ABDAL QASIM HAQQINDA
9. QOYUNLAR MÜSEYİBİN PƏYƏSİNDƏ OLACAQ
Avdal Qasım erməninin səkgiz, dokquz heyvanını oğurruyuf gətirif. Bilirmiş ki, səhər heyvanın irəddini tutuf bının arxasınca gələjəhlər, öz tööləsinə yox, Museyif varmış, mollaymış yazıx, aparıf onun tööləsinə salırmış, ağzını da bağlıyırmış. Yayın günüdü dana, daa töölədən istifadə eləmir ha yazıx kişi, molla adamdı. Ermənilər heyvanın irəddinnən gəliflər. Deyiflər:
– Qasım, heyvanın irəddərini gətirmişih, bı kəndə girif, bı kəntdə də sənnən başqa oğru yoxdu. Heyvanı gətir, gedəh.
Məçid qavağına yığışıfmış camahat. Deyir:
– Ay erməni, bax, o Allahın evi məçid haqqı, o məəm pəyəmdə döyül, Müseyibin pəyəsində olajax. Gedin Müseyibin pəyəsinnən çıxardın heyvanıızı, aparın.
Erməni deyirmiş ki, elə bizim birjə inandığımız Museyifdi, o oğurrux eləməz. Allah saa lənət eləsin. Ermənilər çıxıf gedənnən sora deyirmişdər ki, Qasım, niyə helə ant içirsən? Ayıf döyül, Müseyif axı ağsakqal kişidi, oğru döyül. Deyirmiş ki, gözdüyün. Gedif pəyəni açıf Müseyifin pəyəsinnən heyvannarı çıxardırmış, deyirmiş:
– Ay camahat, bı Müseyifin pəyəsi döyül?
Sora həmən Müseyifin qızını Qasımın oğlu alıfdı.
Dostları ilə paylaş: |