Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,19 Mb.
səhifə4/14
tarix21.05.2018
ölçüsü1,19 Mb.
#51111
1   2   3   4   5   6   7   8   9   ...   14

QAYNAQLAR

1. Abdulla Bəhlul. Yusif Vəzir Çəmənzəminli və folklor. Bakı, “Elm”, 1981

2. Azərbaycan folkloru külliyyatı. I c. Nağıllar. 1-ci kitab (Tərtib edənlər: f.e.d. Hüseyn İsmayılov, f.e.n. Oruc Əliyev). Bakı. 2006

3. Azərbaycan nağılları (Toplayanları: Ə. Axundov və N. Seyidov). Bakı. “Azərnəşr”. 1982

4. Böyük Türk Klassikleri. Ötükən

5. Faruq Sümər. Oğuzlar (Türk dilindən tərcümə edəni Ramiz Əsgər), Bakı, 1992

6. Mahmud Kaşğari. Divani-lüğətit-türk. Bakı, 2006

7. Qaqauz folkloru (tərtib və ön sözün müəllifi Güllü Yoloğlu). Bakı. “Gənclik”. 1996

8.“Oğuz Kağan” dastanı (Yayına hazırlayan Prof.Dr. Muherrem Ergin), Ankara, 1988

9. Oğuznamələr (işləyib çapa hazırlayanlar və ön sözün müəllifləri Kamil Vəli Nərimanoğlu və Fəxri Uğurlu), Bakı Dövlət Universitetinin nəşri, Bakı, 1993

10. Təhmasib M.H. Əfsanəvi quşlar // Bakı. “Vətən uğrunda” dərgisi, 1945, № 5, s.93-101

11. Təhmasib M.H. Azərbaycan xalq ədəbiyyatında div surəti // Bakı. “Vətən uğrunda” dərgisi, 1946, № 1, s.79-92

12. Vəliyev İsmayıl. Azərbaycan mifik təfəkküründə sehrli quşlar // Bakı. “Dədə Qorqud”. 2005. № 1. s.42- 53

13. Абай Гэсэр-хубун. Эпопея (эхирит-булагатский вариант. Подготовка текста, перевод и примечания М.П.Хомонова. Предисловие А.Уланова). ч.1. Улан-Удэ. 1961

14. Антология Шумерской поэзии (Вступительная статья, пере­вод, комментарий, словарь В.К.Афанасьевой), СП­б, 1997

15. Героический эпос народов СССР. Москва. 1975

16. Кагаров Е.Г.Мифологический образ дерева, растущего корнями вверх // Москва. Доклады Академии Наук СССР. 1928. №15 с.331-335.

17. Рагозина З.А. История Мидии. СПб. 1903.

18. Топоров В.Н. Древо жизни // Мифы Народов Мира. В 2-х т-х. т. 1. Москва. 1991. с. 396- 398

19. Топоров В.Н. Хаома // Мифы Народов Мира. В 2-х т-х. т. 2. Москва. 1992. с. 578- 579

20. Штернберг Л.Я. О культе орла у Сибирских народов // Материалы Археологии и Этнографии. 5. вып. 2. Ленинград. 1925. с.728-740

21. Эрих Церен. Лунный бог. Москва. «Наука». 1976


ƏZİZ ƏLƏKBƏRLİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu

eziz_elekberli@rambler.ru
QƏRBİ AZƏRBAYCAN FOLKLORUNUN

YAZILI QAYNAQLARI
XÜLASƏ

Məqalə Qərbi Azərbaycan (indiki Ermə­nis­tan) folklorunun yazılı qaynaqları probleminə həsr edilmiş, mövzu ilə bağlı bəzi qədim kitabələr, tarixi mənbələr, o cümlədən Əbubəkr Tehraninin “Kitabi-Di­yar­bəkriyyə” əsəri tədqi­qa­ta cəlb edilmişdir. Həmin mənbələrdəki folklor mətn­ləri Qərbi Azərbaycan ərazisindən toplanmış folklor mətnləri ilə müqayisə olu­na­raq, bu mətnlərin ya­radıcısı olan Azərbaycan türklərinin həmin ərazidə qə­dim dövrlərdən yaşadığı müəyyən olunmuşdur.



Açar sözlər: Qərbi Azərbaycan, Əbubəkr Tehrani, “Kitabi-Diyar­bəkriy­yə”, Trever, Göyçə gölü, Ağrıdağ.
THE WRITTEN SOURCES OF WESTERN AZERBAIJAN FOLKLORE

SUMMARY

The article dedicates to the written sources problems of Western Azerbaijan (present Armenia) folklore, some ancient inscriptions, historical sources including the work of “The book of Diyarbakriyya” by Abubakr Tehrani are involved to the investigation. The folklore texts at the same sources are compared with the folklore texts collected from Western Azerbaijan, it is cleared that Azerbaijani Turks had lived at the same area since ancient times.



Key words: Western Azerbaijan, Abubakr Tehrani, “The book of Diyarbakriyya”, Trever, lake Sevan, Agridag
ПИСЬМЕННЫЕ ИСТОЧНИКИ ФОЛЬКЛОРА

ЗАПАДНОГО АЗЕРБАЙДЖАНА

Резюме

Статья посвящена проблеме письменных ресурсов фольклора Западного Азербайджана (ныне Армения). Было вовлечено в научное исследование древние надписи, исторические источники, в том числе книга Абу Бакра Теграни "Китаби-Диярбекрия". Сравнение фольклорных текстов, которые наблюдаются в этих источниках совпадаются с текстами собранных из Западного Азербайджана и это доказывает что азербайджанские тюрки в этих землях живут с древних времен.



Ключевые слова: Западный Азербайджан, Абу Бакр Teграни, "Китаби-Диярбекрия", Тревер, озера Гекче, Aгридаг.

Şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında qırılmaz tellərin möv­cudluğu tədqiqatçıların diqqətini çoxdan çəkmişdir. Bu istiqamətdə bir çox araş­dırmalar aparılmış folklorun ümumiyyətlə yazılı ədəbiyyata və konkret olaraq bu və ya digər ədəbi növə, janra, xüsusilə hər hansı yazıçının yaradıcılığına və kon­kret bədii əsərə təsirinin müxtəlif aspektləri elmi-nəzəri təhlilə cəlb edil­mişdir.

Bəs yazılı qaynaqlarda Qərbi Azərbaycan (indiki Ermənistan) coğrafiyası üçün spesifik folklor elementlərinin əks olunma səviyyə, miqyas və özünə­məx­susluğu nə şəkildədir? Bu məsələyə elmi münasibət sərgiləməmişdən qabaq, xa­tırladaq ki, “Qərbi Azərbaycan” anlayışı coğrafi-siyasi termin kimi XX yüzilin 90-cı illərindən etibarən dövriyyəyə girmişdir və ondan törəmə olan “Qərbi Azərbaycan folkloru” anlayışı da Azərbaycan folklorşünaslığının yeni sahəsi ol­duğundan yazılı ədəbiyyatda, xüsusən də klassik ədəbiyyatda Qərbi Azərbaycan folkloru süjet və motivlərinin axtarılması ilk baxışdan perspektivsiz bir iş təsiri bağışlaya bilər. Lakin Qərbi Azərbaycan Dərbənddən Gəngər (indiki İran) kör­fəzinə, Qara dənizdən Xəzər dənizinə qədər böyük bir ərazini əhatə edən tarixi Azərbaycan torpaqlarının tərkib hissəsi və ən qədim dövrlərdən Türk-Oğuz diyarı olduğundan, Qərbi Azərbaycan folkloru da həm bütövlükdə Azərbaycan, həm də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsidir və belə olduğu üçün də Qərbi Azərbaycan folklorunda həm Azərbaycan, həm də ümumtürk folklorunda geniş yayılmış süjet və motivlərin, eləcə də müxtəlif lirik və epik janrların çoxsaylı variant və paradiqmaları müşahidə edilməkdədir. Bu baxımdan, yazılı ədəbiyyatda, o cümlədən klassik ədəbiyyatımızda rastlanan süjet və motivlər Qərbi Azərbaycan folkloru üçün də xarakterikdir. Lakin bu, qətiyyən o demək deyil ki, Qərbi Azərbaycan folkloru yazılı qaynaqlardan bütünlüklə məhrumdur və bu mövzu yalnız və yalnız ümumazərbaycan və ümumtürk folkloru kontekstində araşdırıla bilər və araşdırılmalıdır.

Tədqiqatlarımız nəticəsində gəldiyimiz yekun fikrə görə, Qərbi Azər­bay­can folklorunun ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi qurup­laşdırmaq olar:



  1. Qərbi Azərbaycan ərazisində qeydə alınmış epiqrafik abidələr və on­larda əks olunmuş folklor motivləri.

  2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər.

  3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri.

Bu məqaləmizdə bu mənbələrdən bəzilərini qısaca nəzərdən keçirmək istərdik.

Öncə qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılmışdır ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan əlifba ilə türk dilində və nəhayət, ərəb əlifbası ilə yenə türk (Azərbaycan) dilindədir.

Yunan, latın və arami əlifbası ilə qeydə alınmış abidələr, onların yerləşmə və ya tapılma yeri və məzmunu haqqında bir çox əsərlər yazılmışdır ki, onlardan ən mühümləri haqqında K.Trever özünün “Qədim Ermənistanın tarixi və mədəniyyəti barədə oçerklər” kitabında geniş məlumat vermişdir (1).

Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı üçünün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Ərdaş//Artaş (Artaksi//Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyni məzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır.

“Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Göyçə gölü yaxın­lığından tapılmışdır. Bu daşların “Ermənistan çarı” Artaşes tərəfindən yazdırıl­dığını və “Ermənistan çarlığının” sərhəd daşları olduğunu iddia edən erməni və rus alimlərinin “səylərinə” (Периханян, 1964; Периханян, 1965; Борисов, 1946; Дьяконов, Старкова, 1955; Тираця, Новош. 1959) baxmayaraq, yazının birinci iki sözündən – Artaxşsi (Artaksi) adından və sonrakı sami mənşəli "mə­lik" (mlk) sözündən başqa digər sözlərin mənalarını anlamaq mümkün olma­mışdır. Yəni yazının arami əlifbası ilə yazıldığını və necə səsləndiyini dəqiq­ləşdirən alimlər yazının məzmununu dərk edə bilməmiş, yalnız onun erməni (hay) dilində olmadığı fikrini vurğulamışlar. Onların qənaətincə, yazının dilinin urartu və sami dilləriylə də heç bir bağlılığı yoxdur” (2, 176).

Professor F.Ağasıoğlu mətnlərin türkcə olduğunu aşkarlamış və onları “Artxşsi (Artaksi) mlk (məlik) bryi (birəyi – ərazisi) yritir (yeridir). Bund (bunda – burada) knxlt (konxuldu – qonuldu, qoyuldu)” kimi oxumuşdur. Başqa sözlə, alimin qənaətincə, bu sərhəd daşı Artaşes məliyin ərazilərinin hüdudlarını göstərmək məqsədi güdmüşdür.

Artaksi məliyin sözügedən sərhəd daşları və onların üzərindəki yazılar tariximizi, xüsusən də ana dilimizin tarixini öyrənmək baxımından böyük və əvəzsiz qaynaq rolunda çıxış etsə də, Qərbi Azərbaycan folklorunu öyrənmək baxımından bizə birbaşa informasiya vermir. Lakin arami əlifbası ilə yazılan və sonradan tikinti işləri nəticəsində məhvə uğrayan üçüncü türkcə yazı isə təkcə etnik dil və ədəbiyyat tariximizi incələmək baxımından deyil, həm də folklor­şü­naslıq baxımından qiymətli qaynaq rolunda çıxış edə bilər.

Əhməd Oğuz tərəfindən aşkarlanmış, görkəmli dilçi alim Firudin Ağa­sıoğ­lu tərəfindən tədqiq edilmiş və səslənişi (transkripsiyası) dəqiqləşdirilmiş hə­min epiqrafik abidə barədə F.Ağasıoğlu yazır:

“On il əvvəl gənc tədqiqatçı Əhməd Oğuz mənə bir şəkil göstərdi. Bu 130.50.25. sm ölçülüdə hamar yonulan daş üzərində naməlum bir yazının şəkli idi. Həmin yazı Qafqazda rast gəlinən yunan, latın, arami, pəhləvi, erməni, gürcü, ərəb və başqa məlum əlifbaların hüç birinə uyğun gəlmirdi. Ona görə də yazılı daşı yenidən tədqiq etmək üçün yazıçı dostum Mövlud Süleymanlı ilə Qızıl Şəfəq (qədim Cuci – Ə.Ə.) kəndinə getməli olduq.

İndiki Ermənistanla Gürcüstan sınırında yerləşən kənd qədim Qoqar (Gö­yər) mahalının qərb bölgəsində idi...

Kənd ağsaqqallarının dediyinə görə, kiçik təpənin üstündə çox kiçik bir mə­bəd varmış və onun iki daşı yazılı imiş. Vaxtilə bu yazıları oxumağa gələn er­məni alimləri yazının ermənicə olduğunu, gürcü alimləri isə gürcücə olduğunu de­mişlər. Kəndin ...türk əhalisi də məbədin daşlarını söküb kolxoz üçün tövlə tikmişlər və özündə tarixi yaşadan həmin daşlardan biri Əhməd Oğuzun çəkdiyi şə­kildəki daş idi. İkinci yazılı daşı nə qədər soraqladıqsa yerini bilən olmadı” (3, 147).

Professor F.Ağasıoğlunun yazılışını bərpa etdiyi mətnin oxunuşuna cəhd edən tədqiqatçı B.Tuncay onu belə oxumuşdur: “sxlu –SaXLU (saxlı, saxlan­mış, gizli) ağta (torda) ise (isə) çn - ÇiN (doğru, həqiqət) QOR (ziyan vermək) AKİLTA (comərdliyə, əliaçıqlığa, ürəyiaçığa)”. Beləliklə, tədqiqatçı “Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar” məzmununda bir atalar sözü aşkar etmişdir.

Lakin bundan daha önəmli bir yazılı qaynaq da var. Söhbət Qərbi Azər­bay­­canın Zəngəzur mahalının Meğri rayonu ərazisində, Nüvədi kəndi yaxın­lı­ğın­dakı Qarqadaşı dağında Həmzə Vəli tərəfindən aşkarlanmış daş kitabədən ge­dir. Kitabənin ilk oxunuşu Həmzə Vəliyə məxsus olsa da (4,34-35), kitabə Gü­ney Azərbaycandan olan tədqiqatçı Mənsur Rəhbəri tərəfindən bir qədər fərqli oxunmuş (“ONı UÇUK eRiNÇ AS YeLiNÇ əSRi UDSıN KaN əNGRiZ GÖÇü Bok eRiNÇ aRZ(J)uLa BaRÇa”) və çağdaş dilimizə aşağıdakı kimi tərcümə olunmuşdur: “Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qov­sun, qan ağlayasınız, köçünüzə pox olsun, çaqqallar leşinizə toplaşsın!” (5).

Beləliklə, kitabədə bir qarğış mətni həkk olunmuşdur və onun yaşı 3000-3500 ildən artıqdır. Folklor ekspedisiyaları zamanı Qərbi Azərbaycandan toplan­mış bəzi qarğışlarla sözügedən qarğış arasında bənzərlik isə çox diqqətçəkicidir:

“Ağzınnan çıxsın, qoynuna girsin!” (6, 41; 7,116).

“Davarını qotur qırsın, davanın dağlansın” (8, 48).

“Qanaa bulaşasan” (9,117).

“Qoçunun gözünü canavar yesin!” (10,42).

“Qurd-quşa rast gələsən!” (6,44).

“Yurdunda bayquş ulasın!” (9, 119).

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövr­lərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlərdən də ayrıca söhbət açmaq lazımdır. Bu tip əfsanələrdən biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin qələminə məxsus olduğu hesab edilən, XII əsrdən etibarən tərtib edilməyə başlayan və XIV əsrdə müəyyən əlavələr edilən (11,3) “Kartli çarlarının həyatı” (12) adlı salnamədə yer almaqdadır. Salnamənin ən başında Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos) (bizim fikrimizcə: Turqam, çünki həmin mənbədə Torqo­mun atasının adı Tur/Tir, babasının adı Qamər/Qomer-dir), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən bəhs edilir və onun nəsli barədə məşhur əfsanənin gürcü variantı verilir. Turqamın (Torqomun // Toqarmanın // Türkün) və nəslinin ata yurdu kimi Ağrı dağıyla (Böyük Ağrı dağı) Masis (Kiçik Ağrı dağı) arasındakı ərazi, yəni Qərbi Azərbaycanın bir hissəsi göstərilir. Ümu­milikdə isə həmin nəslin yaşadığı ərazinin quzeydən Qafqaz dağları, doğudan Xəzər dənizi, batıdan Qara dəniz, güneydən Urmu gölü ilə əhatələndiyi söy­lənilir (Мровели, 1979, səh. 21). Bu isə bizə Qərbi Azərbaycan ərazisinin də Nax­çıvan ərazisi ilə birlikdə Həzrət Nuh, Yafəs və Türklə bağlı əfsanələrin formalaşma arealına daxil olduğunu söyləməyə əsas verir.

