Məsələnin qoyuluşu. Məqalədə bir mədəni sistem kimi folklorun funksiyaları, əsasən, sosial kontekstdə nəzərdən keçirilmişdir. Həmçinin folklorun sosial müstəvidə gerçəkləşdirdiyi funksiyaların onun daxili təbiəti, funksional strukturu ilə şərtlənmə mexanizmləri də tədqiqatın əsas araşdırma istiqamətlərini təşkil edir.
İşin məqsədi. İşin bir neçə məqsədi vardır:
1. Folklora bütöv mədəni sistem kimi (yalnız sözlü mətn fakturası kimi deyil!) yanaşmaq təcrübəsinin elmi baxımda təqdimi;
2. Folklorun milli folklorşünaslığımızda kifayət qədər tədqiq edilmiş estetik funksiyasından əlavə digər funksiyalarının təhlili kontekstində onun funksional strukturunun yalnız bədii-estetik deyil, sosial, psixoloji, iqtisadi, mədəni və s. aspektlərə da malik olduğunu əsaslandırmaq;
3. Folklorun sosial müstəvidə həyata keçirdiyi funksiyaları kontekstində onun daxili funksional strukturunu öyrənmək.
Kulturoloji aspektdən folklorun funksional strukturu onun bütöv mədəni sistem kimi həm də funksiyalarında əksini tapmışdır. Kulturologiyada ayrı-ayrı kulturoloji elmi istiqamətlərin yanaşmalarından asılı olaraq, mədəniyyətin funksiyaları müxtəlif cür təsnifləndirilir. Rus və Azərbaycan folklorşünaslığında folklorun estetik funksionallığı geniş təhlil olunmuş, bir çox hallarda bu istiqamət bütövlükdə xalq mədəniyyəti funksionallığının özü ilə eyniləşdirilmiş, folklorun digər funksiyaları isə arxa plana keçirilmişdir. Halbuki folklor bir sıra sosial, mədəni, iqtisadi, dini, mifoloji və s. amillərlə şərtlənən mürəkkəb funksiyalar sisteminə malikdir.
Folklorun funksional strukturu ilə funksiyaları arasında dialektik əlaqəni şərtləndirən əsas amil ondan ibarətdir ki, folklorun funksiyaları onun daxil olduğu daha iri sistem daxilində dəyərləndirilməsini nəzərdə tutur. Başqa sözlə ifadə etsək, folklorun funksiyaları onun bütövlükdə aid olduğu sosial mühitə müxtəlif təsir parametrlərini nəzərdə tutur. Bu amilin özü isə birbaşa folklorun daxili funksional strukturu ilə əlaqədardır.
Folklorun daxil olduğu sosial çevrəyə təsirini şərtləndirən onun funksional strukturumu? Yoxsa, əksinə, ətraf mühitin, sosial çevrənin tələblərimi folklorun funksional strukturunu müəyyənləşdirir? Burada müəyyənedici status onlardan hansına məxsusdur? Hesab edirik ki, burada şərtləndirmə qarşılıqlıdır. Və burada bu qarşılıqlı şərtləndirməni kommunikasiya müəyyənləşdirir. Əslində, kommunikasiya bu mexanizmin işləkliyini təmin etmiş olur. Bu şərtləndirmənin daxili mexanizminin aydın təsəvvür edilməsi üçün ingilis etnoqrafı və sosioloqu Bronislav Malinovski tərəfindən əsası qoyulan Funksionalizm nəzəriyyəsinin əsas postulatlarına diqqət yetirmək lazımdır.
Funksional nəzəriyyənin əsas ideyası ondan ibarətdir ki, mədəniyyət insanın bioloji tələbatlarının (yemək, məskunlaşmaq, nəsil artırmaq və s.) ödənilməsi zərurətindən meydana gəlmişdir. B. Molinovski funksional yanaşmanın üç mühüm postulatını müəyyənləşdirmişdir:
1. İstənilən mədəniyyət vahiddir (cəmiyyətin funksional vahidi kimi);
2. İstənilən cəmiyyət və sivilizasiya tipi, adət və ənənə, inanc sistemi mədəniyyət üçün olduqca mühüm funksiya yerinə yetirir;
3. Mədəniyyətin istənilən elementi dəyişməzdir.
B. Malinovskinin təqdimatında müasir sivilizasiya sosial institutların mürəkkəb üzvi sistemidir. Bu institutların hər biri ilk növbədə fizioloji və psixoloji, daha sonra isə mənəvi olmaqla insanların tələbatlarının ödənilməsi funksiyasını yerinə yetirir.
B. Malinovski hesab edirdi ki, fizioloji və psixoloji tələbatın ödənilməsi bütün mədəniyyətlər üçün universal qanunauyğunluqdur. Mədəniyyətlər arasında fərq, əsasən, mənəvi tələbatın ödənilməsi ilə şərtlənir. Onun yanaşmasına görə, sivilizasiyanın əsas mövcudluq şərti ictimai həyatın təşkili formalarının "tarazlığı" və sosial institutlar arasında harmoniyadır.
B.Malinovskinin funksional nəzəriyyəsinin folklorşünaslığın inkişafına ən böyük təsiri ondan ibarət olmuşdur ki, ötən əsrin ikinci yarısında Amerika folklorşünaslığında xüsusi yeri olan kontekstualizm nəzəriyyəsi və folklora performans yanaşma məhz bu nəzəriyyənin əsas postulatlarının təsiri altında yaranmışdır (Funksionalizm nəzəriyyəsinin əsas postulatları A.A.Belikin "Kulturologiya: mədəniyyətin antropoloji nəzəriyyələri" kitabında geniş şərh edilmişdir (1).
İndi isə ümumən mədəniyyətə şamil edilən universal funksiyalar istiqamətində (mədəniyyətin funksiyaların təsnifində A.İ.Kravçenkonun "Kulturologiya" kitabına əsaslanılmışdır (2) folklorun funksional strukturuna diqqət edək:
Dostları ilə paylaş: |