Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə3/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   2   3   4   5   6   7   8   9   ...   71
SINAMALAR (2)
*** “Böyük su içən vaxt əgər kiçik istəyib verməsə, yeddi bulaq quruyar”, – deyərlər.

*** “Gecə qonşuya qatıq, un, pul verməzlər, yoxsa evin bərəkəti gedər”, ‒ deyərlər.

*** “Körpəni güzgü qabağına qoymazlar, uşaq güzgüyə baxsa, gec dil açar”, – deyərlər.

*** Bıçaq yerə ağzı üstə düşəndə “ət kəsmək istəyir”, ‒ deyərlər.

*** “Soğan, sarımsaq qabığını oda atmazlar, yoxsa qış soyuq olar”, ‒ deyərlər.

*** Bir adam hıçqıranda deyərlər ki, kimsə sənin adını tutur.

*** “Xalı çox olan adamın qəbri işıqlı olar. Hər xalı bir ulduza dönər”, – deyərlər.

*** Deyərlər ki, əliuşaqlı xatın hirsli vaxtı uşağını əmiz­dirsə, uşağı da hirsli olar. Belə olanda südü gərək bir yerə sağ­sın, sonra uşağını əmizdirsin.

*** Deyərlər ki, axşam vaxtı uşağı çimizdirəndən sonra suyu atmaq olmaz. Suyun içinə yanar kibrit atıb “şeytanı yan­dırdım” deyərlər. Uşaq yatıb ayılandan sonra ‒ səhər suyu atarlar. Yoxsa uşağa sədəmə toxunar.

*** İki xatın bir vaxtda uşağa yatsa, gərək qırx gün bir-biriylə kəlmə kəsməyə. Danışsalar, uşağın üstünə qırx düşər. Qırx düşsə, qırx açar gətirib, onun başı üstdən üç dəfə su tökər, qırxı götürərlər.

*** Təzə ev tikəndə evin özülünə xırda pul, düyü atarlar ki, evdə xeyir-bərəkət olsun.

*** “Səhər tezdən evdən küçəyə çıxanda qabağına dolu vedrəli adam çıxsa, xeyrə çatarsan”, ‒ deyərlər.

*** “Yaz vaxtı siftə göy guruldayanda axar çaydan evə bə­rəkət daşı gətirsən, evindən xeyir-bərəkət əskik olmaz”, – de­yərlər.

*** Bəd yuxu görəndə yuxunu suya danışıb, itə yeddi qırıq çörək tullayarlar ki, yuxu çin olmasın, puç olsun.

*** “Əgər inəyin bulamasını təzə doğulmuş dişi balasının başına töksən, o gələcəkdə südlü olar”, – deyərlər.

*** Qurban ətinin sümüyünü atmazlar, qurudub saxlarlar. Bərk külək əsib kəsmək bilməyəndə həmən sümüyü yandırib, külünü atarlar evin damına. El bu inamda olub ki, belədə külək kəsər.

*** Çərşənbə günü baş yumaz, dırnaq tutmaz, üz qırxmaz­lar, yoxsa bədlik olar.

*** “Gün dalınca qapı süpürmək günahdır”, – deyərlər.

*** “İnəyin yelini gələndə qaraquş caynağını ona sürtsən, keçib gedər”, – deyərlər.

*** Təzə doğulmuş inək balasına “bərk dırnaqlı olsun” deyərlər.

*** “Günbatandan sonra bıçaq itiləsən, qapındakı heyvanın ölər”, – deyərlər.

*** Malın itəndə bıçağın ağzını bağlasan, qurdun ağzını da bağlamış olarsan.

*** “Odunu ocağa tərs qoysan, qonşun dövlətli olar”, – deyərlər.

*** “Körpənin ilk dəfə çıxan dişini kim görsə, ona hədiyyə almalıdır”, – deyərlər.

*** Əziz adamın evə qonaq gəlməyini istəyəndə şişi qız­dı­rıb, həyətin küncündə yerə basdırarlar. İnanarlar ki, həmin adam şiş soyuyana kimi gəlib çıxmalıdır.

*** “Köynəyi tərs geyinəndə evə qonaq gələr”, – deyərlər.

*** “Ocağa odunu tək qoymazlar, peyğəmbərin ocağında odun tək yanmayıb”, ‒ deyərlər.

*** Əgər uşaq gözdəymədən ağlağan olsa, “bismillah, qul­huvallah” deyib, kağızla iynə götürərlər. İynəni kağıza batırıb yandırarlar. Sonra da kağızın külünü uşağın alnına sürtərlər ki, ağlamasın, bəd nəzər puç olsun.

*** İlaxır çərşənbəsi heyva ağacının budağından balaca bir parça kəsib, gözmuncuğu kimi uşağın biləyinə sapla bağlarlar ki, ona göz dəyməsin.

*** “Körpəyə yatan yerdə çox baxmazlar, yoxsa uşağa göz dəyər”, – deyərlər.

*** Xəmiri yoğurub qurtarandan sonra “qoy atası evinə gedib gəlsin” deyibən bir qədər gözləyərlər ki, xəmir gəlsin, bişməyə yararlı olsun.

*** Tum əkəndə “birə min əvəzin alasan” deyərlər ki, xeyir-bərəkət olsun.

*** Uşaq yatan vaxt yuxuda qorxmaması üçün bıçaqla onun ətrafında bir çevrə çəkərlər.

*** Uşağın nədən qorxduğunu bilməkdən ötəri qurğuşunu əridib, suya tökərlər. Qurğuşun suda nəsə bir heyvanın, ya qurd-quşun şəklini alar. Bundan bilərlər ki, o nədən ürpənib.

*** “Körpəni yük üstündə çox oturtsalar, gec yeriyər”, – deyərlər.

*** “Gecə qatıq kəssən, ağartın kəsilər”, – deyərlər.

*** Şər vaxtı qonşuları gəzən xəta-bəlaya rast gələr.

*** “Atın kəllə sümüyünü saxlasan, bərəkət gətirər”, – de­yərlər.

*** Əgər bir nəfər kəsilmiş çörəkdən təsadüfən yenidən bir tikə kəssə, deyərlər kiminsə acdır.

*** Birinin mal-qarası, qoyunu itəndə gedərmiş mollanın yanına. Molla da xəncərini tərs taxıb qurdun ağzını bağlarmış. İtmiş heyvan səhər gəlib çıxanda gedib mollaya xəbər verər­lər­miş ki, qurdun ağzını açsın. Yoxsa günah olar, qurd ac qalar.

*** Xeyir-bərəkət olması üçün birinci xırmanı evə gətir­məzdilər, yetim-yesirə paylayardılar.

*** “Bir adam ağır xəstələnəndə həmin adamın adını tutub ağacın kökünü burallar. Ağac quruyanda həmən adam da sa­ğa­lar”, – deyərlər.

*** Ocaq pis yananda odun üstünə duz atarlar ki, yaxşı yansın.

*** Xırman döyəndə axırıncı xırmanı yetimlərə, əlsiz-ayaqsızlara, dullara verərlər ki, bərəkəti artıq olsun.

*** “Uçaq düşərkən taxıllar baş-başa verib bir-birinə sar­ma­şanda qurban kəsmək gərək ki, xeyir-bərəkət görəsən. Kəs­məsən, uçaq yiyəsi xeyir görməz”, – deyərlər.

*** “Tuma çıxandan üç-dörd gün keçincəyə kimi heç kimə evdən od verməzlər, yoxsa əkini bərəkətli olmaz”, ‒ deyərlər. Tum bitəndən sonra evdən od verərlər.

*** Bayram günü çəmənlikdə yelləncəkdə yellənərlər ki, günahlar tökülsün.

*** Həyətin iti arxasını evə qarşı döndərib yatsa, deyərlər ki, kimsə o ailənin qeybətini qırar. Dərhal ev adamlarından biri itə bir şey atıb onu yerindən durğuzar ki, evin qeybəti edilməsin.

*** “Körpə uşağın üstünə çiy ət gətirməzlər. Onda uşaq xəstələnər”, – deyərlər.

*** “Evin qapısının üstündən deşikli daş asanda o evdə söz-güz olmaz”, – deyərlər.

*** Evə təzə gəlin gələndə siftə ona duz əzdirərlər ki, əlitamlı olsun.

*** Ayağı geyimli un çuvalının ağzını açmazlar, deyərlər, ayaqqabı darlıqdır.

*** Nehrə çalxayanda altına balta, bıçaq qoyarlar ki, yağı çox olsun, bədnəzərin gözü dəyməsin.

*** Gecə çaydan su götürəndə deyərlər ki, ay su, vaxtsız qonağım gəlib.

*** İlaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyərlər ki, həmin gecə uluların ruhu sübhəcən yuxuda baş çək­məyə gəlir.

*** Tum səpərkən “Allah bərəkət versin, sətinə düzəlsin”, yəni uğurlu olsun deyərlər ki, xeyir-bərəkət olsun.

*** Qayçını boş yerə çaqqıldatmazlar, yəni açıb bağla­maz­lar, yoxsa evin xeyir-bərəkəti olmaz.

*** Yuxunu danışmazlar, danışsalar da deyərlər ki, damda dana var.

*** Qırxlı körpəni bayıra çıxarmazlar. İşdi çıxartsan, onda gərək başının altına çörək tikəsinin içində kömür, ya da köz qoyasan ki, göz dəyməsin.

*** Adam xəstələnəndə, sınıxanda, mal-qara süddən kə­si­ləndə deyirdilər ki, “göz dəyib”. Gedərdilər falçı və yaxud cindarın ya­nı­na. O da şit xəmirdən göz boyda xırda yumrucuqlar düzəl­dərdi. Son­ra bədnəzər adamların adını çəkdikcə bu yumrucuqları bir-bir ocağa atardı. Hansı yumrucuq partlasa, deyərdi: “Sənin ada­mı­na, mal-qarana filankəsin gözü dəyibmiş. İndi puç oldu getdi”.

*** “Uşağa göz dəyəndə Göz pirinin torpağını suda qarış­dırıb ona içirdərdilər. Onda uşaq sağalar”, ‒ deyərdilər.

*** “Əliuşaqlı gəlinin südü kəsiləndə gərək o, su ilə dolu vedrələri götürüb, naxırın qabağına çıxa, sonra da evinə qayıda. Belə etsə, südü yerinə qayıdar”, – deyərlər.

*** Uşaq xəstəliyə tutulanda onu aparardılar uşaq pirinə. Üç kərə pirin ətrafında dolandırıb, yenə də evə gətirərdilər. Uşaq azar-bezardan qurtarardı.

*** Quraqlıq vaxtı dərin quyudan su götürülsə, yağış yağar.

*** Qızdırmalı adamı İsitmə bulağına aparıb, suyundan ona içirdər, torpağından üzünə sürtərdilər ki, sağalsın.

*** Yağış yağmayanda kağıza səkkiz keçəlin adını yazar­lar. Deyərlər ki, onda yağış yağar.

*** Yağış yağdırmaq üçün qəbirdən baş ağacını götürüb, suya atarlar ki, yağış yağsın.

*** Çox güzgüyə baxsan, deyərlər ki, sevəninə düşməz­sən.

*** “Adam səfərə çıxanda yolda qabağına su ilə dolu səhənginən qız, gəlin çıxsa, işin düzələcək, boş çıxsa, əliboş qayıdacaqsan”, ‒ deyərlər.

*** “Həyətə kirpi gəlsə, bərəkət gətirər”, ‒ deyərlər

*** “Yaş ağacı ocağa atan adam kasıb olar”, – deyərlər.

*** “Qoyun tükündən iyrənməzlər, o, qurban tüküdü”, – deyərlər.

*** Gecə qızdırmalısına yeddi evdən pay yığarlar ki, sağalsın.

*** Uşağın qorxuluğunu tökmək üçün atın köhnə nalını suya salıb, ona içirərlər.

*** Uşaq qızılca çıxaranda ağzına dəmir qoyarlar ki, azar-bezardan qurtarsın.

*** “Quyu özünün torpağınnan dolsa, bərəkətli, dolmasa, bərəkətsizdi”, – deyərlər.

*** Əgər uşaq haradasa, nədənsə qorxmuşsa, onda həmən yerdən torpaq götürüb suda qarışdırar və ona içirərlər. Sonra da sudan uşağın bədəninə sürtərlər. Belə olsa, uşağın qorxusu gedər.

*** İşdi-şayəd, inəyin südü çəkilsə, qaratikanı incil yar­pağına keçirib sərnicin altına qoyarlar. Belədə süd qayıdıb əv­vəlki qaydasına düşər.

*** Sağ gözün səyriməsi xeyirliyədi, şadlıq tapasısan, amma bu şərtlə ki, gərək səyriyən gözün üstünə bir tikə çörək qoyub, ürəyindən xoş bir dilək keçirəsən.

*** Həftənin birinci günü ağac kəsmək günahdı. Deyirlər ki, həmən gün ağacların ruhu ziyarətə gedir. Kim o gün ağac kəssə, ağacın ziyarətdən qayıdan ruhu hansı bir günsə ona sədə­mə toxundurar.

*** “Yağış yağmayıb quraqlıq keçəndə dərin quyudan torpaq götürər, sonra onu aparıb bulağın axarına səpərlər, belədə yağış yağar”, ‒ deyərlər.

*** “Yağış daşını kölgədə saxlarlar ki, quraq olmasın. Çox yağış yağıb kəsmək bilməyəndə yağış daşını çevirərlər, onda yağış kəsər”, ‒ deyərlər.

*** Təzə gəlin gəldiyi vaxt evin kandarına ayaq basmazdan qabaq gərəkdi ki, baş barmağını bala batırıb, asta­naya sürtə. Sınayıblar ki, belədə ömrü-günü şirin keçər, özüynən xoş güzəran gətirər.

*** Gəlini bəy evinə yola salanda arxasınca su, un, bir də daş atarlar. Su aydınlıq istəyidi – gedib aydınlığa çıxsın. Un at­maq da odur ki, qədəm basdığın ocağa özü ilə ruzu, bərəkət apar­­sın. Daşı da o qəsdinən atırlar ki, geri qayıtmasın, getdiyi yerdə qayım-qədim olsun.

*** Qurdu öldürəndə onun cəhəngini çıxarar, qurudub göy əskiyə bükər, qorxmuş uşağın boynundan asıb qorxuluğunu alar­lar. Qurd ağzı azar-bezarı da qovur. Oduku, kefsizləyən uşa­ğı həmən göy əskiyə bükülü cəhəngdən – qurd ağzından keçirərlər, o da sağalıb olar anadangəlmə.

*** İlaxır çərşənbədə sübh obaşdan bulaqdan su götürmək lazımdı. Bu, mübarək sudu. Onunçun da hamı həmən sudan üz-gözünə vurmalıdı, qapı-bacaya, bərəkətin üstünə səpməlidir. De­yir­lər, belədə il ruzulu olar, bərəkət artar.

*** Səhər çağı qəcələ evin qabağındakı ağacın başına qo­nub oxuyanda gərək çıxıb deyəsən: “Can qəcələ, xeyir xəbər!” Bundan sonra o çıxıb gedər, bir-iki günə şad bir xəbərin sorağı gələr. Qəcələni öldürməzlər, öldürsən, sədəmə yetər.

*** Qaramalı kəsəndə, ya da satanda quyruğunu kəsib evdə saxlayıb deyərlər: “Qoy bərəkəti evdə qalsın”.

*** “Təndirdən çıxmış siftə çörəyi onu bişirən yesə, başı ağrıyar”, – deyərlər.

*** Təndirdən təzə çıxmış çörəyi “qoy çörək namaz qıl­sın”,‒ deyə o saat yeməzlər, ‒“yoxsa təndirin bərəkəti yox olar”, – deyərlər.

*** Xana quranda iş üstə toyuq gətirərlərmiş ki, iş quşa dönüb tez qurtarsın.

*** “Sağ əl gicişəndə xeyir gələcək, sol əl gicişəndə ziyan­lıq olacaq”, ‒ deyərlər.

*** “Ayağın altı gicişsə, yol gedəcəksən”, – deyərlər.

*** Uşaq dombalıb, ayaqlarının arasından baxsa, bilərlər ki, evə qonaq gələcək.

*** Qonşuda ölü olanda evdəki suların hamısını dəyiş­dirərlər. Deyərlər ki, Əzrayıl can almağa gələndə zəhərli qılın­cını qonşuların sularına sala-sala gəlir.

*** Uşaqlar asqıranda qocalar inciməsin deyə belə deyərlər:

– Min yaşa,

Qocalarla, qarılarla,

Sən yaşa!

*** Əgər yuxunu işığa danışsan, deməlisən: “Aydınlığa yoz”.

*** Havalar quraqlıq keçəndə Ullu çaya daş atardılar, pir­lərdə şirin çörək paylayardılar ki, yağış yağsın.

*** “Göz dəymiş inək süddən kəsiləndə Göz pirindən göz daşı deyilən daşı götürüb onun əmcəklərinə sürtərlər. Belə edilsə, inəyin südü geri qayıdar”, ‒ deyərlər.

*** “Ay işığında kəsilən odun quru, bərk olar”, – deyərlər.

*** İnəyin südü bol olanda axşamlar içinə köz atarlar ki, göz dəyməsin.




Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin