QAYNAQLAR
-
Ağdabanlı Şair Qurban. Kəpəzin kəkliyi, maralı getmə (Toplayıb tərtib edənlər Pirsultanlı S., Şəmşiroğlu Q.). Bakı, Gənclik, 2000, 178 s.
-
Ağdabanlı Şair Qurban. Qumrutək ləhcəli, xoşxandı Qurban (Toplayanı Şəmşiroğlu Q., tərtib edəni Ramazanoğlu F.). Bakı, Elm və təhsil, 2012, 480 s.
-
Aşıq Şəmşir. Şeirlər (Tərtib edəni Sarıvəlli O.). Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1959, 155 s.
-
Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, 416 s.
-
İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1966, 84 s.
-
Kəlbəcər dünyası: yüz şairin bir kitabı (Toplayıb tərtib edənlər Cəmil A., Nərimanoğlu M.). Bakı, Adiloğlu, 2005, 460 s.
-
Kəlbəcərin söz sərvəti (Tərtib edəni: Məmmədli İ.). Bakı, Sabah, 2005, 270 s.
-
Məmmədli İ. XX əsr Kəlbəcər ədəbi mühiti. Bakı, Elm, 2010, 180 s.
-
Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı, Elm, 1973, 33 s.
-
Sücaət. Sən ağlama, mən ağlaram. Bakı, Azərnəşr, 1994, 88 s.
-
Təhmasib M.H. Özü də Şəmşir, sözü də Şəmşir // «Azərbaycan» jurnalı, 1973, №8, s. 173-179
Sönməz ABBASLI
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu,
abbasli-sonmez@rambler.ru
HÜMMƏT ƏLİZADƏNİN “AZƏRBAYCAN EL ƏDƏBİYYATI” ─ ATTC-NİN UĞURLU NƏŞRLƏRİNDƏN BİRİ KİMİ
Xülasə
Məqalədə mövcudluğu qısa bir dövrü əhatə edən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin uğurlu fəaliyyətinə geniş nəzər salınmışdır. Folklorun toplanması, nəşri, araşdırılması ilə bağlı cəmiyyətin gördüyü işlər yüksək qiymətləndirilmişdir. O dövrdə çap olunmuş bir sıra qiymətli kitabların, o cümlədən H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” nəşrinin əhəmiyyəti qeyd olunmuşdur.
Açar sözlər: folklor, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti, nağıl, dastan, nəşr
AZERBAIJANI FOLK LITERATURE BY HUMMAT ALIZADEH ─
AS ONE OF THE SUCCESSFUL PUBLICATIONS OF AZERBAIJANI EXPLORATING AND STUDYING SOCIETY
Summary
The article is dedicated to the successful activity of the Azerbaijani Explorating and Studying Society which embraces a short period. The works of society dealing with the collecting, publicating and investigating of folklore are highly appreciated. The importance of some valuable books and “Azerbaijani Folk Literature” by H.Alizadeh are mentioned.
Key words: folklore, Azerbaijani Explorating and Studying Society, tale, epos, publication
АЗЕРБАЙДЖАНСКАЯ НАРОДНАЯ ЛИТЕРАТУРА ГУММЕТА АЛИЗАДЕ ─ КАК ОДНА ИЗ УСПЕШНЫХ ПУБЛИКАЦИЙ ОБЩЕСТВА ОБСЛЕДОВАНИЯ И ИЗУЧЕНИЯ АЗЕРБАЙДЖАНА
Резюме
В статье рассматривается деятельность Общества Обследования и изучения Азербайджана, которая просуществовала короткое время. Высоко оценивается деятельность общества по собиранию, изданию и публикации Азербайджанская фольклора. Было отмечено значимость некоторых ценных книг, опубликованных в то время, также «Азербайджанская народная литература» Гуммета Ализаде.
Ключевые слова: фольклор, Общества Обследования и изучения Азербайджана, сказка, эпос, публикация
Zənnimizcə, XX əsrin əvvəllərindən, dəqiq desək, 1923-cü ildən fəaliyyətə başlayan Azərbaycanı Tədqiq və Tətəbbö (Öyrənmə) Cəmiyyətini (ATTC) əsası 1945-ci ildə qoyulan Azərbaycan Elmlər Akademiyasının ilk elmi bazası hesab etmək olar. Qısa bir dövrü 1923-1929-cu illəri əhatə edən bu cəmiyyətin fəaliyyət dinamikasına nəzər saldıqda əsrin əvvəllərində, yəni 20-ci illərdə fəaliyyətə başlamış bir sıra elmi cəmiyyət və təşkilatlardan çoxşaxəli fəaliyyəti ilə fərqləndiyini aydın görmək olar.
Bizə gəlib çatan faktlara görə, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” işinə üç əsas şöbə ilə başlamışdır ki, tarix və etnoqrafiya, təbiyyat və iqtisadiyyat adı altında fəaliyyət göstərən bu şöbələr Azərbaycanı və digər ölkələri sistemli şəkildə iqtisadi, ictimai, tarixi, etnoqrafik, arxeoloji və dil cəhətdən tədqiq etməyi, eyni zamanda dövlətimiz haqqında biliklərin mübadiləsini əsas məqsəd olaraq qarşıya qoymuşdur.
Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tərkibində olduğunu və yarızirzəmi olan bir otaqda iki il fəaliyyət göstərdikdən sonra yenicə tikilmiş maarif evinə köçdüyünü nəzərə alsaq, bu iki il müddətində qurumun hansı çətinliklərlə üzləşdiyini, hansı şəraitdə fəaliyyət göstərdiyini təsəvvür etmək o qədər də çətin deyil. Ancaq bütün bunlara baxmayaraq, o dövrün maarif komissarı M.Quliyev cəmiyyətin ikiillik yubiley mərasimində iftixarla bildirmişdir ki, mən cəmiyyətin şəxsində Azərbaycanın gələcək Elmlər Akademiyasını görürəm (3, 121).
Həqiqətən də, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin çox ciddi bir struktur olması və nəinki alimlərin, eləcə də digər peşə nümayəndələrinin, jurnalist, fəhlə, müəllim, mühəndis və hətta tələbələrin də bu cəmiyyətin tərkibinə daxil edilməsi, bu qurumu ona qədərki elmi təşkilatlardan fərqləndirən ən başlıca xüsusiyyətdir. Bu o deməkdir ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin uğurlu fəaliyyətində geniş ictimaiyyətin səyi və dəstəyi danılmaz faktdır.
Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanı öyrənmək istiqamətində gördüyü işlərə nəzər yetirdikdə folklorla bağlı müxtəlif sistemli tədbirlərin həyata keçirildiyini görmək mümkündür. Qısa müddət ərzində ölkənin müxtəlif regionlarına ezamiyyətlərin təşkil olunması, bu işə təcrübəli mütəxəssislərin cəlb olunması, əldə olunmuş folklor nümunələrinin mütamadi olaraq mətbuatda dərc olunması, daha sonralar geniş miqyasda işlər aparmaq üçün müəllim və tələbə heyətindən istifadə olunması şifahi söz sənətinin toplanması, nəşri istiqamətində görülən əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.
Bundan əlavə, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşri olan “Xəbərlər”(1925), bir qədər sonra isə “Azərbaycanı öyrənmə yolu” (1928) adlı digər məcmuənin işıq üzü görməsi şifahi söz sənəti nümunələrinin yayılmasında yardımçı rol oynamışdır. Tanınmış folklorşünaslar A.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Sübhanverdixanov, yazıçılardan C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi nüfuzlu ziyalıların cəmiyyətin tərkibində üzv olması folklorumuzun əmin əllərdə olmasına bir sübut idi.
Bu cəmiyyətin xətti ilə görülmüş işlərdən söhbət açdıqda önəmli bir məsələni də qeyd etmək yerinə düşərdi. Diqqətçəkən məsələ ölkəmizin maddi və mənəvi irsinin, dilin, ləhcənin öyrənilməsində yaxından iştirak etmək məqsədilə keçmiş Sovetlər məkanında, eləcə də Türkiyədə çalışan tanınmış şərqşünas və türkoloqların Bakıya işləmək və ya mühazirələr oxumaq məqsədilə dəvət olunması idi. Prof. Paşa Əfəndiyev bu dövrün folklorşünaslığından danışarkən Azərbaycanın mühüm türkologiya məkanına çevrildiyini vurğulayır.
“Azərbaycan o zaman şərqşünaslığın, türkologiyanın mühüm mərkəzlərindən birisinə çevrilmişdi. Burada yalnız sırf Azərbaycan məsələsi öyrənilmir, tədqiq olunmurdu. O zaman Azərbaycanda türk-tatar dilli xalqların dili, ədəbiyyatı, folkloru, etnoqrafiyası, tarixi, maddi-mədəni abidələri müqayisələr, tutuşdurmalar yolu ilə tədqiq olunur, ümumi nəticələr çıxarılırdı”(2, 9).
Zənnimizcə, ATTC-nin fəaliyyətindən söhbət açarkən kitab nəşrini önə çəkmək lazımdır. Belə ki, bu günə qədər dəyərini itirməyən bir sıra qiymətli kitablar da məhz Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə həyata vəsiqə qazanmışdır. H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” (1929), H.Zeynallının “Azərbaycan atalar sözü” (1926), “Azərbaycan tapmacaları” (1928), “Molla Nəsrəddin lətifələri” (1927), V.Xuluflunun “El aşıqları” (1927), “Koroğlu” (1927), “Tapmacalar” (1928) kimi kitabları “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklor sferasında uğurlu tədqiqatları kimi dəyərləndirilə bilər.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkil etdiyi folklor komissiyası tərəfindən işıq üzü görən H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” (Nağıllar) toplusu yorulmaz folklorçunun ilk kitabı ─ ilk toplama-tərtib-nəşr işidir. Təbii ki, buna qədər H.Əlizadə topladığı nümunələri müxtəlif qəzet və jurnal səhifələrində hissə-hissə çap etdirmişdir. “Azərbaycan el ədəbiyyatı” (Nağıllar) toplusu ilə tanış olarkən H.Əlizadənin əsl folklor fədaisi olduğunu, sevincini-kədərini, sözünü-söhbətini sazla bölüşən sadə insanlarla ünsiyyətini, bu söhbətlər əsnasında topladığı zəngin irsin canlı şahidi oluruq. Qazax və Gəncə qəzasından toplanmış bu xalq nağıl və dastanları canlı xalq dilində olduğu kimi yazıya alınmışdır ki, bu da folklor mətnlərinin obyektivliyinin qorunmasında mühüm şərtlərdəndir. - Qeyd edək ki, sonrakı nəşrlərdə bu prinsip pozulmuşdur. “Azərbaycan el ədəbiyyatı” toplusuna 1926-1928-ci illər arasında toplanmış “Şahzada İbrahim”, “Tahir Mirzənin nağılı”, “Şahzada Qasımın nağılı”, “Şahzada Bəhramın nağılı”, “Məlik Məhəmmədin nağılı”, “Nəcəf” kimi məhəbbət dastanları daxil edilmişdir. Heç şübhəsiz, bu dastanlar Azərbaycan dastanşünaslığının klassik nümunələridir. Maraqlı odur ki, bu dastanların böyük əksəriyyətini H.Əlizadə öz atasından Əli Rəhim oğlundan toplamışdır. Daha maraqlı bir fakt ondan ibarətdir ki, “Şah oğlu Şah Abbasın nağılı”nı H.Əlizadənin özü söyləmişdir. Digər nağıl və dastanlar şair Vəlidən, Güllü xaladan, Xədicə xaladan, Aşıq Mirzə, Aşıq Əsəd və digər söyləyicilərdən toplanmışdır. Ümumiyyətlə, topluda yeddi dastan özünə yer almışdır. Tədqiqatçının 1937-ci ildə çap etdirdiyi “Dastanlar və nağıllar”da isə on dastan verilmişdir ki, bu da ona dəlalət edir ki, o, ümumilikdə 15-dən yuxarı məhəbbət dastanı toplayaraq nəşr etdirmişdir.
Dastanlarla yanaşı, “Beylibozun nağılı”, “Piyalagözün nağılı”, “Nardan xatın”, “Paracanın nağılı” və s. olmaqla on dörd nağıl təqdim olunmuşdur. Eyni zamanda, folklor toplamalarından ibarət “Azərbaycan el ədəbiyyatı”nda elə nağıllara rast gəlinir ki, onların yenidən nəşri bu gün Azərbaycan folklorunun nağıl sferasını daha da zənginləşdirə bilər. Bu günə qədər heç yerdə rast gəlinməyən “Beylibozun nağılı”, “Piyalagözün nağılı”, “Xəddixumarın nağılı”, “Dərzi qızı Dərdiyoxun nağılı” kimi folklor örnəklərinin yenidən nəşri onları unudulub yaddan çıxma təhlükəsindən hifz edəcəkdir. Heç şübhəsiz ki, bu nağılların əksəriyyəti xalq içərisində geniş yayılmış, sevilən nümunələr idi ki, onların bir çoxu dəfələrlə nağıl toplularına daxil edilmişdir. Hümmət Əlizadənin folklorşünaslıq fəaliyyətini araşdıran fil.ü.f.d. Ziyafət Yaqubova onun nağılçılıq sahəsində gördüyü işləri : 1.Nağılların toplanması, tərtibi və nəşri; 2.Nağılların tədqiqi kimi bölgülərə ayırmaqla qeyd edir ki, “O, dastanları yalnız toplayıb nəşr etdirmişdirsə, nağılları təkcə çap etdirməmiş, həm də onlarla bağlı müəyyən fikirlər söyləmiş, onları öz dövrünün nəzəri baxış və prinsipləri səviyyəsində təsnif etmişdir” (4, 94-105).
Qeyd edək ki, nağıl və dastanların hamısı Qazax və Gəncə bölgəsindən toplanmışdır ki, bu yerlər də H.Əlizadəyə uşaqlıqdan tanış olan, fədakar folklorçunun qarış-qarış gəzdiyi yerlər idi. Hər bir nağıl və dastanın əvvəlində söyləyicinin adı, toplandığı bölgə və tarix göstərilmişdir. Topludakı nağılların mövzu çevrəsi zəngindir. Burada həm sehrli, həm satirik, həm ailə-məişət, həm də heyvanlar haqqında nağıllar özünə yer almışdır.
Söz yox ki, topludakı dastan və nağılların bu gün əlimizdə olması H.Əlizadənin yorulmaz əməyinin bəhrəsidir. Bu əvəzsiz nümunələri toplayana qədər fədakar folklorçunun üzləşdiyi problemlər: çayxanada gecələmə, əlacsızlıqdan quru taxta üzərində yatma, sübh açılar-açılmaz bazardan at kirələyib aşıqların sorağına çıxmaq və s. bu kimi faktlar H.Əlizadənin folklor toplayıcılığında yadda qalan nüanslardandır. H.Əlizadə folklor toplayıcılığı prosesində qarşılaşdığı bütün çətinlikləri sonda “El ədəbiyyatını necə topladım” başlıqlı yazıda detallarla təsvir etmişdir. Yazı aşıqların sorağıyla Ağkilsəyə gedib çıxan H.Əlizadənin verdiyi sorğuya aldığı cavabla tamamlanır. Belə ki, H.Əlizadə aşıq İmam və aşıq İbrahimi xəbər aldıqda ona “─ Yoldaş, sən nə qədər söz istəyirsən yaz. Aşıq nəyinə lazımdır. Onsuz da bizim hər birimiz bir aşığıq”─ deyirlər (1, 202).
Beləliklə, klassik irsin, şifahi söz sənətinin toplanması, nəşri və araşdırılmasında böyük əmək sərf etmiş H.Əlizadənin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə nəşr etdirdiyi toplunun bu gün nəşrə hazırlanması sayı yox dərəcəsində olan toplunu itib-batmaq təhlükəsindən xilas edərək, klassik nağıl və dastanlarımızı folklor dövriyyəsinə daxil etmək imkanı yaradacaqdır.
Ümid edək ki, gələcəkdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin digər nəşrləri də həyata vəsiqə qazanacaq.
QAYNAQLAR
-
Azərbaycan el ədəbiyyatı. Toplayanı H.Əlizadə, Bakı, Azərbaycanı Öyrənən Cəmiyyət, 1929, 206
-
Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər), Bakı, 1997, N.Tusi adına ADPU-nun mətbəəsi, 117
-
Известия общества обследования и изучения Азербайджана, 1925, №- 1, стр. 121
-
Həbibova Z. Hümmət Əlizadənin Azərbaycan nağıllarının toplanması, nəşri və tədqiqi sahəsindəki rolu. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXIV, Bakı, 2007, 94-105
Ülkər ƏLƏKBƏROVA
AMEA Folklor İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru,
ulker.qezenferqizi@mail.ru
ƏCƏLDƏN QAÇMA MOTİVİ
Xülasə
Məqalədə əcəldən qaçma motivi ümumtürk folkloru kontekstində araşdırmaya cəlb edilib. Azərbaycan nağılları, dini rəvayətləri, lətifələri, mifləri, alqışlarında, “Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” boyunda, Qorqud əfsanələrində, eyni zamanda Altay türklərinin Erlik haqqında folklor nümunələrində əcəldən qaçma motivi və onun transformasiyası kimi can əvəzinə can vermə motivinin ifadə formaları və mifoloji ideyası göstərilib. Məqalədə əcəldən qaçma motivinin arxeotipi, yəni ilk şəkli ilə motivin Azərbaycan folklorundakı müxtəlif janrlar üzrə dəyişmələri və şəkilləri ardıcıllıqla, müqayisəli şəkildə izlənib.
Açar sözlər: əcəldən qaçma, can əvəzinə can vermə, motiv, Əzrayıl, Erlik
THE MYTHOLOGICAL MOTIF OF GET RID OF SOUL
Summary
The article gives information obout the death angel – one of the mythological image which we came across in Azerbaijani folklore and Turkish folklore. With showing the specific feautures of this image, the mythological legends dealing with the death angel analyzing. In all the legends connected with Gorgut Ata (father) and the stories the escaping from death in the Turkish folklore is considered to be the main element.
Key words: myth, death, motif, folklore, shaman
МОТИВ БЕГCТВО ОТ СМЕРТИ
Резюме
В статье говорится что самое бегство от смерти недопустимо исламом, составляет один из постоянных мотивов легенд шаманских народов. Появление мифологического мотива спасение от смерти, магическом значение и мифологического образа ангела смерти в фолъклорных текстах Азербайджанского фольклора, так и в устном народном творчестве тюркских народов. Во всех связанных с Горгуд Ата легендах и сказаниях побег от смерти является основным елементом. Мотив бегcтво от смерти в фольклоре тюркских народов связано представлениями о бессмертии шамана.
Ключевые слова: побег от смерти, Eрлик, Азраил
Nağıllarda: Azərbaycan nağıllarında olduğu kimi Altay türklərinin Erlik haqda folklor mətnlərində də hiyləgər qəhrəmanlar Balın – Senqe və Uskuz – ul da Erliyə hiylə gəlirlər. Hər iki folklor nümunələrində əcəldən qaçma ölüm mələyinə hiylə gəlmək yolu ilə baş verir. Öncə Azərbaycan nağıllarında əcəldən qaçma motivinə nəzər salaq, sonra Altay türklərinin Erlik haqda folklor nümunələri ilə müqayisəli şəkildə motivin ifadə formalarını müşahidə edək. “Əzrayılın kələyi” nağılında (Sus AA 332) bir kasıb adam oğlunu sünnət eləmək istəyir. Heç kim ona kirvə olmur. Özünü dənizə atmağa qərar verir. Yolda Allahla rastlaşır. Birini kasıb, birini varlı etdiyi üçün Allahın kirvəliyini qəbul etmir. Allah da Əzrayılı ona kirvə olmağa göndərir. Oğlan fərq qoymadan hamının canını aldıgı üçün Əzrayılın kirvəliyini qəbul etmir. Əzrayıl oğlanı padşahın xəstə oğlunun yanına göndərib tapşırır ki, xəstənin baş tərəfində dursam, xəstəyə əlac yoxdu, ayaq tərəfində dursam, sağaldaram de. Oğlan Əzrayılın dediyi kimi edib varlanır. Ev - eşik tikdirir, oğlanlarını sünnət eləyir, Əzrayılı kirvə tutur. Aradan xeyli vaxt keçdikdən sonra Əzrayıl kişinin canını almağa gəlir. Kişi on il də ömür istəyir. Allah ona on il də möhlət verir. Əzrayıl təkrar kişinin canını almağa gələndə kişi dünyaya baxması üçün möhlət istəyir. Kişi çıxıb dünyaya baxıb qayıtdıqdan sonra Əzrayıl onun canını alır (5, 218).
Erlik Altay türklərinin mifologiyasında ölüm mələyi funksiyasını yerinə yetirən personajlardan biridir. Azərbaycan folklor örnəklərində isə bu funksiyanı Əzrayıl yerinə yetirir. Azərbaycan nağıllarından göründüyü kimi, Əzrayıl fərq qoymadan hamını öldürdüyü üçün ədalətli hesab edilərək Allahdan üstün tutulur. Qəhrəmanlar Əzrayılın vasitəsi ilə varlanır. Erliyə və Əzrayıla – hər iki ölüm mələyinə hiylə gəlmək, canını ölümdən qurtarmaq, ölüm mələyi ilə yol yoldaşı olmaq, birgə çalışmaq hər iki folklor örnəklərində vardır. Erliyə öncə qurban təklif edirlər. Qurbanı qəbul etməsə, xəstə canın yerinə sağlam can verilir. Əzrayıl Allahın əmri ilə can dalınca gəlir, əliboş geri dönüb-dönməməsi də Allahın iradəsindən asılıdır. Erliyin isə iki elçisi, göz tökən iki qarğası, iti, yeraltı şahlığı, taxt-tacı, zindanı, çoxlu əsgərləri var. Altay türklərinin “Yaradılış” dastanında Tanrı Qara xanla Erlik, Tanrı Ülgənlə Erlik qarşıdurması da öz əksini tapmışdır. Tuvalı Burqutun söylədiyi “Tana-Qerel” mətnindəsə Erlik xanın köməkçiləri bəd ruhlar azalar adlandırılır (aza – bəd ruh). Erliyin yurduna (xaraçi) gedən yol səkkiz qapıdan keçir, səkkizinci qapı və Erliyin taxt-tacı (şire) isə şüşədən təsvir edilir (15,426). Ümumiyyətlə, türk xalqlarının miflərində Erlik ilk araq çəkən mədəni qəhrəman kimi göstərilir. Altaylı Sanaşın söylədiyi “İren Şayn Çiçirqe” mətnində isə araq çəkmək üçün ciraki adlı qabı almaq üçün qəhrəman Erliyin yeraltı dünyasına enir. Orada onu Erliyi qoruyan iki qara qarğa, doqquz qara at və iki dəvə qarşılayır (15,429). Şamanlar ovsunlarında Erliyi qaş-gözü qara rəngdə, iki yerə bölünən saqqalı dizinə qədər çatan, azı dişlərini xatırladan burma bığları qulağının arxasına qədər uzanan, buynuzları ağac köklərini xatırladan, saçları buruq-buruq vəsf edirlər. Erliyin yeməyi qanlı insan əti, içdiyi isə insan ciyərinin qanıdır. Onun yemək vaxtı günəş şəfəqinin hər yeri al rəngə boyadığı vaxta təsadüf edir. O, bir versiyaya görə, qara palçıqdan tikilmiş sarayda, digər versiyaya görə isə, qara dəmir çəpərli sarayda yaşayır. Bu saray Toybadım çayının sahilində yerləşir. Erlik ya avarları olmayan qara qayıqda, ya da keçəl öküzün belində gəzir (7, 53). Miflərin birində deyilir ki, Erlik əvvəllər ağ atda gəzərmiş. O, bu atı Tanrıya onun tərəfindən qorunan bir bahadırın canını almaq müqabilində qurban verir, fəqət Tanrı onu aldadır, atının əvəzinə ona qara kəl qaytarır. Həm də tərsinə minməsini əmr edir. O da bu kəlin üzərində tərsinə oturaraq gəzməyə məcburdur (8, 4). Erliyin öküzün belində gəzməsini və Balın-Senqenin onu aldadaraq öküzünü ondan alması Altay türklərinin folklor mətnlərinin birində öz əksini tapır. Altay türkləri hesab edirdilər ki, qəzəbli Erlik onlardan qurbanlar tələb edir, ona qurban verilmədikdə qəzəblənir və xalqın üzərinə müxtəlif bədbəxtlik və xəstəliklər göndərir. Qurban verməyənlərin ruhunu alan bu bədxah ruh onları öz nökərlərinə çevirir və insanlara şər əməl törətmək üçün yer üzünə göndərir. Altay türkləri inanırdılar ki, qurban verildiyi halda Erlik nəinki insanlara toxunmur, əksinə, hətta övladlarına da onları şər ruhlarından qorumağı tapşırır. Altaylılar öz dualarında onu insanların yaradıcısı və atası adlandırırdılar. Ona “Erlik ata” deyə müraciət edirdilər (8, 3). Altay türklərinin inanclarına görə, Erliyin, bir varianta görə yeddi, digər varianta görə isə doqquz oğlu var. “Dədə Qorqud” dastanında və Azərbaycan nağıllarındakı Əzrayıl personajı isə ağ saç-saqqalı, heybətli, gözləri nursuz qoca kimi təsvir olunur. Azərbaycan nağıllarında ilana, göyərçinə, qartala çevrilir. “Dədə Qorqud” əfsanələrində Əzrayılın ilana, “Dədə Qorqud” dastanında isə göyərçinə çevrilməsi öz əksini tapıb. Nağıllarımızdan da göründüyü kimi, pis adamların canını onlara əzab verərək, yaxşı adamların canını isə gül qoxladaraq alır. Əzrayılın da atı olduğunu və o atın üstündən dünyanın xəlbir kimi qızıl qan içində görünməsi, can almağa gəlməsini ilk hiss edən ev heyvanlarının olması, əlinin qanını itə sürtməsi, yalnız hal əsilliyə Əzrayılın can almasının görünməsi, bəzənsə körpəyə yazığı gəlib öldürməməsi, uşaq cildinə girməsi nağıllarımızda öz əksini tapmışdır. “Övladını Əzrayıldan qaçıran ana” nağılında isə Əzrayılın anası da təsvir olunub (11, 318).
Məqsədimiz Erlik və Əzrayıl mifoloji personajlarının arxaik köklərini araşdırmaq deyil, sadəcə əcəldən qaçma motivinin həm Altay türklərinin, həm də Azərbaycan folklor örnəklərindəki ifadə formalarını müqayisəli şəkildə izləməkdir. Məsələn, Erlik haqda mətnlərin birində deyilir ki, Balın-Senqe adlı bir hiyləgərin varlığından xəbər tutan Erlik xan iki elçisini onun ruhunun dalınca göndərir. Onlar gedib heç nə tapmayıb geri qayıdırlar. Erlik elçilərini yenidən göndərir və tapşırır ki, bu dəfə də heç nə tapmasanız, sizi cəhənnəmə atacam. Elçilər gedib Balın-Senqeni tapırlar. O, özünü ölülüyə vurur. Elçilər onun həqiqətən ölüb-ölmədiyini yoxlamaq üçün gözlərini açıb duz tökürlər. Balın-Senqe tərpənmir. Sonra dabanlarını kəsib ora da duz səpirlər. Yenə tərpənmir. Elçilər deyirlər ki, gedək başqa ruhun dalınca üç gündən sonra gələrik. Əgər doğrudan ölübsə, qoyduğumuz yerdə tapacağıq. Elçilər gedib bir varlı adamın oğlunun ruhunu alıb, tuluğa qoyub Balın-Senqenin yanına gəlirlər. Onu qoyub getdikləri halda görürlər. Erliyin yanına getmək istəyəndə Balın-Senqe onlara çatıb hara getdiklərini soruşur. Onlar Balın-Senqeni tanımırlar. Balın-Senqenin ruhunu tapa bilmədiklərini, Erliyin yanına varlı oğlanın ruhunu vermək üçün getdiklərini deyirlər. Yol yoldaşı olurlar. Yolda Balın – Senqe onlardan nədən qorxduqlarını soruşur. Onlar qarağac tikanlarından və Şikurtu-nomdan qorxduqlarını deyirlər. Balın – Senqe isə onara hiylə gələrək guya ətdən və çaydan qorxduğunu deyir. Onlar yolda qarağac kollarına çatanda Balın-Senqe onlardan ruh olan tuluğu alıb deyir ki, siz kolluğa girə bilmədiyiniz üçün fırlanıb keçməlisiniz, tuluq da sizə yük olmasın. Məndə qalsın. Özü də kolluğa girib Şikurtunu oxumağa başlayır. Elçilər onu qovmaq üçün ona ət və çay atırlar. Balın-Senqe kolluqda oturub yeyib-içir. Erliyin elçiləri isə əliboş qayıdırlar. Balın – Senqe varlı adamın yanına gedib onun oğlunun ruhunu geri qaytarır. Əvəzində isə bir arıq öküz və bir parç istəyir. İstədiklərini aldıqdan sonra çayda parçdan su tökərək arıq öküzünü çimdirir. Elçilərinin onu yarıtmadığını görən Erlik özü Balın-Senqenin ruhunun dalınca gedir. Yolda onu görüb tanımır. Balın-Senqe Erlikdən hara getdiyini soruşur. Erlik isə öz növbəsində onun nə elədiyini xəbər alır. Balın-Senqe öküzünün onu bir gündə yeddi dəfə yer kürəsi üzərində gəzdirdiyini, dünən isə yorğun olduğu üçün yalnız üç dəfə gəzdirə bildiyini söyləyir. Erlik öz öküzü ilə Balın-Senqenin öküzünü dəyişir. Hiyləgər Balın-Senqeni Erliyin öküzü birbaşa yerin altına cəhənnəmə gətirir. Balın-Senqe Erliyin taxt-tacında oturur. Artıq Erliyin yerinə keçən Balın-Senqe özünü Erlik kimi təqdim edərək, hiyləgər Balın-Senqeni, yəni Erliyi tutub cəhənnəmə atmalarını əmr edir. Erliyi tutub cəhənnəmə atırlar. Erlik Balın-Senqeyə yalvarıb onu buraxması müqabilində öz taxt-tacını ona verir. O da Erliyi azad edərək, zindana qarovul qoyur (15, 242).
Azərbaycan nağıllarında rast gəldiyimiz Əzrayılla kirvə olmaq, yol yoldaşı olmaq, birlikdə çalışmaq təsadüfi bir detal deyil. Belə ki, Erlik haqda mətnlərdə bu məqama diqqət etmək lazımdır. Bu mətnlərdə deyilir ki, Balın-Senqe Erliyin elçiləri ilə birlikdə çalışır, onlarla yol yoldaşı olur. Hətta Erliyin elçiləri ilə birlikdə üçlükdə can almağa gedirlər. Bu da onu deməyə imkan verir ki, Azərbaycan nağıllarında rast gəldiyimiz Əzrayılla kirvə olmaq, yol yoldaşı olmaq, qəhrəmanın Əzrayılla birlikdə çalışması (yəni xəstənin üstünə birlikdə getmələri şəklində) Erlik haqda mətnlərlə səsləşir. Bu da motivin ümumtürk folklorundan qaynaqlandığını göstərir.
Əzrayıla kələk gələrək əcəldən qaçmağa çalışmaq hiyləgər qəhrəman Balın-Senqe və Erlik qarşıdurmasında olduğu kimi “Əzrayılın kələyi” nağılının bir variantında da qarşımıza çıxır. Nağılda qəhrəman əvvəldə qeyd etdiyimiz variantda gördüyümüz kimi Əzrayılı Allahdan daha ədalətli sayaraq onunla kirvə olur. Kişinin vaxtı tamam olanda Əzrayıl onun canını almağa gəlir. Əvvəlki variantdan fərqli olaraq, kişi onu kəsdikləri duz-çörəyə and verir. Əzrayıl canını almayıb gedir. Əzrayıl bir müddətdən sonra yenə gəlib deyir ki, yerə yatıb kəlmeyi-şəhadətini de, canını alacam. Kişi kəlmeyi-şəhadətini yarımçıq deyib, yarısını yüz ildən sonraya saxlayır. Əzrayıl uşaq donuna düşüb oturur kişinin yolunun üstündə başlayır ağlamağa. Kişi uşaqdan ağlamağının səbəbini soruşanda kəlmeyi-şəhadətini bilmədiyini, sona qədər öyrətməsini istəyir. Kişi kəlmeyi-şəhadətini sona qədər deyir. İstəyir uşağa da öyrətsin. Uşaq dönüb Əzrayıl olur. Kişi əlacsız qalıb yerə yatır. Əzrayıl onun canını alır ( 5, 219).
Nağılın bu variantında qəhrəman Əzrayıla kələk gələ bilmir. Əzrayıl ondan hiyləgər çıxır. “Əzrayılın kirvəliyi” nağılı da öncəki nağılın bir variantıdır. Bu variantda isə qəhrəman kəlmeyi-şəhadəti yarımçıq deyərək Əzrayıla hiylə gəlib öz ömrünü uzadır. Nağılda Yetim Həsən öncəki nağıldakı kimi Əzrayılın sayəsində varlanır. Həsənin özü bir gün görür ki, Əzrayıl baş tərəfində oturdu, arvada üç dəfə yerini dəyişdirtdirir. Əzrayıl kəlmeyi-şəhadətini deməsini tələb edir. Həsən yarısını deyir, yarısını da yüz ildən sonra deyəcəyini bildirir. Əzrayıl Allaha şikayət edir. Allah Həsənin düz dediyini və canından bezib özü ölmək istəməyənə qədər öldürməməyi buyurur ( 5, 218).
Sadaladığımız Azərbaycan nağıllarında olduğu kimi Altay türklərinin Erlik haqda folklor mətnlərində də hiyləgər qəhrəmanlar Balın-Senqe və Uskuz-ul da Erliyə hiylə gəlirlər. Hər iki folklor nümunələrində əcəldən qaçma ölüm mələyinə hiylə gəlmək yolu ilə baş verir. Mətnlərdən də aydın olur ki, komik folklor süjetlərində tez-tez rast gəldiyimiz kələkbazlar müxtəlif qütblər arasında kəskin ayrılığı aradan qaldıran obrazlardır (13, 10). Mətnlər arasındakı bu qədər uyğunluq və səsləşmə Azərbaycan folklorundakı əcəldən qaçma motivinin ümumtürk folklorundan qaynaqlandığını deməyə imkan verir.
Yeri gəlmişkən, Əzrayılın hiylə yolu ilə qəhrəmanın canını alması ilk insan haqqında Azərbaycan mifoloji mətnlərində də qarşımıza çıxır. Burada əcəldən qaçma motivi Ucubılıx, digər variantda isə Möhsün adlandırılan ilk insanla bağlıdır. Ucubılıx çox uzun adam olub. Əzrayıl onu öldürə bilmir. Hiylə ilə öldürməyə qərar verir. Kötüyün ucunu yerə batırır. Ucubılıxın ayağı ilişib yıxılır. Əzrayıl sinəsinə çöküb onun canını alır (1, 155). “Ucubılıx”ın variantı “Möhsün” mifoloji mətnində də əcəldən qaçma motivi ilə rastlaşırıq. Çox hündür, bərk qaçan adam olub. Əzreyil gəlir canını almağa. Allah Əzreyilə tapşırır ki, gözünə görün. Əzreyil qonaq kimi gəlir. Möhsün bərk qaçmağına güvənib deyir ki, Əzreyil mənə çata bilməz. Qaçıb ucqar dağın belində meşənin içində iki adamı dalaşan görür: bir adam ölüb, ona qəbir qazıblar. Biri deyir gödəkdi, digəri deyir bəsdi. Möhsün ölçünü yoxlamaq üçün qəbrin içinə girir. Əzreyil orada canını alır (3, 17). Hər iki mətndə də Əzrayıl hiylə yolu ilə qəhrəmanların canını alır.
Əzrayıla hiylə gəlmək Balın-Senqenin Erliyə kələk gəlməsi ilə bağlı mətnin bir variantı ilə səsləşir: Balın-Senqe ölüm ayağında olan qadını Erliyin elçilərindən, yəni ölüm mələyindən, əcəldən qaçırır. Səhər gün çıxanda qadının ruhunu alacaqlarını öz aralarında danışan Erliyin elçiləri belə şərtləşirlər ki, gecə qadını başqa çadıra keçirəndə biri onun ağrıyan yerindən yapışacaq, qadın asqıracaq. O zaman digəri peyda olub onun ruhunu alacaq. Balın-Senqe qadını ölümdən xilas etmək üçün başqa çadıra onun yerinə qadının paltarı geyindirilmiş müqəvva qoydurur. Özü isə lüt soyunub çadırda gizlənir. Erliyin elçiləri müqəvvadan yapışanda qəfildən ortaya çıxıb qışqırır ki, Erlik sizi müqəvva öldürməyə göndərib?! Bundan sonra elçilərlə birlikdə üçlükdə can almağa gedirlər. Bu mətndə də digəri kimi qəhrəman Erliyə dəfələrlə hiylə gəlir (15, 243).
Azərbaycan nağıllarında qəhrəmanın Əzrayıla hiylə gəlməsi daha çox yarımçıq deyilmiş kəlmeyi-şəhadətlə əlaqəlidir. Yəni dini amil üstünlük təşkil edir. Bu da motivin daşıdığı arxaik mifoloji ideyanın dəyişik şəklidir. Azərbaycan nağıllarında əcəldən qaçma kəlmeyi-şəhadətin yarımçıq deyilməsi, kəsilən duz-çörəyə and içilməsi, çörəyin müqəddəsliyinə and verilməsi şəklində özünü göstərir. Burada hiylə elementindən başqa kəsilən duz-çörəyin müqəddəsliyi də ön plana çəkilir. Qədim türk şamanizmindən qalma motivin öz ilkin arxaik mifoloji ideyası islam dini təsəvvürləri ilə əvəzlənib.
Qarabağdan toplanmış Əzrayılla bağlı mətnlərdə də Əzrayıl duz-çörəyə and verilərək, can alma fikrindən döndərilir (AT 1199). Oğlan canını almaq istəyən Əzrayıla bir yerdə kəsdikləri duz-çörəyə and verir. Əzrayıl Allaha şikayət edir. Allah buyurur ki, get onların hərəsini on beş-on altı yaşında cavan elə, qoy ömür sürsünlər. Duz-çörəkdən keçə bilməyən Əzrayıl onun ömrünü uzadır (10, 227). Ölüm mələyi ilə bağlı mətnlərin bir variantında da oğlan canını almaq istəyən Əzrayılı duz-çörəyə and verir. Əzrayılla bir gənc yol yoldaşı olurlar, bir yerdə çörək kəsirlər. Əzreyil oğlana toy gecəsi otağa ayaq basan kimi öləcəyini deyir. Oğlan evlənmək istəmir. Məcbur evləndirirlər. Əzreyil gələndə oğlan Əzreyıla and verib bir gecəlik möhlət alır. Yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, “Quran”a and verdirir. Əzreyil eşitmir. Çörəyə and verəndə qırx il möhlət verir. Əzreyil deyir ki, “Quran”dan qabaq çörək gəlib, dünyada çörəkdən qiymətli şey yoxdu ( 10, 228).
Sadalanan mətnlərdə Əzrayıl duz-çörəkdən keçə bilməyib qəhrəmanların ömrünü uzadır. Bu da çörəyə, nemətə verilən dəyərdi. Motiv özünün ilkin arxaik mifoloji ideyasından duz-çörəyin müqəddəsliyi ideyası şəklinə düşüb.
Dostları ilə paylaş: |