Çanaq öz başında çatladı (68)
Günlərin bir yay günündə qısa gecələr, şirin yuxular olan vaxt bir hiyləgar tülkü özünə toyuqdan, sümükdən axtara-axtara gəlib qaranlıq qarışanda bir kəndin qırağına çıxır.
Yazıq tülkünün girinə bir şey düşmür. Axırda yorulub, bir lənbə qayasında gecələyir. Yorğun tülkü gedir şirin yuxuya. Bir qədər yuxulayandan sonra diksinib oyanır. Başlayır fikirləşməyə. Fikirləşib qutarandan sonra öz-özünə deyir:
– Bircə, mən də qurd kimi iri heyvanlardan parçalaya bilsəydim, daha heç bir fikrim olmazdı. Nə zamanacan biz yazıq tülkülər qurdun basdığı heyvanların sür-sümüyündən yeyib dolanacağıq. Bir dəfə də olsa gərək qurd qardaşımızı biz qonaqlayaq. Onun yanında lap üzüqarayıq.
Tülkü bunu deyib, yenə getdi yuxuya. Bu yatmaqnan bir də oyanıb gördü ki, nahar olub. Gözlərini təmizləyib, bir o yana baxdı, bir bu yana. Gördü heç kəs yoxdu. Dedi:
– Bura adam gəlincə özümü bir meşəyə çatdırım. “Ya Allah, sən kömək ol!”, ‒ deyib tüpürdü dabanına.
Bir qədər gedib meşəyə çatdı. Başladı asta-asta getməyə. Dedi:
– İndi mənə zaval yoxdur, çünki kim gəlsə özümü gizlədə bilərəm.
Bir də baxıb gördü ki, bir qurd meşədən çıxıb qabağıynan gedir. Tülkü dedi:
– Lap yaxşı rast gəlmişəm. İndi qurd qardaşdan iri malları necə parçalamağının fəndini öyrənərəm.
Tülkü qurdu görmüşdü, amma qurdun tülküdən xəbəri yox idi. Bu zaman tülkü qışqıra-qışqıra qurdu çağırmağa başladı:
– Ay qurd qardaş, ay qurd qardaş!
Qurd diksinib dayandı. Dedi:
– Bir baxım görüm məni çağıran kimdi?
Meşənin qırağına çatıb çevrildi, dala baxdı. Gördü, xırdaca bir heyvandı, həm qışqırır, həm də əl eləyir. Tülkü gördü ki, qurd dayanıb, tez dilləndi:
– Can qurd, dayan bir qulluğum var.
Qurd mat qaldı. Dedi:
– Bu xırda heyvanın mənə görə nə qulluğu var?
Qurd bunu deyib quyruğunun üstündə oturdu. Tülkü qurda yaxınlaşdı. Başladı hiyləyə. Dedi:
– Ay qurd qardaş, lap həlakam səni axtarmaqdan. Keçən gecə biz tülkülərin yığıncağı olmuşdu. O yığıncaqda tülkülər məni siz qurd qardaşların yanına məsləhətə göndərib. Yaxşı oldu ki, səni tapdım. Bir sən bilsən, elə qurd qardaşların hamısı bilən kimidi.
Qurdun səbri tükənib dedi:
– A tülkü, qurtar görüm nə deyirsən. Sözünü de, başımı ağrıtma!
Bunlar asta-asta başladılar getməyə. Tülkü başladı ixtilata. Dedi:
– Ay qurd qardaş, ha vaxta kimi siz qurd qardaşların yanında biz şərməndə olaq? Siz basdığınız iri heyvanların ətindən, sür-sümüyündən biz hər zaman yeyib dolanaq? Bəsdir! İndi məni tülkülər göndəriblər ki, bir dəfə də olsa biz də qurd qardaşlarımızı qonaqlayaq. Razısanmı, qurd qardaş?
Tülkünün danışığını eşidən kimi qurd başa düşdü ki, tülkünün nəsə bir hiyləsi var. Dedi:
– Lap razıyam. Kor nə istər, iki göz ‒ biri əyri, biri düz. Siz qonaqladız, biz istəmədik? İşinizi görün, çağıran vaxt biz hazırıq.
Bu ixtilatnan gedib yataqlar olan bir dərəyə çatdılar. Tülkü gördü ki, bu dərədə bir dənə at var. At da nə at, təzə nallanmış, yaman təpik vuran. Tülkü atı görcək qurdu tutub saxladı. Dedi:
– Qurd qardaş, sənə bir sualım var. Gərək mənim sualıma tam cavab verəsən.
Qurd dedi:
– De görüm, bir qədər də artıq cavab verərəm.
Tülkü xəbər aldı:
– Qurd qardaş, soruşmaq ayıb olmasın siz özünüz kiçiksiniz, amma handa iri heyvanları yıxıb parçalayırsınız. O heyvanlara necə gücünüz çatır?
Qurd tülküyə baxıb gülümsədi. Sonra öz-özünə dedi:
– Tülkü məndən fənd öyrənmək istəyir.
Qurd tülküyə dedi:
– Qoy mən qaydasını deyim, sən də qulağında sırğa elə. Mən iri heyvanı görcək istər camış, istər at olsun, gedib qabağına başlayıram torpağı gözümə sovurmağa. O vaxtacan sovururam ki, gözlərim qızarsın. Elə ki, gözlərin qızardı, mənim qabağımda fil də olsa pişik balası kimi aciz olar. O zaman heyvanı yıxıb parçalayıram.
Tülkü o saat dedi:
– Qurd qardaş, mən elə bilirdim sən iri heyvanları başqa fəndlə yıxırsan. Sən demə, mənim əməllərimlə yıxırsan.
Tülkü elə bildi ki, qurdun fəndini öyrənib.
Tülkü dedi:
– Qurd qardaş, sən burada bir az dincəl. Mən bu atın halına baxım.
Qurd bunu deyib başladı baxmağa ki, görsün tülkü neyləyəcək. Tülkü gedib, həmən atın qabağında başladı torpağı eşənək eləməyə. At çox baxdı. Gördü balaca papağa oxşarlı bir şey qabağında torpağı eşir. Tülkü torpağı o qədər eşdi ki, əldən düşüb, özünü həlak elədi. Qurd qışqırdı:
– Qurd qardaş, gəl bax gözlərimə gör qızarıb, ya yox?
Qurd tülküyə yaxınlaşıb dedi:
– Bəli, gözlərin qızarıb.
Qurdun ağzından bu söz çıxan kimi tülkü var gücü ilən atın üstünə tullandı. Tülkü gedib düşdü atın dal ayaqlarının altına. At fürsəti itirməyib, tülküyə bir təpik vurdu. Tülkü gedib beş addım atdan aralı düşdü. Başladı çapalamağa. Qurd yaxınlaşıb, tülküyə dedi:
– Ay tülkü qardaş, siftəki yalan idi. Amma indi atı yıxa bilərsən, çünki gözlərin də qızarıb, qıçların da uzanıb yığılır. Ay yazıq heyvan, sənin qurdla nə işin vardı. Gedəydin gündə əlsiz-ayaqsız arvadların toyuqlarından birisini aparaydın, yeyəydin. İndi ondan da oldun.
Beləcə, çanaq tülkünün öz başında çatladı.
Dostları ilə paylaş: |