40. ATIN ZÜY TUTANI
Gəncədə bir balamançı vardı. Adına Yolbasan Hüseyn deyirdilər. Yüz qırx kilo çəkisi vardı. Bir aşıxnan Daşkəsən tərəfdən toydan gəlir. O vaxtı maşın-zad yoxuydu. At arabaları varıydı. Bir at arabası gəlir. Bular əl qaldırır. Araba saxlıyır. Aşıxnan balamançı birtəhər qalxıllar arabanın içinə. Baxıllar ki, arabanı sürən kadındı. Aşıx balamançıya deyir:
– Sakit dur, yaman hazırcavab olur buranın camaatı. Sən sakit dur, qoy gedək mənzil başına.
Bir az gedəndə balamançı Hüseyn kişi baxır görür ki, at arabasının yanına bir eşşək də qoşuflar.
Balamançı Hüseyn kişi deyir:
– A bajı, bu at arabasıdı, bu eşşəyi niyə qoşmusuz bunun yanına?
Qadın deyir:
– Qardaş, o da aşığın yanında balamançı kimi bir şeydi.
Aşıx balamançıya deyir:
– Ə, sənə demədim sakit dur, bu yerin adamları hazırcavab-dılar?!
Dostları ilə paylaş: |