7. Folklorun informativ funksiyası
Folklorun mahiyyətini anlamaq baxımından informativ funksiya da olduqca zəruridir. Bu funksiya mədəniyyətin idraki funksiyası ilə bilavasitə bağlıdır. Çünki istənilən informasiya dünyanı dərkə cəhddən yaranır. Müxtəlif məsələlərlə bağlı hər hansısa bir informasiyaya ehtiyacın olması istər ayrılıqda götürülən fərdin, istərsə də cəmiyyətin həyat fəaliyyətinin təbii şərti kimi çıxış edir. İnsan keçmişini xatırlamalı, onu düzgün dəyərləndirməli, səhvlərindən nəticə çıxarmalı, hardan gəlib hara getdiyini müəyyənləşdirməlidir. Bunun üçün insan zəruri informasiyaları toplayan, sistemləşdirən və qoruyan işarələr sistemi yaratmışdır. Elə bir işarələr sistemi ki, o tarixi varisliyi təmin edir, sosial təcrübənin nəsildən nəsilə, bir epoxadan digərinə, bir ölkədən başqa ölkəyə ötürülməsini təmin edir. Həmçinin o, diaxron olaraq eyni zamanda yaşayan insanlar arasında da informasiyaların yayılmasını təmin edir. İnformasiya yalnız dünyanı dərk etməyə yönəlmir, həmçinin dərk edilmişin qeydə alınmasına, strukturlaşdırılmasına yardım etmiş olur. Toplanmış biliyin zaman və məkan daxilində qorunması, çoxaldılması və yayılması üçün insanın yalnız bircə üsulu vardır. Bu üsulun adı mədəniyyətdir. Mədəniyyət isə özü özlüyündə nəhəng bir informasiya sistemidir. İnformasiyanın qorunması və ötürülməsi üçün təbii fərdi yaddaş da, xalqın kollektiv yaddaşı da çıxış edə bilər. Bütün bunlara görə də bütövlükdə bir mədəni sistem kimi folklorun özü, ayrılıqda isə onun müxtəlif semantik yükə malik elementləri həm də informasiyadır.
Zəngin inkişaf yolu keçmiş milli folklorşünaslıq düşüncəmizdə "folklor xalqın yaddaşıdır" formulu ən müxtəlif tədqiqatçıların əsərlərində istər professional elmi, istərsə də kütləvi səviyyədə kifayət qədər ifadə olunmuş, bu və ya digər baxımdan özünün interpretasiyasını tapmışdır. Bütün bunların nəticəsi olaraq, bu tezis bu gün elmi qənaətdən daha çox, populist şüar kimi səslənir. Lakin bütün bunlara baxmayaraq bu fikir folklorun olduqca mühüm funksional xassələrindən birini və ən mühümünü olduqca lakonik bir düsturda özündə ifadə edir. Bəli, folklorun mühüm müəyyənlik keyfiyyətlərindən birini onun xalqın yaddaşı funksiyasını yerinə yetirməsi təşkil edir. Yaddaş isə informativ struktur səciyyəlidir.
Dostları ilə paylaş: |