48. ƏN ŞƏRAFƏTLİ İNSAN
O vaxtı Əmirəlmöminə bir yəhudu sual verir ki, Adəm peyqəmbər şərafətlidi, yoxsa sən şərafətlisən? Deyir ki, mən şərafətliyəm. Deyir ki, nəyə görə?
Deyir:
– Ona görə ki, Adəm peyqəmbərə Allah-tala buğdadan yeməyi qadağan, nəh buyurmuşdu. O, onnan yedi, ama mənim yediyim hələ arpa çörəyidi. Mən hələ dilimə buğda çörəyi vurmamışam.
Deyir ki, ya Əli, bəs baban Nuh peyqəmbər şərafətlidi, yoxsa sən? Deyir ki, mən Nuhdan şərafətdiyəm. Deyir ki, nəyə görə?
Deyir:
– Ona görə ki, onun övladının biri atasına iman gətirmədi, ama mənim oğlum Hüseyn hələ dünya yaranmamışdan qabağ insannar Allah yanında ruh şəklində yaradılan vaxt Hüseynin ruhu, Hüseynin nuru Kərbəla yolunda, Allah yolunda, İslam yolunda, din yolunda, peyqəmbər yolunda, haqq yolunda şərafətə çatmağı qəbul eləmişdi.
Deyir ki, bəs ya Əli, sən şərafətdi olarsan, yoxsa İsa peyqəmbər? Deyir ki, mən onnan da şərafətdiyəm. Deyir ki, nəyə görə?
Deyir:
– Ona görə ki, İsa peyqəmbəri anası xurma ağacının divində dünyaya gətiribdi, amma mənim anam məni Kəbə evində dünyaya gətiribdi. Kəbə evi İbrahimxəlil peyqəmbərin vaxtınnan da əvvəl oluf, Nuh peyqəmbərin tufanınnan da qavağ olufdu. Adəm peyqəmbərin lap zamanında olufdu Kəbə evi.
Hə... Deyir ki, mənim anam Kəbə evinin yanıynan gedən vaxtı ilahi bir qüvvəynən Kəbə evinin divarı aralanır, mənim anam içəri daxil olur. İçəri daxil olanda həmən divar bir də öz yerini alır. Mənim anam Əsəd qızı Fatimə məni orda dünyaya gətirifdi. Üş günnən sora Kəbə evi aralanıf, mənim anam məni çölə gətirəndə əmim oğlu peyqəmbər anamın qucağınnan məni alıf, mən gözümü açanda ilk dəfə peyqəmbəri görmüşəm, əmim oğlunu görmüşəm. Ona görə mən İsa peyqəmbərdən şərafətdiyəm.
Deyir ki, bəs ya Əli, sən şərafətdisən, yoxsa əmin oğlu peyqəmbər? Deyir ki, o sözü mən deyə bilmərəm, o sözü peyqəmbərdən soruşun, dəəndə, peyqəmbər deyir ki, mən elmin xəzinəsiyəm, Əmirəlmöminin o elm xəzinəsinə açardı. Məni öyrənməh istiyən gərəh əvvəlcə Həzrət Əli əleyhüssəlamı öyrənsin.
49. FATMA NƏNƏ
Başına döndüyüm Fatma ana deyifdi ki,
Aşıx yaza nə qaldı,
Xalın yaza nə qaldı.
Ülkər yana sallandı,
Canım çıx, gör yaza nə qaldı?
Fatma nənə də qüvvəli evliya imiş. Biz indi su qıjısı deyirih ey, kəhrizdərdə bitir. Görürsən onun ağ-ağ saplaxları olur. El dağa gedəndə Fatma ananı mindiriflər dəvəyə. Biri deyif ki, ayə, nə su qıjısı ola, onnan yeyərsən.
Deyif:
– El dağdan gələndə yeyərsən.
Da bağışda, üzr isdiyirəm, Fatma nənə qoltuğunun altının tükünü qoparıf atır, külək aparıf atır suyun içinə. Gələndə görüflər su doludu su qıjısıynan. Bax, həmən o su qıjısı onun qoltuğunun tükünnən əmələ gəlif.
Dostları ilə paylaş: |