Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə20/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   16   17   18   19   20   21   22   23   ...   71
Şıxzamın bağı (31)
Dəliçoban kəndinin Şıxzamın bağında bir bağban olurmuş. Bir gün bağban axşam vaxtı süfrə açıb şam edəndə görür ki, üç nəfər pirani qoca bağın içilə gedir. Bağban da süfrəsi açıq adam imiş. Tez ayağa qalxıb qocaları süfrəsinə çağırıb deyir:

– Deyəsən, yol adamısınız, gəlin bir yerdə Allah verəndən şam edək.

Qocalar əyləşib, bağbanla şam edib, gedəndə deyirlər:

– Kimin dərdi-azarı olsa, bura gəlib sadağa versə, üç dəfə buranı aylansa sağalar, diləyinə çatar.

Demə, pirani qocalar şeyxlər imiş. Deyilənə görə, həmən gündən bura pir olub. Camaat pirə gəlib, sadağalar paylayır, pirin tərəklərinə cürbəcür əskilər bağlayırlar ki, diləkləri yerinə yet­sin. Gecə aparıb bağa kotan qoyurlar, səhər gedib baxırlar ki, bağ sürülüb. Deyilənə görə, Allah-təala tərəfindən gələn keyiklər ko­tana qoşulub bağı sürürlər.
Kar daşı” piri (32)
Belə söyləyirlər ki, keçmişdə Rükəl kəndində Gülsənəm adında gözəl, göyçək bir qız varmış. Gülsənəmin gözəllikdə bir­cə eybi karlığı imiş. Deyirlər ki, uşaqlıqda qızılcaya tutulubmuş.

Bir gün Gülsənəm baxdı ki, tay-tuşları ərə gedib, oğul-uşaq yiyəsi olublar. Amma ona yaxın düşən də yoxdur. Bu dərd qızı yaman sıxdı. Dərd əlindən baş götürüb evdən çıxdı. Gəlib bir dağa çatdı. Çıxdı dağın başına. Öz-özünə dedi: “Belə yaşa­maq­dansa, ölmək daha əfzəldi”. Özünü elə dağdan atmaq istə­yirdi ki, bir səs eşitdi:

– Qızım, əl saxla!

Baxdı ki, ixtiyar bir qocadır. Qoca xəbər aldı:

– Qızım, nə dərdin var ki, özünə belə qəsd edirsən?

Qız dərdini açıb qocaya danışdı. Qoca dedi:



– Qızım, yerdən bir daş alıb, ürəyində bir dilək tut. Daşı at qayanın üstünə. Daş qayanın üstündə qalsa, diləyin yerinə yetəcək.

Bunu deyibən qoca gözdən itdi. Qız qocanın dediyi kimi elədi. Bir də gördü qulağı açıldı. Şad-xürrəm evinə qayıtdı.

Həmən gündən o yerə “Kar daşı” piri deyirlər.
Deşikli daş” piri (33)
Belə söyləyirlər ki, mal-dövləti başından aşan varlı-hallı bir kişi varmış. Amma nə fayda, bu binəsibin oğul-uşaq deyilən­dən heç kimi yox imiş. Bir gün kişi baxır ki, günlər, illər keçib gedir. Qocalıq da qapını kəshakəsdi. Arvadını çağırıb deyir:

– Arvad, özün görürsən ki, daha saqqalıma dən düşüb. Bu var-dövlətə məndən sonra yiyə duranım yoxdur. Başına bir çarə qıl. Belə getsə, gərək özümə bir arvad da alım.

Yazıq arvad ağlaya-ağlaya ərinin yanından çıxıb, çöllərə üz qoyur. Gəlib bir uca dağa çatır. Birdən bir pirani qoca onun qənşərinə çıxıb soruşur:

– Qızım, niyə ağlayırsan? Başında nə qəziyyə var belə?! Arvad əhvalatı başlı-bütünlü ona danışır. Qoca ixtilatdan agah olub, arvadın qolundan tutur və gəzə-gəzə bir qayanın yanına gətirir. Əlindəki əsanı qayaya vurub, oradan bir deşik açır.

– Qızım, bu deşikdən keç, inşallah ürəyindəki murazına yetərsən.

Arvad elə də eləyir. Qayanın deşiyindən keçir. Dönüb geri baxanda qocanı yerində görmür. Oradan qayıdıb əhvalatı necə varsa, yəni əvvəldən axıra birbəbir ərinə söyləyir. Əri o saat an­şırır ki, bu işə Xızır Nəbi əl qoyub. Allahın köməyilə uşaqları ola­caq. Elə də olur. Düz doqquz ayın tamamında arvad gözəl-göy­çək bir oğlan dünyaya gətirir. Kişi də, arvad da uşağı götü­rüb, deşikli daşın yanına gəlir, qurban kəsib paylayır, var-döv­lətlərinin bir pa­ra­sını sadağa verirlər. Həmən vaxtdan bu daş pir yerində bi­linir. Uşağı olmayan xatınlar muraza yetməkdən ötəri gəlib onun ara­sından keçirlər. Pir də onların murazını gözündə qoymur.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin