16. QALAQLIQDA YEYİLƏN EHSAN
Bir gəlin vardı. Bu gəlinin düşdüyü yer yaxşı olsa da, qaynanası ona çox zulum verirdi. Qaynatası, əri, baldızları nə qədər eliyirdilərsə, qaynanasının ürəyində gəlinə qarşı mərhəmət oyanmırdı ki, oyanmırdı. Gəlin sübh tezdən durar, bulaxdan su gətirər, yuyar, yığışdırar, silər, süpürər, surfa salar, külfətə yemək qoyardı. Külfət yeyənnən sora yığışdırar, günortanın yeməyini hazırlardı. Beləcə günnərnən işdiyir, qollarını kösöv, saçını süpürgə edirdi. Amma azazıl qaynananın qorxusunnan qarnına düz-əməlli çörək yeyəmmirdi.
Nəysə, beləcə vaxt keçir, zaman dolanır. Gəlinin boyuna uşax tüşür. Qaynananın zülmü azalmır ki, azalmır.
Hal-qəziyə elə gətirir ki, əvlərdən uzax, bunnarda yas tüşür. Gəlinin qaynatası Allah rəhmətinə gedir. Cəməhət yığışıb gəlir. Ağlaş-şivən qopur. Gəlin genə zulum çəkir. Zulumu, işi birə-beş artır. Gələnin-gedənin qulluğunda durur, yemək bişirir, yuyur, yığır, əlqərəz, genə öz işiynən olur. Qaynana da ərinə yaxşı ehsan verir. Erkəklər kəsdirir, plovlar dəmlətdirir, lavaş bişirtdirir, halva çaldırır, gələn qonağı bolluca yedirdir ki, afsanata keşsin, ərinin urufu şad olsun. Gəlinin isə dilinin altınnan bir tikə belə keşməmişdi. Yasın birinci günü beləcə keçir.
Gecə arvad yatır, yuxuda görür ki, əri ona deyir:
– Maa heş-zad çatmadı, yaman ajam.
Arvad diksinir. Yuxudan ayılıb fikirrəşir ki, yəqin qonum-qonşuda ac olan var ki, bu ehsan afsanata keşməyib, kişi gileylənir.
Səhər açılar-açılmaz təzdən pişirtdirir, payladır. Qonum-qonşuda nə qədər xəsdə, imkansız var, hamısına yemək göndərir. Amma gəlini yedirtmək heş yadına düşmür. Axşam düşür, genə külfət yatışır. Arvat başını yasdığa atar-atmaz yuxuya gedir. Genə yuxuda görür ki, əri gileyli-gileyli ona deyir.
– İki gündü acınnan ölürəm, dizdərimdə təpər, taqət qalmıyıp. Nolar, maa bircə tikə çörək verin.
Arvad dəli kimi oyanır. Yata bilmir. Fikirrəşir ki, genə görən qonum-qonşuda ehsannan yeməyən kim qalıb ki, bu kişi belə deyir.
Səhəri dirigözdü açan arvat genə əlinə gələnnən tökür qazana, qaynathaqaynat, pişirhapişir. Qoyma haraynan genə ehsan verir. Bu dəfə qapını açıx qoyur ki, yolnan keçəni görup yedirsin, bəlkə, afsanata keçə, kişi yuxusunnan çıxa. Arvad elə də eliyir. Yolnan kim keçirsə, içəri çəkib doyurur. Amma genə gəlini ajdı-toxdu heş maraxlanmır. Gəlin yazıx da ortada aj-susuz dolanır, gücü çatan işin qulpunnan yapşır.
Genə gecə düşür. Arvad arxeyin-arxeyin yerinə girir ki, kişi bu dəfə irazılıx eliyəcək. Genə yuxuya gedən kimi kişi gəlib durur arvadın qabağında:
– Mənə bir tikə çörək vermədin. Genə ajınnan ölürəm, – deyir. Arvadın tükü ürpənir. Hirsi yuxuya güj gəlir. Oyanır, şəhərə kimi ilan vuran yatır, arvat yatmır.
Səhər açılır. Arvat durup külfətnən çay-çörəh eliyir. Amma heş kimə bir söz demir. Qaş-qabaxlı dolanır. Əli-qolu boşalır, ta yemək pişirip ehsan paylamır.
Sizə kimnən deyim, gəlinnən. Axı gəlin üş gündü ki ajıydı. Hamının da başı elə qarışmışdı ki, gəlinin çörək yeyib-yemədiyini soruşmurdular. Gəlin görür ta ajınnan ölür, deyir:
– Ey Allah, mən heç, axı bu qarnımdakı da ajdı. Özüm birtəhər dözərəm, amma balamın ölümünə irazı olmaram. Qaynanamnan gizdin də olsa, qazannan yemək götürup yeyəcəm.
Gəlin elə də edir. Bir cam götürup oğrun-oğrun qazana yaxınnaşıp qapağı qaldırır, tələm-tələsik bir-neçə tikə ət götürup ordan uzaxlaşır. Fikirrəşir ki, indi bunu harda yeyim ki, qaynanam görməsin? Hə, tapdım deyir, gedip bunu qalaxlıxda* yeyəcəm. Yazıx gəlin fikirrəşdiyi kimi də eliyir. Yeməyi götürüp damın dalına keçir, qalaxlığın ortasındakı boşduxda oturur. Camı dizinin üsdünə qoyub işdahnan yeməyi yeyir. Gəlinin gözünə işıx, dizinə təpər, qoluna quvvat gəlir. Hiss eliyir ki, qarnındakı uşax da doyub.
Nəysə, gəlin nətər ki oğurrux yeməyi aparmışdı, elə də camı yuyup yerinə qoyur.
Axşam olur, caməhət surfuya oturur, yeyillər, içillər, yatıllar. Qaynana qorxa-qorxa yerinə girir. Deyir ki, bu dəfə də kişi ajdığınnan gileylənsə dəli olaram. Arvad elə yenicə yuxuya gedir ki, kişi genə yuxusuna gəlir. Kişi bu dəfə irazılıx eliyir:
– Yaman yedim, qarnım doydu. İndiyədək verdiyin çörəyin heş biri yox, təhcə qalaxlıxda yeyilən maa çatdı.
Arvat oyanır, dəli olur ki, bu nədi, qalaxlıxda yeyilən yemək nədi? Birtəhər səhəri açır. Səhər açılan kimi külfəti başına yığıp yuxuda gördüyünü əzəldən axıra kimi danışır. Sora üzünü evin adamına tutup deyir:
– Deyin görüm, bu qalaxlıx məsələsi nə olan şeydi?
Külfət məətdəl-məətdəl bir-birinə baxır. Təhcə gəlin əsir, dili-dodağı quruyur. İrəli çıxıp nalaşdıxdan dünən qazannan gizdin yemək götürüp yediyini deyir.
Hamı içini çəkir. Qaynana elədiyi hərəkətə, gəlinə verdiyi zulumlara görə peşman olur. Onun üsdünə tüşən ağır yükün gəlin tərəfinnən götürüldüyünü fikirləşir, urufu dincəlir. Elə ordaca gəlini bağışdıyır, hamının yanında gəlini incitməyəcəyinə söz verir.
İndi odu ki, atalarımız “hər yeyilən afsanata keçməz” deyillər.
Dostları ilə paylaş: |