Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə40/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   36   37   38   39   40   41   42   43   ...   71
İki kosa (55)
Dərbənddə bir kosa, Qubada da bir kosa vardı. Bunlar çox istəyirdilər ki, qarşılaşalar. Günlərin bir günü onlar bir-birini görməyə gedillər. Dərbəndli kosa yola düşər Qubaya, qubalı kosa da yola düşər Dərbəndə. Elə olar ki, onlar yolda qarşıla­şar­lar. Bir qədər söhbətdən sonra yemək üçün girərlər bir yemək­xa­naya. Yemək-içmək gələr. Yeyib-içib qurtarandan sonra qubalı kosa deyir:

– Bir dəqiqəyə gəlirəm.

Dərbəndli çox gözlüyür, amma qubalı gəlib çıxmır. Axırda dərbəndli kosa car-nacar qalıb, yeməyin pulunu verir. Öz-özünə fikirləşir, “yaxşı, sən ol qubalı kosa, mən də olum kəllə dər­bəndli”, o üç qəpıyi sənnən çıxarmasam, dədəmin oğlu deyiləm.

Bəli, dərbəndli kosa yol alır Qubaya. Xəbər verim qubalı kosadan. Qubalı kosa gəlir evə, arvadına tapşırır ki, kim gəlib məni soruşsa, de ki, mən ölmüşəm. Elə bu vaxt dərbəndli kosa gəlib qapını döyür. Deyir:

– Ay bacı, bəs dostum hanı?

Qubalı kosanın arvadı deyir:

– Gərək mən onu dəfn eləyim.

Dərbəndli koşa içəri girib görür ki, doğurdan da, qubalı kosa otaqların birində uzanıb, üstünə də mələfə çəkilib. Dər­bənd­li kosa başlayır bir qazan su qızdırmağa. Bir qazan da soyuq su götürür. Gəlib durur qubalı kosanın başının üstündə. Əvvəlcə bir qab isti suyu qubalı kosanın başına tökür. Qubalı kosa dik atılıb durur. Dərbəndli kosa deyir:

– Ver üç qəpiyimi.

Qubalı kosa deyir:

– Mən ölmüşəm. Ölü də pul verərmi?

Qubalı kosa yenə uzanır. Bu dəfə dərbəndli kosa bir qab soyuq suyu götürüb onun başınnan tökür. Qubalı kosa yenə də dik attanıb durur. Yenə də dərbəndli kosa deyir:

– Ver üç qəpiyimi.

Qubalı kosa deyir:

– Ölü də pul verərmi?

O, yenə də uzanır. Bu hadisə bir neçə dəfə təkrar olunur. Axırda dərbəndli kosa görür ki, qubalı kosadan üç qəpiyi ala bilməyəcək, gecənin bir aləmi onu götürüb gəlir bir sərdabəyə. Bu zaman burdan qırx hərami keçirdi. Onlar şahın xəzinəsini yarıb gəlirdilər. Fikirləşirlər ki, elə sərdabədə gecələsinlər.

Bəli, həramilər sərdabəyə girirlər. Başlayırlar qızılları bölməyə. Bir qızıl xəncər artıq qalır. Həramilərdən biri deyir:

– Xəncər mənim olsun.

O biri deyir:

– Mənim olsun.

Axırda biri deyir:

– Üç ölünü qoyaq üst-üstə. Bir dəfəyə kim üç meyiti doğraya bilsə, xəncər onun olsun.

Meyitləri üst-üstə qoyurlar. Qubalı lap üstə düşür. Həra­mi­lərdən biri istəyir ki, xəncəri qaldırıb vursun. Dərbəndli qapının ağzında kəfənə bürünmüşdü, ordan qışqırır:

– Ay ölülər, bu dirilər bizi burda da rahat qoymurlar. Qırın bunları!

Bu sözü eşidəndə qubalı kosa da ayağa qalxıb qışqırır:

– Qırın bunları!

Həramilər qızılları qoyub qaçırlar. Kosalar qızılları bölür­lər. Dərbəndli kosa deyir:

– Ver üç qəpiyimi.

Qubalı kosa deyir:

– A kişi, səni bu qədər dövlətə çatdırdım, yenə məndən üç qəpik istəyirsən? Mən hardan alım bu sərdabədə sənin üçün üç qəpiyi. Gəl bu xəncəri üç qəpiyin əvəzində götür.

Qubalı kosa çox deyir, dərbəndli kosa az eşidir. İki ayağını bir başmağa qoyub dediyini deyir.

Bunlar burda qalsın, xəbəri verək xəbərdən, görək həra­milər harda qaldı.

Hərəmilər bir qədər getmişdilər ki, birdən biri deyir:

– Heç ölü də dirilərmi?

Biri deyir:

– Bu saat mən gedib öyrənərəm, görüm bu nə əhvalatdır.

Həmin hərami gəlib, sərdabənin qapısının ağzında dayanır. Bu vaxt dərbəndli kosa qışqırır:

– Üç qəpiyimi verməsən, səni buraxan deyiləm.

Qubalı kosa görür ki, həramilərdən biri qapının ağzında dayanıb. Tez əlini uzadıb, onun papağını başınnan götürüb, dər­bənd­li kosanın üstünə qışqırır:

– Al, bu da üç qəpiyinin əvəzi.

Hərəmi tez qaçıb yoldaşlarına deyir:

– Eviniz yıxılsın, tez olun burdan qaçaq. Bu saat bütün ölülər dirilib, bizim qızılları bölüb qurtarıblar, hərəsinə heç üç qəpik də düşməyib.

Həramilər qaçıb gedirlər.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin