QƏMKEŞ ALLAHVERDİ
Qəmkeş Allahverdi, qardaşı İdris müəllim, bir neçə nəfərnən gedillər ova. İdris məllim bərədə duruf, sürəçi də gərək ovu gətirsin sürəhləndirsin ki, ov bəriyə gələndə dayanan adam atmalıdı. Ov gəlib çatanda görür ki, qardaşı heç atmax istəmir. İstiyir tüfəyi tuşdasın, görür ki, altında balası əmir. Qəmkeş Allahverdi deyir:
Bərədə durmusan nə yaman ovçu,
Odur oylağına bir maral gəlir.
Sanki elə bilir boşdu bərələr,
Gör necə ahəstə, irəvan gəlir.
Qardaşı deyir:
Cığırda durmuşam, yol yoxdu,
Deməyə sözüm var, atım, atmıyım?
Başını qaldırıb baxır üzümə,
Gözündə gözüm var, atım, atmıyım?
Qəmkeş Allhaverdi deyir:
Bax odur dayanıb sənnən aralı,
Nədənsə tükənib səbri-qəralı.
Yazıx ya xəstədi, ya da yaralı,
Nə bilim, qəlbimə min güman gəlir.
Qəmkeş deyir, ov bərədən keçəcək,
Kim bilir ki, nə məkana yetəcək.
Ovlamasax, vallah gedib itəjək,
Bax, odu dağlara çən, duman gəlir.
İdris məllim deyir:
İdrisəm, yetişdim belə bir vaxtda,
Barmağım tətikdə, döşüm qundaxda.
Bir anlıx düşündüm evdə, otaxda,
Oğlum var, qızım var, atım, atmıyım.
Dostları ilə paylaş: |