26. İNSANIN TAMAHI
Dünyada tamahdan mundar şey yoxdu. İnsanın başını alçax eliyif, insanı camaat içində öldürüf yerə salan tamahdı.
Günnərin bir günü paççah vəzirini çağırır, deyir:
– Vəzir, mundarın mundarını tapginən, gəl maa de. Qırx gün də saa möhlət verirəm. Tap gətir.
Bu gedir arvadınnan oturuf fikirrəşir. Ağıllarına gələn, başdarına gələn şeyi gəlif padşaha deyir. Deyir ki, yox.
Deyir:
– Arvad, onsuz da boynumu vurdurajax. Bir az çörəhdən, sudan qayır, mən gedim.
Bir sumka çörək-su götürüf düşür yola. O dərə mənim, bu təpə sənin. Bir gün vaxdı qalır. Gəlir ki, bir dağın döşündə çoban qoyun otarır. Gərməşov ağacınnan qəşəh təsbeh düzəldir. – Özümüz də düzəldirdih. Yağda qızardırdıx, çox gözəl görükürdü. Tökürdüh yağın içinə, qoyurduh qızarırdı. Yaxşı da əldə oynuyur. – Oturur, deyir:
– Çoban, mənə bir az çörəhdən-sudan tap ver, yeyim.
Deyir:
– Verərəm.
Bir dolça süd sağır, verir. Bunnan irəli quruşqalar misdən olurdu. Bunu doldurur südnən, bunu da içir. Deyir:
– Qardaş, yaman fikirrisən.
Deyir:
– Savah boynum vurulajax.
Deyif:
– Niyə?
Çoban təsbehi əlində oynadır ha. Vəzirin göz düşüf təsbehə. Deyir ki, o təsbehi maa verə bilərsənmi?
Deyir:
– Yox. Mən bunu zulumnan düzəltmişəm, bu qiymətdi şeydi. Mən bunu əldən vermərəm axı. Günümü bunnan keçirirəm.
Deyir:
– Nə versəm onu maa verərsən?
Deyir:
– Nə versən də, vermərəm.
Var da civində. Əlini saldı civinə, bir xışma qızıl çıxardır. Deyir:
– Bunu verim, təsbehi ver maa.
Deyir:
– Yox, yox, heç beş o qədər də versən, vermərəm.
Deyir:
– Çoban, mən dünyada mundarın mundarını gəzirəm. O təsbehi ver, aparım verim.
Deyir:
– Mundarın mundarı nə şeydi ki, onu gəzirsən. Mən on saniyəyə deyərəm, nə var onda.
Deyir:
– Əşi, nə danışırsan, alimlər tökülüf onu tapmıyıf. Sən hardan tapassan?
Deyir:
– O nə sözdü ki, onu bilmiyən adam ola.
Deyif:
– Yaxşı, onda təsbehi ver maa.
Təsbeh vəzirin yadınnan çıxmır ey. Hələ boynuun vurulmağı yadına düşmür. Deyir:
– Gəl saa bir məslahat eliyim. Burda heş kim yoxdu. Ordan bir yer qazım, bir qavca süd sağım töküm oraya, mənim bu iki itim, bir də sən – üçünüz də orda onu yala, bu təsbehi verim saa. Yazıx vəzir o yana, bu yana baxır. Bu dağda adam yox, bir şey yox, bunu kim görəcəh. Deyir ki, nolar. Sağıf gətirif töküf oraya. İki it bir tərəfdən, bu da bu tərəfdən başını salıf oraya, o itin dilini yalıyıf, bu itin dilini yalıyıf. Torpağı da yalıyıf qutarıllar. Duruf deyir:
– Təsbehi ver.
Deyif:
– Vermiyəjəm.
Deyif:
– Bəs sən deyirdin verəjəm.
Deyif:
– Bilirsən nəyə vermirəm? Get paççahına denən ki, dünayada mundarın mundarı tamahdı.
Deyir ki, təsbehi vermirsən? Deyif:
– Yox.
Bu gəlif deyir:
– Arvat, filan dağın döşündə savatsız çoban vardı. Maa bir söz deyif, gedif padşaha onu deyəjəm. Onsuz da boynum vurulajax. Hallaşax, bu gün gedəjəm. Halallaşır, görüşüf gedir.
Deyir:
– Paççahı-aləm sağ olsun. Bütün eli-obanı gəzdim, heş bir şey tapa bilmədim. Mənə çoban bir söz deyif. Bilmirəm yalandı, gerçəhdi, demək ola, olmuya.
Deyif:
– Denən.
Deyif:
– Paççahı-aləm sağ olsun, çoban dedi ki, dünyada mundarın ən mundarı tamahdı.
Deyif:
– O, çox ağıllı adamdı. O hardadı, tapın gətirin bura.
Ay dədə, evi yıxıldı bu yazığın. Burdan duruf yığışıf gedir çobanın yanına. Deyir:
– Sənin öyünü Allah tiksin, məni balaya salmısan. Bəs paççah deyir onu götür gəl bura.
Çoban duruf düşür böyrünə. Gedir oturur. Deyir:
– Çoban qardaş, sən nə bildin dünyada mundarın mundarı tamahdı.
Deyir:
– Bəy sağ olsun, o təsbehi gərməşov ağacınnan düzəltmişəm. O heş zaddı. Çöllərdə bitən ağacdı. İntaası onu yağda qızartmışam, o qızaranda çox gözəl görünür. Dedi ki, onu ver maa. Bir ovuş qızıl çıxartdı, vermədim. Dedi gəl nə isdiyirsən verim, çobançılıxdan qutarım. Vermədim. Tamah onu nətər allatdısa, getdi mənim iki köpəyimlə süd yaladı. Mən fikirrəşdim ki, dünayada mundarın mundarı tamahdı.
Deyir:
– Vəzir, sən çobanın yerinə çoban, çoban mənim yanımda vəzir işdiyir.
O çoban da orda kasıfçılığın daşını atır, ağ günə çıxır.
Söyləyici bu nağılı anasınnan eşidib.
Dostları ilə paylaş: |