42. TOP ATSAM, HARA QAÇASSAN?
Şair Cavad bir aşıxnan gəlir bir qarıya qonaq olullar. Bu qarı simavar qaynadanda nətər olursa, qarıdan bir xəta çıxır. Şair Cavad görür ki, bu qarı utandı. Deyir:
– Aşıx, dur, sumavar qaynıyınca gedək qonşuda oturax.
Qarı da çayı-zadı qaynadır. Bir uşax göndərir ki, getsin desin ki, çay hazırdı. Nəyisə, Cavadgil bir az gec gələndə qarı deyir:
– Ay Cavad, ay Cavad, bir balaca piston çıkqıldatdım, qonşuya qaçdın, top atassam hara qaçassan?
43. DEYƏRDİM ELƏ MƏNİM ATIMDI
Bir dəfə arvad ərini dannıyıf ki, un yoxdu, sən nətər kişisən? Kişi gedir görür ki, bir erməni unu yüklüyüf, dəyirmannan gedir evinə. Arxadan gəlir, soyunur təmiz paltarını. O vaxtın kişiləri də ağ geyinirmişlər. Gəlir arxadan yavaşcana atın cilovunu çıxardır, keçirdir öz başına. Meşədə də su olan yer qarannıx olur. Qarannıxdan da qorxardılar. Gəlib ora çatanda bu kişi başını belə qaldırır, erməni qorxub çığırır, qaçır. Kişi atı aparır, unu da yeyillər.
Bir gün bu kişi erməninin atıynan ölü yerinə gəlir. Baxır ki, bu erməni atın o üzünə baxır, bu üzünə baxır, dişinə baxır. Kişi deyir:
– Kirvə, nə axtarırsan?
Erməni deyir:
– Ara, gözümün qabağında o at cinə dönməseydi, deyərdim elə bu at mənim atımdı.
Dostları ilə paylaş: |