Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə145/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   141   142   143   144   145   146   147   148   ...   238
7. OVÇU OĞLANLA MƏLEYKƏ
I mətn

Bir oğlan ovçuluğnan aylesini dolandırırmış. Bir gün tüfəngi götürür, gedir meşiyə. Gəzir dolanır, əlinə hessad gəlmir. Çıxır meşənin dal tərəfinə dağlara. Ora-bura gəzir, nə isə əli gətimir, bir şey tapbır. Qayıdıf deyir neynək, meşədə böyüh ağacın divində bulax var, yuyunum eliyim, su da içim, gedim. Olmadı, olmadı. Gə­ləndə belə baxır, görür bulağın başında metir yarımlığında gözəl ağ ilandı, bir də bir gödək qara nüfuz ilandı*. Ağacın dalında gizdənir, bunnara baxır. Görür kü, ağ ilan qaşmağ isdiyir, bu nüfuz qa­ra ilan buna imkan vermir. Dolanır ortasına, qabağını kəsir. Bu, bir xeylax pusur-pusur, görür yox, budu, yoruldu, əldən düşdü. Bu, özünü topluyur, gözdüyür, gözdüyür, ağ ilan bunun əlinnən qutarıf arala­nanda qara ilanı vırır. Qara ilanı vıranda ağ ilan atılır olur bir qız. Atılır tutur oğlanın burasınnan, deyir:

– Mənim nişannımı niyə öldürdün?

Qəfl oldu, bir dəyqədə olan işdi, oğlanın gözü çıxır kəlləsinə. Məhətdəl qalır ki, burda qız nə gəzer, ilanıdı bu. Deyir:

– Sən nə danışırsan, nişannı nədi, qara pis ilanıdı, qoymurdu bu ağ ilan hərəkət eliyə.

Deyir:


– O, mənim nişannım idi, gəzməyə çıxmışdıx, gəzirdih. Sən onu niyə öldürdün? Düş qabağıma, gedək. Nişannımı öldürdün, indi sən məni alajaxsan.

Gedirih deyəndə bu oğlan hələ ayılmıyıf, özünü ələ ala bilmir ki, bu nə deməhdi. Deyir:

– Amma mən nə iş görsəm, mənnən heş vaxt hessad soruş­muyas­san. Neynədim, nağardım, mənnən bir kəlmə söz soruşmu­yas­san. Düş qabağıma, gedək.

Oğlan yeriyə bilmir, ölüf, götürən yoxdu. Gəlif meşənin için­nən keçəndə görüllər bir kəsilmiş ağac var, onun kötüyünün böyründə ağ un kimi topa bir şey tökülüf yerə. Oğlana dedi ki, dəsmaldan, torba­dan nəyin var, sər yerə, onnan bir iki avuş götür. Oğlan qorxa-qorxa dəsmalı çıxatdı, sərdi yerə, üsdünə bir az unnan yığdı bir-iki avuş, bağladı, vurdu qoltuğuna, götdü gəldi evlərinə. Dedi:

– Tök.

Siz görməzsiz, biz balajeydih. Bunnan qabax evin ortasında dirəh olardı. Deyir:

– Tök dirəyin divinə. Çörəh pişirəndə həmişə ordan götürün, əliyin, bişirin, qutarmıyajax.

Nəysə, uzun sözün gödəyi, yaşadılar. Heş kəs onnardan hes zad soruşmur. Buların bir oğlu oldu. Aradan beş gün keçif, on gün keçif. Bir gün oğlanın anası, – qojadı dana, – xəsdələndi. Oğlanın anası ya­tır, camaat yığılıf arvadın böyründə oturur. Birdən uşaxlar çığrışdı, hay düşdü ki, canavar gəlif kəndə. O çəpərdən bura tullanır, bu çəpər­dən ora tullanır. Hamı qarışdı bir-birinə. Gəlin əlini atdı, yüyür­dü uşağı tulladı canavarın qabağına. Canavar götdü, çıxdı getdi. Hamı bir-birinə baxdı: – “Bu nağayrır ə, bu niyə dinmir ə?” Oğlan dinə bilməz axı. Birdən arvad qolaydı*, ağırraşıf ölür. Gəlin tullandı oturdu yükün üsdündə, qakqıldadı güldü. Kəndin arvatdarı, – siz görməmisiz aa, üzlərini kəfən görsün, – dəydi bir-birinə ki, bəs bu nəyə gülür. Oğlan dimmir. Gəldi nə isə kəfin-dəfin elədilər. Bu arva­dı darvazadan çölə çıxaranda əlini əlinə vurdu gəlin, genə şakqıldadı güldü. Kişili-arvatdı hamı döndü gəlinə baxdı, oğlana baxdı. Oğlana hamı tənə elədi, hərə bir söz dedi. Apardılar arvadı basdırdılar, gəldilər. Oğlan tutdu qızın yaxasınnan, dedi:

– Aaz, oğlumu atdın, canavara verdin, dimmədim. Nənəm ölən­də böyründə oturmaxdan, bir şey verməhdən, əlini tutmaxdan, tullandın çıxdın ora, qakqıldadın güldün. Elin içində mənim dilimi gö­dəh elədin. İndi də əlini əlinə vuruf cənazənin qabağında şakqıl­dı­yıb gülürsən. Məni niyə biyabır eliyirsən, bu nə deməhdi? – deyəndə qız dedi ki, mən saa deməmişdim ki, mənnən heş zad soruşmaa? Canavar dediyin mənim xalamdı. Mən bilirdim ki, arvad ölür, uşağa baxan olmuyajax, korrux çəkəjeh. Xalamıdı gəlmişdi, atdım ki apara, aparıb saxlıyajaxdı, vaxtında gətirəjeydi. Azreyil anaan başını kə­sən­də qan çırtıldadı, o başda oturan arvad gülməli şəklə düşmüşdü, qan dağılmışdı bura (burnunun üsdünü göstərir – top.) damcılıyırdı, dü­şür­dü arvadın dodağına, buralarına. Ona gül­düm, gülməyim tutdu. Elə sən də gülərdin. Onuncün qaqqıldadım güldüm. Sora da işıxlı dün­yada nənən bir heylə yaşıyıf, heş kəsə əl tutmuyuf, heş nə ver­miyif. Bir kötüh süpürgə, bir də bir ayakqabı tayı qoşuluf bir-birinə cənazənin qabağıynan oynuya-oynuya gedir­di­lər. Ona güldüm.

Oğlan belə baxır ki, yoxdu. Məleykə imiş, uçuf gedif, yoxdu.


II mətn

Biri varmış, biri yoxmuş, bir ananın bir oğlu varmış. Bu oğlan dünyaya gələndə bunun gözü kor olur. Gözü kor olduğu üçün səbri bir yerdə qərar tutmur. Gedir bir ağacın divində oturur, söyüd ağacı­nın divində. Oturanda bı çox gileyli-güzarlı olur orda. Bu vaxt görür ki, iki göyərçin gəlib qonub bu söyüdün başına. Bular dil olub dillənir. Deyir:

– Ay oğlan, niyə narahatsan, niyə gileylisən?

Deyir ki, dünyada işıq üzünə həsrətəm. Bular qanadınnan sa­lır, oğlan əlini ora-bura vurur, ancax əlinə bir şey gəlmir. Göyər­çin­nər düşüllər yerə. Bunun biri qanadının birinnən qırır, sürtür onun gözdərinə, gözdəri açılır. Quşun biri uçur göyə, o biri qalır, olur bir dənə gəlin. Deyir ki, ay oğlan, sənə nə olub ki, belə olmusan? Oğlan deyir ki, mən elə anadangəlmə belə koram. Deyir ki, gözdərimi aşdım səni gördüm, day sən mənimsən.

Deyir:

– Heç ola bilməz, mənim sirrərim çoxdu. Sən mənim sirrərimi saxlıya bilməzsən.



Deyir:

– Vallah saxlıyaram, gəlginən mənnən ayrılmaginən.

Deyir:

– Yox e, heç ola bilməz. Mən sənə and verəcəm, anda yəə dursan, mən sənnən aylə quraram.



Deyir:

– Səni and verirəm səni yaradan üsdəki o bir Allaha, mənim sirrərimi dağıtmaginən, mən mələyəm. Allah-tala səni bıdı, neçə illərdi kor qoyub, bu tərəfdən də məni gətirib sənə bəxşeyiş eliyib. İndi mən sənə and verirəm ki, mənim sirrərim heş kəsə demiyəsən.

Deyir:

– Yaxşı, mənim gözüm üstə.



Götürüb bunu aparır evlərinə. Evə gələndə oğlanın anası görür ki, bu, bir dənə də qız gətirib. Deyir:

– Ay bala, bu kimdi, bunu hardan tapdın?

Deyir:

– Allah tərəfinnən bu mənə bəxşiş olunmuş bir mələkdi. Bunun sirrərini day soruşma.



Bunnan sora ay ötür, il dolanır, vaxt gəlir. Bir il keçənnən so­ra bunnarın bir uşağı olur. Uşax dünyaya gələnnən sora bu oğlana genə deyir ki, səni and verirəm Allaha, mənnən heş bir şey soruş­ma.

Deyir:


– Yaxşı, heş bir şey xəbər almaram.

İllər keçir, bu oğlanın anası qocalır, rəhmətə gedir. Ölüm za­manı, onun başının üsdündə Əzrayıl durub başını kəsən vaxtı arva­dın qanı hər yerə səpələnir. Bu qız mələh olduğuna görə bunu gö­rüb sıçrayıb çıxır taxçaya. Taxçada oturanda oğlan bunu görür, deyir:

– O nəyidi ki, sən çıxdın taxçada oturdun?

Deyir:


– Mən sənə demişəm ki, mənnən heş zad xəbər alma.

Hə, bunu məzara yola salanda bunun cənazəsinin dalınca bir tay çarıx gedir. Mələk cənazənin dalınca gedəndə bu bir tay çarığı görür. Gülümsünəndə oğlanın ürəyində şək qalır ki, axı bu öləndə sıçradı taxçanın üsdünə, yola düşəndə gülümsündü. Oğlan dedi: “Bırda bir sirr var da yəqin. Mən bınnan agah olmalıyam”.

Gedib bunu məzara qoyub rahatdıyannan sora evə gəlillər. Deyir:

– Ay qız, səni and verirəm səni yaradana, de görüm bu nə sirdi, heş kəsə demiyəcəm, sənnən mənim aramda qalacax.

Deyir:

– Yox, heç ola bilməz. Bir balamız var, xayiş eliyirəm gəl onu bizdən ayırmaginən. Demiyim, desəm mən uçub gedəsiyəm.



Deyir:

– Uçub getsən də, gərək məni bu sirdən halı eliyəsən.

Deyir:

– Yaxşı, vaxtaş ki sən məni vadar elədin, mən deməliyəm. Sənin anan ölən vaxtı, Əzrayıl başını kəsəndə yanındakılar görmür­dü­lər, mən onu görürdüm. Onun qanı çiləndi, hər yanı qannan doldu. Mən mələyəm axı, onun qanına bulaşmamalıyam. Ona görə sıçrıyıb taxçada oturdum. Qaldı ki, məzara yollananda, qonşuya bir tay çarıx veribdi, o, onun cənazəsinin dalınca gedirdi. Mən onu gör­düm, ona görə gülümsündüm. O qədər xəsis olubdu ki, bını cüt də vermiyif, tay verifdi. Bu dünyada heş kimə xeyir vermiyifdi. Al­lah tərəfinnən mən sənə bəxş olundum. İndi də sən hər sirrimi bil­mək isdiyirsən. Ona görə də əlvida, mən getməli oldum. Day mən uçuf gedirəm.



Hə... Onnan sora bı, uçur göylərə, çıxır gedir.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin