Bu funksiya insanların davranışı üçün normaların, standartların, qaydaların və reseptlərin yaradılmasını nəzərdə tutur. Folklor bütün digər funksiyaları ilə yanaşı, həmçinin kütləvi və fərdi davranışları normativləşdirmək funksiyasını da həyata keçirir. Ənənəvi mədəniyyətdə əksər davranışlar tabular və yasaqlar vasitəsilə müəyyən normalara tabe etdirilir. Amerika sosial antropoloqu Кlayd Klakxon yazır: "Mədəniyyətin istənilən elementi, istənilən hissəsi funksional olmalıdır. Əks halda, o, məhvə məhkumdur. O, bu və ya digər bir şəkildə sosiumun mövcudluğunu və fərdin uyğunluğunu təmin etməlidir. Bir məsələyə xüsusi diqqət etmək lazımdır ki, mədəniyyətdəki bir sıra elementlərin funksiyası aşkar deyil, gizlidir. Məsələn, kovboy üç mil yolu piyada gedir ki, atını tutub onun üstündə tövləyə qədər bir mil yolu geri qayıtsın. Adi məntiqlə bu, antirasionaldır. Lakin onun daxil olduğu submədəniyyət çərçivəsində bu kovboyun prestijini qoruma funksiyasını yerinə yetirir" (7. 50). Daha sonra müəllif əlavə edir: "Onlar (mədəniyyətdə gizli funksiyalı elementlər nəzərdə tutulur – S. X.) əsasən keçmişlə əlaqənin qorunması və onlara yaxşı tanış olan həyat sahələrinə üstünkük vermə hesabına insanlara öz təhlükəsizliklərinin qorunmasında yardım edirlər" ( 7, 62 ).
Folklor sosial müstəvidə davranışları və münasibətləri normalara tabe etdirir. Lakin bu normalar folklor düşüncəsinin öz folklor məntiqinə əsaslanır və ona görə də bir sıra hallarda müasir normativlik prinsipləri baxımından antirasional təsir bağışlayır.