Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə128/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   124   125   126   127   128   129   130   131   ...   188
Ключевые слова: Ширван, Азербайджан, Ашуг Шакир, ашугского творчеста, традиции ашугского искусства.
Azərbaycan folklor irsinin bir qolu olan aşıq sənəti sözü, musiqini və poezi­ya­nı özündə mükəmməl şəkildə birləşdirib, həm forma, həm də məzmun baxımından ka­milləşərək bu günümüzə gəlib çıxmışdır.

XV-XVl yüzillərdə Azərbaycanda aşıq sənəti yeni bir tarixi mərhələyə qədəm qoydu. Bu dövr aşıq yaradıcılığının yayılması ilə yanaşı yeni-yeni aşıq mühiti və aşıq məktəblərinin yaran­ması ilə də xarakterikdir. Bunun səbəbi bu dövrdə aşıq yara­dıcılığında yeni fəlsəfi-ürfani, dini baxışların zənginləşməsi, habelə ayrı-ayrı təriqət­lərə yaxınlıq, daha çox təsəvvüf, məna və rəmzlərin işlənmə müxtəlifliyi, yaranan aşıq mühiti və məktəblərində ifa tərzi və özünəməxsus repertuar seçimində özünü büruzə vermişdir.

Yaxın və uzaq keçmişimizdən günümüzə qədərki mənzərədə Təbriz, Göyçə Borçalı, Anadolu mühit və məktəbləri bütünlükdə elmimizin, mədəniyyətimizin inki­şafına əvəzsiz töhfələrdə səciyyələnir. Bu böyük mədəniyyət ocaqlarından biri də Şir­van aşıq mühitidir.

Min ilə yaxın dövlətçilik tarixinə malik olan Şirvan ərazisində bu tarix ərzində əbədiyaşar maddi və mədəni nümunələr yaranmışdır. Qərblə şərqin, cənubla şimalın qovuşma nöqtəsində yerləşən bu bölgədə belə bir mədəniyyətin yaranması heç də təəccüb doğurmur. Çünki müxtəlif mədəniyyətlərin qovuşma ərazisində formalaşan Şirvan mədəniyyəti müxtəlif mədəniyyətlərdən bəhrələnmiş, özünəməxsus xüsusiy­yətləri qoruyaraq, bugünümüzə gəlib çatan böyük inkişaf yolunu keçmişdir.

“Şirvan aşıq məktəbi bu vilayətin paytaxtı olan Şamaxı mühiti əsasında formalaş­mış­dır. Lakin Şamaxı tez-tez baş verən təbii fəlakətlər üzündən dəyişmiş, buradakı əhali məcburi miqrasiyalara məcbur qalaraq ətraf yaşayış məskənlərinə – indiki Ağsu, Quba, Bakı və eləcə də aran rayonlarına səpələnmişlər. Mühitin ilk yayılma və genişlənmə səbəbi də bu məcburi miqrasiyalar olmuşdur (1,103). Kökü qədimlərə gedib çıxan, Molla Qasım (XIII), Məlik Kürəli (XIX), Abbas Bayatlı (XVI), Dostu Şirvani (XVIII), Aşıq Abdulla (XVII), Saleh Şirvanlı (XVIII), Baba Şirvanlı (XVIII), Dəllək Murad, Xaltanlı Tağı, Məhəmməd Varxiyanlı (XVIII-XIX), Aşıq Oruc Turcanlı (XIX), nəhayət, Aşıq Ağaməhəmməd, Aşıq İbrahim, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Qurbanxan, Aşıq Şakir (XX) və. bu el şairləri, saz-söz ustalarını yetirən bu mühitin ümumazərbaycan aşıq sənətində müstəsna yeri olmuşdur.

Professor Azad Nəbiyev Azərbaycan aşıq sənətində Şirvan aşıq məktəbinin tarixi rolunu xarakterizə edərək yazır: “Şirvan məktəbi Azərbaycan aşıq məktəbləri içərisində yaranma zamanına və dövrünə, ədəbi mühitlərə bölünmə çevrəsinə, aşıq şeirinin yaranma və inkişaf vü­sə­tinə görə ən qədim məktəblərdən biridir. O, aşıq şeiri şəkillərinin meydana gəldiyi, ən baş­lıcası, ozanın aşığa rekonstruksiyası prosesini özündə yaşadıb yeni aşıq institutunun for­ma­laşmasını Anadoludan sonra şərtləndirən məktəblərdən biri, yaxud birincilərindəndir” (2, 149).

Azərbaycanın istər ictimai-siyasi, istərsə də elmi-mədəni həyatında mühüm yer tutan Şirvan mədəniyyət tarixinə çoxlu sayda musiqi, söz sənət sahibləri bəxş etmişdir. Şirvan aşıq mühiti təşəkküldən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət göstərmişdir.

Eyni zamanda söyləməliyik ki, ayrı-ayrı aşıq mühitlərində bu sənətin ənənələri, məktəbləri, hava və üslub xüsusiyyətləri, sənətkarlıq və ifaçılıq qaydaları ustad aşıq­la­rın yaradıcılığında qorunaraq inkişaf etmiş, daha da zənginləşmişdir.

Ötən çağlarda olduğu kimi, XX yüzillikdə də bu mühit qüdrətli sənətkarlar ye­tiş­dirmişdir. Bu görkəmli sənətkarlardan biri də Şirvan diyarının yetirdiyi ustad aşıq Şakir Hacıyevdir. Zəngin sənət irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıq olmuşdur. Böyük ənənəni yaşatmış Şirvan aşıq mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və onun formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşıq mahnılarının müəllifidir.

XX əsrin ortalarında Şirvan aşıq məktəbi məhz ustad aşıq Şakir Hacıyevin şəx­sin­də öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşıq mək­tə­binin ənənələrini davam etdirməklə bərabər yaşatmış, təkmilləşdirmiş və yeni bir sə­nət cığırı açmışdır. Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq yazmış oldu­ğu “Adım Şakir, mahalım Şirvan” kita­bın­da Aşıq Şakirin şərəfli ömür yolunu, sənət­kar taleyini xarakterizə edərək yazır: “Dədə Şakir haqqında yazmaq üçün neçə-neçə in­san­la görüş­müş, onların ustad haqqında çox dəyərli fikirlə­rini eşitmişəm. Ünsiy­yətdə olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə dedikləri “Aşıq Şa­ki­rin­ki Allah ver­gisi, Allah qisməti idi. Yoxsa heç kəs öz hünəri, öz səyi ilə Şakir mərtəbəsinə ucala bilməzdi”…Və bir “Şakir mərtəbəsin”də neçə-neçə Şakirlərin “yaşadığının” şahidi olmuşam. Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas Şakir, Eyhami – Şirvan Şakir, Dirijor Şakir, bir də camalı ilə gözəllikdə Yusif misallı Şakir… Bəli, bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və yalnız Allah-taala ürəkdən sevdiyi bəndələrinə əta edir…” (3, 9).

Aşıq Şakir Hacıyevin yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri, əməksevər insanları haqqında yazılmış əsərlər təşkil edir. Onun yaradıcılığında vətənə bağlılıq, sülh, düşmənə nifrət, əmək adam­larının tərənnümü yer tuturdu. Aşıq Şakir xalq içindən çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək vəzifəsini gözəl duyurdu. Aşıq Şakir ilə bizi ayıran təxminən otuz altı il belə bu el aşığını xalqın yaddaşından silə bilməmişdir. Onun ölməz sənəti səs xəzinəmizdə insanların yaddaşında, xatirəsində bu gün də yaşayır.

Aşıq Şakir Hacıyevin yaradıcılıq irsinin öyrənilməsi XX əsr aşıq musiqisinin maraqlı çalarlarının üzə çıxarılması, eyni zamanda aşıq Şakirin musiqi irsi, dövrü, poetik irsi, yaradıcılığının müxtəlif mərhələlərində Şirvan aşıq musiqisinə verdiyi töhfələrin tədqiqata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar onu deməyə imkan verir ki, XX əsr zaman kəsimində Şirvan aşıq mühitinin Aşıq Şakir Hacıyev kimi böyük bir nümayəndəsinin olması və bu gün onun araşdırılması bütövlükdə Şirvan aşıq musiqisi xəzinəsinə yeni nəzərlərlə baxmağı tələb edir. Bu gün Aşıq Şakir sənət irsinin musiqişünaslıqda da sistemli və kompleks şəkildə araşdırılması həllini gözləyən məsələlərdən biridir.

1. Aşıq Şakirin musiqi və poetik irsinin birlikdə araşdırılması;

2. Aşıq Şakirin Şirvan aşıq mühitində rolu və əhəmiyyəti;

3. Aşıq Şakirin ifasında olan klassik havaların nəzəri təhlili;

4. Aşıq Şakirin ifasında olan ənənəvi aşıq havalarının və eyni zamanda özünün yazmış olduğu aşıq mahnılarının nəzəri təhlilə cəlb edilməsi.

Araşdırılmaqda olan işin nəzəri əhəmiyyəti ilk növbədə onunla müəyyən­ləş­dirilir ki, burada musiqişünaslıq və folklorşünaslıq da xüsusən Aşıq yaradıcılığı­nın, Şirvan mühitinin öyrənilməsində bitkin mənbə kimi maraqlıdır. XX yüzilin zən­gin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş görkəmli bir aşığın, aşıq Şakir Ha­cı­yevin musiqi irsi, poe­tik irsi, bütövlükdə yaradıcılığı haqqında bitkin məlumatlar musiqi­şü­naslar, folklorşünas­lar, aspirant və müəllimlər üçün nəzəri qaynaq, mənbə rolunu oynaya bilər. Tədqiqatda əldə olunmuş nəticənin əsas müddəaları aşıq Şakirin ifasın­da nota alınmış havalar, aşıq mahnıları Azərbaycanın musiqi təhsil ocaqlarında əyani vasitə kimi istifadə oluna bilər.

Folklorşünas alimlər Mürsəl Mürsəlov, Seyfəddin Qəniyev, Ağalar Mirzə, Əh­li­man Rəhimov, Yaqut Bahadurqızı Əşrəfova, Qalib Sayılov, Tariyel Qəniyev, Tofiq Abdullayev, Şirvanın böyük ustad aşıqları Aşıq Mirzə Bilal, Xaltanlı Tağı, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Bəylər, Aşıq Pənah və s. haqqında monoqrafiya və məqalə­lə­rində buna yer ayırmışdır. Lakin qeyd etmək lazımdır ki, bütövlükdə Şirvanın aşıq mühitinin ustad aşıqlarının hər birinin özünəməxsus xüsusiyyətləri, ifa mədəniyyəti, oxu üslubu, bütövlükdə aşıq sənətinə verdikləri töhfələr var. Bu baxımdan onların ya­ra­dıcılığının öyrənilməsi, ifa etdikləri aşıq havaları və mahnıla­rının nota yazılması və tədqiqata cəlb olunması musiqişünaslıqda öz həllini gözləyən aktual məsələlərdən biridir.

Məhz Aşıq Şakirin yaradıcılığı bütün strukturu və özünəməxsusluğu ilə mən­sub olduğu Şirvan aşıq mühitinə xas hadisədir. Sənətkarın yaradıcılığının öyrənil­məsi istər folklor­şü­nas­lıq, istərsə də musiqişünaslıq baxımından obyektiv metodoloji baza kimi həmin mühit kon­tekstin­də tədqiq olunmalıdır.

Aşıq Şakirin ifasında ondan artıq havacat – “Şirvan şikəstəsi”, “Döymə Kərə­mi”, “Maral”, “Bala Nərgiz”, “Yurdumun”, “Kəndimiz”, “Boylana-boylana”, “Ba­kı”, “Nə bağ bildi, nə də bağban”, “Telli sazım”, “İnciməsin”, “Səhər-səhər” və s. ki­mi aşıq nümunələrini aşığın şəxsi arxivindən, radionun qızıl fondundan, internet resurs­larından əldə etmişik. Bu havaların hər birinin melopoetikası, melodik variantlılığı, ifa tərzi, təfsir üslubu, havalarda musiqi və şeirin melodik intonasiya, ritmik və bədii əlaqəsi – bütün bu kimi məsələlər araşdırmada öz həllini gözləyir.

Şirvan aşıq yaradıcılığında “aşıq havaları” və “aşıq mahnıları” kimi anlayışlar mövcud­dur. Bütövlükdə Şirvan aşıq mühitinin ənənəvi xüsusi­y­yət­lə­rin­dən biri də ustad aşıqların mahnı yaradıcılığıdır. Mahnı yaradıcılığı və mahnı ifaçılığı Şirvan aşıq mühitinin qədim sənətkarlıq ənənələrindən biridir. Peşəkar ustad aşıqların yaratdıqları mahnılar aşıqların repertuarına daxil edilmiş, tədricən mühitin ənənəvi havasına çevrilmiş, ifaçılıqda ənənəvi hava kimi yaşamışdır. Aşıq Şakirin özünün bəstələdiyi bir neçə aşıq mahnısı “Səhər-səhər”, “Kəndimiz”, “Yurdu­mun”, “Xub yara­şır nazlı yara” və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin reper­tuarında geniş yer tutur. Məhz ustad aşığın ifasında olan bu mahnıların notlaş­dırıl­ması, melodiya, forma, lad və üslub baxımından araşdırılması nəzərdə tutulan sahə­lərdir.

Aşıq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azər­bay­canın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.

Vaxtilə Aşıq Şakirin səsi Moskvanın böyük sütunlu salonlarında əks-səda ve­rib. Hələ sovet dönəmində, 1984-cü ildə Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənilirdi. ABŞ-dan dövlət mühafizəsinə veril­mişdir və ABŞ-ın Los-Anceles şəhər radiosu ilə səsləndirilən iki veriliş yazıl­mışdır. Ayda bir dəfə efirə çıxan “Sandi Oprea” adlı bu verilişin aparıcıları Fret Həyat və Fret Azad olmuşdular. Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq musiqi alətlərindən, onların xüsusiyyətləri və ifa tərzlərindən bəhs edilən bu verilişin daimi rubrikası aşıq yaradı­cı­lığı olmuşdur. Aparıcıların qeyd etdiklərinə görə, ayda bir dəfə efirə çıxan bu radio proqramının redaksiyasına dinləyicilər tərəfindən göndərilən çoxsaylı məktublarda Aşıq Şakirin lent yazılarının səsləndirilməsi xahiş olunurdu (4, 210).

Məqalənin başlıca məqsədi Aşıq Şakirin yaradıcılığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə konkret sənətkarın timsalında Şirvan aşığının gerçək sənətkar statusunu üzə çıxarmaq, eyni zamanda aşığın sənət irsi haqqında, sənət yolu haq­qında dolğun təsəvvür yaratmaqdır.

Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşıq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılı­ğının inkişaf etməsi Aşıq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşıq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşıq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olmuşdur. Onu yaxından dinləyən xanəndələr, ziyalılar və müasirləri qeyd edirlər ki, Aşıq Şakir aşıq kimi də, xanəndə kimi də əvəzedilməz idi. Ustad xanəndə Ağaxan Abdullayevin dediklərindən: “Mən Aşıq Şakiri kəndimizdə – Türkanda toy məclislərində görmüşəm. Oxuduğu “Zəminxarə”, “Dilkəş” və s. kimi muğam şöbələri eşidənlərə xüsusi zövq verirdi. Əgər Şakir sazı yerə qoysaydı, ondan gözəl xanəndə olardı..” (4, 94). Tədqiqatımızda Aşıq Şakirin ifaçılığının muğam və xanəndə ifaçılığı ilə qarşılıqlı əlaqələrinin elmi cəhətdən tədqiqi, eyni zamanda aşıq musiqisinin musiqi folkloru, muğam sənəti və xanəndə ifaçılığı ilə tarixi ənənəvi əlaqəsinin Şirvan kontekstində təhlili nəzərdə tutulmuşdur.

Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşıq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertua­rında aktiv yer tutaraq, dillər əzbəri olmuşdur.

Aşıq Şakir Şirvan aşıq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşıq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olmuşdur. Aşıq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazı­larından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düyünlərdə, səsini yazdıqları lent yazılarında, toy mərasi­mində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşıq Şakirin gözəl, rəvan danışığının və gözəl səsinin, ifasının və necə gözəl məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müa­sir­lərinin söylədiklərinə görə Aşıq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.

Xalqımızın görkəmli ustad aşığı Şakir Hacıyevin ifalarını layiqincə qorumaq və onun sənət irsini tədqiq etmək həm də bizim mənəvi borcumuzdur. Bu məqsədlə Şakir Hacıyevin yaradıcılığı haqqında tədqiqat işi üzərində işləməyi lazım bildik. Bununla Aşıq Şakirin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional özəllikləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşıq Şakirin ifasında olan aşıq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşıq Şakir irsini müfəssəl tədqiq etmiş olarıq. Həm də düşünürük ki, bu Aşıq Şakiri sevənlərə bir töhfə olar.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin