GƏLİN-QAYINANA SÖZLƏRİ
-
Qaynana, qaynana, zalım qaynana!
Oğlu ipək, özü yaman qaynana!
Qaynanama Quran qismət olaydı,
Qaynanama Quran qənim olaydı.
Damda dirəkdir qaynana,
Qönçə çiçəkdir qaynana.
Oğlu evə gələndə,
Məndən zirəkdir qaynana.
Baldızımı çöldə ilan çalaydı,
Qaynana, qaynana, zalım qaynana.
Qaynatama canım qurban olaydı,
Hamıdan da zalım, yaman qaynana.
2. Oğul-oğul qaynana,
Doğdu oğul qaynana.
Oğluu aldım əlindən,
Çatda, boğul, qaynana.
Aşı süz qoy, qaynana,
Qaba düz qoy, qaynana
Oğluu aldım əlindən,
Başına buz qoy, qaynana.
GİLİYƏ
Cəbrayılın Böyük Mərcanlı kəndində Gilə addı bir gəlin olub. Onun əri ölüb. Yaxşı var-dövlət qalıb ərindən. Bunu çox adam istəyib. Heş kimə getməyib. Onda başlayıblar bunun adına cürbəcür söz çıxartmağa. Kənddə də bir aşıq olub, bunu eşidib Giliyə bir şeir qoşub. O şeir çox uzun olub. Söyləyicinin yadında isə aşağıdakı parça qalıb.
Giliyə, xan Giliyə,
Qoş, quzu qurban Giliyə.
Sarı, qanavız köynəyin,
Pul düzüfdü yaxasına.
Başında Herat yaylığı,
Bəndər göllər sonasıdı.
Nəhlət o şəxsin zatına,
Söylüyə böhtan Giliyə.
Həm bu dünyada bajım,
Həm qiyamətin günü.
Nəhlət o şəxsin zatına,
Söylüyə böhtan Giliyə.
DURNAM
Durnam gəlir düzüm-düzüm,
Qanadı boynundan uzun,
Durnam mənim iki gözüm.
Sən haralısan, haralı, durnam,
Ovçu əlindən yaralı durnam.
Durnam gəlir qatar-qatar,
Qanadı boynundan ötər,
Mənim ahım səni tutar.
Sən haralısan, haralı, durnam,
Ovçu əlindən yaralı durnam.
Durnam gəlir Quş-Kəşana,
Quşa döşənə-döşənə,
Yaylığımı apar nişana.
Sən haralısan, haralı, durnam,
Ovçu əlindən yaralı durnam.
YAR GƏLƏ
Torpağa verrəm yanımı,
Halal eyləməm qanımı,
Əzrayıl, alma canımı,
Bəlkə yar gələ, yar gələ.
Torpağa qoydum üzümü,
Haqqa söylədim sözümü,
Ana, bağlama gözümü,
Bəlkə yar gələ, yar gələ.
Eşitmişəm aşıxlardan,
Nə atam var, nə də anam.
Qəmgin gəzmə, ay sevgilim,
Bu dünyada mən ki varam.
Dostları ilə paylaş: |