35. ALLAH YETİRSİN
Rəvayətə görə, şah oğlu Şah Abbas tez-tez çıxıf vilayəti gəzərmiş, camahatın giley-güzarını örgənərmiş. Günnərin birində Şah Abbas vəziri Allaverdi xannan birrikdə gejə çıxıllar gəzməyə ki, görələr kim yatıf, kim oyaxdı, şəhərdə nə var, nə yox. Baxıf görüllər ki, sakitlikdi, amma şəhərin qırağındakı bir evdən işıx gəlir. Yavaşcadan gəlillər işıx gələn tərəfə. Gəlif görüllər ki, işıx gələn evdə üç dənə dərviş oturuf dərtdəşillər. Başdıyır bu dərvişdəri pusmağa görsün ki, bullar nədən danışıllar. Birinci dərviş deyir ki, Allahın altında Şah Abbas maa bir at və bir az cib xəşdiyi versəydi, gedif ağalarımızı ziyarət eliyərdim, dərdim-zadım qalmazdı. İkinci dərviş də deyir ki, Allahın altında Şah Abbas öz qızını maa versəydi, onda dərdim-zadım qalmazdı. Üçüncü dərviş də deyir ki, mənim heş bir dərdim-zadım yoxdu. Gorbagor olsun Şah Abbas da, hələm desən vəziri Allahverdi xan da. Mənimkini Allah yetirsin, urzamı Allah versin.
Şah Abbas bu sözdəri vəziriynən eşidif geri qayıdır. Savax açılan kimi Şah Abbas taxta çıxıf həmənki dərvişdəri hüzuruna çağırtdırır. Aradan çox keçmir dərvişdər gəlif durullar onun hüzurunda. Şah Abbas üzünü ollara tutuf deyir ki, dünən gejə danışdıxlarınızı öz qulağımnan eşitmişəm. İndi burda o sözdəri bir də deyin. Kim düz desə, heş nə eləmiyəjəm, arzusuna çatajax, yalan deyənin boynunu vurdurajam. Birinci dərviş deyir ki, şah sağ olsun, mən dedim ki, Allahın altında Şah Abbas maa bir at, bir az cib xəşdiyi versəydi, gedərdim ağalarımızı ziyarət eliyərdim, onda heş dərdim-filanım qalmazdı. Şah Abbasın əmriynən gətirif ona at və yol xəşdiyi verif yola salıllar. İkinci dərviş də deyir ki, şah sağ olsun, mən dedim ki, Allahın altında Şah Abbas öz qızını maa versəydi, onda mənim də dərdim olmazdı. Şah Abbas öz qızını buna verif yola salır. Üçüncü dərviş də deyir ki, şah sağ olsun, mən də dedim ki, mənim heş bir dərdim-sərim yoxdu. Gorbagor olsun Şah Abbas da, hələm üsdəlik vəziri Allahverdi xan da. Mənimkini Allah yetirsin, bəndə nədi ki, verdiyi bir şey ola. Şah Abbas ona qulax asıf deyir ki, noolar, qoy səninkini Allah versin, çıx get.
Bu dərvişdərdən birinin yolu başqa səmtəymiş. İkinci və üçüncü dərvişdərin yolu bir tərəfəymiş. Üçüncü dərviş gəlif bir çaya çatır. Görür ki, Şah Abbasın qızı da burdadı. Dərviş soruşur ki, hanı ərin. O da deyir ki, bəs çaya düşüf axdı. Bu dərvişdər də bir-birinə çox oxşayırlarmış. Qız yapışır bu dərvişdən ki, məni də özünnən apar. Dərviş deyir ki, ay bala, səni atan başqa adama verif. Xeyri olmur. Deyir ki, mən kasıf adamam, nə dirəyim var, nə də küncüm. Ağaşdarın dibində yatıram. Sən hara, mən hara? Qız deyir ki, qorxma, evdən çıxanda atam maa çoxlu qızıl verif. Götür olsun sənin. Kişisənsə bir ev tik, yaşıyax. Dərviş əlajsız qalıf qızı özüynən götürüf gedir.
Az gedif, çox gedif gəlif bir səfalı yerə çatıllar. Bura dərvişin də, qızın da xoşuna gəlir. Başdıyıllar burda yekə bir imarət tihdirirlər. Qırx otağın qırxı da hazır olur. Evin qırağına isə qəlbi hasar çəkillər. Dərviş evi tihdirif qurtarır, amma qıza əl vurmur.
Bir gün bu dərviş köhnə dərviş paltarını geyif genə gedir Şah Abbasın sarayına. Hər qapıdan keçəndə buna dilənçi kimi bir manat pul verillər. Dərviş deyir ki, mən bir yer billəm, orda hər qapıdan keçəndə adama onnux qızıl verillər. Şah Abbas bunu eşidif təəccüflənir. Şah Abbas vəziri Allahverdi xanı da götürüf bir baş gəlir həmən dərviş gösdərən yerə. Onnarı yaxşı qarşılıyıf hər qapıdan keçəndə hərəsinə bir onnux qızıl verillər. Qırxıncı qapıda bullara deyillər ki, qalıf qonağımız olun. Ollar razı oluf qalıllar. Sora dərviş bura gəlif başdıyır bullarnan söhbət eləməyə. Dərviş deyir ki, şah sağ olsun, siz gejə pusuf danışığımızı eşitdiniz. Birinci dərviş at və cib xəşdiyi isdədi. Razı saldınız. İkinci dərviş qızınızı isdədi. Onu da razı edif yola saldınız. Mən də dedim ki, mənimkini Allah yetirsin. Maa dediniz ki, get, qoy saa Allah versin. Sarayınızdan çıxıf getdim. Gəlif gördüm ki, qızınızı verdiyiniz dərviş suya düşüf axıf. Qızınız boynumdan yapışıf yaxamnan əl çəkmədi. Dedi ki, məni də özünnən apar. Əlajsız qalıf apardım. Gəlif bura çıxdıx. Köməhləşif bax bu gördüyün imarəti tihdirdik Allahın köməyinnən. Bax, bunu da maa Allah yetirdi. Amma qızınıza əl vurmamışam. Əyər razı olsanız onda kəvin kəsdirif yaşıyarıx.
Dərviş Şah Abbasın xoşuna gəlir. Ollara əməlli-başlı toy eləyir. Sora dərvişi özünə vəzir edif deyir ki, doğurdan da səninkini Allah yetirdi.
Dostları ilə paylaş: |