Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,66 Mb.
səhifə1/28
tarix22.10.2017
ölçüsü2,66 Mb.
#9374
  1   2   3   4   5   6   7   8   9   ...   28


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR

III KİTAB
(Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri)


BAKI – 2012

Qarabağ folklorunun toplanması,



sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.


LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)


TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Mətanət ABBASOVA


NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ


Qarabağ: folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012.
İSBN – 9-789952-810875
А 4603000000 Qrifli няшр

Í-098-2012

© Folklor İnstitutu, 2012

TƏRTİBÇİDƏN
Bu kitab AMEA Folklor İnstitutunun “Qarabağ folklorunun top­­lan­ması, sistemləşdiril­məsi və araşdırılması” adlı layihə çərçivə­sində oxuculara təqdim etdiyi üçüncü kitabdır. İlk kitabda olduğu kimi, bu cildə də, əsasən, işğal olunmuş ərazilərdən (Ağdam, Cəb­ra­yıl, Zəngilan, La­çın, Şuşa, Füzuli və Kəl­bə­cər rayonlarından) toplan­mış folk­lor nümunələri daxil edilmişdir.

Qeydə alınmış folklor örnəkləri bir daha göstərir ki, doğma tor­paq­lardan didərgin düşmək yalnız insanların məişətində deyil, həm də bu bölgənin folklorunda, şivəsində müəyyən dəyişmələrə səbəb ol­muş­dur. Məsələn, Şəki­də məskunlaşmış Cəbrayıl rayon sakini Alı İba­dovun söylədiyi mətn­lərdə Şəki üçün xarakterik o-u əvəzlənmə­sinə, söz son­la­rında şə­­kil­çilərin qalınlaşmasına (məsələn, görüşax, get­mağ, neyli­yax), Saat­lı rayonun­da məskunlaşmış Laçın rayon sa­ki­nindən qey­də alınmış mətnlərdə Saatlı şivəsinə aid səs dəyişmə­lərinə, söz və ifadə­lərə (məsələn, nəşə (niyə), mıyi (bunu) və s.) rast gəlmək olur. Doğ­­rudur, Qarabağ sakin­lə­rinin kompakt yaşadığı əra­zilərdə (məsə­lən, qaçqın şəhərcik­lərin­də) bu hal o qədər də müşahidə olun­mur, amma onların pərakəndə, dağınıq halda yaşa­dığı bölgələrdə yerli sakinlərin təsiri özünü açıq-aşkar göstərir. Məskunlaşdıqları mühitin təsiri ilə nəinki bu insanların şivəsi, eyni zamanda onların repertuarı da dəyişməyə məruz qal­mış­dır. Məsələn, Cəbrayıl rayon sakinindən Nadir şahın Şəkiyə hücumu ilə bağlı rəvayət qeydə alın­mışdır. Təbii ki, Cəb­rayıl üçün xarakterik olmayan bu rəvayəti hə­min söy­lə­­yici Şəkidə məskunlaş­dıqdan son­ra eşitmişdir.

Bu kimi faktlardan çıxış edərək deyə bilərik ki, bir neçə ildən sonra mühitin təsiri ilə köçkünlərin repertuarı, dialekt və şivəsində daha ciddi dəyişikliklərin olacağı qaçılmazdır. Nə qədər ki bu insan­ların repertuarı, dialekt və şivəsi ciddi dəyi­şik­liyə uğramayıb, onlar­dan Qarabağ folklorunu toplayıb sistemləş­dir­mək lazımdır.

Topluya daxil edilmiş materialların böyük əksəriyyəti 2012-ci ildə Ağdam, Füzuli, Tərtər, Cəlilabad rayonlarına, eləcə də Bakı şə­hə­rin­də, İmişli, Saatlı rayonlarında məcburi köçkünlərin yaşadıqları qaçqın düşər­gə­lərinə folklor ezamiyyələri zamanı toplanmışdır. Əvvəlki toplular­da olduğu kimi, bu topluda da mətnləri söyləyicinin dil və üslubuna toxunmadan, şifahi nitqin sintaksisini gözləməklə oxuculara təqdim edirik. Onu da qeyd edək ki, çap olunmuş mətnlər, əslində, qeydə alın­mış nümunələrin bir hissəsini təşkil edir. Biz qey­də alınmış nümu­nələr arasından seçib daha keyfiyyətli və sanballı olanları toplu­lara daxil etmişik, çap olun­mayan nümunələr isə Folk­lor İnsti­tu­tunun arxivinə təhvil verilmişdir.

Layihə əsasında işıq üzü görən bu toplularda 125 mifoloji mətn, 346 əfsanə və rəvayət, 180-dən artıq nağıl, 170 lətifə, 400-dən artıq ata­lar sözü, 1000-ə yaxın bayatı, həmçinin laylalar, oxşa­ma­­lar, düz­gü­lər və uşaq folkloruna aid digər nümunələr çap olunub oxuculara təq­dim edilmişdir. Toplama işi nəticəsində indiyə qədər Azərbay­can­da qey­də alınmamış 20-yə yaxın nağıl süjeti aşkar edil­mişdir. Ha­cı Qa­raman, Hacı Qasım Çələbi, Alı Çələbi, Seyid Niga­ri, Seyid Həsən ağa, Seyid Füqəra, Seyid Məhəmməd ağa və b. şəx­siyyətlər haqqında, elə­cə də Qarabağdakı müxtəlif yer adları barədə onlarla rə­vayət və əf­sanə də ilk dəfə işıq üzü görən nümunələrdir. Top­la­ma işi nəticəsində Mol­la Lətif, Soltan bəy, Hacı Şirin, Bic Qən­bər kimi yeni-yeni per­so­najlar aşkar edilmişdir. Bu layihə çər­çivə­sində Bəhlul Danən­də haq­qın­da 24, Abdal Qasım haqqında 18, Kəlniyyət haq­qın­da 1 mətn təd­qiqatçılara təqdim olunur ki, bir çox digər nümunələr kimi bu mətn­lə­rin də bir qismi yeni süjetlərdir. Yeni mətnlər Bəhlul Danəndə, Kəl­niy­yət, Ab­dal Qa­sım haqqında tə­səvvürümüzü dolğunlaşdırmaqla ya­na­şı, həmin personaj­ların daha ətraflı öyrənil­məsinə yaxından kömək edir.

Qarabağ kimi geniş bir ərazinin folklorunu qısa müddətdə top­lamaq və bölgəyə daxil olan bütün rayonları bu baxımdan əhatə et­mək qeyri-mümkündür. Toplulara diqqət yetirsək, aydın olar ki, Ağ­dam, Cəbrayıl, Ağcabədi, Bərdə, Qubadlı, Zəngilan rayonları bu kitablarda daha geniş materialla, digər rayonlar isə ya az sayda ma­terialla təmsil olunmuş, ya da ümumiyyətlə, həmin rayonlara eza­miy­yələr təşkil edib toplama işi aparmaq hələ ki mümkün olma­mışdır. Bu, bir daha göstərir ki, Qarabağ folklorunun toplanması bir ilin işi deyildir. Heç şübhəsiz, bu iş davamlı olmalı, Qarabağın bü­tün rayonlarına və məcburi köçkünlərin məskunlaşdığı bütün mən­təqələrə ardıcıl ezamiyyələr təşkil etməklə bütövlükdə bölgəni əha­tə edə biləsi yeni-yeni toplular ortaya qoyulmalıdır.



I

MİFOLOJİ MДTNLДR, ДFSANД

VД RДVAYДTLДR
1. İNSANIN YARANMASI
Allah bəndəni yaratmağ isdiyirmiş. Onun özünün neçə dənə mələyi varmış. O mələklərdən hangisini göndərifsə yerdən torpağ gə­tir, torpağ qışqırıf. Heş biri gətirə bilmiyif. Yenəndə torpağ elə vahimə çıxardıf ki, məni götürmə. Axırda bu mələklərin heş biri ya­rıt­mır, Allah Azreyili çağırır. Deyir ki, get torpaxdan bir az götür gəl.

Deyir:


– Qurban olum, axı bir belə mələklər gedib torpaxdan götürə bil­mi­yif. Torpax vahimə çıxardır ki, mənnən götürməyin, yarala­ma­yın məni.

Torpax da özü bir cannıdı. Axırı Allah-tala əmr eliyir ki, mən saa deyirəm, get götür gəl. Azreyil yenir torpağın üsdünə. Torpax va­himəsini qaldırır, çığırır, bağırır:

– Yox, maa toxunma, məni yaralama.

Deyir:


– Ə, sənnən aparıramsa, saa qayıdacağ.

Onçun görürsən, deyir, insan torpaxdan yaranıf, torpağa da qismət olacağ. Get indi yüz illik, min illik qəbri aç, gör orda bir şey qalıb? Torpağ oluf, çıxıf gedif. Onnan sora torpax rahatçılıx tapıf. Deyif ki, əgər maa qayıdacaxsa, olar.


2. QARAÇUXA
I mətn

Bir tanış var idi. Bir günnəri gəldi maa dedi ki, ay Musa, səə bir söz deyim. Dedim ki, deginən. Dedi:

– Filankəsin qoyununa oğurruğa gedirəm. Ayə, bu kopoğlu yat­mır. Nə vaxt gedirəmsə, qoyunun qırağında palto çiynində dik duruf.

Dedim:


– Ə, lap beş gejə dursun. Nə qədər oyax qalajax ki, kəlləsini qoyuf yatajax da.

Çox getdi gəldi. Dedi ki, qoyunun hansı kəlləsinə fırranıram, orda duruf. Bax, beləjə söykənif ağaja, duruf orda, palto da çiy­nində. Dedim ki, bilirsən nə var? – Dağ yerində qoyun duz ye­yən­di. Qoyuna duz verməsən dağ yerində qoyun qalmaz. Belə daş duz olur. Onu deşirdih, ipi bağlıyıf dağdan yumbalıyırdıx, gedif dü­şür­dü qoyunun içinə. O baş-bu baş çəkirdih, qoyun onun dalınca gə­lirdi, götürüf gedirdih. – Dedim:

– Duzu apar, qoyunu allat çıxart.

Üş-dörd günnən sora soruşdum ki, noldu? Dedi ki, qoyun duza gələn kimi gəlif qoyunu qaytarır geri, imkan vermir. Bir ay heylə çalışdı. Dedi:

– Ə, bu yatmır.

Bunu bir ay izdədim. Bu yazıx səhər tezdən ağacı götürüf ge­dir qoyuna, axşam gəlir, səhəri dik açır. Belə şey olmaz. Bunu evdə anama sual verdim. Dedim ki, ana, insan neçə gün yatmaz?

Dedi:

– Uzağı bir gün, iki gün. Saa noluf ki, kim nə deyir?



Dedim ki, filankəs yatmır ey. Gündüz qoyunu otarır, gejə dik durur qoyunun qırağında.

Dedi:


– Bala, o özü döyül, onun qaraçuxası qoyunun qırağında durur, varını gözdüyür. O vara yaxın getmək günahdı. O kişinin halal malıdı.

Dedim:


– Nətər halal malıdı?

Dedi:


– Oğurrux olsa, o kişinin malının içində bir dənə haram olsa, qaraçuxası dik durmaz. O kişinin halal malı olduğuna görə qara­çu­xası dik duruf böyründə. Ona əl uzatmax özü günahdı.
II mətn

Hər evin bir qaraçuxası olar. Ya atada olur, ya anada olur, ya nənədə olur, ya qardaşda, ya bacıda. Onun kimdə olduğunu heş vaxt müəyyənnəşdirmək olmur. Əgər o evdə qaraçuxa məhv olsa, demək oranı kin-küdurət basar, azar-bezar olar, urzu gödələr. Bax, onda deyəllər filankəsin qaraçuxası yatdı. Hamıda ola bilməz, bi­ri­nin üsdündə gəzir o qaraçuxa. Aylədə yeddi-səkgiz adam olsun, onun birinin üsdündədi o qaraçuxa. O idarə eliyir. Görürsən, deyil­lər filankəs yaman tezdənnən durur, saat beşdə-altıda durur. Onu qaraçuxa durğuzur ey.


3. FATMA ANANIN HANASI
Fatma ana hana qurub, hana toxuyurmuş. Hana toxuyan vaxtı yağış yağıfdı. Yağış yağanda, axı hana qalıb orda – yağışın qaba­ğın­da. Elə deyiblər ki, aya, Fatma ananın hanası qaldı yağışın qaba­ğında, Fatma ananın hanası qaldı yağışın qabağında. O da üç rəng­miş: yaşılmış, qırmızıymış, bir də ağ imiş. – Elə bizim bayra­ğı­mızın da bir suyumu ona oxşuyur e. – Elə o vaxdan göy qurşağına Fatma ananın hanası deyillər.
4. QURD DONUNA GİRƏN QADIN
I mətn

Bir arvadın üç balası və bir əri varıymış. Bı durur günüzdən xəmir qatır. Bunun xəmiri çoxlu gəlir. Hə... Axşam düşür, bının vax­dı olmur xəmiri bişirməyə. Xəmir qalır. Gecə bı arvad durur, aydın­nığa* suya girir. Suya girəndə Allah tərəfinnən bının boğazına cana­var xəltəsi keçir. Bı gedir qoşulur canavarrara. Əri ha gözdü­yür, ha gözdüyür, bı gəlib çıxmır. Bının adı da Zəhra olur. Çıxır deyir:

– Ay Zəhra, xəmir pırt-pırt.

Əri deyir ki, ay Allah, görəsən bı haana getdi? Birdən bı görür ki, uzaxda bir xeyləğ canavar ulaşır. Görür ki, arvadı da gedib qoşulub canavarrara, gedir meşiyə. Deyir:

– Ay Allah, sənə qurban olum, belə möcüzəmi olar? Bının nə günahı var idi ki, bı günə qaldı.

Bı minvalla Zəhra iki il qoşulur bu canavarrara. Allahdan rüxsət gələndə bıllar gedir ilxıdan bir heyvanı seçir, ya qoyun ol­sun, ya at olsun, ya mal olsun, onu yeyillər. Nəysə, Allah bulara icazə verəndə yeyillər, icazə vermiyəndə ağız-ağıza verib yatışıllar. Bu qadın o qədər tük gətirir ki, canavarrardan betər olur. Dişdəri də yekə-yekə uzanır.

Bir gün olur, bunun meylinə düşür ki, gedim balalarımı gö­rüm, gəlim. Gəlir balasını görməh əvəzinə balasının birini götürür apa­rır, yeyir. O qədər bının avcının içi şirin imiş ki, bu daddıxca ağzı­nın suyu tökülürmüş, dişdəri şakqıldayırmış. Gözünün yaşını tökə-tökə bı, balasını yeyir. Allahın əmridi, neynəsin? Hə... Bir ay keçən­nən sora bı, genə gəlir balasının birini də götürür, yeyir. Du­yux düşüllər, görüllər ki, bı, uşaxların elə öz anasıdı, gəlib bala­larını aparıb yeyir.

İki ildən sora bı genə adam cildində gəlir, qayıdır insannarın içinə. Allaha qurban olum, Allah bının günahınnan keçir, bını adam cildinə salır, gətirir həyata. Bı gələnnən sora özü öz diliynən nağıl eliyir ki, bizə Allah-tala bax, belə buyurur ki, bı işdəri görün, biz də gedib eliyirdih. Filankəs deyəndə ki, malımı, qoyunumu qurt-quş yedi ha, bını qurt-quş yemirdi. Biz qalırdıx ac, Allaha üz tuturdux, Allah onu bizə bəxş edirdi, biz onu yeyirdih. Ona görə də, qurban olum Allaha, Allahın işinə heş kim qarışa bilməz.


II mətn

Bizim kəntdə arvad vardı, adı Qızyetər idi. Deyirdilər ki, qurt donuna girən Qızyetər. Deməli, guya qurt gəlir, donunu atır bunun çiyninə, bu olur canavar şəklində. Anam deyirdi, şəxsən mən gö­züm­nən görmüşəm ki, canavar kimi uluyur. İsdədilər ki, onu til­sim­dən çıxardallar. Çıxardammadılar, gülləynən vurdular, öldürdülər.

Qurdun kürsə gedən vaxdı idi. Bu gəlif, qurd bunu çəkif, do­nu­nu atıf arvadın üsdünə. Arvad olufdu canavar. Bularnan barabar gedif gəzif gəlirdi.


5. OVUN İNSANA DÖNMƏSİ
Bizim kəndimizin bir ağır seyidi varmış. Bir gün olur bının av meylinə düşür. Deyir bir çıxım ava. Bir dənə də oğlan düşür bının dalınca. Deyir:

– Seyid, mən də sənnən gedim.

Deyir:

– Yox, ola bilməz, sən gəlməginən.



Gedir çıxır bir təpənin başına. Nə çarə eliyir, bı oğlan qayıtmır. Deyir ki, sən məni qaytarırsan, mən qayıtmıyacam. Mən də sənnən gedəcəm. Deyir ki, yox, mən tək getməliyəm. Bu belə deyəndə, bı oğlan bir az daldalanır, yolunu dəyişir, başqa yolnan gedir.

Qurban olum, bı seyid çıxır bir təpədə durur. Bı təpədə du­ran­nan sora görür ki, bir dənə qəşəh, yekə bir əlih gəldi durdu bu­nun qabağında. Tüfəyi sazdıyıb bına tuşduyanda bı əlih çevrilib olur bir gəlin. Möcüzədi də bı, qurban olum Allaha. Bir də isdiyir tüfəyi çək­sin düzəltsin, bı olur əlih. Üş dəfə bı tüfəyi nişan alanda bı əlih gah olur bir gəlin, gah olur əlih. Bı oğlan da – bunun dalınca gələn oğlan keçir bunnan irəli. Qurban olum Allaha, qismətdən artıx ye­mək olmaz. Görür ki, tüfəh səsi gəldi. Bı seyid bı əlihnən o qədər əl­ləşir ki, bı gah gəlin olur, gah əlih, tay bezir. Tüfəh səsi eşidəndə gedir səs gələn tərəfə. Deyir:

– Gedim görüm bı nə səs idi.

Gedir görür haman bının dalınca gələn oğlandı. Bir dənə qəşəh əlih vırıb, soyur. Deyir:

– Bəs sən hardan gəldin?

Deyir:


– Bəs sən məni qovdun, buyankı yolnan getdim.

Deyir:


– Səhərdənnən mən qalmışam o təpədə. Bir əlih görmüşəm, olub gəlin, olub əlih. Qalmışam əlində. Demə, elə qismət səninki imiş. Mən niyə belə elədim? Mən səyf elədim sənə dedim ki, gəl­mə. Elə qismət sənin imiş. Sən ki şikarı vurdun, gedək bını bölək.
6. İTƏ DÖNMÜŞ İNSANLAR
Kəntdən bir nəfər sürgün olunmuşmuş, Aybasannıdan idi. Axı o vaxdı sürgün eliyirdilər. Ordan indi qayıdıf gəlirmişdər. Gəliflər, gəliflər, görüflər bir dev qoyun otarır. Deyif:

– Gəlin, gəlin.

Bırasınnan bir təhnə çıxardıf, qolunun altınnan çörəh çıxardıf doğruyuf. Qoyunu sağıf, bıllara verif, yedizdirif. Qayıdır bılları apa­­rır əvə. Aparır əvə, ojağı qalıyır. Yerin altında böyüh əvi var­mış, onun qapısına dəyirman daşı qoyurmuş. Bını devdən başqa heş kəs qaldıra bilmirmiş. Ojağı qalıyır, bınnarın bir babatın çəkir şişə. Qoyur ojağa, yeyir, yatır. Bı ikisi qalır. Deyillər:

– Biz nətər eliyəh ki, dəyirman daşını götürəh.

Şişi qoyıllar ojağa. Bircə də gözü olur e, alnında. Qoyıllar ojağa, duruf adama bir qoyın soyullar ki, bürünəh. Bı, qıçının ara­sın­nan qoyunu bir-bir çıxardanda qaçarıx. Hə, o şişi götürüllər, basıl­lar bı­nın gözünə. Yatmışımış, çığırır, çığırır, durur. Dəyirman daşını götü­rür, qıçının birini o qapının arasına qoyur, birini bı qapı­nın arası­na qoyur, bırdan bir-bir qoyunu çıxardır çölə. Bıllar dərinin içində çıxıf qaçıllar. Nağıl yox, elə düzü oymış e… Dedihlərini de­yi­rəm. Gə­lil­lər, gəlillər bir mahala çıxıllar. Deyillər ki, bizi qonax saxlıyarsız?

Deyillər:

– Hə.

Bir talvarrarı varmış. Deyillər:



– Gejələr biz it oluf darışırıx bir-birimizin canına. Çıxın oturun o talvarda, hamma nərdivanı da çəkin qoyun yanıza.

Deyir, heylə çıxıf oturuflar talvarda, nərdivanı da çəkif qoyuf­lar yannarına. Səhərəcən bıllar it oluf darışıf bir-birinin canına, səhər olanda oluflar adam. Qayıdıf ordan düşüf gəliflər Arazın qıra­ğına. Görüflər ki, iki dooz – çöl doozu Arazın bılar olan tərə­fində otduyullar. Gözdüyüllər, gözdüyüllər, elə bılar suya girəndə hərəsi birinin üsdünə atılır, o dooz da öldürərdi e, olları. Doozdar oları çay­dan keçirdir. Suyun qırağına çatan kimi düşüllər. Bı doozdar qa­çır. Biri Aybasannıdanımış. Gəlif o nağıl eliyirmiş. Bax, belə ba­şımıza işdər gəldi o vaxdı. Gəlif heylə çıxmışımış əvlərinə.


7. ŞEYTAN
I mətn

Deyillər ki, Allah-tala özü vahimədən, nə bilim filan-bəsmən­nən uzağ olmaxçün çəkilif qəlbiyə çıxanda şeytan əl atıf tutuf ətəyinnən. Deyif:

– Mən yaranannan saa qulluğ eliyirəm. Neyçün maa bir şey tapşırmırsan?

Deyif ki, axı sənə nə tapşırım, nə verim? Deyif ki, mən sənnən bir şey xayiş eliyirəm. Deyif:

– Nədi?

Deyir:


– İnsannarın qəlbini.

Deyif:


– İnsannarın qəlbini də saa verirəm, Allahın nəhlətini də.

Şeytanı da Allah yaradıf ey, amma Allah ona axırda heylə bir cəza verif. Şeytan insanın qəlbinə girəndə nə istəsə eliyə bilər. De­yif ki, insanın qəlbini də verirəm saa, Allahın nəhlətini də saa veri­rəm. Şeytan insanın qəlbinə girəndə desə ki, Allah saa nəhlət eləsin, o saatı hər şey soyuyar, çıxar gedər. O adamın əlinnən xəta çıxmaz.


II mətn

Bir gün bir kişi yola düşüb səfərə gedirmiş. Görür ki, bir dənə qaratikanın başında bir şeytan elə ağlıyır, elə çığırır ki, qalıb göy­dən asılı, qaratikanın başında. Deyir:

– A şeytan, niyə ağlıyırsan?

Deyir:


– Atam-anam məni gəzir, hər kəs məni burdan yendirsə, atam-anam onu dünya malıynan qani edəcək.

Dünya malı şirin olur. Bu kişi gedir bu şeytanı qaratikanın ba­şınnan bir zulumnan yendirir. Yendirəndə şeytan buna deyir ki, mən səə dünya malı dedim, amma sən dünya malına axınmaginən*. Mən səə nə desəm ona qulax verginən, gör nə deyirəm. Mənim atam-anam məni görəndə çox sevinəcək. Sənə dünyanı, xəzinəni baxşış verəcək. Sən onu götürməginən.

Kişi deyir:

– Vaxtaş ki heylədi, bəs mən onda neyniyim?

Şeytan deyir:

– Atama deginən ki, dünyanın malı, o xəzinə mənə lazım deyil, sən mənim özümkünə dəyməginən.

Deyir:

– Yaxşı.



Bular gedir, evə yaxınnaşanda bu şeytanın ata-anası durullar ayağa, deyillər:

– Ay Allah, sənə min şükür, balamız sağdı.

Bunun ata-anası deyir:

– Ay kişi, gəl sənə xəzinə, baxşış verək.

Kişi deyir:

– Sənin dünya malın mənə lazım deyil. Oları qoy dursun, mənim öz xəzinəmə dəyməginən.

Şeytan deyir:

– A kişi, sən nə gözü-könlü tox adamsan. Bəs axı sən mənim balamı qaratikanın başınnan xilas etmisən. Bəs mən sənin qullu­ğun­da neyniyim?

Kişi deyir ki, bu dünyanın hamısı sənindi. Alan da sənsən, ve­rən də sənsən, tikən də sənsən, sökən də sənsən, paydan çıxan da sən­sən. Vaxtaş ki belədi, məə sənin heş nəyin lazım deyil. Təki sən mənim balama dəyməginən. Mənim balam mənə, sənin balan sənə qismət olsun.

Ona görə belə bir misal var atalar arasında: Şeytan bala pay­lıyır. Atalar deyir: “Balası lazım deyil, bizim balamıza dəyməsin”.



8. HAL HAQQINDA
I mətn

Kənt yerrərində belə bir adət var ki, öz şəxsi mal-qaralarını aparıllar, yaylım deyillər, yaylıma. O kişi də götürüp aparmışmış yaylıma. Malları ötürür, özü daxil olur zəmiyə ki, sünbüllərdən bir az dərsin. Sütül vaxdı yeməli olur. Sütülü yesinnər, ya uşaxları yesin, ya özü yesin. Daddı olur sütül. Bu vaxt görür kü, bir çılpax qa­dın üzü o tərəfə oturup, döşdərini, necə deyəllər, sığallıyır. Bun­nan irəli keşmiş babaların böyründə sancağı olarmış. Çıxardır onun yaxasına taxan kimi bu tərpənə bilmir. Deyir:

– Allah saa insaf versin, məni sən niyə yolumnan elədin, indi uşaxlarım ağlıyacax.

Artıx çevrilir olur adi bizim kimi bir insan. Demiyəsən, bu mələyimiş. Gedir görür bu mələhdi, haldı. Sora heyvannarını da götürür, onu da götürür gəlir. Camahat eşidir belə-filan…

– Ə, bu nə hak-hesabdı?

Deyir:


– Ay camahat, gəlin. Bəs Allah tərəfinnən qayıb olan bir dənə halı tutmuşam.

Bu hala nə deyillər onu tərs eliyir. Get odunu gəti, suyu gəti­rir, suyu gəti, odunu gətirir. Tərsinə iş görən bir halıdı. Ancağ iş görən idi. Deyim iş görmürdü, yox, iş görən idi. Bunu işdədillər bir ay, iki ay. Camahat axırda xayiş eliyir ki, Allaha acıx gedər, bunu burax getsin.

Deyir:

– Yox, elə hazır mənim üçün işçi qüvvəsidi.



Bunu buraxmır. Sora günnərin bir günü bunnar çəkilip, tay görür bu örgəşip bura, harasa gedillər, bağa, ya haramı, evdə böyüh­lər­dən qalmıyıp. Uşağa deyir ki, bala, bala, bunu aç, gətir bu tərəf­dən bağla. Uşağı alladır. Bilir ki, uşağı allatmağ olar da. Uşax da tez deyir:

– Hə, hal xala, olar, yaxşı.

Yaxınnaşır, elə bu zadı çıxardan kimi hal yox olur. Kişi gəlir, arvat gəlir, deyir:

– Ə, bunu kim belə elədi?

Uşax dedi:

– Bəs bunu mən elədim, bilmədim, belə elədim.

Beləliknən, hal aradan çıxır. Deyilənə görə, gedir qarğış eli­yir. O adamın, onu tutup gətirən kişinin var ha, onun evində yeddi il ağır yoxsulluğ olur, pis hadisələr baş verir, arvadı irəhmətə gedir, oğlu vaxtsız irəhmətə gedir. Varı-zadı hamısı əlinnən çıxır onun qar­ğışına görə. O mələyimiş, onnarın qarğışı yaman bərk olur. On­nan sora hamıya yayılır ki, həqiqətən də, belə varlıxlar var həyatda.
II mətn

Bir qadın olur, uşax dünyaya gətirir. Qapıdan çıxanda bu gə­li­nin, elə bil, hal ciyərini çəkip götürüp gedir. Hay düşüp kü, gəlin öl­dü. Uşax qutarannan sora gəlin öldü. Mənim babam tüfəyi götü­rür, gedir suyun üsdünə. Deyir, indi hal harda olsa, gələcəh suyun üs­dü­nə. Gözdüyür, görür hal budu, gəlir, bu gəlinin içini-içalatını çı­xar­dıp, alıp qucağına aparır ki, suya çəhsin, yesin. Suya çəhmə­miş tü­fəyi tutur. Deyir ki, çəhmə suya, hardan gətirmisən apar qoy ora. – Bu gəlini götürüllər ölü yerinə, bunu kəfənnəsinnər da, ölüpdü. – Deyir:

– Apar, daxil elə yerinə.

Daxil eliyir yerinə. Bir sahatdan sora bu gəlin ayılır. Gəlip deyir ki, baba, sən neylədin?

Deyir:

– Mən bildim bunu hal çəkib, aparır suya çəhməyə. Bu suya çəhsə, gəlin dirilmiyəcəh, öləceydi. Onun qabağını kəsdim mən, qəytərdi gətdi daxil elədi yerinə, o gəlin durdu, ayıldı.



Məclis dağıldı. Dedilər ki, sən sınanmış bir ocaxsan, saa heş kəs toxuna bilməz. Sənə inandıx. Bu gəlini qaytardın dünyaya.
III mətn

Babam keçənin üsdünü qırlıyıf, sarıyıf atın belinə. Hal atı minəndə onu tutuf. Özü də qadınmış. Dağdan gəlif arana, aranda qa­lıf. Bir də dübarə dağa gedəndə Qannı göl deyirih biz – rəh­mət­dih dədəm söhbət eliyirdi, mən də onda bozbala* gədəyəm, – orda nə­nəm xəmir yoğururmuş, su çatmır. Gəldi nənəmə dedi ki, gedif göl­dən su gətirim. Su gətirməyə gedəndə, dədəmin Şirin addı əmisi oluf, buna deyif ki, bu iynəni burdan çıxart, barmağıma tikan batıf onu çıxardım. İynə çıxannan sora özünü atıf suya. Nəkqədər o xəmiri yoğurdular, xəmir qutarmadı. Axırı, deyir, nənəm getdi gölün qıra­ğına. Adını da Firəngiz qoymuşdular. Dedi:

– Firəngiz, biz nağayrax xəmir qutarsın, xəmir qutarmır axı.

Sudan səs gəlir ki, get onnan bir kündə gətir, at bu suya. Bir kündə gətirif atıflar, onnan sora xəmirin dalı kəsilif. Gülgəz nənə­mə de­yif ki, mən sizə başqa qarğış eləmirəm. Yeddi nəsil evizdən zibil kəm olmasın. Biz hələ dördüncüyük. Onnandı ki, zibilimiz əysik ol­mur. Lap evdə heş kim olmasın, gedif görürdüh ki, genə ev zibillidi.


IV mətn

Şofer Valehnən rayonnan gəlirdih. Daş Veysəllidə kəhrizdər vardı. O kəhrizin üsdündə ikisi oturmuşdu. Valehə dedim ki, əyə, saxla, gedif onnarı tutax. Maşın saxlamaxnan özdərini buraxdılar suya. Getdih ki, su ləpələnirdi.

Hal nənəsi iri şeydi, canlı arvad kimi. Dodax qəlin, alt dodağı sallanır. Barmaxdan yoğundu dodağı. Tükü-başı hamısı pırpız. Sol döşünü sağ çiyninə atmışdı, sağ döşünü sol çiyninə. Hardasa dö­şü­nün uzunnuğu bu boyda idi (qurşağa qədər – top.). Mən onu gör­düm. Çılpax idilər.
V mətn

Rəhmətdih qardaşım mənnən böyük idi, onnan gedirdik çayın qırağıynan. Gedəndə gördüm kanalda bir qadındı. Mənim gözümə göründü. Qardaşıma dedim. Dedi ki, orda heş-zad yoxdu. Gördüm be­lə ağ qadındı, döşdəri bax bura düşüf (qurşağa qədər – top.). Su­yun içində oturufdu. Döşdərini suya salıf atır çiyninə. Bu mənim gö­zü­mə görüküf. Qardaşıma dedim, dedi orda heş-zad yoxdu. Nə danışırsan?


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin