Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə46/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   42   43   44   45   46   47   48   49   ...   71
Tülkü ilə tısbağa (61)
Biri var idi, biri yox idi, bir tülkü ilə tısbağa var idi. Bir gün tısbağa tülküyə dedi:

– Ay tülkü qardaş, gəlsənə darı əkək.

Tülkü dedi:

– A tısbağa, mən darını neynirəm. Darı yeyən sənsən. Mənimki toyuqdu, xoruzdu. Yox, qardaş, sövdamız baş tutmaz.

Tısbağa əl çəkməyib dedi:

– Sən gəl mən deyənə qulaq as. Darını əkərik, sonra da biçərik. Mən öz payımı yeyərəm, sən də payını bazarda satıb özünə toyuq-cücə alıb yeyərsən.

Bu söz tülkünün ağlına batdı. Xülasə, darını əkdilər də, biçdilər də. Tülkü cinsi hiyləgər olar. Öz-özünə fikirləşdi necə etsin bütün darıya sahib olsun. Odur ki, tülkü tısbağaya dedi:

– Tısbağa qardaş, görürsən zəhmətimiz yaman hədər getdi. Bu işdən bir şey qazanmayacağıq. Darını bölüşdürsən, ikimiz də ac qalacağıq. Gəl belə edək. Biçənəyin bu başından o başına qaçışaq, kim tez qaçsa, darının hamısı onun olsun.

Tısbağa o saat başa düşdü ki, tülkü onu aldatmaq istəyir. Dedi:

Tülkü qardaş, icazə ver bir az fikirləşim.

Tülkü razılaşdı. Tısbağa tülküdən aralanıb getdi. Bir tıs­bağa dostunu tapıb məsələni ona danışandan sonra dedi:

– Sabah səhər mən tülkü ilə öz biçənəyimizdə qaçışacağıq. Odur ki, sən biçənəyin bir başında durarsan, mən də o biri başında.

Tısbağa dostu ilə razılaşıb yenə tülkünün yanına getdi.

Tülküyə dedi:

– Tülkü qardaş, mən razı. Sabah səhər öz biçənəyimizdə qaçışarıq.

Tülkü tısbağanın bu sözünə yaman sevindi.

Səhər tezdən tülkü ilə tısbağa gəlib biçənəyin aşağı başında dayandılar. Tülkü ona dedi:



– Tısbağa qardaş, gəl qaçışaq. Ya sənə verən Allah, ya mənə.

Bunlar deyib başladılar ötüşməyə. Tısbağa yerindən tərpə­nən kimi tülkü götürüldü. Gəlib biçənəyin yuxarı başına çatanda gördü ki, tısbağa onu gözləyir. Yaman pərt oldu. Dedi:

– Gəl, bir də qaçışaq.

Tısbağa dedi:

– Nə deyirəm. Mən razı.

Bir də başladılar qaçışmağa. Tülkü var qüvvəsilə geri qa­çıb gələndə gördü ki, tısbağa yenə onu qabaqlayıb. Yorğunluq­dan tülkünün nəfəsi yaman daralmışdı. Güclə nəfəs alırdı. Dedi:

– Tısbağa qardaş, bu sayılmır. Qaçanda ayağıma tikan batdı. Ona görə gəl bir də qaçışaq.

Tısbağa halını pozmadan dedi:

– Mən heç vaxt dost sözünü yerə salmaram. Gəl bir də qaçışaq.

Tülkü bu dəfə də ondan tez yerindən götürüldü. Amma biçənəyin yarısına çatmamış təngənəfəs olub ürəyi partladı. Tısbağa asta-asta tülkünün leşinə yaxınlaşıb dedi:

– Tülkü qardaş, acgözlüyün sənə yaman baha başa gəldi ha!


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin