Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə21/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   17   18   19   20   21   22   23   24   ...   71
Səbirsizlik (34)
Allah insanı yaradanda siftə başından başlayıb. Hər bir əzanı yerli-yerində, qaydasınca düzəldib. Elə ki, gəlib topuğuna çatıb, həmin məqamda insan dözməyib, tez ayağa durub. Tanrı da hirslənib, onun topuğuna toxunmayıb. Ona görə də insanın ayağı tez-tez topuğundan burxulur.
Təkgöz xatın (35)
Deyilənə görə, keçmiş vaxtlarda Mitəyi mülkündə Rama­zan adında mallı-dövlətli bir kişi olub. Ramazan kişinin Hürnisə adında bir xatını, iki də oğlu varmış. Ramazan kişinin mal-qarası qoyun-davarı çox olduğundan kənddə yaşamırdı. Mitəyi mül­kün­də bir yer qazması düzəldib orada qalırdı.

Payız axşamıydı. Çobanlar mal-qoyunu çöldən gətirib, yatağa salmışdılar. Hürnisə xatının bişirdiyi ətli xəngəldən yeyib, hərə yatağın bir kənarında yatmağa getdi. Ramazan kişi şam yeməyindən sonra xatınına dedi:

– Ay xatın, mənim də yerimi sal, səhər malı işıq açılana­can çölə çıxardacağam. Mallarımız payız bəhrini yaxşı yemə­lidir. Bu gün, sabah qış gəlir. Balalayan qoyunlarımız var, bala­layan mallarımız var, sonra balaları sısqa olar. Bir dənəsini də saxlaya bilmərik.

Səhər tezdən hələ işıqlaşmamış mal-qaranı, qoyun-davarı sağıb, yataqdan çölə ötürdülər. Ramazan kişi də oğlanlarıyla ço­ban­lara qoşulub getdilər.



Hürnisə xatın da səhər sağılan südü bir tiyan qazana töküb, bişirməyə başladı. Bir kürsü də alıb, süd tiyanının yanında otur­du, çömçəylə südü sovurmaqda oldu. Bir zaman qulağına səs gəldi, o yana baxdı, bu yana baxdı, amma bir şey görmədi. Elə bil­di oğ­lanları gəlib. Üç ağız çağırdı, səsinə səs verən olmadı. Hür­nisə xa­tın bir zaman gördü ki, insanabənzər, bütün cəmdəyi tüklü, saçları dağınıq, əmcəkləri bir nəhrə qədər möcüz bir məx­luq tiyana ya­xın­laşır. Bu bəni-insanın qaşqasında bir tək gözü də varıydı.

Hürnisə xatın özünü itirməyib kürsüdən durdu, təkgöz xa­tına yer göstərdi, əlindəki çömçəni də tiyanın qırağına qoydu. Tək­göz xatın çömçəni alıb, kürsüdə oturdu, sonra başladı südü so­vurmağa. Hürnisə də gözünü ondan çəkmir, canını qurtarmağı fikirləşirdi. Birdən Hürnisə baxıb gördü ki, təkgöz xatun otur­du­ğu yerdə mürgiyə getdi, çömçə də əlindən düşdü. O, daha für­səti əlindən buraxmayıb çömçəni götürüb, astaca qaynayan südü çöm­çəyə doldurdu. “Allah sən kömək ol!”, ‒ deyib çömçəni var gücüylə xatının təkgözünə çırpdı. Təkgöz xatın kürsüdən yerə yı­xılanda süd tiyanını da onun üstünə aşırdı. Qaçdı əriylə oğlan­larını axtarmağa. Hürnisə onları tapıb, başına gələn əhvalatı da­nış­dı. Ramazan kişi hamıdan əvvəl özünü qazmasına çatdırdı. Baxıb gördü ki, doğrudan da, tək gözü olan çılpaq bir qadındır, özü də haçandı ölüb. Kənd camaatı da əhvalatı eşidib gəldi. Kən­­din kə­narında dərin quyu qazıyıb, təkgöz xatını orada basdır­dılar. Ca­maat dağılışıb gedəndən sonra Hürnisə Ramazan kişiyə dedi:

– Ay kişi, ömrümüzün çox payını çöllərdə, qoyun dalınca gəzməkdə keçirmişik. Bəsdir, daha çöldə qalmayaq, kəndə qayı­daq. Təkgöz bəni-insanlar bizdən əl çəkməyəcəklər, gözümüzün ağı-qarası iki oğlumuz var. Onların başına bir xəta gələr. Mal-dövlət əl çirkidir. Gəl mallarımızın çoxusunu satıb, azını sax­layaq, biz də gedib camaata qoşulaq.

Ramazan kişi xatınına qulaq asıb dedi:

– Ay xatın, sən deyən olsun. Bu mal-dövləti sənin ayağın­nan qazanmışam.

Ramazan kişi dediyi kimi də elədi. Bir neçə günə malla­rının çoxunu satıb, azını saxladı. Gedib kənddə yaxşı bir ev tikib, orada yaşamağa başladı.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin