Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,23 Mb.
səhifə8/14
tarix24.05.2018
ölçüsü1,23 Mb.
#51169
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Dini rəvayətlərdə: Əcəldən qaçma motivi dini rəvayətlərin və qəribə əh­valatların da mövzusunu təşkil edir. Peyğəmbərlə bağlı olub və dini məzmun daşıyır. Burada motiv hansısa bir xeyirxah əməlin nəticəsində ömrün uzadılması kimi ifadə edilir. İslamlaşdırılmış və dini məzmun kəsb etmiş şəkildə qarşımıza çıxır. Bu da motivin dəyişik ifadə formalarından biridir. Motivin arxaik mifoloji ideyası dini ideya ilə əvəzlənib. Allah yolunda verilən sədəqə nəticəsində ömrün uzadılmasını “Allah yolunda sədəqə ver” dini rəvayətində görürük. Rəvayətdə Əzrayılın toy axşamı ilan cildində can almağa gəlməsi əks olunur. Peyğəmbər deyir ki, cavan oğlanı toy günü ilan vuracaq. Üç gün keçir cavan ölmür. Bunu peyğəmbərdən soruşurlar. Peyğəmbər bəyin otağındakı balışın altına baxmağı buyurur. Bir ilanın mütəkkənin altında qıvrılıb yatdığını görürlər. Evdən çıxanda bəyin sədəqə verdiyi məlum olur (14, 87). Xeyirxah əməl sayəsində əcəldən qaçmağa müyəssər olma, Əzrayılın toy axşamı ilana çevrilib balışın altında giz­lənməsi və gəlinin səxavətli olması sayəsində canının bağış­lan­ması “Ölümdən qaçan gənc” nağılında da əksini tapıb. Lakin rəvayətin bu va­riantında əcəldən qaçma Süleyman peyğəmbərlə əlaqələndirilir ( 2, 260). Qəh­rəmanın Əzrayılla yoldaşlıq etməsi və öləcəyi günü əvvəlcədən bilməsi Əz­rayılla bağlı nağıl sü­jet­lərinin əksəriyyətində var. Səfərə çıxan gənc Əzrayılla yol yoldaşı olur. Oğlan Əzrayıldan onun canını nə vaxt alacağını soruşur. Əz­ra­yıl “toy axşamı” deyir . Toy axşamı gəlin özü ilə gətirdiyi xonçanı bir kişinin apar­maq istədiyini görüb verir. Süleyman peyğəmbər Allahın hüzurunda deyir ki, sə­nin Əzrayılın ilan olub balışın altında yatdı. Mən xonçanı aldım, çörəkdən keç­mədim, ilanı yuxuya verdim. Get heyvanın başına vur ayılsın çıxsın getsin. Hər iki mətndə bəyin və gəlinin verdiyi sədəqə əcəldən qaçmalarına xidmət eləyir.

Qarabağ folklorunda “Əzrayılın qardaşlığı” mətnində də ömrün uzadıl­ması, əcəldən qaçılması Allah yolunda verilən sədəqə, xeyirxah əməl sayəsində, əliaçıqlıq və səxavət sayəsində baş verir.(Kişi qapısındakı heyvanların öləcəyini öyrənib onları satır. Axırda qada-bəla onun özünə gəlir.) (+AT332) ( Kişi Əz­ra­yılın yanına qaçır. Yalvarır ki, məni ölməyə qoyma. Əzrayıl hansı xəstənin ba­şı­nın üstündə durursa kişi onu sağaldıb haqqını alır.) (+AT751 C) (Kasıb Əz­ra­yı­lın köməyi ilə varlanır, amma qapısına gələn şəxsi əliboş geri qaytarmamalıdır. Süd üçün qapısına gələn şəxsin dalınca danışdığından Allah onun var-dövlətini əlindən alır.) (10, 225).

“Əzrayılın dostluğu” rəvayətində isə bir nəfər Əzrayılla dost olur. Əzrayıl ona öləcəyini qabaqcadan xəbər verəcəyinə söz verir. İki gün ara ilə iki qonşusu ölür. Səhərisi Əzrayıl kişinin yanına gəlir. Kişi Əzrayılın niyə xəbərsiz gəldiyini soruşanda Əzrayıl deyir ki, qonşularının ölməyi xəbər idi. Kişi iki gün də möhlət istəyir. Əzrayıl kişinin istəyini Allaha çatdırır. Allah iki gün möhlət verir. Kişi atını çapıb evdən uzaqlaşır. Ucsuz-bucaqsız çölə çatır. Dəstəmaz alıb namaz qıl­maq istəyəndə yolu toz-duman bürüyür, Əzrayıl görünür. O deyir ki, namazını qıl, vaxtın tamamdı, sənin canın bu yerdə alınmalı idi. Ona görə də öz ayağınla bura gəlib çıxmağına izn verildi (4, 93).

Bu mətndən elə görünür ki, Əzrayıl kişiyə son möhləti lazım olan ünvana yetişməsi üçün verib. Bu mətnin sonluğu bizə Qorqud haqda məşhur əfsanənin sonunu xatırladır. Əfsanənin sonunda da Qorqud səmadan gələn səsin dediyi kimi qaçdığı yerə­ – Sırdərya kənarına geri qayıdır və ruhunu ölüm mələyi Əz­rayıla tapşırır (16, 549).



Lətifələrdə: Əcəldən qaçma motivi lətifələrdə də öz əksini tapmışdır. Burada əcəldən qaçma komik element kimi ifadə olunur. M. Kazımoğlunun doğru qənaətinə görə, şifahi xalq ədəbiyyatının hansısa başqa janrında Allahla zarafatın bu cür silsilə təşkil etməsi çətin ki, mümkün olsun. Başqa janrların im­kanından kənar olan lətifədə, ümumiyyətlə komik folklor nümunələrində müm­künlüyü ən çox gülüşlə bağlıdır (13, 67). Burada əcəldən qaçmanın özü müx­tə­lif şəkillərdə komizmə xidmət edir. Əzrayıl birinin canını almağa gəlir. O, üç gün möhlət istəyir, Əzrayıl verir. Sonra iki gün, yenə də bir gün möhlət istəyir. Gəmi ilə səyahətə gedəndə Əzrayıl gəlir. Əzrayıldan yenə möhlət istəyir ki, mənzil başına çatım, qayıdım sonra öldür. Əzrayıl deyir ki, hamınızı söz verə-verə gəmiyə komalamışam (11, 441). Qarabağ folklorundakı “Əzrayılnan yol­daşlıq edən şəxs” mətni isə öncəki lətifəyə nisbətən daha komikdir: Bir kasıb yoxsulluq əlindən başını götürüb çıxıb gedir ki, Əzrayılı harda görsəm, de­yə­cəm, al canımı. Birinə yol yoldaşı olur. Çayın kənarında yemək yeyəndə Əzrayıl olduğunu bilir. Qaçıb bəhməz küpəsinin içində gizlənir. Fikirləşir ki, birdən Əz­rayıl bəhməz alıb yeyər, məni tapar. Ordan çıxıb tük yastığının içinə girir. Yenə fikirləşir ki, birdən söykənər yastığa məni tapar. Ordan da özünü buxarıya atır. Yenə düşünür ki, buxarını yandırar, yanıb kül olaram. Buxarıdan çıxanda Əz­ra­yıl qapıdan girir. Kişini nə vəziyyətdə görürsə, qorxub qaçır. Allahdan hökm gə­lir ki, mən ona ömür verdim. Ona görə sən ondan qorxub qaçdın (11, 316).

Ölüm mələyinə hiylə gəlmək yolu ilə əcəldən qaçma Altay türklərinin folklorundakı Erlik haqda mətndə də komik şəkildə ifadəsini tapır. Bununla da, buradakı hiyləgərlik komik qarşıdurmanın əsasına, başlanğıc nöqtəsinə çevrilir (13, 60). Belə ki, can almağa gələn Erliyin iki elçisini aldatmaq üçün Balın-Senqe (variant: Andzın, Xurumçu) özünü ölülüyə qoyur. Ağzına yağ qoyub, əy­ninə kürk geyinib, əlinə çəkic alıb üzüstə yola uzanır. Arxasından da ot bi­tir­mə­lərini tapşırır. Erliyin iki elçisi gəlib təəcüblə ona baxırlar. Onun nədən və necə öldüyünü anlaya bilmirlər. Belə ki, o, soyuqdan donmayıb əy­nin­də kürk var. Onu heyvanlar öldürməyib, çünki əlində iki çəkic var. Acından öl­mə­yib, çünki ağzında bir tikə yağ var. Əgər dalında ot bitibsə, deməli, çoxdan ölüb. Amma ağzındakı yağ heç əriməyib. Erliyin elçiləri çaş-baş qalıb, bu adamın necə və nə vaxt öldüyünü başa düşməyib əliboş geri qayıdırlar (15, 244).

Bu mətn bizə yuxarıda təsvir etdiyimiz “Əzrayılın yoldaşlığı” ləti­fə­sin­də­ki qəhrəmanın bəhməz küpəsindən yastığa, yastıqdan da buxarıya girməsinin nə­ticəsi olaraq aldığı komik vəziyyətlə səsləşir. Mətnlər arasındakı bu səsləşmədə qədim türk dünyagörüşü ilə islam dünyagörüşünün qarşıdurmasının məzəli məz­mun daşıması açıq-aydın görünür. Azərbaycan folklorundakı əcəldən qaçma motivinin arxaik kökünü, invariantını ümumtürk folklorunda gördük.

Yeri gəlmişkən qeyd edək ki, M. Kazımoğlu “Xalq gülüşünün poetikası” əsərində Azərbaycan folkloru ilə müqayisəli şəkildə türkmənlərin Burkut baba rəvayətlərində və bəktaşi lətifələrində Allahla qarşıdurmanı komizm aspektindən geniş şəkildə araşdırmışdır (13, 59).



Qorqud əfsanələrində: Hamıya məlumdur ki, ümumtürk folklorunda əcəldən qaçma motivi ilk insan haqda miflərdə olduğu kimi ilk şaman, baxşı Dədə Qorqudun adı ilə də bağlıdır. Qorqud haqda əfsanələrdə deyilir ki, Qorqud xalq təbibi olub, təmənnasız xəstələrə şəfa verməsi Allaha xoş gedir və o, Qor­qud yuxuda olanda ona “sən ölümü xatırlamayınca ölməyəcəksən”– deyir. Qor­qud yuxunu gördüyü vaxtdan bəri ölümü yada salmır. Yalnız bir gün çölə qaçan öküzü tutmaq üçün dalınca qaçır. Yorulub oturur və öz-özünə deyir: ”Ölməsəm onu tutacam”. Öküzü tez tutur, amma başa düşür ki, ölümü yada salıb. Əcəldən qaçmaq üçün yaşayış yerini dəyişməyə qərar verir. Qanadlı nər dəvəyə minib dünyanın başqa ucuna gedir. “Ora uzaqdı, orada onu ölüm tapmaz “ – deyə dü­şünür. Tezliklə, naməlum bir ölkəyə gəlir. Görür ki, yolun kənarında camaat qə­bir qazır. Kimin üçün qəbir qazdıqlarını soruşanda Qorqud üçün deyirlər. Qor­qud qorxur, nər dəvəsindən enmir və dünyanın o biri ucuna gedir. Eyni hadisə ilə o, dünyanın dörd bir tərəfində rastlaşır. Ümidini itirən Qorqud öz doğma kən­dinə – Sırdəryanın arxasına qayıdır və Allahın iradəsinə tabe olur. Səyahətə çıx­dığı nər dəvəsini kəsir, dərisini qopuza keçirib ilk şaman və ifaçı kimi qopuz çalmağı öyrənir. Xalçasını çayın ortasına, suyun üstünə sərir. Müqəddəs şəxs ol­duğu üçün xalçası batmır və suyun axarı ilə axmır. Bu, üzən xalçanın üzərində Qorqud fasiləsiz yaşamağa qərar verir. Ümid edir ki, onu quruda axtaran ölüm onun möcüzəli adasına gəlməyəcək və su stixiyası onu qoruyacaq. Qorqud xal­çanın üstündə oturub gecə-gündüz yatmır. Ölümün gəlməsini gözləyərək dua edir və “Quran” dan ayələr oxuyub qopuzda çalır. Görünür ki, müsəlman söy­lə­yici şamanın ilkin öncəki magik ovsunlarını “Quran” ayəsi ilə əvəzləyib. Dua edərək yuxusuz bir həftə keçirən Qorqud yorğunluqdan dayana bilməyib yatır. Ölüm ilan cildində onu çalır. O, xəstələnib ölür. Onu həmin yerdə – çayın sağ tərəfində dəfn edir və qəbrinin üstünə qopuz qoyurlar. Qorqudun qopuzu uzun illər ərzində həftənin cümə günləri həzin səslər çıxarır, elə bil öz sahibinə ağ­la­yır. Onun səsinə qulaq asanda müqəddəs təbibin adını - Qorqud dediyi anlaşılır (16, 548). Bu əfsanənin digər variantını “Xorxut - Auline” (“Qorqudun nəğ­mə­si”) adı altında qazax İ.Cembısbaev təqdim edir. Bu əfsanədə şaman təbib müsəlman övliyası, xalq arasında böyük ehtiramla qarşılanan, şaman ən­ənə­lə­ri­nə sadiq təbib, ölümün xəbərçisi isə Allah tərəfindən göndərilmiş mələk Əzrayıl kimi təsvir edilir. Qorqud yuxuda ölüm mələyi Əzrayılı görür, ona öləcəyini xə­bər verir. Üç gün düşündükdən sonra Qorqud ölümdən qaçmaq, Allahın onu görmədiyi yerə getmək qərarına gəlir. Hadisələr öncəki mətndəki kimi cərəyan edir. Sonda Qorqud səmadan gələn səsin dediyi kimi qaçdığı yerə geri qayıdır və ruhunu ölüm mələyi Əzrayıla tapşırır ( 16 , 549).

“Qorqud” adının əcəldən qaçma motivi ilə bağlılığı da bununla izah olu­nur. İ.Cembısbayevin və Q.N.Potaninin də dediyi kimi, Xorxut – kork – qorx de­mək­dir. Qorqudun ölümdən qorxması adının etimologiyasını da izah edir (16, 550). Rəvayətlərdə Qorqudun ölümdən qaçması dolayısı ilə də olsa, Allahla toq­quş­maq, Allah əmrindən çıxmaq mahiyyəti kəsb edir (13, 62). Mətndən də gö­rün­düyü kimi, ilk şaman, baxşı olaraq təsəvvür edilən və şamanlar kimi ölüm­süzlüyünə ina­nılan Qorqudla bağlı mətn islamlaşdırılıb. V.V.Bartoldun da de­di­yi kimi, mü­səlman övliyası kimi göstərilən Qorqud haqda əfsanədə is­lama­qə­dər­ki inancların izi qorunub (16, 551). Şamanlar daim Erliklə mübarizə aparır, öl­dür­mək istədiyi, yəni yeraltı dünyaya aparmaq istədiyi ruhları ondan azad edir­lər. Bu, is­lamdan əvvəl türk şamanizmindən qalma təsəvvürdür. Ç.Vəlixanovun və Q.N.Po­taninin dediyi kimi, əcəldən qaçma və ölümdən qorxmaq islam dün­ya­görüşünə əksdir. İslami nəzərdən, qəbuledilməzdir və şaman xalqlarının daimi mo­tividir. Motivin arxaik mifoloji ideyası dəyişdirilib. Altay türklərinin Erlik haqda şaman mətn­lərində isə bu motivin arxeotipini, ilk şəklini, invariantını gö­rü­rük.

Dədə Qorqud” dastanında: Əcəldən qaçma motivini araşdırarkən “Də­də Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” boyundan danışmamaq mümkünsüzdür. Dastanda Dəli Domrul ölən igidin canını geri qaytarmaq üçün Əzrayılla savaşıb, mübarizə aparmaq istəyir ki, o, bir daha can almasın. “Əzrayıl dediyiniz nə kişidir ki adamın canını alır. Ya qadir Allah, birliyin, varlığın haqqı üçün Əzrayılı mənim gözümə göstər, savaşım, çəkişim, mübarizə edim, gözəl igidin canını qurtarım. Bir daha gözəl igidin canını almasın” (12, 310).

Bizcə, “Duxa qoca oğlu Dəli Domrul” boyunda diqqət edilməsi məqam elə bu­dur. Bundan əvvəl sadalanan folklor mətnlərindən də göründüyü kimi Əz­ra­yı­lın can almasına mane olmaq ayrıdı, Əzrayılın artıq alıb apardığı canı geri al­mağa ça­lışmaq ayrıdı. Əzrayılı Dəli Domrul özü çağırır ki, ondan alıb apardığı canı al­sın. Bu da boyda ilişib qalmış türk – şaman təfəkkürünün izidi. Bizcə, can əvə­zi­nə can vermədən daha tutarlı izi. Məhz Əzrayılla bağlı yuxarıda sa­da­ladığımız Azər­bay­can folklor nümunələrinin içində artıq alınmış canın geri qay­tarılması ilə bağlı mətnə rast gəlmədik. Belə çıxır ki, məhz Əzrayıl canı al­ma­sın. Aldısa, götürdü, get­­di. Geri dönüşü yoxdu. Bu, islam dini ilə bağlı tə­səv­vür­lərlə də bağlıdır. “Alı­nan can geri qayıtmaz” . Onda Dəli Domrul niyə Əzrayılın artıq alıb apardığı canı ge­ri qaytarmaq istəyir? Həm də Allah – Təalaya bu qədər gözəl minacatla mü­ra­ciət edərək. Bu da onu göstərir ki, artıq alınan canın geri qaytarılması Altay türk­lərinin Er­lik haqqında şaman mətnləri ilə səsləşir. Bu da türk – şaman düşüncəsinə söy­kənir və islamaqədərki türk – oğuz təfəkkürünün məhsuludur (13, 176-177). Bu­ra­da islam dini ilə türk – şaman təfəkkürü qat­ma­qarışıqdı. Əvvəldə göstər­diyi­miz Er­lik haqda mətndə Balın – Senqe Erlikdən oğurladığı varlı adamın oğlunun ruhunu geri qaytarır. Burada söhbət artıq alınıb aparılmış ruhun geri qaytarıl­ma­sın­dan gedir. Əvəzində isə bir arıq öküz və bir parç istəyir. Elçilər gedib bir varlı adamın oğlunun ruhunu alıb, tuluğa qoyurlar. Balın – Senqe isə onlara hiylə gə­lə­rək tulu­ğu onlardan alır. Tuluğun içindəki oğ­lanın ruhunu isə atasına geri qaytarır. Bu mətn Burkutla bağlı rəvayətlə səsləşir. Burkutla bağlı Türkmən rəvayətlərində Əz­rayılın artıq alıb apardığı canın geri qaytarılmasından bəhs olunur. Belə ki, Əzrayıl bir kişinin yeganə oğlunun canını almaq istəyir. Atanın yalvarışlarına baxmayaraq, Əzrayıl canı alır. Əzrayılın da­lınca göyə qalxan Burkut vurub onun əlindəki şüşəni sındırır. Oğlanın canı daxil olmaqla yeddi nəfərin canını geri qaytarır ( 13, 59).

Həm Türkmən, həm Altay, həm də Azərbaycan folklor mətnləri arasındakı bu qədər uyğunluq və səsləşmə əcəldən qaçma motivinin ümumtürk folkloruna xas olduğunu deməyə imkan verir. Bu da motivin arxaik köklərini, invariantını, ilk arxeotipini, ilkin arxaik mifoloji ideyasını göstərməyə istiqamət verir.

Altay şamanizmində insanın ruhu – “sünə” ölümdən sonra bədəndən ay­rı­lır və şəffaf buxara “üzütə” çevrilir. Sonra onlar altaylıların başqa yer dedikləri başqa dünyaya köçürlər. Orada onları Erliyin nümayəndəsi – aldaçı qarşılayır. Aldaçı daha öncə ölmüş insanın, yeni ölənin qohumlarından birinin ruhudur (8, 21). Sünə və aldaçı qırx gün bir yerdə, ölənin çadırının yaxınlığında qalırlar. Qırx günün tamamında aldaçı yenidən aşağı dünyaya qayıdır. Əgər sünə aldaçı ilə birlikdə qayıtmaq istəmirsə, o zaman ölənin qohumları şamana müraciət edir, şaman da onu öz dünyasına qayıtmağa məcbur edir (8, 21). Aşağıdakı digər mətndə isə, hiyləgər qəhrəman Usqus – ul atasının artıq alınıb aparılmış ru­hu­nu Erliyin yeraltı dünyasından xilas edir.



Can əvəzinə can vermə əcəldən qaçma motivinin inversiyası, trans­for­ma­siyaya uğramış şəkli, fərqli ifadə formasıdır. Burada əcəldən qaçma motivi də­yi­şilmiş şəkildə qarşımıza çıxır. Əgər indiyə qədər əcəldən qaçma ölüm mələyinə hiylə gəlmək, Əzrayıldan qaçmaq, müxtəlif komik situasiyalara düşmək kimi qarşımıza çıxırdısa, burada mifoloji ideyanın fərqli ifadə forması ilə rastlaşırıq.

Dəli Domrul Əzrayılla döyüşüb məğlub olur. Allah – Təaladan əmr gəlir ki, Dəli Domrul onun birliyinə şükür etdiyi üçün can yerinə can tapsın, onun canı azad olsun. Dəli Domrul atasından, anasından can istəyir. Onlar öz can­la­rı­nı vermirlər.Yoldaşı öz canını verməyə razı olur. Dəli Domrulun Allaha mü­ra­ciət edib ikimizin də canını birdən al deyə dua etməsi Allaha xoş gedir. Əzrayıla əmr eləyir ki, Dəli Domrulun ata-anasının canını alsın. Dəli Domrula və onun yoldaşına yüz qırx il ömür verir (12, 317).

Altay türklərinin Erlik haqda folklor mətnlərində isə can əvəzinə can vermə motivinin ilkin şəklini, arxeotipini görürük. Pöçök adlı bir altaylının da­nışdığı mətn­də Erliyə xəstə oğlanın ruhu müqabilində qurban aparılması, lakin onları qəbul et­mə­yib can əvəzinə can tələb etməsi motivi ilə rastlaşırıq. Mətndə deyilir ki, Car­qa­nad (yarasa) əvvəllər qam (şaman) olub. Cayaçı xan onu ça­ğı­rıb xəstə oğlunun üzə­rində şaman mərasimi keçirərək onu sağaltmasını istəyir. Carqanad mərasim keçirib elan edir ki, Erlik xana doqquz qara kəl at, doqquz qara öküz, doqquz qara qoyun qurban verilməlidir. Şaman mərasimi keçirib Er­liyin yeraltı dünyasına gedir. Erlik qurbanı qəbul etmir. Adətə görə, əgər Erlik qurbanı qəbul etmirdisə, xəstə adamın sağalması üçün sağlam adam qurban ve­rilməli idi. Carqanad – şaman Cayaçı xanın yanına gəlib, Erliyə bir canın xilası üçün başqa can qurban etməyin lazım olduğunu dedikdə xan şamanı öz canını qurban verməyib geri qayıtdığına görə ittiham edir. Cəza olaraq bundan sonra gecələr yarasa kimi yaşamağa məhkum edir (15, 169).

Bu mətnin digər variantında isə əvvəlkindən fərqli olaraq, qurbanları qəbul etməyən və almaq istədiyi candan əl çəkməyən Erliyə şaman öz canını təqdim edir. Lakin Erlik şamanın da canını qəbul etməyib yalnız Cayaçı xanın oğlu Canqıs – ulanın canını tələb edir. Onda Cayaçı xan oğlunun canının mü­qa­bilində bütün el-obasının canını qurban vermək istəyir. Hamını çağırıb bir yerə toplayır ki, Erliyin yanına göndərsin, lakin bir yetim Uskus – ul gəlmir. Car­qa­nadı – şamanı da onun davulunun içinə girərək dediyi sözlərlə Canqıs ulanın ru­hunu geri qaytara bilmə­diyinə görə məzəmmət edir. Usqus – ul Carqanadın kür­künü, davulunu götürüb Erliyin yeraltı dünyasına gedir və Erliyin yatdığını gö­rüb, Canqıs – ulanın ruhunu tutub qaçır. Mətn boyunca Usqus – ul dəfələrlə Er­li­yə hiylə gələrək, onu aldadır. Son­da atasının ruhunu da Erliyin yeraltı dün­ya­sın­dan xilas edir (15, 172).

Altay türklərinin Erlik haqda folklor mətnlərində can əvəzinə can vermə motivinin ilkin arxeotipini, ilkin arxaik mifoloji ideyasını görürük. Motivin ilk şəklindən variant və versiyalarını izləmək, ilkin mifoloji semantikasının müasir Azərbaycan folklorundakı fərqli ifadə formalarını müşahidə etmək maraqlıdır.

M.Kazımoğlunun qənaətinə görə, Domrul – Əzrayıl süjeti başdan-başa dəli­qanlının yola gəlməsindən bəhs edir (13, 176). Bu doğru qənaəti “Dəli Dom­rulun Bulvardı rəvayəti” ndə bariz şəkildə görürük. Dastanda olduğu kimi bu rəvayətdə də Dəli Domrul körpü tikib, gəlib keçənlərdən xərac alır. Dastanda isə körpüdən ke­çəndən otuz, keçməyəndən döyə-döyə qırx axça alır. Yəni das­tan­da­kı Dəli Domrul “zır dəlidi”. “Dəli Domrulun Bulvardı rəvayəti” ndə Dəli Dom­rul Alacam qəsəbə­sin­də varlı kişinin oğlu kimi təqdim edilir. Onun körpüsündən xərac vermədən ke­çən qıza hücum çəkdiyini görən qızın atası Dəli Domrulun əlini-ayağını bağlayıb çu­xura salır. Ancaq öz yerinə əvəz versə bağışlayacağını bildirir. Atası da, anası da ca­nını əsirgəyir. Arvadı canını verməyə razı olur. Bundan təsirlənən rəis hər ikisini azad edir. Dəli Domrulun körpüdən pul al­ma­sını, xərac almasını yasaqlayır (9 , 273).

Mətndən də göründüyü kimi, Allah və Əzrayıl bir türkmən rəisi ilə əvəz­lənib. Bu rəvayətdə motivin daha çox didaktik, tərbiyəvi ideya daşıdığını gö­rü­rük. Rəis sadəcə dələduzun birinə dərs vermək istəyib. Arxaik mifoloji ideyalı motiv bu mətndə didaktik, tərbiyəvi ideya kəsb edib.

Dəli Domrul boyunun əsasında dayanan süjetin türk xalqları folkloru area­lın­da versiya və variantlarının öyrənilməsi can əvəzinə can motivinin hansı şəkillərdə ifadə olunması baxımından önəmlidir. “Dəli Domrulun Antalya rə­va­yətində” mətn Əzrayılın gəlişi ilə başlasa da Dəli Domrul süjetinin əsas cizgiləri (atadan, anadan can istəmə, arvadı ilə halallaşma, arvadının Domrulun əvəzinə öz canını verməsi) qorunub saxlanmışdır. Ancaq boydan fərqli olaraq, Antalya rəvayətində Domrulun ata-anası öldürülmür. Dəli Domrula və arvadına da min il ömür verilir ( 9, 272).

Dastanda isə Dəli Domrulun ata-anasının canı alınır. Əslində, can əvə­zi­nə heç bir can alınmır. Çünki Allah Dəli Domrulun ata-anasının canlarını öv­lad­larından əsirgədikləri üçün alır, yəni cəza olaraq. Bu qənaətə ona görə gəlmək olar ki, Əzrayıla can əvəzinə bir can lazım idi. Elə bil acıq eliyib ikisini də bir­dən alır. Müqayisə üçün can əvəzinə can motivinin “Duxa Qoca oğlu Dəli Dom­rul boyu” ndan başqa digər folklor nümunələrində variantlarının olub-ol­ma­ma­sına baxaq.

“Əzrayilnən yoldaşlıq edən şəxs” nağılında da can əvəzinə can vermə mo­tivi ilə rastlaşırıq. Nağılın sonu “Dəli Domrul” dakı kimi bitir. Toy gecəsi bəyin canını al­mağa gələn Əzrayıl anaya və ataya yaxınlaşanda onlar qorxularından “kimə gəl­mi­sən ona get” deyirlər. Baxmayaraq ki, əvvəlcə övladlarının canının əvəzinə öz can­larını özləri təklif edirdilər. Vəziyyəti belə görən gəlin Əzrayıla deyir ki, onun canını alsın və dediyindən dönmür. Gəlinin qorxmadan, heç tə­rəddüd etmədən canı­nı verməyə hazır olması Allah – Təalaya xoş gedir və gə­li­nin etibarına görə bəyə əl­li il ömür verir (11 , 314). Dastandakı “Dəli Domrul” boyundan fərqli olaraq, “Dəli Domrulun Antalya rəvayətində” olduğu kimi bu nağılda Əzrayıl ata-ananın canını almır.

“Qardaş məhəbbəti” rəvayətində isə Əzrayıl bir qadının yanına gəlib ya oğlunu, ya ərini, ya da qardaşının, üçündən birinin canını alacağını bildirir. “Oğ­lum ölər, beldən ollam, ərim ölər, eldən ollam. Qardaşım ölər, hardan allam?” – deyir. Qadın Əzrayıla yalvarır ki, qardaşına dəyməsin. Qadının bu sözünə görə Əzrayıl onların heç birinin canını almır (5 ,38). Bu mətndə Əzrayıl can əvəzinə can almır. Öldürəcəyi adamı seçməsini qadına həvalə edir. Qadın hansını seçsə, Əzrayıl onun canını alacaq. Əzrayıl mədəni şəkildə seçimi qadına həvalə edir. Sonda da can alma fikrindən daşınır.

Motivin sadaladığımız variant və versiyalarından da göründüyü kimi, can əvəzinə can vermə motivi özünün ilkin arxaik mifoloji semantikası çıxaraq, əzizlərin sınanması kimi bir ideya kəsb edir. Bu da motivin arxaik se­man­ti­ka­sı­nın necə dəyişdiyini və şəkilləndiyini göstərir. Yəni motiv müasir mətnlərdə əzizlərin sınanması kimi başa düşülə bilər. İlkin arxaik mifoloji ideya motivin adında gizli qalıb. Folklor örnəklərində ilişib qalmış qədim türk mifoloji inancı müasir folklor mətnlərində sınaq, imtahan ideyası daşıyır.

Dediyimiz “Allah mənim canımı alsın, saa dəyməsin” alqışı da arxaik türk mifoloji inancıdır. Canımızı fəda edib can qurtaracağımıza inanırıq. De­mə­li, çox kiçik bir alqışda çox böyük mifoloji ideya hələ də qorunub saxlanır. “Ba­şına dolanım”, “Qadanı alım” alqışları da bu qəbildəndir. Məqalə boyunca əcəl­dən qaçma motivinin ilkin şəkli, yəni arxeotipi ilə motivin Azərbaycan folk­lo­rundakı müasir dəyişmə və şəkillərini müqayisəli şəkildə nəzərdən keçirərək, il­kin arxaik mifoloji ideyanın Azərbaycan folklorundakı müxtəlif şəkildə va­riantlaşmalarını göstərməyə çalışdıq.
QAYNAQLAR

1. Azərbaycan mifoloji mətnləri. Bakı, Elm, 1988

2. Azərbaycan folklor külliyyatı. VI cild, Bakı, 2007

3. Azərbaycan folklor antologiyası . XVI kitab. Bakı, Səda, 2006

4. Azərbaycan folklor antologiyası. XVIII. Bakı, Səda, 2009

5. Azərbaycan folklor antologiyası . XII kitab. Bakı, Səda, 2005

6. Azərbaycan nağılları. V cilddə, Vcild, Bakı, “Şərq – Qərb” 2005

7. Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. Новосибирск, Наука, 1984

8.Анохин А. В. Материалы по шаманизму у алтайцев,  собранные во время путешесевий по Алтаю в 1910-1912 гг., по поручению Русского комитета для изучения Средней и Восточной Азии. Сборник Музей антропологии и этнографии АН СССР т. 4, вып. 2. Л., 1924

9. Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı, Elm və təhsil. 2013

10. Qarabağ: folklor da bir tarixdir. I kitab, Bakı, 2012

11. Qarabağ: folklor da bir tarixdir. II kitab, Bakı, 2012

12. Kitabi Dədə Qorqud Ensiklopediyası, Bakı, “Yeni nəşrlər evi”, 1999

13. Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı, Elm. 2006

14. Masallı folklor örnəkləri. I kitab. Bakı, 2013

15. Потанин Г. Н. Очерки Северо – Западной Монголии. Выпуск IV. С- П., 1883

16. Жирмунский В. М. Тюркский героический эпос. М., Наука. 1974

Lalə MAXSUDOVA

AMEA Folklor İnstitutunun dissertantı, e-mail: maqsudova@rambler.ru
İLKİN GÖRÜŞLƏRİ İFADƏ EDƏN MİFLƏRİN JANR SPESİFİKASI

(Şirvan folkloru əsasında)

Xülasə

Məqalədə xalq nəsrinə aid olan folklor janrlarından bəhs olunur. Xalq nəs­ri ilkin epik janrlardır ki, uzun müddət yaradıcı insanların əmək prosesində ya­ratdığı şifahi söz sənətidir. Eyni zamanda xalq nəsri ilə bağlı mübahisəli fi­kir­lər və polemika ortaya qoyulub. Janrla bağlı Şirvan folkloru əsasında xeyli təhlillər aparılmışdır.



Açar sözlər: Şirvan, mif, xalq, mühit, fikir, ilan, uşaq, qızıl
THE GENRE SPECIFICATION OF THE MYTHS DEALING

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin