Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə37/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
Armudan bəy (52)
Oladı, olmuyadı, bir kasıb ovçu oladı. Bir gun ovçu gəlib gördü ki, tələyə bir tülkü düşüb. Ovçu istədi ki, tülkünün dərisini boğazından çıxarsın.

Tülkü dedi:

– Ovçu qardaş, məni öldürmə, sənə gərək olaram.

Ovçu dedi:

– Sənin qiymətin elə dərindədi.

Tülkü dedi:

– Sən məni öldürmə, mən səni ən varlı adam edərəm.

Ovçu tülkünü açıb, buraxdı. Tülkü dedi:

– Bu gündən sənin adın oldu Armudan bəy. Dalısıynan sənin işin olmasın. Mən nə desəm, sən təsdiq elə. Axırın xeyirdi.

Kasıb ovçu fikirləşdi ki, görək bu işlərin axırı nə olur. Odu ki, tülkü nə dedisə, razılaşdı. Bir gün tülkü dedi:

– Qardaş, gərək səni şah qızı ilə evləndirim.

Bu sözləri deyib, tülkü yolu əlinə aldı. Az getdi, üz getdi, də­rə-təpə düz getdi, bir çaya rast gəldi. Çayı keçdi. Gördü ki, şahın sarayı görünür. Gəlib şahın elçi daşının üstündə oturdu. Şa­ha xəbər çatdı ki, bir tülkü elçi daşının üstündə oturub. Şah dedi:

– Tülkü nədi ki, onun qulluğu da nə olsun.

Şah nə fikirləşdi, nə fikirləşmədisə birdən dedi:

– Çağırın gəlsin.

Tülkü şaha ədəblə baş endirib dedi:

Şah sağ olsun, mən utana-utana gəlmişəm. Məni Armu­dan bəy göndərib ki, sizdən gümüşölçən sabunu alım. Gümü­şünü ölçmək istəyir. Şah vəzirə dedi:

– Vəzir, sabunu ver aparsın.

Bəli, tülkü sabunu alıb gətirir. Kasıb ovçu tülkünün bu işinə məəttəl qalmışdı.

Tülkü dedi:

– Sən səsini çıxarma.

Tülkü sabunun yırtığına iki gümüş yapışdırdı ki, guya, doğ­rudan da, Armudan şahın xəzinəsindəki gümüşü ölçüblər. Beş gün keçdi. Tülkü şahın gümüşölçən sabununu qaytarıb dedi:

– Hələ gümüşü təmiz ölçüb qurtarmamışıq.

Baxıb gördülər ki, sabunun yırtığında iki gümüş var. Fikir­ləş­dilər ki, deyəsən, doğrudan da, sabunnan gümüş ölçülüb. İndi də tülkü dedi:

– Şah sağ olsun, Armudan bəy indi də göndərib ki, sizin qızılölçən sabunnuzu alım.

Şah əmr etdi. Bu dəfə də qızılölçən sabunu verdilər tül­kü­yə. Tülkü qızılölçən sabunu kasıb ovçunun evinə gətirdi. Beş gün keçdi. Tülkü sabunun yırtığına iki qızıl yapışdırıb, gətirib şa­­ha qaytardı.

Şah fikirləşdi ki, heç mənim xəzinəmdə bu qədər qızıl yoxdu. Görünür, Armudan bəy çox dövlətlidir. Nə olaydı, onun­la qohum olaydım.



Şahın gözəl-göyçək bir qızı vardı. Aya deyirdi, mən çıxan­da sən çıxa bilməzsən, günə deyirdi, mən çıxanda sən çıxa bil­məz­sən. Bəli, aradan bir xeyli keçdi. Tülkü gəlib yenə elçi da­şı­nın üstündə oturdu. Şah böyük hörmətnən onu qəbul elədi. Tül­kü dedi:

– Armudan bəy məni göndərib ki, sənin qızına elçilik eliyim.

Şah bundan çox şad oldu.

Elə ürəyində idi ki, belə varlı-dövlətli bir şahla qohum olsun. Odu ki, dedi:

– Nə deyirəm, razıyam, gətir, qoy bir-birlərini görsünlər, o günü toylarını eliyək.

Tülkü tez kasıb ovçunun yanına gəldi. Dedi:

– Tez ol, hazırlaş, gedək şahın hüzuruna.

Kişi qorxusundan bilmədi nə etsin. Nə zarafatdı şahı aldatmaq. Sonra dərisini boğazından çıxardardılar. Tülkü dedi:

– Qorxma, o gün bu gündən deyil, gedəcəyik şahın yanına.

Kişi naəlac qalıb tülkünün yanına düşdü. Ancaq onu deyim ki, bu kişi o qədər kasıb idi ki, paltarının cır-cındırından çəkinər, hürkərdi. Bir vedrə darını töksən, biri də yerə düşməzdi. Bəli, onlar gəlib çaya çatdılar. Çayı o üzə keçəndə tülkü kişiyə dedi. Paltarlarını soyun at suya.

Kişi tülkünün dediyi kimi elədi. Çayı o üzə keçəndə tülkü dedi:

– Sən burda gözlə, mən bu saat gəlirəm.

Tülkü tez şahın yanına gəlib dedi:

– Şah sağ olsun, Armudan bəy çaydan keçəndə paltarlarını su apardı.

Şah əmr elədi, Armudan bəy üçün şahanə paltar gətirdilər. Tülkü tez çayın kənarına gəldi. Şahanə paltarı kasıb ovçuya verib dedi:

– Sən heç vaxt paltarına baxma



Bəli, onlar şahın sarayına gəldilər. Şahın adamları onları bö­yük hörmətlə qarşıladılar. Bəli, məclis quruldu. Yemək-içmək gəl­di. Hamı sümüyü süfrəyə tökür, Armudan bəy isə ətəyinə yı­ğır­dı. Çölə çıxanda başladı sümükləri gəmirməyə. Şah tülküdən soruşdu:

– Ay tülkü, Armudan bəy niyə tez-tez paltarlarına baxır?

Tülkü dedi:

– Şah sağ olsun, siz verən paltarları bəyənməyib. Tez-tez paltarlarına baxır ki, birdən üst-başında bit olar.

Şah bu sözləri eşidib daha dinmədi. Bəli, kəcavələr düzül­dü. Şah qırx dəvə cehiz verdi. Şahın adamları onu yola salmağa hazırlaşdılar. Kasıb ovçu fikirləçirdi ki, görəsən, bu işlərin axırı nə olacaq. Onlar gəlib bir naxıra rastlaşdılar. Tülkü tez özünü yetirib naxırçıya dedi:

– Naxırçı qardaş, bax, o atlılar şahın adamlarıdır. Şah bu saat bərk naxoşlayıb. Təbiblər buyururlar ki, naxırçı beyni onun dər­manıdır. İndi səndən soruşsalar ki, bu kimin naxırıdır? Dey­nən, Armudan bəyin, onda sənə toxunmazlar.

Şahın adamları gəlib naxıra çatdılar. Gördülər, naxırın ucu-bucağı yoxdu.

Dedilər:


– Bu kimin naxırıdı?

Naxırçı dedi:

– Armudan bəy şahın.

Tülkü bütün mal-qaranı qabağına qatdı. Naxırçı çayın yanında idi. Odu ki, qaçıb aradan çıxdı. Bir xeyli getmişdilər. Gör­dülər bir qoyun sürüsü göy çəmənlikdə otlayır. Sürüdə qoyun­ların sayı-hesabı yoxdu. Tülkü tez özünü çobanın yanına yetirib dedi:

– Çoban qardaş, şah bu saat naxoşlayıb, təbiblər buyurub­lar ki, çoban beyni onun dərmanıdır. İndi səndən soruşsalar ki, bu kimin sürüsüdü, deynən, Armudan bəyin. Onda sənə toxun­maz­lar. Şahın adamları gəlib sürüyə çatdılar. Gördülər ki, qo­yun-quzunun sayı-hesabı yoxdur. Dedilər:

– Bu kimin sürüsüdü?

Çoban dedi:

– Armudan bəyin.

Tülkü bütün qoyunları qabağına qatdı. Çoban öz canının hayında idi. Armudan bəy, tülkü, şahın adamları bir xeyli get­di­lər. Bir də gördülər ki, böyük bir saray görünür. Şahın sarayı bunun yanında heç nədi. Sən demə, burda qırx div yaşayırmış. Div sarayının qapıları açıldı. Tülkü tez özünü yetirib dedi:

– O qoşun sizin için gəlib. Şahın ilxısına qotur düşüb. De­yirlər, div beyni xəstəliyin dərmanıdır. İndi tez gizlənin.

Divlər qorxuya düşüb tez samanlıqda gizləndilər. Tülkü şa­hın adamlarına dedi ki, atamız vəsiyyət eləmişdi ki, qardaşına toy eləyəndə samanlığı oda tutun. Tülkü samanlığa od vurdu. Div­lərin otuz doqquzu yandı. Təkcə axsaq bir div vardı. O qaçıb, canını qurtardı. Şahın adamları elə bildi ki, bura, doğrudan da, Armudan bəy şahın sarayıdır. Tülkü kasıb ovçuya qırx gün, qırx gecə toy elədi. Şahın adamları bir neçə gündən sonra çıxıb getdi. Qaldı Armudan bəy, gəlin, bir də tülkü.

Aradan bir müddət keçdi. Bir gün tülkü fikirləşdi ki, qoy bir qardaşlığımı sınayım. Mən ona bu qədər yaxşılıq eləmişəm. Görüm qardaşlığım mənə sədaqətlidi?

Tülkü dedi:

– Qardaş, ürəyim xaşıl istəyir. Gəlin bacıya de, bir xaşıl bişir­sin.

Bəli, gəlin xaşıl bişirdi. Tülkü yeməyin şirin yerində bir­dən qəsdən qusdu. Kişi xatununa dedi:

– Dur, yu.

Eyni hadisə ikinci, üçüncü dəfə təkrar oldu. Kişinin hirs başına vurdu.

Dedi:

– Arvadı sənin üçün gətirmişəm, yoxsa özümə? Sən məni lap boğaza yığdın. Bunu deyib, kişi tülkünü qırxıncı mərtəbədən aşağı tulladı. Tülkü ayağını çəkə-çəkə dedi:



– Ey ağılsız adam, məni xaşıldan ötrü bu hala saldın. Səni mən o dərəcəyə qaldırdım, sənsə mənim qədrimi bilmədin. Gör indi sənə neyləyəcəm.

Tülkü qaçdı axsaq divin dalınca. Aradı, axtardı, nəhayət, axsaq divi tapdı. Dedi:

– Ay evin yıxılsın, sən gəlib burda gizlənmisən, evində keçəlin biri oturub. Nə durmusan, tez ol, dur gedək.

Bu sözləri eşidən div hirsindən dodaqlarını gəmirməyə baş­la­dı. Dedi:

– Ona elə toy tutum ki.

Onlar divin qalaçasına gəlib çatdılar. Kişi gördü ki, tülkü divi də götürüb gəlir. Qorxusundan çaş-baş qaldı. Özünü tox­tat­dı. Elə div gəlib çatan kimi qışqırdı:

– Sənə demədimmi qırx birini gətir. Sən birini gətirmisən.

Axsaq div elə başa düşdü ki, tülkü onu öldürtməyə gətirib. Hirsini ondan çıxdı. Tülkünün qol-qabırğasını qırıb, cəhənnəmə vasil elədi. Qaçıb getdi.

Armudan bəylə şah qızı ömür sürüb murad hasil elədilər.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin