Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Hikmət QULİYEV
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
e-mail: quliyevh@mail.ru
VİRTUAL KOMMUNİKASİYA MÜHİTİNDƏ
FOLKLOR PROSESLƏRİ VƏ ALBERT EYNŞTEYN OBRAZI
Xülasə
Məqalədə Azərbaycandilli virtual məkanda cərəyan edən yeni folklor prosesləri tədqiqata cəlb olunmuşdur. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və virtuallaşmanın sürətli gedişi zəminində folklorun da mahiyyəti və funksiyası yeni mənalar kəsb etməyə başlamışdır. Hazırda texnologiya və mədəniyyət münasibətləri, eləcə də insanın mövcudluğunun mühüm şərtlərindən olan kommunikasiya ehtiyacları özünün yeni mərhələsinə qədəm qoymuşdur. Yeni texnoloji imkanlar hesabına meydana gələn kommunikasiya üsulları öz spesifikasına müvafiq olaraq insan ünsiyyətinin mahiyyətinə də təsir etmişdir. Bu proses birbaşa olaraq kommunikasiya ilə bağlı olan folklorun da bir sıra xüsusiyyətlərinə, eləcə də icraolunma texnologiyasına tamamilə fərqli formalar gətirmişdir. Belə ki, hazırda İnternetin mövcudluğu şəraitində folklor “üz-üzə” icra olunma texnologiyasından “online communication” yaxud “virtual communication” formasına transformasiya olunmuşdur. Bu da ənənəvi folklordan virtual folklora keçidi zəruri etmişdir. Təbii ki, bu keçiddə folklorun bir sıra parametr və anlayışları – forma, məzmun, üslub, aktuallaşma, mətn, auditoriya, söyləyici və s. ənənəvi folklordan tamamilə fərqli mahiyyət qazanmışdır. Məqalədə bütün bu məsələlərə Azərbaycandilli virtual məkanda meydana gələn folklor yaradıcılığı zəminində baxılmış, konkret nümunə kimi Albert Eynşteyn obrazı əsasında izahlar verilmişdir. Qeyd olunmuşdur ki, fizika sahəsində fundamental kəşflər müəllifi olan dahi alim Albert Eynşteyn son dövrlər Azərbaycandilli virtual məkanda yeni folklor obrazı kimi formalaşmaqdadır. Həmçinin məqalədə bu obrazın formalaşmasında iştirak edən emosional-psixoloji mənalara da diqqət yetirilmişdir.
Açar sözlər: virtual kommunikasiya, Azərbaycandilli virtual məkan, qloballaşma, folklor və texnologiya, newslore, netlore, virtual folklor, Albert Eynşteyn.
Dostları ilə paylaş: |