Tülkü ilə tısbağa (61)
Biri var idi, biri yox idi, bir tülkü ilə tısbağa var idi. Bir gün tısbağa tülküyə dedi:
– Ay tülkü qardaş, gəlsənə darı əkək.
Tülkü dedi:
– A tısbağa, mən darını neynirəm. Darı yeyən sənsən. Mənimki toyuqdu, xoruzdu. Yox, qardaş, sövdamız baş tutmaz.
Tısbağa əl çəkməyib dedi:
– Sən gəl mən deyənə qulaq as. Darını əkərik, sonra da biçərik. Mən öz payımı yeyərəm, sən də payını bazarda satıb özünə toyuq-cücə alıb yeyərsən.
Bu söz tülkünün ağlına batdı. Xülasə, darını əkdilər də, biçdilər də. Tülkü cinsi hiyləgər olar. Öz-özünə fikirləşdi necə etsin bütün darıya sahib olsun. Odur ki, tülkü tısbağaya dedi:
– Tısbağa qardaş, görürsən zəhmətimiz yaman hədər getdi. Bu işdən bir şey qazanmayacağıq. Darını bölüşdürsən, ikimiz də ac qalacağıq. Gəl belə edək. Biçənəyin bu başından o başına qaçışaq, kim tez qaçsa, darının hamısı onun olsun.
Tısbağa o saat başa düşdü ki, tülkü onu aldatmaq istəyir. Dedi:
– Tülkü qardaş, icazə ver bir az fikirləşim.
Tülkü razılaşdı. Tısbağa tülküdən aralanıb getdi. Bir tısbağa dostunu tapıb məsələni ona danışandan sonra dedi:
– Sabah səhər mən tülkü ilə öz biçənəyimizdə qaçışacağıq. Odur ki, sən biçənəyin bir başında durarsan, mən də o biri başında.
Tısbağa dostu ilə razılaşıb yenə tülkünün yanına getdi.
Tülküyə dedi:
– Tülkü qardaş, mən razı. Sabah səhər öz biçənəyimizdə qaçışarıq.
Tülkü tısbağanın bu sözünə yaman sevindi.
Səhər tezdən tülkü ilə tısbağa gəlib biçənəyin aşağı başında dayandılar. Tülkü ona dedi:
– Tısbağa qardaş, gəl qaçışaq. Ya sənə verən Allah, ya mənə.
Bunlar deyib başladılar ötüşməyə. Tısbağa yerindən tərpənən kimi tülkü götürüldü. Gəlib biçənəyin yuxarı başına çatanda gördü ki, tısbağa onu gözləyir. Yaman pərt oldu. Dedi:
– Gəl, bir də qaçışaq.
Tısbağa dedi:
– Nə deyirəm. Mən razı.
Bir də başladılar qaçışmağa. Tülkü var qüvvəsilə geri qaçıb gələndə gördü ki, tısbağa yenə onu qabaqlayıb. Yorğunluqdan tülkünün nəfəsi yaman daralmışdı. Güclə nəfəs alırdı. Dedi:
– Tısbağa qardaş, bu sayılmır. Qaçanda ayağıma tikan batdı. Ona görə gəl bir də qaçışaq.
Tısbağa halını pozmadan dedi:
– Mən heç vaxt dost sözünü yerə salmaram. Gəl bir də qaçışaq.
Tülkü bu dəfə də ondan tez yerindən götürüldü. Amma biçənəyin yarısına çatmamış təngənəfəs olub ürəyi partladı. Tısbağa asta-asta tülkünün leşinə yaxınlaşıb dedi:
– Tülkü qardaş, acgözlüyün sənə yaman baha başa gəldi ha!
Dostları ilə paylaş: |