım, yaxşı işdədiz. Bunnarı bir neçə kilometr uzax bir yola göndərir. İkisinin də əyağının altına daş bağlıyır. Deyir ki, gedin. Biri məəm kimi əhli-kef olur. Yolu bir əz gedənnən sora, şah gözdən itənnən sora əyağınnan daşı açır atır. Deyir, ey, nə vejimədi? Süleyman peyğəmbərə qalmıyan dünya heş mənə də qalmıyajax. Mən beləyəm, belə getməh isdiyirəm. O biri bədbax daşı bağlıyır əyağına neçə kilometr yolu get ki get, çatasan. Şah deyir, hə, nətəər gəldiz, yolda kim nə dedi? Deyir ki, şah sağ olsun, mən daşnan gəldim. Yavaşcadan da deyir ki, bu, yolun yarısında daşı açdı. Deyir, sən canı qədrin bilmədin. Mənim malımın, mülkümün, ayləmin qədrin necə bilərsən? Sən qal, altı daş, üsdü aş, otu o daşın üsdə. Sən gəl gedəh. Sən ki, canı qədrin bilif daşı əyağın altında yox, əli içində aparmısan, sən mənim sürümün, varımın, variyatımın da qədrin biləssən. Vurur qoltuğuna gətirir o yazığı çıxardır ağ günə. Bir sandıx qızıl verir. Deyir, otu, muna yəə dur. Sən mənim ayləmin də, mülkümün də, varımın da qədrin biləssən. Ona görə ki, sən öz canı qədrin bilirsənsə, ay qardaş, məəm də varımın qədrin biləssən.




  1. BƏXTSİZ ADAM

Süleyman kişi vardı. Bir məclisdə üzünü milis işçilərinə tutub dedi ki, ay camaat, qəzaynan qəsdə fərq qoyun. O danışırdı ki, bir gün bir kasıb getdi yahudidən yüz manat borc aldı. Yahudi deyir ki, axşam saat beşdə pulumu alajam, əgər pulumu gətirməsən, ətinnən bir misqal ət kəsdirəjəm. Yahudi çox bij millətdi. Bu adam pulu gətirir. Gəlir görür kü, yahudi yoxdu, tükanını bağlıyıf gedifdi. Dəllək dükanınnan, dərzi dükanınnan soruşur, deyillər indicə burdaydı. Bir də görür ki, gəlir. Saata baxır, deyif sən gejikibsən. Nağarax? Deyir, gedəjeyik qazının yanına. Mən sənnən şərt kəsmişəm.

Qazının yanına gedəndə yolda görür kü, bir dənə atdı ayannan bəri gəlir. Yahudiynən bu pul yiyəsi gedir. Görür at onu yıxır. At baş alıf bəri gələndə atın yiyəsi duruf deyir ki, ay qardaş, ay qardaş, sən allah, gör atın qabağını kəsə bilərsənmi? Pul alan adam yerdən bir daş götürüf atanda dəyif atın gözünü çıxarır. At başdıyır fırranmağa. Özü də atın canı başındadı hinduşka kimi. Deyir, qardaş, mən sənə dedim ki, bunun vur gözünü çıxart? Deyir, ə qardaş, sən maa dedin, mən də atdım. Mən yazıx nağarım? Yahudi deyir ki, ə, bu mərdimazar adamdı. Gedək sən də şikayət elə. Atın yiyəsi də yedəyində atını çəkir. Gedəndə borclu olan fikirrəşir ki, atın yiyəsi qıvrax adamdı, amma bu yahudi ölüntü şeydi. Bu məni tanımır, eləmir, hardan məni tapajax. Gəl buların arasınnan çıx, tərpən. Beyqafıldan aradan götürülür. Qaçanda bir də belə baxır ki, atın yiyəsi gəlir. Baxır ki, qavaxda meçit var. Çatıf bu meçidə girir. Girəndə görür ki, at yiyəsi də xaxlıyıf. Çıxır meçitin minbərinə. Ordan baxır görür ki, sən öl, atın yiyəsi çatıf. On səkgiz metrdi minbərnən yerin arası. Sən demə, molla da aşağıda dəsdəmaz alırmış. Bu eləmir tənbəllik, tarapbadan ordan özünü tulluyur, gedir düşür mollanın belinə. Mollanın da canı burda çıxır. Təzdənnən mollanın uşaxları gəlir.

Gəlirlər Bağdadi Xəlifənin yanın. Deyir ki, bu nədi? Bəhlul da ordadı. Təsadüfən gedif ora çıxıf. Deyir ki, qağa, qardaş döyülük? Nolar, ver bu işi mən aparım. – “Ə, – deyir, – görmürsən üş şikayətçidi, bir müqəssir. Sən bunu nətər həll eliyəssən?” Deyir, qardaş döyülük, ver, mən aparım. Əl çəkmir, alır. Yahudiyə deyir, nədi şərtin? Deyir, şərtim bir misqaldı. Deyir, düzgündü, şərt şərtdi. Pul verənə deyir, soyun şalvarını. Pıçağı verir. Deyir, al, bunun yanınnan bir misqal kəsəssən. Bir misqaldan artıx da kəssən, əysik də kəssən, sənin ətinnən bir misqal kəsiləjək. Yahudi baxıf görür ki, bu iş düzələn döyül. Deyir, qardaş, mən şikayətimi geri götürürəm. İzahatını alıf buraxır. At yiyəsinə deyir ki, sənin atınnan o kişinin arası nə qədər olardı? Dedi, bir on beş metr. Dedi, qaçarağına vuruf da sənin atını. Dedi, hə, qaçarağına vuruf. Deyir, indi mən atı bağlıyajam, o biri gözün də sən vur çıxart, atın pulunu ikiqat alıf verəjəm. Atı bağladır, on beş metr ölçü qoyur. Deyir, ala at. Deyir, yox, mən eliyə bilmərəm, bəlkə heç qulağına da dəymədi. Dedi, indi nə deyirsən? Dedi, şikayətçi deyiləm. Dedi onda izahatını yaz. Bunun da izahatını alır. Bu səfər mollanın uşaxları gəlir. Deyir, minbərnən yerin arası nə qədər olardı? Deyir, on səkgiz metr. Deyir, uzadajam bunu ora arxası qatda. Ordan elə tullanarsan ki, düz bunun qarnının üsdünə düşərsən, dədənin hayfını alarsan. Deyir, ayə, dədəm ölüf bizə zulum oluf. Birdən on səkgiz metrdən bişmiş kərpicin üsdünə düşdüm, qolum-qılçım qırılar. Qardaş, dədəm ölüf ölsün da. Deyir, onda izahatını yaz (Süleyman kişi həmin məslisdə bunu söylədi. Dedi o kişini qəza tutubdu). Üçünün də izahatını alıf, gəlir Bağdadi Xəlifənin yanına. Deyir, noldu? Deyir, buraxdım hamısını. – “Əşi, nə danışırsan, oların şikayəti vardı”. Deyir, ala bax da, hamısı izahat verdi ki, şikayətçi deyiləm.



  1. DÖYÜLƏN AXMAQ

Bir gün bir qazan satan gəlir, qazan satır. Kişi deyir ki, ay arvat, qazan satıllar. Bişmiş bişirməyə qazanımız yoxdu, dur get bir qazan al. Arvad deyir ki, ay kişi, sən mənnən yaxşısan, get gör münasifdisə, birin al. Nəysə, gedir kişi. Deyir, qazan neçiyədi. Deyir, bu qədər qiymətə. Deyir ki, qoy aparım arvada görkəzim. Gətirir arvada görkəzir. Deyir, yaxşıdı, al, ay kişi, al. Gedir pulun verir, qazanı gətirir evə. Evə gətirəndə arvad bunnan soruşur ki, a kişi, soruşdunmu, qazana nə qədər duz salallar? Deyir, yox, soruşmadım. Deyir, ay Allah ağlı itisin, indi mən nə biləjəm munun içinə nə qədər duz lazım olajax. Get, tap onu, soruş. Nəysə, o kət, bu kət gəzir, soruşa-soruşa gedir qazan satanın yanına. Atımış, eşşəyimiş, nəysə dayandırır. Deyir, nədi, ay qardaş? Deyir, ay başına bönüm, arvad məni öydə öldürür. Qazanı satdın, yaxşı elədin. Niyə demədin ki, muna duzu nə qədər salajıyıx. Kişi unu bir əyaxdan başa süzür, deyir, bu laf avara adamdı. Deyir, əyə, Allah sənin başına ağıl qoysun, mən nə bilim? Nə qədər bişmiş bişəjəhsə, o qərəl salassan dana. Yox ey, deyir, genə bir qərəl deynən. Deyir, nə bilim, bir belə, bir belə (söyləyici ovuclarını yumub yuxarı, aşağı qaldırır – top.). Nəysə, bu da mənim kimi səymiş dana. Deyir “bir belə, bir də bir belə” – eliyə-eliyə öyə qayıdır ki, yadınnan çıxmasın. Bir kişi yerə toxum səpirmiş – buğda. “Bir belə, bir də bir belə”, – eliyə-eliyə munun böyrünnən keçəndə toxum səpən deyir: “Səy köpəy oğlu, muna bax ey, Allah xeyir versin deməhdən, bərəkətdi olsun deməhdən, urzan bol olsun deməhdən, deyir bir belə, bir də bir belə. Heş gör bu muna uyğun sözdü? Tutur munu, nə yemisən, turşulu aş. Deyir ki, ay qardaş, başına dönüm, bə nağayrım, nə deyim? Deyir ki, havax gördün ki, taxıl səpilir, buğda səpilir, ruzidi, deynən Allah bol eləsin, Allah daha da çox eləsin, urzalı olsun!

Nəysə, bu kişinin dediyin deyə-deyə gəlir. Görür ki, yas düşüfdü, ölü aparıllar basdırmağa. Kəsir bulların qabaan, deyir ki, Allah bunnan bol eləsin, Allah daha da çox eləsin. Nəysə, munu burda genə xışdıyıllar. Deyillər ki, ay dəli, ay gij, ay səy, gördün ki, yas gedir, deynən ki, Allah sizə bir də belə şey qismət eləməsin, axır qəminiz olsun. Belə şeylərdən uzağ olun. Deyir, yaxşı, başına dönüm, məni buraxın, tay heylə dəərəm.

Bu indi başdıyır bu sözü təkrar eləməyə. Təkrar eliyə-eliyə gedir. Nəysə, bu dəfə də gedir bir mağarın qabağınnan keçir. Bu toy mağarında da deyir ki, Allah sizə belə şey qismət eləməsin, axır qəminiz olsun. Burda da munun təpəsin, gözün əzillər. Deyir, ə, nə deyəllər? Deyir, oynuyallar, qol götürüf süzəllər. Belə dəəndə, deyir, yaxşı, başına dönüm. Bunu buraxıllar.

Bu gedir, gedir, görür ki, bir kişi öküzün belinə odun şələsi yığır. Bu öküz də xam bir öküz olur. Gedir, başdıyır öküzün qabaanda qol götürüf süzməyə. Öküz bu belindəkin götürür, çırpır yerə. Hürkür dana. Kişi bir təər sürünür, bu odunun birin çəkir munun buduna, başına: “Köpəyoğlu, dəlisən, dəli ol, ağıllısan, ağıllı ol, öküzün qabaanda oynamax nədi? Nəysə, buna bir əz öyüd-nəsihət verir. Deyir, bəs neyniyəllər, nağayrallar? Deyir, canına azar elə. Gördün ki, öküzdü, bir çəngə ot yol, ot gəti qoy ağzına.

Nəysə, gedir görür ki, bir qoja kişi yolun qıraanda oturuf, belə söykənif. Gedir otdan bir çəngə yolur, tutur kişinin qabaana. Bu kişinin başın da burda xaraf eliyir. Kişi də munun otun, suyun verir. Deyir, elə get burdan, gözüm səni görməsin. Nəhlət yalançıya, gedir görür ki, bir qoja kişi odun şələsi belində yola söykənif oturuf. Gedif otu yoluf tutur kişinin qabaana. Tutanda nəysə, bu kişi də burda nervlənir, tutuf bunu burda isdadır. Deyir, bəs nə deyəllər belə görəndə? Deyir, tutallar şələsinnən qaldırallar ağzı yuxarı – köməh eliyəllər. Bu kişi də muna belə öyüt verir.

Gedir görür bir dəsdə arvatdar, qızdar su doldurullar. Gedir bunnarın hamısın daldan itəliyir təpəsi üsdə suya. Bullar da durullar burda munun otun, suyun verillər. Deyillər, bir də harda arvad xeylağı görsən, papağını qoltuğuna vur, elə get güllə kimi. Nəysə, gedir, gedir, görür ki, bir bosdançı bosdanda işdiyir. Nəysə, bunu arvada oxşadır, papaan vurur qoltuğuna elə gedir. Tay burda dayandı yoxdu. Bosdana da oğru gəlmişimiş. Deyillər, elə sən öl, oğru budu. Tutullar munu burda da bir isdadıllar. Gedir munun ölüsü, leşi çıxır evə. Arvat deyir, a kişi, soruşdunmu, nətəər elədin, neynədin? Hardasan bu qədər? Gej gəldin. Deyir, ay arvat, Allah öyü yıxsın, məni o qədər çırpıflar ki, o qazan satan dediyi təmiz yadımnan çıxıf. Nə bilim, dedi, bir belə, bir də bir belə. Axırı ki, gəldim çıxdım. Kaş heş belə getmiyərdim.

Bu nağıl da belə, qadan alım...




  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin