Dərbənddə qadınların toylarda
oxuduqları mahnılar (12)
Quda, gəlmişiz biz sizə, hürmət ediniz bizə.
Bu gecə qız sizdədir, sabah aparaq bizə.
Qırmızı yastıq üzü, siz nə tanırdınız bizi?
Sövdəsiz oturmuşduq, sövdəyə saldız bizi.
Kəfkiri düz qoy, quda, aşını süz, qoy, quda.
Biz ki qızı apardıq, yana-yana qal, quda.
Gəlin gəldi, düşürün, ləziz təam bişirin.
Gəlin özü düşməsə, vurun boynun düşürün.
Ətəyi çin-çin gəlin, çigni göyərçin gəlin,
Gəlinlər arasında hamıdan göyçək gəlin.
İşi kəsərik fay kimi, qollar ox-yay kimi,
Bizim bir qızımız var, bədirlənmiş ay kimi.
Həyətimizdə var çinar, yaprağı dinar-dinar.
Bizim bir qızımız var, saxlasın pərvərdigar.
Dar küçədən keçmişiz, qan-tərə biləşmişiz,
Giyindirin qızıyızı, aparmağa gəlmişiz.
Xoş gəldin, bizim gəlin, əzizim, gözüm gəlin,
Sənə gümüş yaraşmaz, taxarsan qızıl, gəlin.
Dərbəndin yollarında, gizləndim kollarında
Bir cüt bez bənd oleydim yarımın qollarında.
Dərbənd üstü baridi, əl çatmaz yuxarıdı.
Ağlama, mənim yarım, Allah bizim saridi.
Dərbəndin küçələri, banlayır beçələri.
Mən sənsiz necə yatım bu uzun gecələri.
Sərim sərməgə gəldi, gülüm dərməyə gəldi.
Dərbəndi mahna edib, yarın görməyə gəldi.
Su gəlib bəndə dəyər, kekil kəməndə deyər.
Mənim bir sevgilim var, külli Dərbəndə deyər.
Dostları ilə paylaş: |