70. ƏLİ BULAĞI VƏ NARLIQ MEŞƏSİ*
I mətn
Ağdam rayonunun Gülaplı kəndi var. İsdiyip cənab Əli orda namaz qıla, görüp kü, su yoxdu. İsdiyir atını bağlıya, görür atını bağlamağa yer yoxdu. Görüp orda nəysə uşax özünə ojax qayırıp, nar ağacı var, kösöy var. Götürür kösöyü soxup yerə, atını bağlıyıp ona. Bu səfər görüp su yoxdu dəsdəmaz almağa, çəkir qılıncı dağa belə, ordan su pakqıldıyıp əyinnən bəri. Görüp dağ uçajax da, bərk kəsipbiş, əlini belə yapışdırır kı, dayan. Əlii xəmirə yapışdırarsan e, bax, heylə yapışıp dağa, dağ dayanıp. Əlinin yeri bax heylə qalıp. Həmən ordan bulax çıxır, Əli bulağı deyillər. Başdıyıp dəsdəmaz alıp, qayıdıp namaz qılıp. Atı da o kösöyə bağlamışmış, həmən kösöv bitip, olup nar ağacı – narrıx. Həmən onüçün deyillər Əli bulağı, Əli bulağı. Axı ora Cənab Əli nar əkip.
İndi uşağı olmuyannar niyyət eliyip ora yüyrüh asıllar, ocaxdı da. Əgər yüyrüh tərpənsə, deməh, uşağın olacax.
II mətn
Bizdə Əli bılağı varıydı. And olsun Allaha ki, o bulax müqəddəs bir bulağıydı. Yanı daşın üsdündə nar ağacı pitmişdi, nar ağacının bir tərəfi qızılgül gətirirdi, bir tərəfi nar gətirirdi. Piridi, ziyaratgahıdı. Yanı bını bizim kəndin camahatı, qıraxdan gedənnər də görmüşdü kü, nar qızılgül gətirir, sora meyviyə çevrilirdi. Bütün bulaxlar, günbatannan çıxır, gündoğana doğru axır. Amma o nadir bulaxdı ki, gündoğannan günbatana doğru axırdı. Özü də sırf daşın içinnən çıxırdı, elə də guruydu ki, elə bil arteziyanın suyu gəlir, bax, heylə. Orda bir qaya var, üsdündə pəncə var, Əli pəncəsi deyillər. Rəvayət eliyillər ki, qaya gəlirmiş, Əli əlini verif dəə onun qavağına. Soralar da, bax, onun üsdünə erməni xaç çəhmişdi. O xaç çəkən erməninin külfəttinnən bir nəfər də qalmadı, hammısı qırıldı. Ona görə də ermənilərin o dağa inamları varıydı. Onnar pütün ayləlihcə bir gejənin içində qırıldı. Pərpətöyünnən zəhərrənmişdilər.
III mətn
Bizdə Əli bılağı vardı. Deməli, Həzrət Əli o vaxdı bir dənə quru kösöyü sancır yerə, atını bağlıyır ora. Çox bərh susdamışımış. Qılıncını belə çəkir dağa Əli, qurban olduğum, bı daş belə paralanır. Belə hesav elə, bı öyün bir hissəsi paralanıf gedif tüşmüşdü ora, tüşəndə əlini belə qavağına vermişdi, əli elə bilginən ki, xamıra batan kimi daşa batmışdı. Görür ki, dağ gedir, əlini belə verir qavağına, əli xamıra batan kimi batmışdı. Həmən bulax o iki daşın arasınnan çıxmışdı. Əlinin birini yerə qoymuşdu, bir də dizini, ordan su işmişdi. Dizinin də, əlinin də daşa izi düşmüşdü. Orda erməni sora əlinin üsdə xaş çəhmişdi. Dedilər, o erməninin kökü nətər kəsilifsə, bir quyrux buluyanı da qalmıyıf. Bax, o quru kösöy də göyərmişdi. Həmən bılağın üsdündə bir dənə nar kolu çıxmışdı. Bax, o nar kolu üç hissiyə bölünmüşdü. Onun biri qızılgül açırdı, ikisi nar gülü açırdı. İki zuğu nar gülü açırdı, bir zuğu qızılgül. Köhdən çıxan narıydı. Üş dənə zuğuydu. İndi birinin uşağı olmurdu, aparıb həmən narda yüyrüh asırdı. İçinə daş qoyurdu, əyəm o yüyrüh yüyründü, bilginən onun züryəti olajax, yüyrünmədi, olmıyajax. Qəbir-zad, hes zad yoxuydu. Atını bağladığı kösöy göyərmişdi. İndi ona görə çox adam deyir ki, quru kösöyü göyərdən Allah, sən bu nəziri qəbul elə. İndi kimin ki qurbanı qəbuludu, gətiriv orda kəsirdi, kavaplıyırdı, paylıyırdı.
Dostları ilə paylaş: |