Narınqala (19)
Narınqalanı bir atayla oğul tikdirib. Deyirlər ki, tikilib başa çatmağı düz yüz il çəkib. Onu görməyə atanın ömrü çatmayıb. Qalanını oğlu tikdirib. Qala xırda narın kərpiclərdən hörülüb. O zamanın ən başlı-bilici ustaları, memarları bu qalanın ucalmağında əllərindən gələni əsirgəməyiblər. Hörgüsündə palçıq yerinə əhəngnən yumurta sarısının qarışığını işlədiblər. Qala divarının möhkəmliyi də elə bu səbəbdəndi. Xırda, narın, incə daşlardan hörüldüyünə görə qala tikilib başa çatandan sonra gəlib ona tamaşa eləyənlər özlərini saxlaya bilməyib deyiblər:
– Nə narın qaladı, nə gözəl qaladı!
Beləcə, yaraşıqda, gözəllikdə tayı-bərabəri olmayan bu qalanın adı olub “Narınqala”.
Dostları ilə paylaş: |