Bu fikri Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq etməkdədir. “Şübhəsiz ki, hər bir ərazinin, xalqın minillərin o ucundan yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daş­laşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, na­ğıl, dastan və s.-də yer almış, günümüzə qədər gəlib çıxmış­dır. Keç­miş İrəvan xanlığının Vedibasar, Gərnibasar, Zəngibasar, Karbibasar, Sərda­rabad, Sürməli mahallarını (Sovet dönəmində Ermənistan SSR-in Vedi, Qə­mərli, Zəngibasar, Sərdarabad, Üçkilsə rayonlarını və həmin rayonlarla üzbəüz Araz çayının Türkiyə ərazisindəki sağ sahillərini) əhatə edən, Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru da bu mənada istisna təşkil etmir.

Doğrudan da, əgər Nuhun gəmisi ilə bağlı məşhur rəvayə­tin Ağrı dağları ilə əlaqədar olduğunu və İrəvan çuxurunun da bu dağlarla qabaq-qənşər, Böyük və Kiçik Ağrı dağları ilə Kiçik Qafqaz sıra dağları arasında böyük bir çökək-düzən­likdə (vadidə) yerləşdiyini nəzərə alsaq ("Nuh çıxan" anlamında olan Naxçıvan şəhəri də bu düzənliyin şimal-şərq tərəfindədir), onda Nuhun gəmi­sində xilas olan qədim insanların tufandan sonra dağdan enib həm də İrəvan çuxuru ərazisində məskunlaşdığı fikrini söyləyə bilərik. Dünya tufanı və Nuhun gəmisi ilə bağlı müxtəlif əfsanə və rəvayətlərin məhz bu bölgədə daha geniş yayılması da, görünür, təsadüfi deyil” (İsmayılov, Ələkbərli, 2004, səh. 5).

Qərbi Azərbaycandan, bilavasitə İrəvan mahalından toplanan folklor mate­rialları içərisində Nuh Peyğəmbərlə bağlı əfsanələr də önəmli yerə sahibdirlər.

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində Əbubəkr əl- Tehrani əl-İsfahaninin “Kitabi-Diyarbəkriyyə” əsəri xüsusi yerə sahibdir. Ağqo­yunlu hökmdarı Uzun Həsənin (1453-1478) tapşırığı ilə 1470-1478-ci illərdə yazılmış əsərdə müəllif Ağqoyunlular sülaləsinin nəsil şəcərəsini araşdırmağa Uzun Həsənin babası – Ağqoyunlu döv­lətinin banisi Qara Yülük Osman bəydən başlamış, 52-ci nəsildə Bayandur xana, 54-cü nəsildə Oğuz xana çatmış, bu şəcərəni Adəm peyğəmbərə qədər aparmışdır (14, 39-49).

“Kitabi-Diyarbəkriyyə”də Qərbi Azərbaycan izlərini araşdırarkən üç mə­qa­ma xüsusi diqqət yetirmək lazımdır. Birincisi odur ki, Oğuz xan İran, Turan, Şam, Misir, Qıpçaq çölü, Hindistan, Kəşmir, Xətay, Türküstan və sair ölkələri özünə vətən etdikdən sonra “əsl məskəni” olan Sayrama qayıdır, burada böyük bir məclis – Toy çağırır. “Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi”. Bundan sonra isə “Göycə də­niz tərəfdə əcəl “Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir” ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı” (14, 46-47).

İkinci məqam Oğuz xanın nəvəsi Bayandur xanla bağlıdır. O da babası kimi, ölkələri fəth etdikdən sonra o da Sayrama qayıdır, kiçik qardaşı Becənaqı burada özünün canişini təyin edir, özü isə “Qarabağ qışlağına və Göycə dəniz yaylağına yollandı. Böyük qurultay çağırdı, çoxlu camaat yığdı və əzəmətli məc­lis qurdu. Çox böyük qızıl çadır qurdu ki, türkcə buna “ban ev“ deyirlər” (Əbu­bəkr Tehrani, səh. 46). Oğuz xan kimi, o da eyni sayda qoç, at, inək qırdırır, güzıl-gümüş hədiyyələr edir. Bundan sonra “Məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə böldü. Bir neçə gündən sonra Allahın də­vətini qəbul etdi” (14,46).

“Kitabi-Diyarbəkriyyə”də Qərbi Azərbaycanla əlaqəli diqqət yetiriləsi üçüncü məqam “peyğəmbərlərin sonuncusu və başçısı Məhəmməd ibn Abdul­lah ibn Əbdülmütəllibin dövründə hakimiyyətdə olan” Sonqur bəylə bağlıdır. “O, tövhid tərəfdarı idi, lakin islama dəvət edilməmişdi. Daim kafirlərlə vu­ruşmuşdu, çoxlu eli, obaları və qəbilələri var idi. Yetmiş il Türküstanda hökm­dar olub. Qıbçaq çölünə gəlib iyirmi il oranın yaylaq və qışlaqlarında olub. Ondan sonra Alagöz yaylağına və göycə dənizinə tərəf gəlmiş, bu sərhəddə kafirlərlə müharibə etmişdi. Döyüşlərin birində ona ox dəymiş və o, Allahın dəvətini qəbul etmişdi.” (14,43).

Tədqiqatçı H.İsmayılov haqlı olaraq qeyd edir ki, “Oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı “Alagöz dağları” və ya Alagöz yaylaqları adlandırırdılar. Hazırda Göyçə gölü – “Sevan”, Alagöz dağları isə “Vardenis silsiləsi” adlanır (15,20).
ƏDƏBİYYAT:


  1. Тревер К.В. Очерки по истории культуры древней Армении. M., Л. 1953.

  2. Bəxtiyar Tuncay. Azərbaycan türklərinin islamaqədərki dili və ədə­biy­yati (şifahi və yazılı ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015.

  3. Firidun Ağasıoğlu. Azər xalqı, Bakı, Çaşıoğlu, 2000.

  4. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, Bakı, Ağrıdağ, 2006.

  5. Rəhbəri M. Türkün oxunmamış bəlgələri: Nüvədi-Qarqadaşı kitabəsi. “Olaylar” qəzeti, 3 aprel 2012 No 49 (2977).

  6. Azərbaycan folkloru antologiyası, X kitab, İrəvan Çuxuru folkloru, Səda, 2004.

  7. Azərbaycan folkloru antologiyası, XII kitab, Zəngəzur folkloru, Səda, 2005.

  8. Azərbaycan folkloru antologiyası, VII kitab, Qaraqoyunlu folkloru, Səda, 2002.

  9. Azərbaycan folkloru antologiyası, XV kitab, Dərələyəz folkloru, Səda, 2006.

  10. Azərbaycan folkloru antologiyası, XX kitab, Loru-Pəmbək folkloru, Nurlan, 2011.

  11. Цулая Г. В. Предисловие // Мровели Л. Жизнь картлийских царей. Издательство «Наука», M., 1979, səh. 3-20.

  12. Мровели Л. Жизнь картлийских царей. Издательство «Наука», M., 1979.

  13. İsmayılov H., Ələkbərli Ə., Milli-etnik yaddaşdan – folklordan görünən tariximiz: İrəvan və İrəvan çuxuru. Azərbaycan folkloru antologiyası, X kitab, İrəvan çuxuru, Bakı, Səda, 2004, səh.5-29.

  14. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə, Bakı, Elm, 1998.

  15. H.İsmayılov. Uzaq etnik mənşəyin, yaxın milli gələcəyin indi qürbət vətəni – Göyçə. Azərbaycan folklor antologiyası, III kitab, Göyçə folkloru, Bakı, “Səda”, 2000, səh.16-47.



Səbinə İSAYEVA

AMEA Folklor İnstitutu,

Filologiya üzrə fəlsəfə doktoru

sebine.isayeva@yahoo.com
DASTAN POEZİYASINDA TƏSƏVVÜF ELEMENTLƏRİ

(«Qurbani» dastanı əsasında)

Xülasə

Azərbaycan məhəbbət dastanları təsəvvüf elementləri ilə kifayət qədər zəngindir. Dastanlarda təsəvvüf geniş şəkildə həm dastan mətnlərində, həm də dastan poeziyasında özünü göstərir. Bu baxımdan «Qurbani» dastanı da istisna deyil. Məqalədə «Qurbani» dastanının poeziyasında geniş yer tutan təsəvvüf element və simvolları nümunələr əsasında tədqiqata cəlb olunmuşdur.



Açar sözlər: dastan, məhəbbət, «Qurbani» dastanı, şeir, təsəvvüf, sim­vol, element
THE SUFI ELEMENTS IN EPOS POETRY

(On the base of “Gurbani” epos)

Summary

Azerbaijani love eposes are rich üith the sufi elements. The Sufi in eposes shows itself both in epos texts and epos poetry. From this point of view “Gurbani” epos is not excluded. In the article the sufi elements and symbols in “Gurbani” epos poetry are involved to the investigation on the base of samples.



Key words: epos, love, the epos of Gurbani, poem, sufi, symbol, element
СУФИЙСКИЕ ЭЛЕМЕНТЫ ЭПИЧЕСКОЙ ПОЭЗИИ

(На основе дастана «Гурбани»)

Азербайджанские любовные дастаны достаточно богаты суфий­скими элементами. Эти элементы в дастанах широко распространены как в текстах дастана, так и в поэзии дас­тана. В связи с этим дастан «Гурбани» не является исключением. В статье на основе при­­меров привлечены к исс­ледованию суфийские элементы и символы, которые за­ни­мА­ют широкое место в поэзии дастана «Гурбани».



Ключевые слова: дастан, любовь, дастан «Гурбани», стих, суфизм, символ, элемент
Azərbaycan folklorunda məhəbbət dastanları xüsusi yer tutur və epik folk­­­lorda əhə­miy­yətli mövqeyə malikdir. Məhəbbət dastanlarının əhatə olun­du­­ğu rəmz və məcazlar alə­mi­nə nəzər salmaqla das­tan­lar­da işlənən ayrı-ayrı söz və ifa­dələrin daşıdığı məna yükünü aç­maq mümkündür. Dastan şeirlərini diq­­­qətlə oxuduqda görürük ki, bunların əsasında tə­səvvüfi simvollar üstünlük təş­­kil edir. Das­tanların əsasını təşkil edən təsəvvüf fəlsəfəsinin ya­rat­dığı irfani rəmz­­lə­­rin kö­məkliyilə dastan şeirlərinin poetik xüsusiyyətlərini öyrənmədən onu dərk etmək qeyri-mümkündür. Azər­­bay­can məhəbbət dastanlarından «Qur­­ba­ni», «Leyli və Məcnun», «Əsli və Kərəm», «Abbas və Gülgəz», «Aşıq Qə­­rib» və baş­qa dastanlar tə­səvvüf çalarları ilə zəngindir. Xüsusən də dastan şe­ir­­lə­rin­də tə­səv­vüf elementləri özünü da­ha çox göstərir.

Azərbaycan məhəbbət dastanlarından «Qurbani» dastanı da bu ba­xım­dan diq­­qə­­ti xü­susi cəlb edir. Dastanın nəzm hissəsinə nəzər saldıqda görürük ki, bun­larda təsəvvüf sim­vol və ele­­mentləri kifayət qədərdir. Məhəbbət dastanlarında eşq anlayışı daha qabarıqdır. Be­lə ki, aşiq bütün gö­zəl­­liklərə Tanrının hüsnünün inikası kimi baxır, Allahı sevdiyi üçün onun ya­rat­dıqlarını da, o cümlədən bütün bəşəri gözəllikləri və bütün gözəllikləri özündə cəm­­ləş­di­rən sev­gilini də se­vir:

Cəbinin təcəlla, camalın günəş,

Külli-şeyin halik-Allah deyibdi.

İki qabi-qovsun, qürrətüleynin,

Bilmirəm qanıma nə susayıbdı (1, 220).

Nümunədə gözəlin hüsnünü tərif edən aşiq əslində Allahı vəsf edir.Das­­tan şe­ir­­lə­rində tə­­­səv­vüfi sim­vol kimi eşq mövzusu baş­­lıca yer tutur və əs­lin­də Allah sevgisini ifadə edir. Mə­həbbət das­tan­la­rın­da aşiqin məhəbbəti Haqqa olan məhəbbətdir, yəni Haqqa, Tan­rıya aşiq­­lik­dir. Ona buta verilən məşuqə isə Allahın insanda təcəllasıdır. «Tə­­səvvüf­də­ki mə­­nası hə­­qi­qi sev­gili Allaha olan hə­qiqi eşqdir. …Təsəvvüfə görə, eşq məcazi (ke­çici) və hə­qiqi (əbədi, ilahi) ol­maq­la ikidir. Həqiqi, yəni əbədi eşq Allah eş­qi­ni, Allaha in­san sevgisini əks et­­­di­rən eşqdir. Məcazi eşq isə… Allahın ya­rat­dığı bütün var­lıqlara duyulan eşq­dir, mə­­həb­bət­dir. Çünki insan bu sevgi ilə ye­nə də Tanrını, onun təzahür et­di­­yi var­lıq­ları sevmiş olur. Mə­­cazi, yəni keçici eşq əbədi eşqə bir hazırlıqdır» (7, 117). Mə­həbbət das­tan­la­rında da hə­qi­qi, ilahi eşq başlıca möv­zudur və əs­lində sev­giliyə, insana yox, Allaha olan mə­­həb­bət­­­dən da­nı­şılır. Bu baxımdan «Tan­rı­nın eşq­lə qavranılması fikri su­fizmdə baş­lıca mə­sələdir» (11, 80). Bu barədə prof. M.Cəfərlinin də fikirləri maraqlıdır: «Təsəvvüfdə mə­cazi və İlahi mə­həb­bət var. Mə­cazi məhəbbət qadınadır. İlahi məhəbbət isə bu qadında tə­cəlla etmiş müt­ləq baş­lanğıca – İlahinin özünədir. Məhəbbət dastanlarının baş qəhrəmanları haqq, yəni Allah aşi­qidirlər (4, 102). Tə­səv­­vüfdə eş­qin in­sanın mənəvi alə­minə tə­­siri, aşiq­də ya­rat­dığı ruhi-psi­xoloji və­ziy­yət özü­nü ay­dın şəkildə göstərir. Mə­həb­bət das­­tan­larında yüksək sənət­kar­­lıq­la işlənmiş eşq parçaları, aşiqanə qoş­ma­lar, gə­ray­lılar sevgi hiss­lərinin hə­ya­ti­liyini təs­diq edir.

Demək olar ki, məhəbbət dastanlarının bütün qəhrəmanları eşq badəsini iç­­­­­dikdən son­ra əbədi sevdaya düşmüş, bu yolun əbədi yolçusu olmuşlar. Əs­­lində eşq Tanrının bir lüt­fü­dür və hər kəsə qismət olmur. Bu an­caq Məc­nu­na, Kərəmə, Qəribə, Qurbaniyə və digər aşiq­lərə qismət olan Allahın bir lüt­fü­dür.

Məhəbbət dastanlarında adı tez-tez xatırlanan poetik obrazlardan biri Həz­rət Əli (ə.) ob­razıdır. Adətən dastanlarda eşq badəsi müqəddəslər tərə­fin­dən içi­rilir. Belə mü­qəd­dəs­lər­dən isə əsasən Həzrəti Əlinin (ə.) adı xatırlanır. Be­lə ki, məhəbbət das­tan­larında aşi­qə eşq badəsini içirən, bu­ta verən əksər hallarda Həzrəti Əli (ə.) olur. Təsəvvüf dünyagörüşünün əsas ideya daşı­yı­cı­ları kimi aşıq­ların erkən orta əsrlərdə hər hansı hücumlardan, təzyiqlərdən qorumaq üçün xalq­da onlar haqqında müəyyən müqəddəslik təsəvvürü yaratmaq lazım olduğunu göstərən folk­lorşünas M.Qasımlı bu barədə yazır: «…aşıqlara ilahi tərəfindən vergi verilməsi, Həzrət Əli­nin əli ilə badə içirilməsi, onlara qırxlar, ərənlər, nurani pir-dərvişlər məclisindən pay çat­ması kimi müqəddəslik qeyri-adilik təlqin edən fikirlər təriqət xətti ilə xalq arasında ya­yı­lır­dı. Həmin təbliğat əsasən dastanlar, müxtəlif dərviş rəvayətləri, mənqəbəvi-fantastik he­ka­yətlər vasitəsilə aparılırdı. Uzunmüddətli və ardıcıl təbliğat əsasında xalq təsəvvürünə ye­ri­dilmiş himayəçi-qoruyucu məzmun haqq aşıqlarına həsr olunmuş bütün dastanların («Qur­bani», «Abbas-Gülgəz», «Aşıq Qərib», «Yetim Aydın» və s.) süjet xəttində bu və ya di­gər dərəcədə öz əksini tapmışdır» (12, 103-104). Folk­lorşünas F.Bayat da eşq dastanlarında vergi alıb haqq aşiqinə (aşığına) çevrilən qəhrə­ma­na verginin Həzrət Əli tərəfindən verildiyini qeyd edir: «Bir qayda olaraq vergini verən istər dər­viş olsun, istər saqi olsun, istər nurani qoca olsun, istər Xızır olsun, istər qırxlar olsun, bü­tün hallarda Hz.Əli kultu ilə bağlıdır (3, 358). Dastandan da göründüyü kimi eşq badəsi Qurbaniyə məhz Həzrəti Əli (ə.) tərəfindən verilir:

Mənə badə verib Həzrəti Əli,

O nə ki, buyurub demişəm: – Bəli,

Qurbaninin fikri, zikri, xəyalı,

Axır ki, mətləbi Pəri xandadı (1, 215).

Dastanın Diri versiyasında da eşq badəsini Qurbaniyə verən yenə də Həzrət Əlidir (2, 109).

Təsəvvüfdə Kəbə sözü müxtəlif irfani məzmuna malik şəkildə işlənir. Kəbə – «Beytullah», yəni Allahın evi adlandırılır. Sufilər Kəbəni möminin qəl­bi ilə müqayisə edir­lər, yəni sufilərə görə möminin qəlbində Allahdan başqa heç bir şey olmadığına görə, ora Allahın evidir. «Təsəvvüfi lüğətlərdə Kəbə müx­təlif mənalarda – Vüsal məqamı (Əraqi), tə­ri­qət incəlikləri (Lətifeyi-Ğey­bi), vəhdət məqamı (Mirati-Üşşaq) və s. kimi şərh olunur» (10, 315-329). Lakin bəzi das­­tan­larımızda gözəli sevən, onun vüsalına çatmağı arzulayan qəhrəman gö­zə­lin si­masını, gö­zəlliyini Allahın müqəddəs evi hesab olunan Kəbə evi ilə mü­qayisə e­dir. «Qurbani» dastanında da eyni motivin izləndiynin şahidi oluruq:

Sevgilimin qaşı Kəbə küncüdü,

Mən öləndə kimlər onu yöncüdü?

Ağız süddü, diş dürr, dəhan incidi,

Sərraf mənəm, nar almağa gəlmişəm (1, 233).

Burada da Qurbani sevgilisini vəsf etməklə, qaşını Kəbə küncü ilə mü­qa­yi­sə etməklə əs­lində yenə də Allaha olan sonsuz məhəbbətini izhar etmişdir. Bu nü­­munələrdə dünyəvi gö­zəllik sufi məzmun kəsb edir, müəyyən mənada bir-bi­ri­ni tamamlayır.

Mə­­həbbət das­tan­larında zülf simvolu bol-bol işlənmişdir. Belə ki, dastan qəh­rə­man­­ları gözəlin simasını, hüs­nü­nü, eyni zamanda zülfünü tərənnüm et­miş­lər. Mə­­həbbət dastanlarında ənənəvi rəmz olan zülf gözəllik simvolu kimi dastan şe­ir­lərində, qoşma və gəraylılarda, xü­susən gözəlləmələrdə da­ha çox işlən­miş­dir. Belə ki, aşiq sevgilisinin saçlarını müx­təlif vəziyyətlərdə təsvir etmiş, onun ca­­zibədarlığı qarşısında heyrətini tə­rən­nüm etmişdir. Gördüyümüz kimi, bu ən­ə­­nəvi sim­vol bütövlükdə bütün mə­həbbət dastanlarına məxsus təsvir ele­men­ti­dir. Hətta bəzi hal­larda qəhrə­man sevgilisinin zülflərini özünün dini-imanı bi­lir:

Qurbani der: zülfün ucu xəyətdi,

Qurandakı qulhuvəllah əhətdi,

Desələr sərində bu nə halətdi?

De ki, bir Pərinin yadigarıdı (1, 223).

«Orta əsrlər sufiləri Tanrını hər şeydə, hər yerdə gördüklərindən onun müəyyən at­­ributlarla da dərk olunduğunu bildirirdilər» (5, 25-43). Burada da Qurbani sevgilisinin zül­­­­fünü qeyri-adi şəkildə təsvir etmiş, hətta onu müqəddəs «Qurani-Kərim»in «İxlas» surəsi ilə mü­­qayisə etmişdir. Be­lə­lik­lə, das­tan­­­da zülf simvolunun işlək mövqedə olması tamamilə tə­bii ha­­disədir.

Məhəbbət dastanlarında tez-tez rast gəlinən simvollardan biri də xaldır. Dastanlarımızda bə­zən gözəlin xalı ilə tanınması və yaxud onun üzündəki xalın mədhi təsadüfi hadisə sayıla bil­məz. Təsəvvüf ədəbiyyatının ən görkəmli simalarından biri olan Yunus Əmrənin (Hət­ta onun təsəvvüf ədəbiyyatında oynadığı rolu daha aydın göstərmək üçün F.Köprülü Ə.Yə­sə­vinin Orta Asiya türklərinin təsəvvüfü mənimsəməsindəki rolu nə idisə, Yunus İm­rənin də Anadolu türklərinin təsəvvüfü mənimsəməsindəki rol o qədərdir deyir) hə­ya­tı ilə bağlı rəvayətlərin birində deyilir ki, o, qarşısındakının Hacı Bektaş Vəli olduğunu məhz onun əlinin üstündəki yaşıl rəngli xaldan bilir. Çünki bu əl bir müddət əvvəl pərdə ar­xa­sın­dan çıxaraq ona nəsib vermişdir. Odur ki, “Tapdıq, padşahım” deyir və o gündən də Tap­dıq İmrə kimi çağrılmağa başlayır (11, 259). “Qurbani” dastanında Pəri xanım da çə­nə­sinin iki tərəfində olan qoşa xal­lı qız kimi təs­vir olunur və Qurbani onun xallarını belə vəsf edir:

Camalı Yusifin-İbni-Yəqubun,

Aləmə şəms olan hüsnü həbibin,

Ala gözlü, şirin sözlü məhbubun,

Zənədxanı dörd şöləli xal oldu (2, 62).

Təsəvvüfdə əsas yer tutan dörd ünsür (əlasir) mövzusu məhəbbət dastan­larında qis­mən özünü göstərir. Sufizmə görə, hər şeyin, canlının və cansızın əsli dörd ünsürdən (od, su, ha­va, torpaq) ibarətdir. «Bunlardan ikisi (od və hava) cəhənnəmdən (əski türkcədə ta­mu­dan), ikisi isə (su və torpaq) cənnətdən (əski türkcədə «uçmaq»dan)» (8, 155). Folk­lor və təsəvvüf ədəbiyyatı sözlüyündə abi-həyat haqqında ya­zılıb: «Mi­­fo­lo­ji tə­səvvürlərə görə içənlərin ölümsüz olacaq­larına inanılan su, həyat su­­yu. Abi-hə­yat aşıq ədəbiyyatında və müasir ədəbiy­yatda da «dirilik suyu», «öl­məzlik su­yu» mənalarında söylənilməkdədir» (7, 23). Məhəbbət dastanlarında bu ünsür­lər­dən əsasən su ünsürü ilə bağlı motivlərə rast gəlirik. «Qurbani» dastanında Qurbaninin sevgilisinin gözəlliyinə verdiyi dəyər olduqca geniş və çoxşaxəlidir:

Tərəhhüm eylədi abi-kövsərdən,

Onunçün keçmişəm can ilə sərdən,

İstədim mətləbim payi-Qənbərdən,

Kəramət eylədi mənə bir buta(1, 209).

Təsəvvüfdə geniş işlənən simvollardan biri də abdal obrazıdır. Folklor və təsəvvüf ədə­­­biyyatı sözlüyündə bu haqda maraqlı məlumatlar var: «Dünya ilə əla­qəsini kəsib Tanrıya bağ­­­lanmış dərviş. …Təsəvvüfdə isə «Rıcalul-qayb» de­yi­lən ərənlərdir. Az yemək, az da­nış­maq, az yatmaq, xalq kütləsindən ayrı ya­şa­maq, ehtiyacı olanlara və fağırlara kömək et­mək, ölkəyə gələ biləcək fə­la­kət­lə­rin qarşısını almaq üçün Allaha niyaz etmək, quraqlıq za­ma­nı yağışın yağ­ması üçün dua etmək, düşmənlə savaşan orduya kömək etmək kimi xüsu­siy­­­yətlərə malikdirlər» (7, 21). Tədqiqatçı X.Hümmətova abdal obrazının xalq ədəbi ənə­nə­sində və təsəvvüf şeirində yerini araşdıraraq bu barədə yazır: «Kökləri şifahi xalq ədə­biy­ya­tına gedib çıxan abdal tipi bütün dövrlərdə olmuş, xalqla əlaqəli şəkildə onun prob­lem­lə­ri­nin iştirakçısı və çarəçisi rolunda çıxış et­mişdir» (9, 39). Alim haqlı olaraq göstərmişdir ki, ab­dal obrazı yazılı ədə­biy­yat­da, şairlərin yaradıcılığında zaman-zaman aparıcı mövqeyə malik ol­­­muş­dur. Əlavə olaraq deyə bilərik ki, bu poetik obraz məhəbbət das­tan­larına da nüfuz et­miş­dir. «Qurbani» dastanı da bu baxımdan istisna təşkil etmir:

Başına döndüyüm gül üzlü oğul,

Dərd çəkməyə heç kim olmaz məncə, hey!

Gözəl sevib, abdal olub çaşıbsan,

Tayın yoxdu soltanca, hey, xanca, hey! (1, 210)

Gördüyümüz kimi, atası Mirzalı xan Qurbaninin sevgisi yolunda abdal ol­du­ğunu, dün­yanın zövq-səfasından, nemətlərindən əl çəkdiyini bilib, onu bu yol­dan çəkindirməyə ça­lışır. Abdal obrazı, həmçi­nin, dərviş, mü­rid anlamlarında da işlənir. Belə ki, «təsəvvüf əhli tə­riqət yolunda var­lığından keçməyi şüar edənləri bu adla adlandırır» (7, 98). Bilindiyi kimi, das­tanlarda dərviş obrazı Haqqı təmsil edir. «Dərviş təsəvvüfdə haqqa qovuşan “haqq ilə haqq olan ərəndir» (6, 72). Çünki dərviş öz nəfsini yenən, nəfsinə qalib gələn, Tanrısına tapınan kəsdir və xü­susilə dastanların mətnində, yeri gəldikcə şeirlərdə də işlənmişdir.

Təsəvvüfdə daha çox işlədilən və xüsusi əhəmiyyəti olan sufi sim­vol­la­rın­dan biri də «Qırx­­lar piri» poetik fiqurudur. Belə ki, bu, dastan poeziyasında tez-tez işlədilən maraqlı ob­­razlardan biridir. Bildiyimiz kimi qırx sayı müqəddəs sa­yılan rəqəmlərdən biridir. Bu ba­xım­dan, nağıllarımızda, eyni zamanda dastan­larımızda da bununla bağlı çox­lu sayda nü­mu­­nələr gətirmək olar. «Qurbani» das­tanında “qırxlar” kəlməsi ilə yanaşı, “qırxlar məc­li­si” ifadəsi ilə də rastlaşırıq:

Qurbani der, arayıban tapmışam,

Qırxlar məclisindən bir pay qapmışam.

Kəbədisə mən də birin yapmışam,

Min könüldən bir yol gedər o burca (2, 26).

Yaxud:


Qırxlar məclisində söylənir adım,

Ərşə bülənd olub dadü-fəryadım,

Su yerinə qan içici cəlladım,

Bilmək olmaz, üryan qılınc dal olu (1, 234).

Beləliklə, Azərbaycan məhəbbət dastanlarından olan «Qurbani» xal­qı­mı­zın sevgi, mə­həbbət, ailə-məişət salnaməsi olduğu kimi, eyni zamanda bu das­tanda təsəvvüf ele­ment­lə­ri də üstünlük təşkil etmişdir. Bu da əski türk düşüncəsi ilə islami-təsəvvüfi görüş­lə­rin sintezi ki­mi özünü göstərir.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin