Ayırma məni (102)
Şah camalın eşqə saldı canımı,
Oynatdın ağlımı sərdən, sevdiyim.
Bağlayıb qolumu, tutdun gözümü,
Qoyma qurtar məni dardan, sevdiyim.
Siyah zülfün yarı enib qabağa,
Qoşa xallar xub yaraşır yanağa.
Bir canım var edəm sənə sadağa,
Kəsmə payım qoşa nardan, sevdiyim.
Niftullayam, dəryalara at məni,
Hərrac bazarına apar sat məni,
Səndən özgə qeyri bir cəllad məni
Ayırmaz o bəyaz qardan, sevdiyim.
“Koroğlu” dastanından bir parça
Xoş gəldin (103)
Dağlar aşıb gələn oğlan,
Oğlan, xoş gəldin, xoş gəldin.
Bağrım başın dələn oğlan,
Oğlan, xoş gəldin, xoş gəldin.
Dolandım güllü-cahanı,
Gəzdin dağı, dəryanı.
Sənə qurban deyim canı,
Oğlan, xoş gəldin, xoş gəldin.
Gəl gedək bülbüllü bağa
Canım canına sadağa.
Sallan gəl bir ağ otağa,
Oğlan, xoş gəldin, xoş gəldin.
Eylədim əhdimə vəfa,
Yolunda çəkmişəm cəfa,
Sürərik səninlə səfa,
Oğlan, xoş gəldin, xoş gəldin.
Almasın könlünü qubar,
Mən ollam sənə vəfadar,
Sənə qurban telli Nigar,
Oğlan, xoş gəldin, xoş gəldin.
Dostları ilə paylaş: |