Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,23 Mb.
səhifə9/14
tarix24.05.2018
ölçüsü1,23 Mb.
#51169
1   ...   6   7   8   9   10   11   12   13   14

WITH THE EARLY VIEWS

(On the base of Shirvan folklore) 

Summary

The article deals about the folklore genres belonging the folk publica­tions. Folk publications are the initial epic genres that people create in the labor process. At the same time disputable thought and polemical put out dealing with the folk publication. On the base of Shirvan folklore a lot of analyzes have been carried out dealing with the genre.

Key words: Shirvan, myth, people, medium, thought, snake, child, gold

ЖАНРОВАЯ СПЕЦИФИКА МИФОВ, ОТРАЖАЮЩИХ ПЕРВОБЫТНЫМ ВОЗЗРЕНИЯМИ

(На основе материалов Ширванского фольклора)

Резюме

В статье рассказывается о фольклорных жанрах, относящихся к на­род­ной прозе. Народная проза состоит из первичных эпических жанров, которые сформировались, на протяжении долгого трудового процесса человека. В то же время народная проза создает полемику и спорные вопросы в фольклористике. В статье анализируются многие проблемы связанные с народной прозой в Ширванской фольклорной среде.



Ключевые слова: Ширван, миф, народ, среда, мысль, змея, ребенок, золото
Folklor canlı ünsiyyət mübadiləsi əsasında formalaşıb meydana çıxır. Çünki insanların maddi-fiziki, ruhi-mənəvi tələbatları ünsiyyət ehtiyacı ya­ra­dır. Məhz ünsiyyət vasitəsilə qurulan münasibətlər də jest, mimika, rəqs, səs və nitq ünsürü əsasında folklorlaşma prosesini həyata keçirir. Fərdlərarası əla­qə­lənmə müxtəlif situasiyalarda müxtəlif mövzular yaratdıqca folklor örnəkləri ya­ranmağa başlayır. Fərd-fərd cilalanan bu nümunələr sonucda toplumların mə­də­ni-mənəvi dəyər­lə­rinə çevrilir. Lakin folklor bununla bitmir. Eyni zamanda maddi-mədəni sənət nümunələri də bu kütləvi prosesdə fəal iştirak edir. Etno­sun, yaxud etnos­ların inkişaf mərhələləri bu canlı dinamikada aydın izlənilə bi­lir. Fərdi yara­dıcılıqdan xalq yaradıcılığına doğru təşəkkül prosesi folklor janr­la­rı­­nın meydana gəlməsinə səbəb olur. İnsanların məqsədyönlü fəaliyyətləri müx­tə­lif janrlarda xalq ədəbiy­yatı nümunələrinin ortaya çıxmasını şərtləndirir. Mə­ra­sim­lərlə bağlı epik-lirik-dramatik örnəklər, xalq dramları, əmək nəğmələri, ata­lar sözü və məsəllər, tapma­calar, nağıllar, əfsanələr, lətifələr, bayatılar, xalq mahnıları, uşaq folkloru, aşıq yaradıcılığı, epos, dastan və bu kimi saysız-he­sab­sız folklor nümunələri ona görə janrlaşıb müxtəlif şəkillərdə aşkara çıxır ki, on­ların hər biri bir məqsədlə yaradılır. Təbiidir ki, layla ilə ağı, tapmaca ilə de­yiş­mə, nağıl ilə dastan, əfsanə ilə rəvayət və digər sayagəlməz nümunələr müəy­yən situasiyada müəyyən bir məqsədlə meydana gəldiyi üçün şəkil və məzmuna görə də fərqli olur. Məhz xalq ədəbiyyatı öz geriyədönməz mütəhərrikliyi ilə bu spesifik janrlar əsasında əsrdən-əsrə davam edib heyrətamiz əzəmətini qoruyub saxlayır.

Xalq ədəbiyyatının janrları ədəbi-nəzəri baxımdan məlum ədəbi növ­­lə­rə daxil olur. Belə ki, ədəbiyyatşünaslıqda bir qayda olaraq şifahi və yazılı ədə­­biyyat nümunələri əsasən lirik, epik, dramatik kimi ədəbi növlərə bölünür. Mə­­lumdur ki, nəsr əsərləri tipik olaraq epik və dramatik növdə, nəzm əsərləri isə lirik növdə, bəzi hallarda dramatik növdə olur. Nəzm ilə dramatik növdə ifadə tərzi seçmək yazılı ədəbiyyat üçün daha xarakterikdir. Elə bu baxımdan aydın olur ki, xalq nəsri anlayışı xalq ədəbiyyatında, folklorda epik növə aid olan janr­ları özündə ehtiva edir.

Adından göründüyü kimi, mövzumuz xalq nəsrinin regional xü­su­siy­yət­lə­ri, daha konkret olaraq, Şirvan folklor mühitində xalq nəsri olduğu üçün tədqiqat işimizin istiqaməti regional səviyyədə araşdırma tələb edir. Elə bu sə­bəbdən də biz xalq nəsrinin nəzəri-metodoloji əsaslarını deyil, Şirvan mü­hi­ti­nə uyğun spe­sifik cəhətlərini araşdırmağa ehtiyac hiss edirik. Təbiidir ki, bu ba­xış bu­ca­ğın­dan ilkin olaraq nəzəri cəlb edən spesifik cəhət Şirvan folklor mə­ka­nında ya­yıl­mış xalq nəsrinə mənsub janrların özünəməxsusluğudur. Əl­bət­tə, bü­tün hallarda bu janrların klassifikasiyası dəyişməz olaraq qalır, lakin lokal (məhəlli) və re­gio­nal (bölgə) xüsusiyyətlər janrlara birbaşa və ya dolayısı ilə tə­sir edir. Məkan, mühit və fərdi özəlliklər baxımından xalq nəsrinin janrlarında yaranan yeniliklər bu janrların yalnız regional cəhətdən deyil, həmçinin mil­li-etnik və dünyəvi (qlobal) cəhətdən kamilləşməsində rol oynayır. Xalq nəs­ri­nin Şirvan folklor mü­hitində janr xüsusiyyətlərinin araşdırılması bütün ja­nrlar üzrə özünü ən qa­barıq səviyyədə göstərməsə də, bir janrın digər janra nis­bətində müəyyən qədər diqqət çəkir. Elə bu baxımdan da janr xü­susiy­yətlərini digər bölgə, ölkə və s. ilə müqayisə əsasında tədqiqata cəlb edər­kən bütün janrlar haq­qında əhatəli şəkildə bəhs açmaq ehtiyacı hiss etmir (əlbəttə, bu, digər ja­nr­lardan bəhs açmamaq anlamına gəlmir), Şirvan folklor mühitində öz spe­si­fi­kası ilə seçilən janrlara daha çox diqqət çək­mək gə­rə­yi duyuruq. Çünki heç bir bölgə xalq nəsrinin bütün janrlarında bərabər sə­viyyədə folklor ör­nəkləri meydana qoymur. Bu həmin bölgənin öz spesifik quruluşundan irəli gəlir. Bölgə arealı, relyefi, ərazisi, əhalisi və s. kimi amil­lər folklor ör­nək­lə­rinin yaradılmasına birbaşa təsir etdiyi üçün hər bölgənin daha aktiv və daha passiv janrlar üzrə folklor nümunələri yaratdığı aşkara çıxır. O.Əliyev Şirvanda xalq nəsrinin epik nümunələrinin daha çox möv­cud olduğunu, bunların içərisində isə nağıl janrının ən geniş səviyyədə ya­yıldığını elə bu cəhətdən qeyd edir: “Onu da deyək ki, bu ərazidə lirik folklor örnəklərinə nisbətən epik folklor örnəkləri üstünlük təşkil edir. Xü­susən, nağıllar Şirvan folklor xəritəsində mühüm yer tutur”(1, 42).

H.İsmayılov və S.Qəniyev isə Şirvan folklor mühitində tapmaca ja­n­rı­nın digər janrlara nisbətən regional xüsusiyyətləri bir qədər zəif şəkildə daşıdığını qeyd edirlər: “Düzdür, bunlardakı regionallıq atalar sözlərində, ya­xud məsəl­lərdə olduğu qədər üzdə deyil, ancaq bununla bərabər bölgədən əldə edilmiş tapmacalar içərisində yerli təbiət, həyat şəraiti, məhəlli tə­sər­rü­fat formaları və s. ilə bağlı örnəklər vardır...”(2, 31).

Diqqət edildikdə aydın görünür ki, tədqiqatçı alimlər Şirvan böl­gə­sin­də yayılan janrlar arasında müqayisə aparır, atalar sözü və məsəllərin daha geniş səviyyədə regional janr xüsusiyyətlərini qeyd edirlər. Göründüyü kimi, O.Əli­yev, H.İsmayılov, S.Qəniyev bölgədə aktiv və passiv janrların mövcud olduğuna diqqət çəkir, lakin bu janrların hər birinin qismən də olsa, regional xüsusiyyət­lərə malik olduğunu da inkar etmirlər. Elə bu baxımdan da Şirvan folklor mühitində xalq nəsrinin janr spesifikasını araşdırarkən bu janrlara az və ya çox, aktiv və ya passiv, hər necə olursa olsun müəyyən yer ayır­maq, əhatəli və ya dar çevrədə, bu janrların özəlliklərini mətnin alt lay­la­rın­da belə araşdırıb üzə çıxarmaq ehtiyacı meydana gəlir. Bu cəhətdən də Şir­van folklor mühitini janr təsnifatı ilə araşdırmaya cəlb etmək lazım gəlir ki, hər janr üzrə xalq nəsrinin Şirvan folklor arealındakı özünəməxsusluğu aşkara çıxsın. Eyni zamanda xalq dünyagörüşünün ifadə səviyyəsi hər han­sısa bir janr əsasında özünü göstərir ki, janr xüsusiyyətlərini araşdırmaq elə regional spesifikanı bütünlüklə əhatə edir. Biz bu səbəbdən xalq nəsrinin re­gional xüsusiyyətlərini Şirvan nümunələri əsasında araşdırmaya cəlb edərkən janrların özünəməxsus cəhətlərini tədqiqat boyu izləməyə çalışmışıq.

Məlumdur ki, arxaik janr təsnifatı baxımından meydana çıxan mif və əsa­tirlər nəsr örnəyi kimi ilkin olaraq diqqət çəkir. Bu barədə A.Nəbiyev haqlı ola­raq yazır ki, “Xalq nəsrinin ilk nümunələrindən biri miflərdir” (3,284). Şirvan regionunun istər qədim, istərsə də müasir ərazi bölgüsü geniş məkan xə­ri­tə­sini meydana çıxarır. Təbiidir ki, bu ərazinin lokal səviyyələri ən qədim davranış stereotiplərini bu ərazilərdə yaşayan toplumların düşüncə kodunda daşlaşdırıb. Elə bu səbəbdən də təhkiyə üsulu kimi götürdüyümüz miflərin ayrıca janr kimi meydana çıxmasına ehtiyac yoxdur. Mif mifik xüsusiyyətləri özündə cəmləyən hər hansı bir davranış səviyyəsində ən müxtəlif janrlar içə­risində təzahür edib, yeni bir janr kimi diqqət çəkir. Təsadüfi deyil ki, mi­foloq alim S.Rzasoy tapmacalarda mifoloji düşüncənin mövcudluğundan bəhs edərkən tapmacada miflərin araşdırılması qənaətini də ortaya qoyur: “Tap­ma­ca­larda kosmoloji çağın etnosunun əhatə etmədiyi dünya sahəsi qalmır” (4,163).

Şirvan folklor mühitində miflərin araşdırılması çox vacibdir. Çün­ki, bir çox tədqiqatçıların qeyd etdiyi kimi, bu zəngin ərazinin folk­lor mühiti gərəyincə öyrənilməmişdir (2,13,23;5,151,163;6,9;7,9; 8,4). Xüsusilə, nəzərə alsaq ki, mif qədim dünyanın təhkiyə tipi sayılır (9,64) və mifin öyrənilməsi daha da gərəkli olur.

Onu da qeyd edək ki, qədim tarixi olan ərazilərdə mifik təsəvvürlərin möv­cudluğu və bunun ifadə səviyyəsi kimi mif mətnlərinin yaddaşlarda daşın­ması daha müasir ərazilərə nisbətən daha asanlıqla bərpa olunub aş­ka­ra çıxa bilər.

Bunun üçün həm açıq mətnlərin – təhkiyə forması üzərində qurulan mif hekayətlərinin, həm də, yuxarıda diqqət çəkdiyimiz kimi, digər janrların ifadə səviyyəsində mövcud olmasa da, müxtəlif lay səviyyəsində bu istiqamətdə araşdırmaya cəlb olunmasına böyük ehtiyac vardır.

Şirvan folklor məkanında miflərin təhkiyə forması kimi spesifik şə­kil­də öyrə­nilməsi baxımından məqsədyönlü olaraq bir neçə mif he­ka­yə­ti­ni və on­ların digər regionlarda nisbətən fərqli şəkillərinə diqqət çəkək. Azərbaycan Folklor Antolo­gi­yasının (Şirvan folkloru) XI cildində nəşr edilmiş “İlan sədaqəti-ilan xəyanəti” adlı bir mif mətnini nəzərdən keçirək. Bu mifin qısa məzmunu belədir: “İman kişi arıçılıqla məşğul olurdu. O, gündə şərbət dü­zəldir və camda arı pətəklərinin qarşısına qoyurdu. Bir gün şərbət camının birinin içində qızıl onluq gördü. Üç gün keçəndən sonra bu iş yenə təkrar olundu. İman kişi arı pətəklərini gözətləyib gördü ki, bir bö­yük sarı ilan gəlib camın birindəki şərbəti içdi və bir qızıl onluq qoyub getdi. Nəhayət, İman kişi müəyyən etdi ki, üç gün bitib dördüncü günə ke­çəndə həmin ilan gə­lib şərbəti içir və qızıl onluq qoyub gedir. Bu min­val­la kişi xeyli qızıl on­luq yığır. Bir gün İman kişi xəstələnir, oğlu Tanrı­ver­dini yanına ça­ğırıb əh­valatı ona danışır və onunla birlikdə gedir. Tanrı­ver­di də bunun doğru ol­­duğunu və nə etmək lazım gəldiyini öyrənir. İman ki­şi dünyadan köçəndə oğ­lu­na vəsiyyət edir ki, arıçılığı atmasın, çünki çörəyi arıçılıqdan çıxacaq, onu sadə şəkildə dəfn etsin, bir də kənd koxasından uzaq dursun. O, və­siy­yət-nəsihət edib dünyadan köçür. Tanrıverdi kənd ko­xasının qızını sevirdi, buna görə də ata­sının vəsiyyətini unudub məsələni acgöz Koxaya açır. Ko­xanın qızı ilə evlənən Tanrıverdi ilan üçün şərbət düzəldib qızıl götürmək işini də Koxaya həvalə edir. Çünki Koxanın qızı özünə bənzəmir və qı­zıl­dan imtina edib insan kimi yaşa­mağa üstünlük ve­rir. Koxa isə bir neçə dəfə ilana şərbət verdikdən sonra tamah ona güc gə­lir və ilanın yuvasını dağıdıb bütün xəzinəni birdən əldə etmək istə­yir. İlan isə Koxanın külüngü ilə yaralandığı üçün onu çalıb öldürür. Kənd adam­ları Koxanı nə qədər xi­las etməyə çalışsalar da ilanlar Koxanın bədəninə daraşır. Sonra ilanlar kəndə yayılmağa başlayır. Bir müdrik qoca nəsihət edir ki, hamı kənddən köçüb getsin. Çünki bu kəndin altında ilanlar məm­ləkəti var. Yəqin ki, Ko­xanın yaraladığı ilan da ilanlar padişahı imiş. Ona görə də ilanlar onlardan əl çəkməyəcək. Bütün kənd koxaya lənət oxuya-oxuya öz ev-eşiklərini tərk edir” (2, 114-119).

Əlbəttə, bu mətnin semantik-mifoloji təhlili ayrıca bir tədqiqat işi tə­ləb edir. Bu səbəbdən Azərbaycan klassik ədəbiyyatı kitabxanasının 20-ci cild­liyinə daxil edilmiş “Xalq ədəbiyyatı” adlanan I - cilddə “Miflər-əsa­tirlər” baş­lığı altında eyni variantda bir mif mətnini gözdən keçirək. Öncə onu qeyd edək ki, yuxarıda diqqət çəkdiyimiz mətn aşağıda təqdim edə­cə­yimiz mətn­lə eyni motivli olsa da Şirvan folklor toplusunda bu mətn tə­əs­süf ki, “Əf­sanələr və rəvayətlər” başlığı altında verilmişdir (2, 438). Əlbəttə, biz mifin əfsanə janrında mövcud­luğunun gərəksizliyini ortaya qoymuruq. Yuxarıda da qeyd etdiyimiz kimi, mif konkret janr olmadığı üçün əksər janrlarda daşına bilir. Lakin miflərin təhkiyə kimi aydın göründüyü janrlardan mifləri alıb “Miflər və əsatirlər” başlığı altında yerləşdirməyin tə­rəfdarı olduğumuza diqqət çəkirik.

İkinci mətnin qısa məzmunu belədir: “Qaraçux kəndində bir kişi ya­şa­yır­dı. Bu kişi bir bərə düzəldib camaatı Arazın o tayına, bu tayına keçirib çörək pulu qazanırdı. Bir gün gecə yarısı bu kişinin qapısı bərk döyülür. Kişi qa­pını açdıqda qapı ağzında bir yekə ilanın durduğunu görür. Kişi qorxub qa­pını örtür. Qapı yenə döyülür. O, qapını açıb görür ki, ilan onun ardınca gəlməsi üçün kişiyə işa­rət edir. Kişi fikirləşir ki, burada nəsə bir iş var. Dinməz-söyləməz durub düşür ilanın arxasınca. Gethaget gəlib çıxırlar Ara­zın qırağına. Kişi baxır ki, bunun bə­rəsinin üstündə o qədər ilan var ki, ayaq qoymağa yer yoxdur. İlanlar kişiyə bir təhər yer eləyir. O da bərəni Arazın o tayına sürür. Qırağa çatanda ilanların ha­mı­sı bərədən düşüb gedir. Bu əhvalatdan bir neçə gün keçir. Bir səhər kişi qa­pıdakı səs-küyə ayılıb görür ki, qapıda bir neçə dəvə durub. Üstləri də ilan­larla doludur. İlan­lar­dan birinin quyruğu yoxdu, birinin başı qanlıdı, birinin bədəni yaralıdı. Bir sözlə, çoxu əzilib, yaralanıb. Kişi anlayır ki, ilanlar davadan gəlir. Kişini görəndə ilanlar bir-bir sürüşüb dəvələrin belindən yerə düşürlər. Onlar ki­şi­nin qabağına gəlib yerə tüpürürlər. Kişi baxır ki, hər ilanın ağzından bir qızıl düşür. Çox keçmir ki, yekə bir qızıl qalağı yığılır. Sonra ilanlar tə­zə­dən dəvə­lə­rin belinə dırmaşıb dəvələrlə birlikdə çıxıb gedirlər. Qızıllar da kişiyə qalır” (10,20). Qeyd edək ki, bu mif örnəyi Naxçıvan şəhərində əldə olunmuşdur (10,49).

Qarşımızdakı bu iki nümunəni müqayisə edərkən aydın görürük ki, eyni mif motivinə (“İlanların qızıl gətirməsi”) söykənsə də miflərin regional özünəməxsusluğu qabarıq şəkildə diqqət çəkir. Belə ki, Şirvan nümunəsində mif ictimai-sosial mövzu ilə kontaminasiya edilib. Yəni mif mətnin içində bir mətn kimi diqqət çəkir. Belə ki, kənd əhalisinin yoxsulluğu bu zəmində Koxanın varlılığı və acgözlüyü, eyni zamanda xalq dilinin geniş imkanları vasitəsilə ifadə olunur, ictimai satiranın bariz nümunəsi kimi diqqət çəkir. Tanrıverdi atasının vəsiyyətinə əməl etməyib qızıl gücünə ona təm-təraqlı yas mərasimi düzəltdikdə kənd Koxası öz-özünə deyir: “Mən Koxa ola-ola elə bir süfrə düzəldə bilmirəm. Bəs ağzından süd iyi gələn bu uşağın varı haradandır? Atası da kim idi, üç-dörd arı pətəyi olan İman kişi”(2,115).

Başqa bir yerdə xalqın hüquqlarının tapdalanması, ictimai bərabər­siz­li­yin bir kənd timsalında xalq dilində yer alması bu şəkildə ifadə olunur “Koxa yalançı olduğu qədər bic, fırıldaqçı və çox tamahkar bir insan idi. Nəfsinin qədəri-qəsəmi yox idi. Var-dövlətdən gözü doymazdı. Caamatla rəf­tarı da o qədər yaxşı deyildi.”(2,114)

Bu misalların sayını bir qədər də artırmaq olar. Göründüyü kimi, Şirvan Folklor məkanında miflər də dövrün çağdaş nəsrinin içərisinə daxil olur, lakin mif xüsusiyyətlərini qoruyub saxlayır. Motiv spesifikasına uyğun şəkildə varia­tiv mif nümunəsi kimi diqqət çəkir. Bu düşüncə tərzi Şirvan folklor mühitində yalnız xalq nəsrinin deyil, həmçinin digər janrlarda olan nəzm nümunələrinin də payına düşür ki, bu da Şirvan regionunun özünə­məx­susluğundan irəli gəlir. Yuxarıda qeyd etdiyimiz Naxçıvan şəhərindən top­lanmış mifin də öz regional özəlliyi vardır. Mətndə birinci diqqət çəkən məsələ Araz çayı kənarında yaşayıb dolanışığını çıxaran bir kişinin məhz Araz çayından istifadə etməsidir.

Əgər bu mətn Naxçıvan ərazisindən deyil, Şirvan ərazisindən alınmış olsa idi, o zaman bu çay Araz çayı deyil, Kür çayı olacaqdı. Məkanın folk­lor psixolo­giyasına, düşüncə tərzinə və deyiliş üslubuna birmənalı şə­kil­də təsiri bu mətndə üzə çıxır. Eyni zamanda ilanların dəvə üstündə gəlişi də Naxçıvan mühitinin etnoqrafik səciyyəsi olaraq diqqət çəkir. Ancaq ən əsas məsələ isə bu miflər ara­sındakı motiv yaxınlığı və fərqli mif görüşüdür. Naxçıvanda toplanmış bu ör­nək­də ilanın müsbət funksiyası diqqət çəkir. Şir­van nümunəsində isə ilanın müsbət funksiyası ilə yanaşı dağıdıcı funksiyası da nəzərdən qaçmır. İlan əhdə vəfa edib içdiyi şərbətə görə qızıl gətirirsə də, yaralandığı zaman da yalnız ona zərər vuranla kifayətlənmir, bütün kəndi qovub ev-eşiyindən didərgin salır. Əlbəttə, bu heç də Şirvan mifində tə­sa­dü­fi səciyyə daşımır. İlanın mifoloji areal­da yeri kosmoloji baxımdan xto­nik­dir. Elə bu səbəbdən də bədii ifadə səviy­yəsində onun dağıdıcılıq funk­si­ya­sı mətndə diqqət çəkir. Mifoloq alim R.Əliyev bu barədə daha əhatəli araş­dırma apararaq yazır: “İlk dəfə ilan məzmunu təfəkkürdə yarananda o, əv­vəlcə xtonik məzmun daşıyıb. Xtonik ilandan sonra səma ilanı məfhumu formalaşıb. Su ilə bağlı ilan hər iki tipin aralığında yerləşən, daha doğrusu təfəkkürdə formalaşan tipdir” (11,144-145).

Bu mifoloji baxış bucağından baxdıqda biz Şirvan örnəyində təsvir olunan ilan(lar)ın xtonik olduğunu, Naxçıvan örnəyində olan ilanların isə su ilə bağlı olduğunu görürük. İlanlar Araz çayı üzərindən keçməklə su ilə bağ­lılıqlarını göstərir (10,20). Demək, Şirvan mifinin Naxçıvan mifinə nis­bətən daha qədim olması mifoloq alim tərəfindən öz təsdiqini tapır. Əl­bət­tə, biz Naxçıvanda toplanan miflərdə də eyni mövzu ilə rastlaşa bilərik və rast­la­şırıq. Bu da ondan irəli gəlir ki, Naxçıvan ərazisi də qədim ərazilərdən bir­i­dir. İstər Şirvanda, istərsə də Naxçıvanda toplanan mifoloji mətnlər mü­a­sir ərazilərlə nisbətdə təbiidir ki, mif strukturuna uyğun gələn ən ilkin tə­səv­vür­lərlə bağlı arxetipləri özündə daşıyır. Lakin onu da qeyd edək ki, folklor­şü­nas­lığımızda bu sahədə Naxçıvan ərazisi ilə müqayisədə Şirvanda görülən işlər çox zəif və yetərsizdir. Şirvan ərazisində miflər yetərincə toplanmamış və öyrənilməmişdir. Əlbəttə, bu da hər birimizin, xüsusilə də folklor ör­nək­lə­ri araşdırıcılarının və toplayıcılarının təxirəsalınmaz borcudur.

Əlimizdəki “Şirvan folkloru”nun “Atlar” başlıqlı nümunəsi də əslində tam olaraq əfsanə, yaxud rəvayət deyil, mif olması qənaətini verir. Əlbəttə, qeyd etdiyimiz kimi, mif təhkiyəsi konkret janr olmadığı üçün əfsanə və digər janrlar arasında da özünə yer alır. “Atlar”mifinin qısa məzmunu be­lədir: “Bir dövlətli kişinin bir kasıb qonşusu var idi. Bu kasıbın atı ölür, o da varlı qonşusundan cütə qoşmağa bir at istəyir. Qonşu deyir ki, ilxım sənə qurbandır, get ilanlı dağa, ilxım orda otlayır. Bir at tut gətir. Qonşu razılıq edib gedir, bir at tutub gətirir. Xəsis varlı qonşu atı görüb deyir ki, bunu burax, get ayrısını gətir, bunun sancısı var. Kasıb yenə dağa qayıdır. İkinci atı gətirir. Xəsis eyni qaydada ikincini də gözdən salıb deyir ki, bu mad­yan ilkinə boğazdır, get, ayrısını gətir! Belə-belə kasıb bir ay müddətində nə at gətirirsə, varlı qonşu atı qaytarıb başqasını gətirməyi söyləyir. Be­lə­liklə, cüt qoşub əkin əkmək vaxtı sovuşur, kişi ac qalır. Bundan iki gün sonra varlı qonşu öz ilxısına baş çəkməyə gedir. Ancaq oraya çatanda gö­rür ki, atların hamısı dönüb daş olub”(2, 71-72).

İlkin olaraq onu qeyd edək ki, bu mətn də yuxarıda göstərdiyimiz kimi ifadə səviyyəsində ictimai-sosial məzmun kəsb edir, ikili qarşıdurma kimi sosial kontekstdə diqqət çəkir. Eyni zamanda Şirvan ərazisinə bağlı olan əkinçilik-təsərrüfatçılıq mətndə özünəməxsus şəkildə özünü göstərir. Əvvəldə göstərdiyi­miz kimi məkan işarəsi mətn strukturunda əhəmiyyətli rol oynayır. Lakin bu örnəkdə atların daşa dönməsi varlı xəsis qonşunun cə­za­lanması ilə bərabər mifoloji struktura söykənir. Elə bu baxımdan bu nü­mu­nə də mif olaraq diqqət çəkir. Daşa dönmə mifoloji kompleksə aid olan motiv kimi bir çox əfsanə, rə­vayət, nağıl, inam və sınamalarda diqqət çəkir. Ən qədim təsəvvürlərdən bugü­nə qədər daşa çevrilmə anlayışı ilə bağlı bir çox şifahi və yazılı mətnlər mövcud­dur. Lakin daşa dönmə qavramanın mifik sferaya daxil olan anlayış kimi izahı mövzumuz gərəyincə vacibdir. Daşa dönmə motivinin əfsanələrdə yer alması tə­biidir ki, təsadüfi olaraq meydana çıxmır. Etnosun göz açıb gördüyü, məkan area­lı, təbiət ünsürləri, flora və fauna çevrəsi, relyef və digər georeallıqlar dü­şün­cə hadisəsinə, dil faktoruna, əqli-fiziki-psixoloji durumuna təsir edir. Məhz bu müxtəlif şaxəli bilgi yığını ifadə səviyyəsində müəyyən təhkiyyə elementləri kimi təzahür edib bədii-lirik-epik örnəklərə çevrilir. Əski mifoloji görüşlər çağ­daş real­lıq­larla birləşib müəyyən folklor nümunələri meydana çıxarır. Belə ki, bu nü­munələrdə həm mifoloji baxışlar sistemi, həmçinin müasir-ənənəvi görüş­lər bir-biri ilə çulğalaşmış şəkildə yaddaşlardan yaddaşlara ötürülür. Bir daş, bir qaya, bir qala və s. kimi mövcud məkan ərazisində olan maddi-mədəni abidələr xalq təfəkküründə etnotarixi bilgilərin müxtəlif şəkillərdə daşın­ma­sına səbəb olur, bu yerlər haqqında miflər, əfsanələr, rəvayətlər, nağıllar və s.nin yaranması üçün əsas verir. Elə bu səbəbdən də bu folklor mətnləri təd­qi­qa­ta cəlb edilərkən müxtəlif laylar səviyyəsində oxunub aşkarlanma tələb edir. Yu­xarıda göstərdiyi­miz atlarla bağlı əfsanə həm bu ərazidə daşların atlara bən­zər­liyindən doğursa, bu səbəbdən bir əfsanə nümunəsi yaranırsa, bu əfsanədə eyni zamanda ictimai-sosial kontekst məzmun quruluşuna daxil olursa, digər tə­rə­f­dən də bu laylar səviyyəsindən daha dərin səviyyədə mifoloji görüşlər iştirak etməyə başlayır.

M.Cəfərli Naxçıvan folklor mətnlərinin mifoloji görüşlərlə bu spe­sifi­kadan doğan bağlılığı haqqında maraqlı fikirlər söyləmişdir: “Bunlar izah­edi­ci mətnlər olmaqla ən əski kosmoqonik təsəvvürlərlə bağlıdır. Onların araş­dı­rılması ilkin kosmoqonik təsəvvürlər ortaya qoymuş olur” (12,389).


QAYNAQLAR

1. P.Əfəndiyev. Azərbaycan folklorşünaslığının problemləri. Bakı, Elm və Təhsil, 2010

2. AFA, XI, Şirvan folkloru. Toplayıb tərtib edənlər H.İsmayılov, S.Qəniyev. Bakı, Səda, 2003

3. A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Çıraq, 2009

4. S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004

5. B.Abdulla. Haqqın səsi. Bakı, Azərnəşr, 1984

6. S.Rzasoy. Oğuz mifi və atalar sözləri. “Dədə Qorqud” jurnalı. 2005

7. Q.Sayılov. Azərbaycanda Novruz. Bakı, Çıraq, 2012

8. E.Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, Elm, 1998

9. R.Əliyev. Mif və folklor: genezisi və poetikası. Bakı, Elm, 2005

10. AFA, I, Naxçıvan folkloru. Tərtibçilər: T.Fərzəliyev, M.Qasımlı. Bakı, Sabah, 1994

11. Q.Sayılov. XX əsr Şirvan aşıqları. Bakı, Araz, 2007

12. M.Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, Elm, 2000

Gülnar OSMANOVA

AMEA Folklor İnstitutu, elmi işçi,

gulnar_osmanova@list.ru
AĞ QOÇ, QARA QOÇ”: MİFOLOJI YADDAŞ VƏ BU GÜN
Xülasə

Məqalədə çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq ya­zıçısı Anarın “Ağ qoç, qara qoç” əsərinin mifoloji mənbəyi araşdırılır. Xalq ədə­biyyatı nümunəsi olan “Məlikməmmədin nağılı” ilə müqayisələr aparılır. Həm­çinin əsərdəki ağ və qara rənglərin simvolikası, bu rənglərin özündə da­şı­dı­ğı mifoloji semantika izah edilir.



Açar sözlər: Anar, nəsr, mifoloji motiv, nağıl, rəng simvolikası
AG GOCH, GARA GOCH”: MYTHOLOGICAL MEMORY AND TODAY

Summary

In the article the mythological source of the novel “Ag goch, gara goch” by a well-known representative of the contemporary Azerbaijan literature, folk writer Anar is investigated. The work is compared with "The tale of Malik­mammad" as an example of folk literature. Symbolism of white and black co­lours and the mythological semantics which carries itself in the colours are also explained in the novel.



Key words: Anar, prose, mythological motive, tale, colour symbolism
«АГ КОЧ, КАРА КОЧ»: МИФОЛОГИЧЕСКАЯ ПАМЯТЬ

И СЕГОДНЯ

Резюме

В статье рассматривается мифологический источник произведения вид­ного представителя современной Азербайджанской литературы, на­родного писателя Анара «Аг коч, кара коч» («Белый баран, черный ба­ран»). Данное произведение сравнивается со «Сказкой Маликмамеда», представляющее собой образец народной литературы. В настоящей статье также дается толкование символики и мифологической семантики белого и черного цветов в произведении.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin