24. HEÇ MƏNİMKİ DƏ AĞILLI DEYİL
Bir arvadın səy oğlu varmış. Bını evləndirirmiş. Nəysə, gedir qızı alır gətirir. Heş demə qız da onnan geri qalmırmış. İndi toy olur, başdıyıllar oynamağa. Hər ikisi sevinir – oğlun anası da, qızın anası da. Bu burda çalıf oynuyurmuş. Dermiş:
– Zır dəlimi evləndirdim.
Qızın anası da deyir:
– Heş mənimki də ağıllı dəyildi.
25. GƏZƏYƏN ARVAD
Kəndlərin birində bir gəzəyən arvad olur. Səhər açılannan axşama kimi qonşuları gəzər, evdə heş bir iş görməzmiş. Evdə olanda da yalnız iki-üç dəfə nehrəni oyan-buyana çalxalıyar, ancaq baxıb görərmiş ki, yağ alınmır. Hər dəfə belə edər, hövsələsi daralar, qonşuya qaçarmış. Bu minvalla günnəri ötürər, hər gün yağı ayranda batırarmış. Xarab olmuş ayranı da itdərə, pişiklərə tökərmiş. Əri də hər gün bunu danlıyarmış ki, bəs niyə hamının nehrəsi yağ gətirir, sənin nehrən isə yağ batırır. Arvad da bu tənələrdən bezərək mollanın yanına gedir. Mollanın otağına girib salamlaşdıxdan sora deyir:
– Ay molla, mənə bir pitik yaz, nehrədə yağım alınmır.
Molla arvada baxıb deyir:
– A bala, get sənin işin mənnən deyil.
Arvad genə molladan pitik yazmağı xayiş edir. Molla arvadın xayişini dəfələrlə rədd etsə də, arvad əl çəkmir. Axırda molla əlacsız qalıb pitik yazmağa razı olur. Bir kağıza bu sözdəri yazıb arvada verir:
Ay gəzəyən Xanımağa,
Pitik neynəsin yağa?
Yanını qoy yerə,
Güc ver çalxalamağa.
Dostları ilə paylaş: |