Epos və ritual. Oğuz eposunun az öyrənilmiş sahələrindən biri onun arxaik ritual əsaslarının müəyyənləşdirilməsi problemidir. Burada məsələ eposda görünən ritual rudimetntlərinin təsviri deyil, onların motivlənməsi, epos strukturunun formalaşmasında oynadığı rolun müəyyənləşdirilməsi və daşıdığı funksional semantikanın aydınlaşdırılmasıdır. Kamil Vəlinin tədqiqatlarında məsələnin bu aspektinin də öyrənilməsinin zəruriliyi diqqətə çatdırılır. Xüsusilə, formul nəzəriyyəsinin tətbiqindən bəhs edərkən ritual formulları ayrıca bölmə olaraq seçilir. “Rəqsi, ifanı, yaradıcılığı birləşdirən aşığın (qədim qamın, ozanın) ritual səciyyəli dastan ifası dünya mədəniyyətində bir fenomen” (13, 69) olduğu diqqətə çatdırılır. Eposun strukturunu öyrənərkən onun semantik səviyyəsini müəyyənləşdirən əsas elementlərdən biri ritual formuludur. Ritual formullarına toy, yas, hədiyyə vermə, mövsüm və s. aid edilir.