Qırxqız mağarası (23)
Dərbəndin yaxınlığında “Qırxqız” deyilən bir yer (mağara) var. Əfsanəyə görə, Dərbənddə ötən keçmiş illərdə var-dövləti başdan aşan, cahi-cəlallı bir xaqan yaşayırmış. Bu xaqanın belə bir adəti var imiş ki, hansı ölkəyə yürüş etsə, oradan gözəl qızları gətirib öz hərəmxanasına qatarmış.
Bir gün o eşidir ki, Bizans şəhərinin qul bazarında qırx gözəl qız satırlar. Bu xəbəri eşidər-eşitməz o, sərkərdələrindən birini çağırıb bir dəstə atlı ilə Bizans şəhərinə göndərir.
Sözün qısası, xaqanın sərkərdəsi Bizans şəhərinə çatıb bu qırx qızı alıb geri qayıdır. Deyirlər, sərkərdə başındakı dəstə ilə gecəyə yaxın Dərbəndə çatır. Gəlib görür ki, şəhərin qapıları bağlıdır. Günbatandan sonra Dərbəndin bütün qapıları bağlanarmış ki, düşmən gecə qaranlığında şəhərə basqın etməsin. Sərkərdə nə qədər hay eləyirsə, tanışlıq verirsə, qaravulçular şəhərin qapısını açmırlar. Görəndə ki, bunları şəhərə buraxmadılar, sərkərdə əmr edir ki, qızları yaxınlıqdakı mağaraya aparıb səhərə kimi orada saxlasınlar, yoxsa haramıya, quldura qismət olarlar. Əsgərlər qızları mağaraya ötürüb mağaranın ağzına da yekə bir sal daş qoyub geri qayıdırlar.
Sərkərdə yenə əmr eləyir ki, qapını döysünlər. Bu zaman leysan yağışı tək göydən üstlərinə ox yağmağa başlayır. Sən demə, qalanın qaravulçuları gecənin qaranlığında bunları düşmən bilibmişlər.
Səhər açılanda qalanın qapıları açılır. Qaravulçular baxıb görürlər ki, bəs qaranlıqda düşmən bilib oxladıqları xaqanın əsgərləri imiş.
Mağaradakı qırx qızdan isə bir xəbər verən olmayır... Deyirlər, indi də oradan keçəndə mağaradan qırx qızın qışqırtı səsləri eşidilir.
Dostları ilə paylaş: |