7. ŞEYTAN
I mətn
Deyillər ki, Allah-tala özü vahimədən, nə bilim filan-bəsmənnən uzağ olmaxçün çəkilif qəlbiyə çıxanda şeytan əl atıf tutuf ətəyinnən. Deyif:
– Mən yaranannan saa qulluğ eliyirəm. Neyçün maa bir şey tapşırmırsan?
Deyif ki, axı sənə nə tapşırım, nə verim? Deyif ki, mən sənnən bir şey xayiş eliyirəm. Deyif:
– Nədi?
Deyir:
– İnsannarın qəlbini.
Deyif:
– İnsannarın qəlbini də saa verirəm, Allahın nəhlətini də.
Şeytanı da Allah yaradıf ey, amma Allah ona axırda heylə bir cəza verif. Şeytan insanın qəlbinə girəndə nə istəsə eliyə bilər. Deyif ki, insanın qəlbini də verirəm saa, Allahın nəhlətini də saa verirəm. Şeytan insanın qəlbinə girəndə desə ki, Allah saa nəhlət eləsin, o saatı hər şey soyuyar, çıxar gedər. O adamın əlinnən xəta çıxmaz.
II mətn
Bir gün bir kişi yola düşüb səfərə gedirmiş. Görür ki, bir dənə qaratikanın başında bir şeytan elə ağlıyır, elə çığırır ki, qalıb göydən asılı, qaratikanın başında. Deyir:
– A şeytan, niyə ağlıyırsan?
Deyir:
– Atam-anam məni gəzir, hər kəs məni burdan yendirsə, atam-anam onu dünya malıynan qani edəcək.
Dünya malı şirin olur. Bu kişi gedir bu şeytanı qaratikanın başınnan bir zulumnan yendirir. Yendirəndə şeytan buna deyir ki, mən səə dünya malı dedim, amma sən dünya malına axınmaginən*. Mən səə nə desəm ona qulax verginən, gör nə deyirəm. Mənim atam-anam məni görəndə çox sevinəcək. Sənə dünyanı, xəzinəni baxşış verəcək. Sən onu götürməginən.
Kişi deyir:
– Vaxtaş ki heylədi, bəs mən onda neyniyim?
Şeytan deyir:
– Atama deginən ki, dünyanın malı, o xəzinə mənə lazım deyil, sən mənim özümkünə dəyməginən.
Deyir:
– Yaxşı.
Bular gedir, evə yaxınnaşanda bu şeytanın ata-anası durullar ayağa, deyillər:
– Ay Allah, sənə min şükür, balamız sağdı.
Bunun ata-anası deyir:
– Ay kişi, gəl sənə xəzinə, baxşış verək.
Kişi deyir:
– Sənin dünya malın mənə lazım deyil. Oları qoy dursun, mənim öz xəzinəmə dəyməginən.
Şeytan deyir:
– A kişi, sən nə gözü-könlü tox adamsan. Bəs axı sən mənim balamı qaratikanın başınnan xilas etmisən. Bəs mən sənin qulluğunda neyniyim?
Kişi deyir ki, bu dünyanın hamısı sənindi. Alan da sənsən, verən də sənsən, tikən də sənsən, sökən də sənsən, paydan çıxan da sənsən. Vaxtaş ki belədi, məə sənin heş nəyin lazım deyil. Təki sən mənim balama dəyməginən. Mənim balam mənə, sənin balan sənə qismət olsun.
Ona görə belə bir misal var atalar arasında: Şeytan bala paylıyır. Atalar deyir: “Balası lazım deyil, bizim balamıza dəyməsin”.
Dostları ilə paylaş: |