(Yol) Bir tövlədə min öküz var, ancaq tövlə bir qucaq ot tutmur.
(Arı pətəyi) Burdan vurram qılıncı,
Fələkdə parlar ucu.
(Şimşək) Qara toyuq şaqqıldar,
Od alıban qaqqıldar.
(Kömür) Qoca baba dağdan ilxı yendirir.
(Ülgüc) Evdən evə qızıl yaylıq.
(Od) İki qardaş bir-birini görməz.
(Göz)
İynə gözündən baxaram,
Dağa-daşa od yaxaram.
(Tüfəng) İki dağ arasında bir yaylıq sərilib, heç vaxt qurumaz.
(Dil) Yol üstə yorğun abay.
(Təndir) Özü əyri, yolu düz.
(Kotan) Kilid pampıq içində,
Pambıq sandıq içində.
Binəyə bir od düşdü,
Biz də yandıq içində.
(Güzgü). Meşənin kötüyü
Kəndin koxası.
(Sabı) Nə dərd bilər, nə kədər,
Mən gedərəm, o gedər.
(Kölgə) O nədir ki, dörd qardaş dənizə ox atır?
(İnsan əmcəyi) Təpəsindən od çıxar
Burnundan su tökülər.
(Samovar) Üstü yanıb dağıldı,
Altı hələ çiy qaldı.
(Dil) Hay gedər, huy gedər,
Bircə qarış yol gedər.
(Beşik) Həstədi ha həstədi,
Əlim kitab üstədi.
Yemişlərdən hansıdı,
Qəltəyi lap üstədi.
(Nar) Hiri-hiri, kəhər at,
Hiri, gözəl kəhər at.
Ortasında bir düyünü var,
Düyünü gözəl kəhər at.
(Qızılgül) Çəpərə dırmaşıbdı,
Mənim maral inəyim,
Qarnı xaral inəyim.
(Balqabaq) Çil toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
(Göy gurultusu) Tərək başında qarğa,
Ağzı dolu qovurğa.
(İtburnu)
ƏFSANƏ VƏ RƏVAYƏTLƏR Başmaqtəpə (17) Bu yerlərdə Başmaqtəpə deyilən bir təpə var. Vaxt o vaxt, əyyam o əyyamıymış ki, Teymurləngin qılıncının dalı da kəsirmiş, qabağı da. Gəzdiyi yer, dolaşdığı diyar qalmayan Teymurləngin güzarı Dərbənddən də keçəsi olur. Deyir, oymaxlara yaxın bir yerdə qoşun dayanıb dincini alırmış. Teymurləng harasa uzaq bir səfərə hazırlıq gördürür, tədbir tökürmüş. Qoşun əhlinə də tapşırığı buymuş ki, bu oymaxların el-camaatıyla işləri olmasın, bir kimsəyə dəyib dolaşmasınlar.
Amma bir sərbaz tamahına qul olur, gözü düşür bir tərəkəmənin ayağındakı təzə başmağa. Zora salıb başmağı alır. İş elə gətirir ki, ayaqyalın tərəkəmə seyrə çıxan Teymurləngə tuş gəlir, əhvalatın üstü açılır. Qəzəblənmiş Teymur qoşunu cəm eləyib, tərəkəmənin gözü qabağında həmən sərbazı cəzalandırır. Cəzası da bu olur ki, qoşun əhlinin hərəsi bir başmaq torpaq götürüb cızığından çıxan sərbazın başından töksün. Deyir, bir hovurun içində o qədər torpaq yağışır ki, dönüb olur iri bir təpə. Başmaqla tökülən torpaqdan düzəldiyi səbəbdən də adı qalır “Başmaqtəpə”.
Şıx Heydər dağı (18) Bizim bu Şıxheydər dağı var ha, mübarək olmuşun adı uzun bir hekayətə bağlıdı. Belə nağıl eliyirlər ki, ötənnərdə Şeyx Heydər adında görüb-götürmüş, başlı-bilikli dərvişmisal bir mürşid bu tərəflərə güzar eləyibmiş. Dövrəsinə də özü kamalda, özü tutarda adamlar yığıbmış. Gəzib dolaşdığı oymaxlarda dünyanın gəliş-gedişindən, olub-olmuşlardan söhbət açar, o yerlərin adamlarına haqdan-divandan dərs verib onları öz tərəfinə çəkərmiş. Şeyx Heydərin əsas qəsdi-niyyəti elin əlbirliyinə-dilbirliyinə çatmağıymış. El-camaat da bir ucdan ona inanıb iman gətirirmiş. Hə, bu, burda qalsın, eşit söhbətin o biri ucundan, kafir ölməmişdi ha! Baxıb gördü ki, belə getsə, hamı şeyxin başına cəm olasıdı. O səbəbdən də özü imanda olanlarnan oturub tədbir tökür ki, fitnə-fəsadlı bi fəndinən şeyxi aradan götürsünlər. Tədbirləri də bu olur ki, bir gün sübhün gözü açılar-açılmaz, yuxunun şirin çağında xəlvəti şeyxin çadırına basqın düzəldirlər. Onu ölümcül yaralayıb aradan çıxırlar, hay-haray düşür. Nə qədər dava-dərman, təbib-loğman tökürlərsə bir şey çıxmır. Şeyx Heydər son nəfəsdə yerdən bir ovuc qanlı torpaq götürüb, öpəndən sonra üz tutub dövrəsindəkilərə belə deyir:
– Məni elə buradaca basdırın. Özünüz də bu mən öpən torpağa and-qəsəm eləyin ki, inamnan, imannan dönməyəcəksiz.
Dövrəsindəkilər qanlı torpağı öpüb, and-qəsəm eləyirlər. Şeyxi də öz vəsiyyətincə orada basdırırlar. Sonra güc toplayıb niyyətlərinə çatır, Şeyxin oğlunu da taxta çıxardırlar. O da atasının qəbrini burdan köçürdür dədə-baba yurduna. Amma qəbrin yeri, bir də üstündəki başdaşı indi də durur. Özü də o yer pirdi, kimin nəzir-niyazı varsa oraya aparır. O vaxtdan bəri Şeyxin qanı tökülən bu dağ “Şıxheydər dağı” adıynan tanınır. Dağın ətəyindən keçən yola “Şıxheydər yolu”, dörd tərəfdə qaynayan bulaqlara da “Şıxheydər bulaqları” deyirlər.
Qeyd: “Şıxheydər dağı” ilə bağlı rəvayət tarixi qaynaqlarla səsləşir. Qaynaqlardan bəllidir ki, Şeyx Heydər 1488-ci ildə bu ətraflarda qətlə yetirilib. Səfəvilər nəslindən olan Şeyx Heydər Şah İsmayıl Xətainin doğma atasıdır. Xətainin babası, Şeyx Heydərin atası olan şeyx Cüneyd də XV əsrin əvvəllərindən Qubada Ələvilik təbliğatı apararkən öldürülüb. Qubanın Həzrə kəndindəki “Şeyx Cüneyd məqbərəsi” onunkudur. Lakin nə bu məqbərədə, nə də Şıxheydər dağının ətəyindəki türbədə cənazə yoxdur. Şah İsmayıl Xətai öz hakimiyyəti illərində atasının da, babasının da sənduqəsini Ərdəbilə − Şeyx Səfi məqbərəsinə apartdırıb.
Narınqala (19) Narınqalanı bir atayla oğul tikdirib. Deyirlər ki, tikilib başa çatmağı düz yüz il çəkib. Onu görməyə atanın ömrü çatmayıb. Qalanını oğlu tikdirib. Qala xırda narın kərpiclərdən hörülüb. O zamanın ən başlı-bilici ustaları, memarları bu qalanın ucalmağında əllərindən gələni əsirgəməyiblər. Hörgüsündə palçıq yerinə əhəngnən yumurta sarısının qarışığını işlədiblər. Qala divarının möhkəmliyi də elə bu səbəbdəndi. Xırda, narın, incə daşlardan hörüldüyünə görə qala tikilib başa çatandan sonra gəlib ona tamaşa eləyənlər özlərini saxlaya bilməyib deyiblər:
– Nə narın qaladı, nə gözəl qaladı!
Beləcə, yaraşıqda, gözəllikdə tayı-bərabəri olmayan bu qalanın adı olub “Narınqala”.