Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə4/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   2   3   4   5   6   7   8   9   ...   71
MÖVSÜM VƏ MƏRASİM FOLKLORU

SAYAÇI SÖZLƏRİ (3)
Qoyun deyər: ‒ kür mənəm,

Hər qapıdan girmənəm.

Girdiyim qapıları

Bərəkətsiz görmənəm.


Qoyun deyir: ‒ qoyunam,

İçi dolu oyunam.

Qışda geyən kürkümü

Yaz olcağın soyunnam.


Canım qoyun qarası,

Yunu məfrəc arası.

Yağlı südün sağaram

Yazın-yayın arası.


HOLAVARLAR (4)
Qoşquda kəl öküzüm,

İmana gəl, öküzüm

Şumla yeri, çıx başa

Sonra dincəl, öküzüm.


Hayda, a balım, hayda,

Kotanım, kalım, hayda.

Qara şumu vur başa,

Dincələk gələn ayda.


Qara kəl samandadı,

Əyəsi amandadı.

Tərpən, şumu qurtaraq

Kotanın dabandadı.


Boyunduruğunu yondurmuşam,

Samanlığı doldurmuşam.

Haydı, haydı, gecə yoldaşım

Gündüz qardaşım,

Haydı, haydı, haydı....
Hoha, babam öküzü,

Götür-götür buynuzu,

Əkin başa yetincə

Göydə salaq ulduzu.


Kəlimi qaşoylaram,

Könlünü xoş eylərəm.

Əkini əfsəl olsa,

Hamıdan baş eylərəm.


Qara kəl boynundadı.

Buynuzu oyundadı

Qara kəlin kallığı

Otunda, suyundadı.


* * *

Haydı, qara kəllərim, haydı,

Kotan sürüb səpim dəni

Amandı, bu yerdə qoyma məni

Boynu boyunduruqlu kəllərim,

Dalı çubuqlu kəllərim.

Gecə yalqız daş idim

Gündüz kəllərimə yoldaş idim.



EYDİRMƏLƏR (5)
Ceyran inək sağ olsun,

Örüşü yaylaq olsun.

Badya dolu süd versin,

Çox payı qaymaq olsun.

Anam, ay inəyim,

Sonam, ay inəyim.


Quyruğunu bulama,

Üst-başımı bulama,

Qoy südünü sağım mən,

Tez bişirim bulama.

Quzum, ay inəyim,

Duzum, ay inəyim.


Çəmənlərdən keçibsən,

Çiçəklərdən biçibsən.

Məmələrin dolubdu

Bulaq suyu içibsən.

Balam, ay inəyim,

Alam, ay inəyim.


Maral, maral inəyim,

Qarnı xaral inəyim,

Qatığın bıçaq kəsməz,

Südü yarar inəyim.

Gülüm, ay inəyim,

Sonam, ay inəyim.


Nənəm, nənəm, nənəm eyyy....

Səni sağan mənəm eyyy...

Bircə hovur rahat ol,

Tərpənmə farağat ol,

Nənəm eyyy....
Qaymağı şirinim ey,

Ayranı sərinim ey,

Balası göyçək nənəm,

Qatığı çiçək nənəm,

Nənəm, nənəm, nənəm eyyy...

Səni sağan mənəm eyyy ...



NEHRƏ NƏĞMƏSİ (6)
Nehrəm gəl, nehrəm gəl,

Çox payı kərəm gəl.

Bir qaşıq ayran gəl.

Külfəti doyran gəl.

Nehrəm gəl, nehrəm gəl,

Ocaqda aş durur,

Üstdə lavaş durur,

Nehrəm gəl, nehrəm gəl,

Tərpən gəl, tərpən gəl.

Gör bir nə zamandı,

Uşaqlar yavandı.

Qab dolu yağ eylə,

Üzümü ağ eylə,

Kefimi çağ eylə,

Tərpən gəl, tərpən gəl,

Nehrəm gəl, nehrəm gəl.



TOY ADƏTLƏRİ
Dərbənddə qız toyu (7)
Dərbənddə deyərlər: “Qız toyunun gül yeri xınayaxdı gecəsidi”. Bir para oymaxlarda “Qızlar gecəsi” də deyirlər. Ərgən qızlar axşamnan cəm olarlar gəlin gedəsi qızın başına. Deyə-gülə xına yaxar, qızı alnan-şalnan bəzəyib, eləyərlər ay parçası. Sonra çal-çağır başlanar. İlk əzəl gəlinə tərif deyəllər. Qızlar də­xi bir ağızdan belə oxuyar:

Bəxtin mübarək, gəlin,

Taxtın mübarək, gəlin.

Ağ əllərə əlvan həna

Yaxdın, mübarək, gəlin.

Sonra şirinsəsli dilavər bir qız irəli yeriyib ərköyün-ərkö­yün oxuyar:

Almanı atdım xarala,

O xaraldan bu xarala,

Gəlin dönübdü marala.

Bəxtin mübarək, gəlin,

Taxtın mübarək, gəlin.

Qızın biri gəlinə bəzək vura-vura söz atar, qız məclisinə oğlan sözü gətirər:

Öyləri havar-havar,

Ceyran ceyranı qovar.

Qızbahası yüz tümən,

Oğlan xəyalınla var.

Bayaqdan sözü dilinin ucunda gəzən almayanaxlı qız naz­lana-nazlana gileylənər:

Papaxı var buxarı,

Çiyni mahud çuxalı,

Getmişdim evlərinə

Demədi gəl yuxarı.

Qaydadı ki, toy xınasını oğlanın anası gətirsin, gəlinin bal­dızı da yaxsın.

Digər qızlar dəxi aman verməz, qabağa düşüb xınanı öz­ləri yaxarlar. Oğlan evindən gələn əlixonçalılar bir onda başla­rını qaldırırlar ki, gəlin çoxdan xınalanıb. Onlar da borclu qal­maz, xına üstdən bir də xına yaxarlar. Bu da bir cür şuxluqdu ki, camaatın ürəyincədi.

Oğlan evindən xınayaxdıya gələnlər də sözlə, düzgüylə qarşılanar. Görərsən ki, budu, qızın biri qol açıb oynaya-oynaya üzünü tutdu gələnlərə:

Əlində toy xınası

Gəlir oğlan anası.

Evinə gəlin gedir

Elin gözəl sonası.

Sözün bu yerində oğlan evindən gələnlərdən biri xonça gö­türüb, oynaya-oynaya söz deyər...

Neçə belə şirin-şəkər sözlə-söhbətlə məclis baş alıb gedər. Çalıb-çağıran kim, deyib gülən kim... Bir belə çal-çağırın, sın­dır­ha­sındırın qabağında deynən heç yoruldum, usandım deyən tapılar?

Yığnaq boyu xınayaxdıya gətirilən pay-ürücü, sor-sovqatı bəh-bəhlə əldən-ələ alar, baxıb-baxıb öyərlər. Ərgən qızlar ürəklərində bir oğlan adını murazlayıb, gəlinin sağ əlini tellərinə toxundurarlar. Gəlinnər tapşırmasıdı, qızlar o teli cığalandırıb yeddi gün şax saxlasalar, murazlarına yetəsidilər...

Xınayaxdı gecəsinin bir özgə sınağı da var; ortalığa böyük bir nimçə qoyurlar, hər qız bir almanı nişanlayıb atar nimçəyə. Xırda bir uşağı çağırıb deyərlər ki, bəyəndiyin almanı götür. Uşaq hansı almanı götürsə, o almanın yiyəsi tez bir zamanda ürəyində tutduğu istəyə çatmalıdır.

Beləcə, gecənin bir yarısına kimi çal-çağır uzanar. Oğlan evindən gələnlər yır-yığış eləyib getmək istəyəndə qapı­dan cıxa-çıxa belə tapşırma tapşırarlar:

Qızıl üzüyün taxın,

Əlvan hənasın yaxın.

Bizim əmanətimizə

Bu gecə yaxşı baxın.

Ən axırda qapıdan çıxan üzünü xınayaxdıya toplaşanlara tutub razılıqlarını, könlü xoş getməklərini yaraşıxlı bir düzgünün boyuna biçər:

Dərya qırağı qumlar

Dəmir qapılı damlar.

Daha biz gedər olduq,

Siz sağ olun, adamlar.

Adətdi, xınayaxdıdan qayıdan oğlan adamları öz doqqaz­larından içəri girən kimi gərək bir yarpaq bəzəkli söz desinlər. Tutalım, gəlini gətirəcikləri qız dərzi qızıdı, onda çırtıx çala-çala oxuyarlar ki:

Öyləri ağdı oğlanın.

Dörd yanı bağdı oğlanın.

Almışıq dərzi qızı,

Damağı çağdı oğlanın.

Oğlanın bacısı yerə-göyə sığmaz, şadlığından bilməz ki, neyləsin, uçmağa bir cüt qanad istər. Ürəyi atdana-atdana, qolla­rı qanaddana-qanaddana yaz çiçəyinə bənzər təzə-tər sözlərnən belitoqqalı, telisığallı gəlinin tərifin yetirər qardaşa:

Dəyirman üstü çiçək,

Gəl gedək, onu biçək.

Qardaşımın gəlini

Uzunsaç, qarabirçək.

...Hə, xınayaxdıdan sonra gəlir “qız yola saldı”nın söz-söhbəti. Elə ki oğlan evinin adamları dəstə tutub özlərini yetir­lər qız evinin qapısına bəli, baxasan, nə dəm-dəstgah düzəlir. Üst-üstdən gələn ismarışlar zurnaçını pul kimi gözərdir bir hovurdaca. Hələ zarafata salıb yanıx verənləri, qız evindən ələ yetən dəmir-dümürü, qab-qacağı çırpışdırıb aranı qarışdıranları demirəm. Qız evinin adamları belədə gərəkdi ki, özlərini şax tut­sunlar, cırnayb cızıxdan çıxmasınlar. Yox, işdi cırnadılar, tava­nasız tərpənib haray-həşir saldılar, onda oğlan adamlarının şux­luğu day da artasıdı.

Özü də bu şuxluğu oynaq-oynaq məzəli kəlmələrnən na­xış­la­mağa məqam gəzərlər ki, əllərinə fürsət düşən kimi deyələr:

Daş-daşa,

Dırnaq daşa.

Siz savaşa,

Biz tamaşa.

Gəlinin belini bağlayıb ona oğullu-qızlı, odlu-ocaqlı halal bir güzəran diləyərlər. Özü də kəmər bağlamazdan əvvəl oğlanın bacısı irəli durub deməlidi:

Gəlinə bax, gəlinə

Xına yaxıb əlinə.

Aparmağa gəlmişik,

Kəmər vurun belinə.



Yan-yörəsindəki qızlar kövrəlmiş gəlini dilə tutub ovudarlar:

Uzun-uzun yollarınan

Uzadarıq, qız, səni.

Güzgü qoyub güllərinən

Bəzədirik, qız, səni.

Gəlini taxtından durğuzub, xeyir-dua verərlər. Bu xeyir-duaların bir parası ata-ana adından, bir parası bacı-qardaş, bir parası da yar-yoldaş adından söylənər. Qardaş dilindən gələn xeyir-duaların yeri ayrıcadı. Bu arzu-diləklərdəki qardaş mehri ipistidi, könül təpərrəndirən, göz nurrandırandı.

...Suya gedərsən, bacım,

Quma batasan, bacım,

Gəlin getdiyin yurdda

Binə atasan, bacım.

Get, bacım, yola, yola...

Gözlərin dola-dola.

Təki sənin üstündə

Tanrı göz ola, ola.


Uçasan havva, bacım,

Dönəsən qova, bacım.

Bu qonduğun budaqda

Tutasan yuva, bacım.

Gəlin öz oymaxlarından aralı bir oymağa köçəndə tay-tuşları onu dövrəyə alıb belə deyərlər:

İstəkanın ağ olsun,

İçi dolu yağ olsun,

Uzaq yerə köçürsən,

Təki canın sağ olsun.

Toy toydu, onun yaraşığı da könül oxşayan dodaqqaçdıdı, duzlu-məzəli ərkyanalıqdı. Yoxsa toyun nə dadı, nə ləzzəti? Gəlin köçən qızı yola salanda qız adamının oğlan adamlarına şirincə bir düzgünü ərkyanalıqla deməyi də elə bu səbəbdəndi.

Əlində var cam bu qızın,

Qolunda mərcan bu qızın.

Biz sənə qız vermişik –

Can sizin, can bu qızın.



Bax beləcə deyə-gülə, çal-çağırnan gəlini atlandırıb üz tu­tar­lar oğlan evinə sarı. Qabaqca çapar salarlar ki, muştuluğa getsin.

Qız evindən beş addım aralanmamış oğlan adamından birinin dili dinc durmaz. Qayıdar ki: ‒

Gəlmişdik aparmağa,

Ağ cehiz qoparmağa,

Yığılın, ay tay-tuşu,

Qoymayın aparmağa.

Bir ayrısı da ehmal tərpənər, dilinin şirin yerinə salıb işin sonrasına işarəynən belə deyər:

Həyətində var tənək,

Dolanar çərxi-fələk,

Aman quda, can quda,

Qonaqlıq eylə, gələk.

Söz düzməkdə geri qalmayanın biri də dilavərriknən, mehr-ülfətnən sağollaşar:

Biz aş olaq, siz yağ olun, qudalar.

Biz gedirik, siz sağ olun, qudalar.

Hə, muştuluqçu yolun əhədini kəsib özünü yetirər oğlan evinə. Sözdən necə təkan alıb qanad götürmüşdüsə, o havaynan da şaddığın sorağını nağdılayar.

Söyüdlər birçəkləşdi,

Dörd yanı göyçəkləşdi.

A bəy, gəlmişəm deyəm,

Gəlinin gerçəkləşdi.

Bir də görərlər ki, bir qovhaqov, bir hay-haray, bir çal-ça­ğır var ki, kefindən keçən... Gəlini araya alıb, qabağında oyna­ya-oy­na­ya gətirərlər, doqqazdan girən kimi kəkilli, xınalı, burma-buy­nuzlu bir qoç kəsib, gəlini adladarlar üstündən. Başına şirni, noğul səpərlər. Evin kandarına çatanda ayağının altına saxsı atarlar, gəlin onu vurub sındırar, baş barmağını da bala batırıb astanaya sürtər, sonra keçib gedər bəy otağına. Bəy otağı dönüb olar gəlin otağı. Gəlini yuxarı başda baxımlı bir yerdə əyləşdirərlər. Yengə gəlib özünü nişan verə-verə sığallı sözlərlə gəlinin xətrini xoşlar:

Xoş gəldin, bizim gəlin,

Əzizim, gözüm gəlin.

Sənə gümüş yaraşmaz,

Geyərsən qızıl, gəlin.

Beləcə, xınayaxdı gecəsindən bu yana ürəyi uçuna-uçuna yol gələn ağduvaqlı gəlin binə qurub, ev-eşik olmaqdan ötəri se­çib bəyəndiyi ocağa qədəm basar. Gəldiyi yerdə qayım-qədim ol­sun, övlad toyu, nəvə toyu görsün. Ağbirçək öyüdüncə oturub dursun.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin