Göz daşı (20)
Dəmir qapı Dərbəndin alınmaz-basılmaz bir qala nisbətində olan vaxtlarıymış. Bir gün Nadir şah Əfşar eşidir ki, bəs deməzsənmi, yadlar-yağılar hücum çəkib, dörd bir tərəfdən Dərbəndin üstünü alıb. Bir az keçmiş dəxi bir xəbər də gəlir ki, Dərbəndi yağmalayıb dağıdırlar. Nadir şah qoşun götürüb, üz qoyur Dərbəndə. Gəlib yetəndə görür ki, yağılar onun torpağında darğalıq eləyir. Fərman verir, qoşun döyüşə girir. Üç gün, üç gecə qan su yerinə axır. Uzun hərbə-zorbadan sonra yağı basılır. Nadir şahın qorxusundan yad-yağıdan nə qədər sağ qalan varıydısa, hərəsi bir dalda tapıb gizlənir.
Qala-şəhərinin küskün görkəminə baxıb qəlbi qubarlanan Nadir şahın qəzəb atı şahə qalxır, nə qalxır! Əmr eləyir ki, nə qədər sağ qalan varsa, özlərinin də başları bədənlərinə ağırlıq eləmirsə, Cümə məscidinin qabağında cəm olsun. Möhlət də verir. Deyilən vaxta yağıların bir parası gəlir. Bir parasısa ürək eləyib gizləndiyi yerdən çıxmır ki, bəlkə, tapa bilmədilər, sağ qaldım. Belə olanda şah göstəriş verir ki, ara-bərəni axtarıb cəmi gizlənənləri tutub gətirsinlər. Bir xeyli axtarışdan sonra yağıların yerdə qalanlarını tutub, əl-qolu bağlı gətirirlər şahın hüzuruna. Şah əmr eləyir:
– Kimlər ki öz xoşuyla gəlib onların bir gözünü, kimlər ki zorla gətirilib onların iki gözünü cəllad çıxarsın.
Şahın buyruğu yerinə yetirilir. Deyilənə görə, Nadir şahın qəzəbinə yetən yağıların çıxarılan gözlərinin çəkisi nə az, nə azacıq ‒ düz üç pud yarım olub. Cəllad işini başa yetirəndən sonra şahın əmriylə elə oradaca ‒ Cümə məscidinin həyətində dərin bir quyu qazılıb, çıxarılan gözlər oraya tökülüb. Sonra quyunu torpaqlayıb üstünə otuz igidin zorla tərpədə bildiyi iri bir sal daşı nişangah qoyublar. Söylədiyinə görə, Nadir Əfşar həmin sal daşın üstünə çıxıb belə deyib:
– Qoy görənlər görsün, eşidənlər eşitsin! Yadlara-yağılara soraq getsin. Dəmirqapı Dərbəndin torpağında gözü olanın axırı hər zaman belə olacaq. Mən bu “Göz daşı”nı görk üçün, ibrət üçün qoydurdum!
“Nənəvay” dərəsi (21)
Çalğan dağından üzü Sabnava kəndinə sarı enəndə göz qaraldıb bağıryaran bir dərəyə tuş gəlirsən ‒ “Nənəvay” dərəsinə. Deyir, bir qızla bir oğlan bir-birinə könül verib, əhd-peyman eləyiblərmiş. Hərdən vədələşib, dağ döşündə görüşürlərmiş. Həmən bu dərənin yeri allı-güllü bir talaymış. Oğlanla qız buranı özlərinə seyrəngah eləyiblərmiş. Günlərin bir günü yenə də seyrə çıxıblarmış. Birdən dağ tərpənir, yer yarılır, qızla oğlanın gəzdiyi tala uçurum bir dərəyə dönür. İş elə gətirir ki, oğlan qıraqda bir qaya parçasının üstündə qalır, qız dərə aşağı yuvarlanır. Oğlan yanından yoxa çıxan qızın səsinicə eşidə bilir:
– Nənə vay, nənə vay!!!
Sevən könüldə tab-tavana hardanıydı? Oğlan da özünü istəklisinin dalısınca atır... Deyilənə görə, qızın “nənə vay” harayının əks-sədası obada da eşidilir. Çox soraqlayıb axtarıblar, di gəl oğlanla qızdan bir nəm-nişanə tapmayıblar. O vaxtdan da bu göz qaraldan dərəni “Nənəvay” dərəsi adıynan çağırmağa başlayıblar.
Qanlı dərə (22)
Vaxt o vaxtıymış ki, yurdun başını qara bulud alıbmış. Qolunda tutar, dizində təpər olan nə qədər cavan-comrul varıymışsa, hamısı yaraqlanıb-yasaqlanıb çıxır düşmən qənşərinə. Yağı qoşunu da o çağacan basılıb eləmək nə olduğunu bilməyibmiş. Qərəz, bərk vuruş başlayır. El igidlərindən də qırılan az olmur. Amma qandan qorxmayıb yağıya doy gələ bilirlər. Düşmən qoşununun bir parası gücnən qaçıb canını qurtara bilir. Söyləndiyinə görə, döyüşdə o qədər adam qırılıb, o qədər qan tökülüb ki, Çalğan dağının ətəyindəki böyük dərəynən elə biləsən çay axırmış. O vaxtdan həmən dərənin adı qalır “Qanlı dərə”.
Dostları ilə paylaş: |