6. HƏMZATLI QADIN
I mətn
Bax, bizdə həmzat deyilən şey var. Mənim dədəmin əmisi arvadı varıydı, olarda həmzat deyilən bir şey varıydı. Bax, pişih balalıyırdı da. Pişih balalıyırdı, o pişiyin gedirdi qəfil üsdünə, o pişiyin balalarının hamısı qırılırdı. Kəntdə hamı uşağını onnan qoruyurdu ku, həmzatı var. Gözdə-qulaxda olurdular kı, birdən qəfildən bilməz gələr uşağın üsdünə. Qapıya gələndə də deyirdin: “Aaz, uşax var, gəlmə”. Həmzat ağırrıxdı. Bizim ot tayamız varıydı, o tayanın altında, üzüzdən irağ, it balalamışdı da. Deməli, o itin balasının üstünə övladı olub ölən bir gəlin – hamı deyirdi onun həmzatı var – həmin o gəlin getdi balalamış itin üstünə. Bilmədən getmişdi da. Onun ağırrığı tökülmüşdü o itin üstünə. Onnan sora o üş dəfə uşağa qaldı. Üş uşağı da sağ qaldı.
Həmzatdı qadın dualı olur. Onun duası var, molla yazır. Atırsan suya, çimirsən, atırsan suya, içirsən. Belə şeylər var, yəni üstündə ağırlıx daşıyır. O həmzatdı qadın yeni doğmuş ananın və ya yeni doğulmuş uşağın, həmçinin balalamış itin, pişiyin üstünə çıxsaydı, o zamannar onnar mütləq zərəl çəkərdilər. Bu, sınaxdan çıxmış inanışdı.
II mətn
Bəzən eşitmişəm ki, cavan qızdar gedillər ərə, uşağları olur ölür, olur ölür. Deyillər həmən adamlarda güjdü həmzad olur. Müəyyən adamlar bu həmzadı götürür. Həmən adamlar ya təzə doğan pişiyin, ya da itin üsdünnən keşsə, onun həmzadı tökülür onun üsdünə. Gələcəkdə bir də uşağı olsa, heş vaxt o uşağı ölmür, qalır. Heylə adamlar olufdu, gedifdi pişiyin üsdə, həmən vax pişiyin balası ölüfdü. Çünki o həmzad tökülüf onun üsdünə. Həmzatdı adam qırxlı gəlinin üsdünnən keşsə, o uşax ölər. Ya xəsdə olmalıdı, ya da ölməlidi. Çünki onun həmzadı tökülür onun üsdünə.
III mətn
Kəntdə bir adət vardı, təzə uşağ olanda qırx gün heç kəs onun üsdünə getməzdi. Qonşu gedəndə uşağı çıxardıf aparardılar bir aralı yerə, onnan sora o gələn qonax keçərdi evə. Sora uşağı gətirərdilər qonağın üsdünə. Çünki gedənin ağırrığı tökülmür, hərrənif gələn ağırrığını tökür.
IV mətn
Uşax anadan olanda arvadı hal aparır. Min nəhlət şeytana. Ona tez sancax taxıllar. Sancax taxıllar üsdünə, kadının da, uşağın da. Uşax dilibaş olur, dilinin üsdündə belə-belə zad olur, tikan kimi şeylər. Tez həmən uşaxdan qan alıllar, uşax ayılır. Qadın heysiz olanda deyillər, qadını hal aparıp, uzax qulaxlarıızdan. O sahatdarı ona dua yazdırıllar, molluya baxdırıllar, iynə vırdırıllar. Qırx gün uşağın üsdünə tüfəh gətirmillər, açılan şey gətirmillər, uşağın üsdünə çiy ət gətirmillər. Ət gətirəndə sivədəmə* şilə kimi səpir, gərəh çölə çıxardıf gətirəsən. Yas yerinnən gələndə uşağın üsdə gəlmirsən. O ölünün qırxı basır uşağı. Elə bil, qaynanan gedif ölü yerinə, evdə də bir on günnüh təzə gəlin var, o gəlini çıxartmalısan çölə, onnan sora o ölü yerinnən gələn girməlidi içəri. Ölünün qırxı basanda uşağı olmur gəlinin. Gərəh gəlini çıxardasan çölə, qaynənə gələ içəri, onnan sora gəlini gətirələr üsdünə. Tüfəh gətirəndə deyillər uşax pis olur, sərsəm olur, havalanır, çığırır, ağlıyır.
Uşağın onu** olur, həmin gün ana ilə körpəni çimizdirib, qüsul verirlər. Elə bil çimizdirirsən, “nəfəs-nifas qusulu verirəm, vacib qurbətən illallah” deyif suyu başınnan tökürsən, sora bı çiyninnən (sağ çiyin – top.), sora bı çiyninnən (sol çiyin – top.). Gəlin təmiz olannan sora uşağı çimizdirirsən. Çimizdirənnən sora uşağı verillər gəlinə, deyillər əmizdir, ta əmizdirə bilərsən. Qırxında da qavaxca gəlini çimizdirillər, sora uşağı. Uşax qırxlı anasını əmə bilməz. Onda pis olur, qırxlı olur. Uşağın onunu tökəndə belə boğazınnan tuturux, çənəsini çəkirih ki, boğazı uzansın, qısa qalmasın.
Dostları ilə paylaş: |