20. SÜLEYMAN VƏ QOCA DÜNYA
Süleyman peyğəmbər bir günnəri deyir ki, gərək mən dünyanın axırına gedəm çıxam, axırını görəm. Düşür yola, gedir. Gedir, gedir, çox gedənnən sora görür kü, bir dənə qəşəh qız oturup gülzarrıxda. Bu qıza baxır, xoşu gəlir Süleyman peyğəmbərin. Gətirir bir dənə üzüyü varımış Süleyman peyğəmbərin adına yazılmış, bunu verir qıza. Deyir ki, bunu saa verirəm, gedirəm dünyanın axırını görəm, qayıdanda səni götürəjəm. Deyir:
– Süleyman, nahax yerə getmə, sən dünyanın axırını tapa bilməzsən.
Amma Süleyman peyğəmbər onun sözünə qulax asmıyıp. Üş yüz il gəzip dünyanın axırını tapa bilmiyip, qayıdıp boş gəlip. Gəlir görür kü, yolda bir dənə qoca arvat oturup. Qoca qarı deyip ki, kimi axtarırsan? Deyir ki, mən burda bir dənə qıza üzük vermişəm, o qızı axtarıram.
Deyir:
– Aç o sandığı, üzük sandıxdadı, tap.
Sandığı qaldırır kı, burda yüz dənə Süleyman adına üzük var. Deyir:
– Vallah, burda yüz dənə Süleyman adına üzük var, nə bilim hənkisidi. Bəs mən qıza bir dənə vermişdim.
Deyir:
– Yüz dənə Süleyman bu dünyaya gəlip gedip, axırıncı sənsən. Qız da mənəm. Yazda oluram qız, qışda oluram bu dee belə qarı. Dünya mənəm.
Süleyman əlini üzüp qayıdıp geri.
Dostları ilə paylaş: |