3. FATMA ANANIN HANASI
Fatma ana hana qurub, hana toxuyurmuş. Hana toxuyan vaxtı yağış yağıfdı. Yağış yağanda, axı hana qalıb orda – yağışın qabağında. Elə deyiblər ki, aya, Fatma ananın hanası qaldı yağışın qabağında, Fatma ananın hanası qaldı yağışın qabağında. O da üç rəngmiş: yaşılmış, qırmızıymış, bir də ağ imiş. – Elə bizim bayrağımızın da bir suyumu ona oxşuyur e. – Elə o vaxdan göy qurşağına Fatma ananın hanası deyillər.
4. QURD DONUNA GİRƏN QADIN
I mətn
Bir arvadın üç balası və bir əri varıymış. Bı durur günüzdən xəmir qatır. Bunun xəmiri çoxlu gəlir. Hə... Axşam düşür, bının vaxdı olmur xəmiri bişirməyə. Xəmir qalır. Gecə bı arvad durur, aydınnığa* suya girir. Suya girəndə Allah tərəfinnən bının boğazına canavar xəltəsi keçir. Bı gedir qoşulur canavarrara. Əri ha gözdüyür, ha gözdüyür, bı gəlib çıxmır. Bının adı da Zəhra olur. Çıxır deyir:
– Ay Zəhra, xəmir pırt-pırt.
Əri deyir ki, ay Allah, görəsən bı haana getdi? Birdən bı görür ki, uzaxda bir xeyləğ canavar ulaşır. Görür ki, arvadı da gedib qoşulub canavarrara, gedir meşiyə. Deyir:
– Ay Allah, sənə qurban olum, belə möcüzəmi olar? Bının nə günahı var idi ki, bı günə qaldı.
Bı minvalla Zəhra iki il qoşulur bu canavarrara. Allahdan rüxsət gələndə bıllar gedir ilxıdan bir heyvanı seçir, ya qoyun olsun, ya at olsun, ya mal olsun, onu yeyillər. Nəysə, Allah bulara icazə verəndə yeyillər, icazə vermiyəndə ağız-ağıza verib yatışıllar. Bu qadın o qədər tük gətirir ki, canavarrardan betər olur. Dişdəri də yekə-yekə uzanır.
Bir gün olur, bunun meylinə düşür ki, gedim balalarımı görüm, gəlim. Gəlir balasını görməh əvəzinə balasının birini götürür aparır, yeyir. O qədər bının avcının içi şirin imiş ki, bu daddıxca ağzının suyu tökülürmüş, dişdəri şakqıldayırmış. Gözünün yaşını tökə-tökə bı, balasını yeyir. Allahın əmridi, neynəsin? Hə... Bir ay keçənnən sora bı, genə gəlir balasının birini də götürür, yeyir. Duyux düşüllər, görüllər ki, bı, uşaxların elə öz anasıdı, gəlib balalarını aparıb yeyir.
İki ildən sora bı genə adam cildində gəlir, qayıdır insannarın içinə. Allaha qurban olum, Allah bının günahınnan keçir, bını adam cildinə salır, gətirir həyata. Bı gələnnən sora özü öz diliynən nağıl eliyir ki, bizə Allah-tala bax, belə buyurur ki, bı işdəri görün, biz də gedib eliyirdih. Filankəs deyəndə ki, malımı, qoyunumu qurt-quş yedi ha, bını qurt-quş yemirdi. Biz qalırdıx ac, Allaha üz tuturdux, Allah onu bizə bəxş edirdi, biz onu yeyirdih. Ona görə də, qurban olum Allaha, Allahın işinə heş kim qarışa bilməz.
II mətn
Bizim kəntdə arvad vardı, adı Qızyetər idi. Deyirdilər ki, qurt donuna girən Qızyetər. Deməli, guya qurt gəlir, donunu atır bunun çiyninə, bu olur canavar şəklində. Anam deyirdi, şəxsən mən gözümnən görmüşəm ki, canavar kimi uluyur. İsdədilər ki, onu tilsimdən çıxardallar. Çıxardammadılar, gülləynən vurdular, öldürdülər.
Qurdun kürsə gedən vaxdı idi. Bu gəlif, qurd bunu çəkif, donunu atıf arvadın üsdünə. Arvad olufdu canavar. Bularnan barabar gedif gəzif gəlirdi.
Dostları ilə paylaş: |