58. LƏLƏ HAQQINDA
I mətn
Bizim elə öz rayonumuzda oluf. Lələ dağı* deyillər. Deyir həmən o Lələ neçə yüz il yaşıyıfdı, özü də tək yaşıyıf. Bosdan əkif-becərirmiş. Heş kəsə əliynən heş nə vermiyif. Gəlif isdiyənə deyif ki, get, yığ apar, get, yığ apar. Bir dəfə əlində çürük yemiş varmış. İsdiyirmiş özü yesin. Görüb ki, yolnan bir adam gedir. Deyif:
– Ala, bunu verim saa, ye.
Öləndə deyillər ki, bir o yemiş onun cinazəsində görüküb. Becərdiyinin heş birini özü yemiyif ey. Verirmiş millət yesin, amma heş birini əliynən vermiyif. Bircə o çürük yemişi əliynən verif, o da ofsanata keçif.
II mətn
Deyir, həmən o Lələyə deyiflər ki, niyə ev tikmirsən özəə?
Deyif:
– Axırı ölüm deyil, öləcəm. İsdəmirəm.
Allah-tala onun ömrünü uzadır, altı yüz ilə qədər ona ömür verif. Gənə də ev tikmiyif. Deyif:
– Axırı ölümdü.
III mətn
Bir vilayətdən bir aylə uşağı-zadı olmazmış. Elə bil gedəcəhmişdər haca. Gəlif bunnarın (Lələnin – top.) evində qalanda qadın soruşur ki, uşağın-zadın. Deyir ki, uşağım olmur. Bu, ərinnən xəlvət gətirir bunun qucağına balaca daş qoyur. Daşı qoyullar, yürüyüllər. Yürüyüllər, yürüyüllər, səhər duranda görüllər uşağ ağlıyır. Həmən daş uşağ oluf bax, həmən Lələnin evində. Ordan da haca getmillər, ər-arvad uşağı götürüf qayıdır geri.
Dostları ilə paylaş: |