92. QABARTDI ÇAYI
Pənah xan Şuşada oturuf suyu həməşə Tərtərdən içirmiş. Orda üş çay vardı. Onnarın suyu dağlardan gəlirdi. Birinci Qarqar, sora Xaçın, sora Tərtər. Pənah xan Qarqardan içmiyif. Deyif:
– Qarqardan keş, Xaçına tüpür, Tərtərdən iç!
Hər gün bir atdı Pənah xana Tərtərdən su aparırmış. Bir günnəri o nökər gejikir, gedə bilmir. Ağdamın Boyəhmətdi kəndi var. Onun böyrünnən bir çay keçir. Deyir:
– Ə, xandı da, nə biləjəh hardan götürmüşəm.
O çay da balaja bir çaydı, kəndin böyrünnən axır. Dönür ordan bardağları doldurur, o axar sudan aparır verir xana. Xan bəyaxdan bir boşqap yeyirdi, indi iki boşqap yeyir. