38. DANA, KEÇİ VƏ TOĞLU
Biri varıymış, biri yoxumuş. Bir dana, bir toğlu, bir keçi varımış. Bunnar üçü qardaşıymışdar. Bir-biriynən möhkəm dosduymuşdar. Bir kəndin qırağında meşədə otduyurmuşdar. Günnərin bir günündə bunnar otduya-otduya gedillər meşənin dərinniyinə. Meşənin dərinniyində bir də baxıllar ki, qarannıx düşüf. Bunnar yolu azıflar. Deyillər, elə burda gejəliyəh. Səhər açılar, hər yer işıxlanar, yavaş-yavaş qayıdarıx kəndə. Oturuşup söhbət eliyirmişdər. Keçi baxır kı, qalyanın odu qutarır. Səbri yaman tükənip. Neynəsin, nağayırsın, baxır ora-bura, görür uzaxdan bir işıx gəlir. Danıya deyir:
– Get ordan bir od gətir, bu qalyanımı yandırım.
Dana durur, quyruğunu atır belinə. Ha burda, ha orda, gedir işıx gələn tərəfə çatır. Bir də görür kü, bahoo! Altı canavar əyləşip, onnarın gözünün işığıdı bu ətrafı bürüyən. Canavarrar dananı görəndə deyir:
– Dana qardaş, adda başa. Nə əcəb, yaxşı qonağımız gəlib. Dana qardaş, adda başa. Dana qardaş, adda başa.
Dana keçir əyləşir başda.
Keçi çox gözdüyür, dana gəlmir. Toğluya deyir ki, toğlu qardaş, get o işıx gələnnən mana bir od gətir, gör o dana kəsilmiş harda qaldı? Mənim qalyanımın odu qutarıp, səbrim lap tükənip. Toğlu durup irtməyini* atır belinə, ha bırda, ha orda, gedir işıx gələnə çatanda görür burda canavarrar əyləşip, buların gözünün işığı ətrafı bürüyüp. Dana da başda əyləşip. Canavarrar toğlunu görəndə deyillər:
– Toğlu qardaş, sənnən nə əcəp, xoş gəlmisən, beş gəlmisən. Gözümün üsdündə yerin var. Toğlu qardaş, adda başa, həmişə sən gələsən.
Toğlu qorxa-qorxa keçip əyləşir başdan. Keçi bir az da gözdüyür, görür toğlu da gəlmədi. Səbri lap tükənir, özü durur irtməyini atır belinə, gəlir işıx gələnə. Gəlir, görür kü, burda altı canavar əyləşip, gözünün işığı ətrafı bürüyüp. Toğluynan dana da yuxarı başda əyləşip. Deyir: "Bu nə pis oldu. Mən öz yoldaşlarımı canavarrara qurban verdim". Canavarrar keçini görəndə deyillər:
– Nə yaxşı gəlmisən. Keçi qardaş, adda başa, həmişə sən gələsən, əziz qonağımızsan.
Keçi deyir:
– Mənə elə bırda bir döşəh verin, qıraxda oturacam.
Keçi qıraxda əyləşip deyir:
– Ordan bir od verin, qalyanımı yandırım. Yaman qalyan çəkənəm. Səbrim lap tükənip.
Keçi qalyanını yandırır. Canavarrarın böyüyü deyir:
– Mən yaxşı saz çalanam. Ordan o sazı gətirin mana, bir yaxşı hava çalım.
Canavarrar gətirib sazı verillər başçılarına. Bu başdıyır çalmağa. Deyir:
Sazım dınqır, dınqır, dınqır,
Dana qardaş axşamımızın,
Toğlu qardaş səhər ertəmizin,
Sazım dınqır, dınqır, dınqır.
Keçi qardaş günortamızın,
Sazım dınqır, dınqır, dınqır.
Belə deyəndə keçi deyir:
– Sən heş saz çalmağı bajarmırsan. O sazı ver mana, gör mən nətəhər çalıram.
Keçi alır sazı, basır sinəsinə, başdıyır çalmağa. Deyir:
Sazım dınqır, dınqır, dınqır,
Atam öləndə mənə demişdi,
Özaa yeddi canavar dərisinnən kürk tikdirərsən.
Altısını mən özüm tapmışam,
Birini də sən özün yetir, ey xaliq,
Sazım dınqır, dınqır, dınqır.
Canavarrar ürküşüp bir-birinin üzünə baxıllar. Bunu görən keçi deyir:
– Dana qardaş, tut gəldim. Toğlu qardaş, tut gəldim, ədə, tut gəldim.
Canavarrar tökülüp qaçışıllar. Keçi deyir:
– Olar gedip o tərəfdə fikir eliyip gəlip bizi yeyəjəhlər.
Gəlillər qaça-qaça, orda-burda, baxıp görüllər ki, ayaxlarının izdəri düşür. Canavarrar gəlip bu izdərnən bıları tapajaxlar, yeyəjəhlər. Keçi görür kü, böyüh bir ağaş var. Keçi deyir:
– Gəlin çıxax bu ağaca. Olar gəlip bizi tapbıyajaxlar, çıxıp gedəjəhlər. Sora biz də düşüp çıxıp gedərik.
Bəli, dana çıxa bilmirmiş. Keçiynən toğlu bunu dırmaşdırır ağaca. Keçi də birtəhər çıxır, toğlu da çıxır. Oturullar ağaşda. Canavarrar gedir o tərəfdə fikir eliyir, deyir: "Bizim axşamacan yediyimiz toğludu, danadı, keçidi. Bizə noldu, qorxup qaşdıx. Gəlin gedip oları tapıp yeyəyin". Canavarrar qayıdıllar izə düşə-düşə, axdara-axdara gəlip bir ağacın altında izi itirillər. Deyillər:
– Bular burdan o tərəfə getmiyiplər. Görəsən bular hara getdi?
Bular oturup ağacın altında belə fikirrəşəndə, dana da canavarrarı görəndə canına vəlvələ düşür. Başdıyır əsməyə. Birdən ağacın budağı qırılır, tapbıltıynan düşür yerə. Bını görən keçi qardaş deyir:
– Dana qardaş, tut gəldim. Dana qardaş, bərk tut, gəldim. Toğlu qardaş, tut gəldim.
Canavarrar ürküşüp qaçıllar. Toğluynan keçi ağaşdan düşüp, gəlip görüllər dana ölüp. Ağlıya-ağlıya bir yer qazıllar, dananı basdırıllar. Yavaş, yavaş isdiyillər qayıdıp gələlər evlərinə.
Canavarrar gedip o tərəfdə deyillər: "Ayə, dana məni öldürmüşdü, az qala belimi qırmışdı". Biri deyir: "Ayə, sən nə danışırsan, dananın quyruğu boğazıma keşmişdi, güjnən çıxardıp qutardım". Biri deyir: "Dananın irtməyi boynuma keşmişdi, canımı güjnən qurtardım". Beləlihnən, canavarrar ordan qaçıp uzaxlaşıllar. Keçiynən toğlu da gəlib çıxıllar evlərinə.
Nağıl bu yerdə sona çatır. Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də gendə durup “isdəmirəm” deyənin.
Dostları ilə paylaş: |