Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,75 Mb.
səhifə23/31
tarix30.04.2018
ölçüsü2,75 Mb.
#49675
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

II mətn

Bəhlul Danəndəni bir dəfə şah çağırır saraya. Deyir, Bəhlul Danəndə, başqa döölətnən bizim aramızda müharibə gözdənilir. Mənim varım-döölətim var, bunu neyniyim? Deyif ki, şah sağ olsun, var-döölətini ver dəmirə, vur xəzinəyə. Şah nə qədər xəzinədə qızılı var, verir dəmirə, yığır xəzinəyə, saxlıyır. Aradan bir müddət keçənnən sora başqa bir məmləkətin şahı buna müharibə elan eliyir. Dəmir xəzinədə, usdalar qalxan, qılınc, nə lazımdı hazırlayır. Mühairbə başdıyır, bular qələbə çalır. Şah bunnan ləzzət alır. Bir müddət keçənnən sora deyir ki, Bəhluli Divanə, bu var-dööləti neyniyim? Deyir, şah sağ olsun, ver soğana, vur xəzinəyə. Şah verir soğana, vurur xəzinəyə. Aradan iki ay, üç ay keçməmiş soğandı cücərib tələf olur da. Çağırır deyir, ay Bəhlul Danəndə, bu nə məsləhət idi sən mənə verdin? Deyir, şah sağ olsun, sən maa dedin Bəhlulu Danəndə neyniyim, mən saa danəndə söz dedim. İkinci dəfə mənə Bəhluli Divanə dedin, mən də dəli sözü dedim.


5. DONUM, AŞ YE
Bəhlul həmməşə nimdaş paltar geyinərmiş. Bəhlulun qardaşı da hökmdarıymış da. Həmişə qonaxlıx olanda Bəhlulu yuxarı başda oturdarmış. Bəhlul da çox bilihli adam oluf da. Qardaşı bir gün Allaha and verir:

– Qardaş, səni and verirəm babamın cıkqasına, mənim məclisimə gələndə əynaa paltar gey. Özü də o qamışı minmə. At min gəl, əynaa da paltar gey, gəl.

Qardaşı and verdiyinə görə, atı minir, əyninə də bir qəşəh libas geyir. Durur gedir. Əvvəllər bu libas geymiyəndə qonaxlar Bəhlula demirmişlər keç yuxarı başa. Elə gəlib məclisin qırağında oturuf, yeyif, içif, çıxıf gedirmiş. Bu dəfə qonaxlar Bəhlulu belə geyimli görəndə hamı duruf ayağa deyif ki, bura keç, ora keç. Gedif başda oturuf. Qabağa taam – yəni yeməh gəlir. Qardaşının da gözü Bəhluldadı ki, bir söz deməsin. Bilir ki, Bəhlul bu məclisdə mütləq söz deməlidi. Çox qorxur. Bəhlula deyif ki, qardaş, bildiyin sözlərdən demə da. Məni qonaxlarımın yanında pərt eləmə, səni babamın cıkqasına and verirəm. Bəhlul da ona həmməşə deyir ki, heş nə demərəm, arxayın ol. Nəysə, yeməh məclisə düzülür. Hamısı da tanınmış adamlar, bəylər, hökümdarrar oturuflar. Bəhlul Danəndə əynin paltarını belə tutuf deyir ki, donum, aş ye, donum, aş ye. Bı məclis hamısı dönüf bına baxır ki, bu nə deməhdi. Qardaşı Bəhlula göz-qaş eliyir ki, ay qardaş, saa demişəm axı, özüü ağıllı apar. Heş kəs əlini tama uzatmır. Deyillər ki, bının mənasını deməsən, əlimizi tama uzatmıyejih. Niyə deyirsən, donum aş ye, paltar aş yeyə bilər?

Deyir ki, bilirsiniz ki, mən bı hökmdarın qardaşıyam. Bütün məclislərə də mən gəlirəm. Hər dəfə gələndə mən məclisin ayağında otururam. Çünki mənim əynimdə təzə libas olmur. Geyinif gəlmirdim, elə-belə gəlirdim. Onda məni niyə yuxarı başa keçirmirsiniz? İndi məni yox, mənim paltarımı yuxarı başa keçirirsiniz. Ona görə da deyirəm ki, donum, aş ye, donum, aş ye. Deməli, bı məclisdə mənim donum qiymətdidi, mən yox.


6. MƏN ONLARIN DEYİL, ONLAR MƏNİMDİR
I mətn

Bir gün gənə Bəhlul yolnan gedirmiş. Yolda iki nəfər bir-birini al qana boyuyuflar. Bəhlul yaxınnaşır bunnara deyir:

– Qardaş, niyə qırırsız bir-birizi?

Biri deyir ki, vallah, bu torpax mənə ulu babamın babasınnan qalıfdı. Bu birsi də deyir ki, mənim də ulu babamın babasınnan qalıfdı. Mən deyirəm mənimdi, bu deyir mənimdi. Deyir, dayanın, sizin şərinizi kəsərəm indi. Qulağını qoyur yerə, xeyli dinniyənnən sora durur qəhqəhə çəkir gülür. Deyillər, noldu, ay Bəhlul? Deyir, torpaxdan soruşdum ki, bunnarın hansınınsan. Torpax mana dedi ki, onnara deynən bir-birini qırmasınnar, mən onnarın döyüləm, onnar mənimdi.


II mətn

İki adam bir-biriynən dalaşırmış. O deyirmiş ki, bura mənimdi, bu deyirmiş ki, mənimdi. Hamı Bəhlulu ağıllı adam bildiyinə görə deyillər ki, gedax Bəhlula deyax. Sən öl, Bəhlul bu şəri kəssə, biləjeyih ki, ağıllı odu. Gəlif Bəhlula deyillər. Bəhlul deyir ki, maa inanırsız? Mən deyənnən sora davanı-şavanı kəsəssiz? Deyillər, sən nə desən odu. Hamısı razılaşır. Bəhlul deyir ki, mən burda durajam. Sən yüz addım say, get o tərəfə, amma ordan maa bax. Sən də yüz addım get bu tərəfə, ordan maa bax. İkiniz də mana baxın, mən çağıranda gələrsiniz. Bunnar yüz addım sayıf orda durullar. Bunnar baxa-baxa Bəhlul dizin qoyur yerə, qulağın söyküyür torpağa. Bu səfər durur bu biri qulağın söyküyür torpağa. Durur ayağa. Mübahisə eliyənnərin hər ikisin çağırır. Deyir, gördünüz mən neynədim? Mən torpaxdan soruşdum sən bunnardan hansınınsan. Torpax dedi ki, onnar yalan deyir. Mən onnarın döyüləm, onun ikisi də mənimdi. Onnan sora Bəhlula dananda adı verillər bu qanı yatırdığına görə.


7. GÜLMƏYƏN BƏHLUL
Qardaşı Bağdad Xəlifə elan verir ki, kim Bəhlulun güldüyün mənə desə ona bir kilo qızıl verəjəm. Bunu bir keçəl eşidir. Bəhlulun bir xasiyyəti olur. Kim ona Bəhlul Danəndə deyirmiş, düzgün cavab verirmiş, kim Bəhlulu Divanə deyirmişsə, onu lağa qoyurmuş, ələ salırmış. Opşim, bu keçəl görür ki, Bəhlul çıxır səfərə. Bağdadi Xəlifə də elan verif ki, kim qardaşımın güldüyün maa desə, ona bir kilo qızıl verəjəm. Keçəl düşür Bəhlulun yanına, gedillər. Bir kəndə çatanda baxıllar ki, yığıncax var. Bəhlul çönür bura. Görür burda çarıx satan bir kişi var. Boylu-buxunnu bir oğlan gəlif deyir ki, kişi, çarıx neçəyədi? Deyir, üş maat. Çarığı əlində belə burur, deyir bu üş gün mənim ayağımda getməz, nə üş maat. Bəhlul gülür.

Genə gedillər. Görür yolun qırağında qəbirsannıx var. Çönür qəbirsannığa. Baxır görür ki, başdaşına yazılıf ki, burda yatan şəxs torpax üsdündə bir milyon adam qırıf. Belə baxır, baxır, burda da gülümsüyür. Bunu keçəl qeyd eliyir.



Keçif gedillər, çıxıllar bir şəhərdə sallaqxanaya. Bəhlul qəssabxanaya baxır, burda da gülümsüyür. Keçəl bunu da qeyd eliyir. Deyir, üç dəfə qeyd eləmişəm, da bəsdi. Gəlif oturur Bağdad Xəlifənin elçi daşının üsdündə. Gedillər bunu gətirillər. Deyir, padşah sağ olsun, sən belə bir elan vermisən, Bəhlulun güldüyünü kim maa desə, ona bir kilo qızıl verəjəm? Deyir, vermişəm. Deyir, qardaşın filan yerdə güldü. Deyir, dayan. Qoy onda qardaşımı gətirdim. Bəhlulu gətirir. Deyir, qağa, sən bilirsən da mən sənin güldüyünü görənə bir kilo qızıl verəjəm demişəm. Deyir, hə, demisən. Deyir, gör bu oğlan nə deyir. Oğlan deyir ki, çarıx satılan yerdə güldün. Deyir, bədbaxt oğlu bədbaxt, mən ona gülmədim ey. Rişxənd elədim ki, sən nə bilirsən üç gün yaşıyessən, ya yox. Deyirsən, bu çarıx mənim ayağımda üş gün tab gətirməz.

  • Bəs yaxşı qəbirsannıxda niyə güldün?

Deyir:

  • Qəbirsannıxda da mən rişxənd elədim ki, torpax üsdündə bir milyon adam qırıf, amma tutduğu yer metr yarım boyudu, əlli santı eni.

  • Bəs o sallaqxanada niyə güldün?

Deyir:

  • Sallaqxanada da ona görə güldüm ki, deyillər, atanın günahını bala çəkir. Onnar hamısı yalandı. Hər küsdənin öz günahı var. Mən ona rişxənd eləmişəm.


8. BƏHLUL ULAĞI AĞACA DIRMAŞDIRIR
Arvatdar oturuf quağ ağacının divində. Bəhlul Danəndə bir dayçaynan özün çatdırıf arvatdar oturan yerə. Başdıyır dayçanı döyməyə ki (dayça döyül ey, qarğunu at qayırıf), çıxmalısan ağaca. Arvatdar deyir, ay Bəhlul, axı o heyvandı, ağaca çıxan döylü. Deyir, yox, nənəsi çıxıf, balası da çıxajax. Kadınnara sübut eliyir ki, sən özün nəsənsə, sənin qarnından çıxan da odu.
9. DÜNYANIN ORTASI HARADIR?
Bəhlulu Danandanın bir kasıb qonşusu olur. Ancax əl ulağıynan odun gətirif satır dolanır. Bu qonşusunun əhvalına yanır, çağırır yanına. Deyir ki, bu eşşəyi saxla. Vaxd olajax bunu çox baha qiymətə satajaxsan, amma mənsiz satma. Bu anda Bəhlulun qardaşı xəlifəyə bir elçi gəlir, məktuf gətirir. Deyir ki, sizə iki sual var. Bir ulduzdarın sayın deyin, bir də dünyanın mərkəzin. Biz onnan sora dostlux müqaviləsin imzalıyax. Əgər bilməsəz, müharibə eliyəjəhsiz, torpaxdan pay verəjəhsiz. Xəlifə naçar qalır. Çox onnan-bunnan sorğu eliyir, Bəhlulu Danandanı çağırır. Deyir, qardaş, belə bir mühüm məsələ var. Deyir ki, burda nə var ki. Qonşusun eşşəyin nişanın deyir. Deyir ki, bunu tapın gətirin, cavab verim. Gedillər harda bir boz eşşək varsa, bunu tutuf gətirillər. Bəhlul Dananda baxıf deyir ki, yox, bu olmaz. Qonşusuna da gəlif deyir ki, mənim qardaşım sənin eşşəyini alajax, sən çalış onu çəkisi qədər qızıla ver. Gəlir, bu eşşəyi tapıllar. İndi eşşək yiyəsinnən bu eşşəyi isdiyillər. Deyir, qardaş, bu mənim dolanışığımdı. Mən odun satıram, qaratikan gətirif satıram. Bu eşşəyi mənnən alsaz, çəkisi qədər qızıl verəssiz. Bunu gətirillər. Bəhlulu Dananda baxanda deyir, hə, bu eşşək lazımdı. Deyir, bunun yiyəsi çox baha deyir. Deyir, o mənnik deyil. Onun bəlkə dolanışığı onnandı. Naçar qalıf alıllar. Alannan sora deyir, elçilərə deyin gəlsin. Gələndə deyir ki, ay qardaş, bu elçiləri götürün gedin. Gedin eşşəyin tükün sayın. Onun tükünün sayı qədər göydə ulduz var, belindəki qara da dünyanın ortasıdı. Eşşəyi götürüf gedir.
10. KİMİN AYAĞI MAZOL OLAR?
Bəhlul Danəndə Bağdadi Xəlifənin qardaşı imiş. Özünü vurmuşdu dəliliyə. Bir də qarğu kəsmişmiş, at kimi minirdi. Deyirdi dünya beş gündü beşi də qaradı, dünya beş gündü beşi də qaradı. Bir gün qardaşı Bağdadi Xəlifə bunu çağırır, deyir:

  • Ayə, özü vurmusan dəliliyə. Axı hamı bilir ki, Bəhlulu Danəndə xəlifənin qardaşıdı. Niyə belə eliyirsən?

Deyir:

– Neynirəm ki?

Deyir:


  • Özü vurmusan dəliliyə.

Deyir:

  • Mən dəli olsam, hər bir şey olar.

Deyir, indi sənin dəliliyini isbat eləmək üçün məndə sübutdar var. Bəhlul deyir, uzağa getmə. Get sac-ayağı qızdır, qızmar-qızmar ayaxyalın sən də çıx sac-ayağın üsdünə, mən də. Sən də varidatını say, mən də varidatımı sayım. Amma ayağımız yananda düşmüyək. Kimin ayağı mazol bağlasa, o dəlidi.

Deyir:


– Onda Bəhlul, qabağa sən düş.

Bəhlul gəlir ayaxyalın çıxır qızmar saj-ayağın üsdünə. Deyir:



  • Bir püsdümdü, bir püsdüm, vəssalam, şüttamam.

Tullanır yerə. Ayağı bir az oddan qısqınır. Deyir ki, xəlifə, indi sən çıx devlətini say. Deyir ki, Bağdadi Xəlifəyəm, bir belə varım var vəssalam, bir belə elim var vəssalam, bir belə malım var vəssalam, bir belə əhalim var vəssalam. Əyax pürüşühdən35 çıxır. Deyir, indi kimin əyağı mazol oldu?
KAMALLI LƏTİFƏLƏRİ
11. BU BIZINDI

I mətn

Kamallının köçü gedirmiş, yolda yaxşı kök bir keçi varmış. Kamallılar keçini qatıllar sürüyə, gəlillər. Keçi yiyəsi baxır ki, beş-altı keçisi vardı, içində bir yaxşısı vardı, o yoxdu. Bilir ki, köçə qarışıf. Düşür köçün dalına, ha orda, ha burda, gəlif çatır bulara. Deyir, mənim keçim sizin sürüyə qarışıf. Deyillər, keçi nə gəzir?

Deyir:

– A kişi, bu keçi mənimdi.



Deyir:

– Əşi, keçi bizimdi.

Kamallı deyir and içim ki keçi mənimdi, mənnən əl çək. Kürd dilində də keçiyə bızın deyillər. Deyir:

– Bu quran haqqı, bu heyvan bızındı.


II mətn

Kamallının biri gedir Minkəndin bazarında alver eliyirmiş də. Görür ki, biri keçi satır, hədinnən artıq kökdü. Gəlir soruşur neçiyədi? Bu elə bir qiymət qoyur bunun üsdə ki, bu baxır bunnan bazdaşmax mümkün döyül, başdıyır kələyə. Kürtcə keçiyə bızın deyillər. Deyir:

– Bu mənimdi.

Deyir:


– Ay aman, ay dad, nətər yanı sənindi?

Deyir:


– And içəcəyih. Ya sən and iç, ya mən and içim.

Keçi yiyəsi deyir ki, sən and iç. And içir, əlini vurur keçiyə ki, and belə, Quran belə, bu bızındı. Bu da elə bilir ki, deyir bizimdi. Heylə olur keçini kişidən alır.


12. QARA ŞEYDƏN QORXARIQ
Gecə düşəndə kamallılar gedif camışları oğurruyullar, gətirif kəsillərmiş. Camış yiyələri izə düşüllər ki, görək bu camışları kim aparıf. Elə olur bir məclis olur, bular da (kamallılar – top.) həmən məclisdə olurlar. Ordan bir dəsdə camış keçirmiş. Bular camışdarı görən kimi məclisi qoyub qaçıllar. Gələn nümayəndə deyir ki, olar niyə qaşdılar? Deyillər ki, biz o qara şeylərdən qorxarıx. Da, onnan da şübhələnmillər ki, bular camışdarı oğurruyalar.
13. ÖZÜN HALAL EDƏCƏKSƏN
Kamallıdan biri gəlif biz tərəflərdən seyiddən borc pul alıf. Üstünnən nə qədər keçir, pulu qaytarmır. Bir gün borc verənin qabağına çıxıf. Üzünə salıf deyif ki, yox ey, bunu sən özün halal-xoş eliyəssən. Bu fikirrəşir ki, ə, nətər halal-xoş, mənim pulumu aparıf. Bunu əsəbləşdirir. Gəlif üş-dörd yoldaş da götürür, deyir gedək ya məjbur eliyək, ya nəynənsə pulumuzu alax. Kamallı bilir ki, bu gələjək. Pul da yox, dağılıf gedif. Kəndin qırağına adam qoyuf ki, atdılar gələndə xəbər verin. Həmən gün qadınnarı, camahatı, qonum-qonşunu yığır, deyif ki, mən uzanajam yerə. Pul yiyəsi kəndə yaxınnaşanda xəbər verin arvatdar burda qışqırsınnan, şahsey-vahsey desinnər ki, bəs filan kişi ölüf. Bular da ajıxlı-ajıxlı gəlillər. Kəndin başına çatanda görüllər səs-küy var.

– Ə, bu nə səs-küydü?

Deyillər ki, filan kişi rəhmətə gedif, onun səs-küyüdü. Bular duruf fikirrəşif, deyif:

– Allah rəhmət eləsin, daa halal-xoşu olsun.

Bir müddətdən sora baxıllar ki, kişi sağdı.
14. FATİHƏNİ KİMİN ADINA VERƏCƏYƏM?
I mətn

Bir günnəri qarakeşdilər Qarabağda işdiyif gəlirmişdər. Kamallılar da stalovıda çörək yeyif çıxırmışdar. Qarakeşdilər deyir:

– Ə, burda nə verillər?

Deyir:


– Sən öl, yaman ehsan verillər, gedin yeyin.

Buların da pulu-zadı yox imiş. Gedif yeyillər. Bular nə deyir şüşəlilər də gətirir. Axırda biri duruf ayağa deyir ki, fatihəni kimin adına verəjəm? Deyillər:

– A kişi, ehsan nədi ey, bura stalovadı, hər şey pulnandı.

Bizdə Məmməd Cəfər oluf, o eşidif gəlif bunnarın pulun vermişdi. Qarakeşdilər düşüblər buların dalına ki, harda çatsax oları qırajeyih. Gəliflər əli ağaşdı, buların davası düşüf.


II mətn

Şuşa ticarət şəhəri idi. Şuşalılar şirindil, basıf-bağlıyandılar. Kamallılar Şuşaya gedəndə şirin dillərinə salıb çağırıllar ki, əyə, gəlin, yaxşı kabab var, yaxşı souz var. Yeyif-içənnən sora bulardan pul isdiyif. Bu Kamallı da deyif ki, ay qardaş, sən bizi çağırdığına biz elə bildik bu ehsandı. Zornan məni çağırıf salmısan bura, indi mənnən pul isdiyirsən. Yığışıf gedəndə Yediyar kişi Qarıqışlağın ağsakqalına deyir ki, ə, birdən pul-zad verif eliyərsiz ha. Duranda bir fatihə verin çıxın. Bular yeyif-içib qutarannan sora biri durur ayağa, deyir:

– Ay qardaş, Allah ehsanınızı qəbul eləsin.

Bir fatihə də verir, durur çıxır. Şuşalılar düşür buların dalına ki, ə, nə fatihə. Bura restorandı. Yeyif-içmisiz, pulunu verin.



15. ÖLÜ XORTLADI
I mətn

Bir dəfə Qala dərəsində gejə bular yatır, malları gedif dolmuşdu erməninin taxılına. Ermənilər gəldilər malı yığdılar apardılar. Bədəl addı bir kişi vardı. Bir cinaza qayırdılar, Bədəli yıxdılar cinazaya, başdadılar ağlaşmağa. Ermənilər də gəldi.

– Arə noluf? Malınız taxılı yeyif.

Deyillər:

– Taxıl nədey, adamımız ölüf başımız qarışıf.

Ermənilərə deyiflər kömək eliyin cinazəni çıxardax yolun qırağına, qoyax maşına. Bədəl də papiros çəkən imiş. Cinazəni çiyinnərinə alıf aparanda deyif:

– Ə, mana bir papiros verin, – deyəndə kamallılar cinazəni qoyuf deyir:

– Ədə, sən öl, ölü xortdadı.

Ermənilər də qorxub qaçır. Heylə erməniləri aldadıf mal-qaralarını da alıllar.
II mətn

Onnar (kamallılar – top.) yaman kələkbaz olullar. Bir səfər dağa gedillər, yaz vaxdıdı. Yazda da biçənəhlər, ot sahələri qoruğ olur. Hoçazın üsdündə düşüllər, malı buraxıllar xamın içinə. Oturullar çörək yeyillər. Birdən görüllər ki, budu, qoruxçu gəlir söyə-söyə. Tez yoldaşının birini uzandırır, flaşı çəkir üzünə. Çörəyi-zadı yığışdırıllar. Deyir, qardaş, söyüş eləmə, görmürsən ə, ölümüz düşüf, niyə söyüş eliyirsən? Bu gəlif baxır.

– Ə, dilim-ağzım qurusun qardaş, vallah bilməmişəm.

Deyillər, bu qəflətən rəhmətə getdi, başımız qarışdı buna mal dağıldı. Deyillər, sən otur bunun yanında meyidi yiyəsiz qoymuyax. Biz malı komluyax, Əli bulağınnan keçirək, onnan sora gələk meyidi götürək. Qoruxçu meyidə yaxın oturmuşmuş. Bunnar gedəndə bir az aralıda oturur. Bunnar tez-tez baxırmış. Deyir, ə, meyidin nəyinnən qorxajam. Bir az yaxınnaşır. Başdıyır siqaret çəkməyə. Siqareti yandırıf bir-iki qullaf alanda birdən bu, flaşın altınnan əlin uzadır ki, ə, birin də mə ver deyəndə bu adam nətər götürülürsə, öz kəndləri qalır, başqa kəndə tərəf qaçır. Özünü ölülüyə vuran da flaşı götürüf yoldaşdarının dalınca gedir.


16. KAMALLININ SİFARİŞİ
Bizim kəntdə Möhüb kişi varıdı. Laçınnan gəlir Kamallıda qalır bir gejə. Səhər duranda kamallının biri gəlir bunun barmağını sapnan bağlıyır, deyir kəntdə filankəsə filan tapşırığı de. O birsi gəlir o biri barmağına bir sap bağlıyır ki, filankəsə mənim sözümü çatdır. Heylə on barmağının onun da bağlıyıllar. Bu da kəndə qayıdanda qapı-qapı düşür, deyir, bəs filankəs belə dedi. Deyillər, əşi, kamallının kələyidi ey, səni doluyuflar.
17. KAMALLI KƏLƏYİ
Kamallıların heç vaxd sirrin bilməzsən. Bir kamallı uzun kəndiri götürür, hardasa iki yüz metr uzunnuxda. Dört-beş presə bağlıyır, kəndirin də bir ucun bağlıyır ata. Atdı gedir onnan iki yüz metr arxadan kiplər gəlir. Kimin ağlına gələr.

Onnan əlavə, birinin yeri xamdı, kamallı isdiyir burda qoyununu otara. Qoyunu boşduyullar xama. Biri yıxılır yerə ki, sancılanmışam. Yığışıllar başına-gözünə döyüllər. Qoruxçu gəlir haya. Ayə, su gətir amanın günüdü, bu ölür, əlimizdən gedir. Bunun çənəsinə ağac salan kim, barmax salan. Nədi, nədi ki, qoruxçunun başı qarışsın, heyvan qarnın doyursun.


18. İSTƏNİLMƏYƏN QONAQ
I mətn

Bir nəfər bulara tez-tez qonax gəlir. İndi bular isdiyillər ki, bunun ayağın burdan kəsələr. Gətirif bir oğlan uşağına gəlin paltarı geyindirilər, başına da fata atıllar. Qonağa deyillər ki, bizdə adətdi, təzə gələn gəlin qonağın ayağın yuyur. Gətirir vannanı qoyur, aftafada qaynar suyu gətirif qoyur yanına. Gəlin paltarı geyinən oğlan bunun baş barmaxların tutur əlində. Bular da söhbət eliyif bunun başın qatanda qaynar suyu töküf ayağını yandırır. Durur ayaxyalın qaçır.


II mətn

Gülmalı kişi vardı, bu gəlir Kamallıda qalır. Deyillər, yol gəlmisən, gərəh ayaxların yuyula. Ayıf deyil, ayağı kirli qalasan? Bir kişiyə arvad paltarı geyindirillər. Suyu da qaynadıllar töküllər ləyənə. Əynində qadın paltarı olan kişi Gülmalının ayaxlarını basır ləyənə, kişi nə qədər qışqırır, bu da güjdü adamdı, buraxmır. Onnan sora o kişi neçə ay gəlif yatır, ayaxları suluxluyur.

Amma bizimkilər də bir dəfə onnarı alladıf. Gilas vaxdı imiş, bizim camahat Qarasu deyirik, orda ot biçirmiş. Kamallı da bir atı yüklüyür gilasnan gətirif satmağa. Camahat tökülür, deyir bəlkə bu gilası taxılnan dəyişəsən, taxıl vaxdı taxılı verax. Deyir, yaxşı. İndi iri bir daş gətirillər, qoyullar tərəziyə. Deyillər, bu daş ağırrığında mana gilas çək, o birsi deyir mana da çək. Gilasın hamısın alıllar. O deyir daşı kim saxlasın, bu deyir kim saxlasın? Bizim kəntdən biri deyir:

– Əşi, daşı dəyişəllər, eliyəllər. Daşı atax gölə, orda itməz.


19. MAŞIN TAYANI YEYİR
Kamallılar qışda Bərdədə olullar, yazda da gedillər dağa. İndi bizim öz şoferimizdən biri ürcahlarına36 çıxır. Deyir ki, qardaş, Bərdədən bizim yükü Kamallıya neçəyə apararsan? Məsələn, deyir, atmış maata. Deyillər, sən üş-dört şofer tap gətir, amma sən demə mən hakqımı almışam. Sənin hakqını burda verəjıx. Orda neyliyəjıx sənin nə işinə qalıf. Bu da gəlif deyir ki, köş var, gedək, puluynandı da. Soruşullar neçiyə danışdın? Deyir, ə, orda verəjəhlər. Mən danışmadım, siz danışın. Onnar da deyir, ədə, sən danışmadın biz nə danışax? Sənə nə verəllər, bizə də onnan.

Xülas, belə-belə gedif çıxıllar Kamallıya. Kalxozun ot tayaları olur. İndi bular cərgəynən maşını sürdürür burnun söyküyür tayaya. Kamallılar deyir ki, qoy maşın burda dursun. Yağıf yorğan-döşək isdanıf, buları tayanın üsdünə sərək, yer palçıxdı. Da divar ola, çəpər ola üsdə atalar, heylə şey yoxdu. Bunnar maşını ot tayasına söyküyüllər, başdıyıllar yükü boşatmağa. Boşaldıf qutarannan sora görüllər bir nəfər ayannan əli ağaşdı gəlir. Kürtcə danışır deyə şoferrər başa düşmür. Deyir, ə, nolufdu, neylamışığ? Deyir, sən başa düşmürsən, o da başa düşmür. Deyir, maşını dirəmisən tayanı yedi qutardı. İndi bu pul alan qaçır, bunnar da düşüf bunun dalına qaçır. Bir az bayna gəlillər. Deyir, neynədin ə? Deyir, ə, bunnarın başı işdəmir, maşın ot yeyər? Deyir, görmüyüf da, elə bilir maşın ot yeyir.


20. BÜNÖVRƏDƏN OT ÇIXIB
Bizdə Əmirasdan kişi olufdu, çox hazırcavab adam olufdu. Qonşu kəntdə usda işdiyərmiş. Bu da həmişə bulara fırıldax gəlirmiş. Bir dəfə divar hörürmüş. Baxır ki, bunun bünövrəsi daşdı, bunu qaza bilmiyəjək. Ev yiyəsini çağırır, deyir bu çox pis oldu. Deyir, noldu? Keranın arasınnan çıxan sarıtəhər otu gösdərir, deyir bünövrədən belə ot çıxanda bu evdə adam ölməlidi. Deyir, bə nolecek? Deyir, bunun bircə yolu var. Bir dənə erkək kəsərsiz, onu ağa büküf aparıf filan yerdə basdırarsız. Özü də tapşırır ki, yolnan gedəndə kimsə sənnən nəsə soruşsa, cavab verməməlisən, çağırsa, dönüb baxmamalısan. Nəysə, bu da belə eliyir. Nə qədər çağırıllar baxmır. Qoyur atın üsdünə, aparıf həmin yerdə basdırıf gəlir. Axşam düşəndə Əmirasdan atı minir, gedir ordan erkəyi də götürür çıxır gedir.
21. EYLAS KİŞİNİN LƏTİFƏLƏRİ
I mətn

Mənim babam Eylas kişi oluf, erməni dilini də təmiz bilirmiş. Özü də bij imiş. Özünü elə aparırmış bu ermənilər Eylası bir ojax bilirmiş. Məslahat üçün Eylasın yanına gəlirmişlər. Qala dərəsində bir erməninin uşağı olmurmuş. İyirmi il keçənnən sora bunun arvadı hamilə qalır. Deyir, bunu aparax Eylas kirvənin yanına, baxsın görək bu oğlandı, qızdı. Gətirillər. Mənim babam da oturuf. Deyir, arvad bir o yana getsin, bir bəri gəlsin. Arvad bir o yana gedir, bir bəri gəlir. Deyir, ay kirvə, o yana gedəndə oğlan görükür, bəri gələndə qız görükür. Durullar, çıxıf gedillər. Dokquz ay keçir bu erməninin bir oğlu olur, bir qızı. Deyir, ay arvad, dur. Bir inəyi gətirir bağlıyır mənim babamın qapısına.


II mətn

Eylas kişi genə gəlmiş imiş Qala dərəsinə. Amma erməni bilmir ki, bu ermənicə bilir. Erməni arvadına deyir ki, o kişiyə itə yemək qoyduğumuz qabda yemək gətirif qoyarsan. Bunu da mənim babam eşidir. Gətirillər yeməyi. Ayana gedəndə tez qabı götürür yemək qazanının içinə tökür ki, yox ay kirvə, çoxdu. Bu qədər yeməyi yeyəmmərəm.


III mətn

Eylasın bir erməni kirvəsi olur. Gedillər bir çaydan keçəsi olullar. Erməninin qoltuğunda da bir fərə olur. Deyillər, çayı nətər keçək? Eylas əvvəldən özün erməniyə elə gösdərir ki, guya fərədən qorxur. Deyir, ay kirvə, sən fərəni boşdəmə, mən qorxuram. Bərk tut. Çayın bu tayında dur, sifdə arvadını keçirim, sora gəlif səni keçirərəm. Amma fərəni bərk tut, qorxuram fərədən. Deyir, nolar, Eylas kirvə. Arvadı keçirir çaydan o tərəfə. Erməni də fərə qujağında bu taydə. Babam o tayda neyniyir neynəmir, öz işdəridi. Erməni bu taydan deyir, Eylas kirvə, pərə pır, Eylas kirvə, pərə pır. Eylas fərədən hara qorxur.


22. MƏŞƏDİ KİŞİNİN LƏTİFƏLƏRİ
I mətn

Verdiyev Səyyaf vardı. Bu da bizə uçastok gəlmişmiş. Maşınnan gedəndə şofer deyif ki, bu eşşəhli gedən Məşədi kişidi. Bu da dəyirmannan gəlirdi. Deyir:

– Siqnal ver o dayansın, onu doluyajam.

Kişi də yolun ortasıynan gedir. Siqnal verəndə, üzdən irağ, bu eşşək çıxır yolun qırağına, amma bu kişi çıxmır. Səyyaf deyir ki, nə yaxşı oldu. Maşını saxlıyır. Deyir:

– Ə kişi, siqnal verirəm, ulax çıxır, sən çıxmırsan.

Deyir:


– Başına dönüm, o sənin kimi savatdıdı, mən nə bilim sən nəyə siqnal verirsən.

Ordan qayıdıf, daa kəndə getmiyif.


II mətn

Rəhmətə gedənə yaxın Kəlbəcərdə avtobazanın müdiri Ələsgər məəllim gəlif buna dəyməyə. Gəlir deyir:

– Ə, Ələsgər məəllim, nə yaxşı gəldin. Sən öl, səni yaman arzuluyurdum.

Deyif ki, Məşədi kişi, işim o qədər çoxudu, ona görə gej gəldim. Məni bağışda.

Deyir:

– Allah bağışdasın, amma sənnən bir xayiş eliyəjəm. Mən ölüm, mənim xayişimi qəbul elə.



Deyif ki, a kişi, kimi deyirsən işə qoyum, nətər deyirsən onu eliyim. Deyir:

– İşin-zadın lazım deyil mana. Azreyil indi mataskiletnən gəzir, birdən gələr ona benzin verərsən ha. Əlimdən qutarmazsan.


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin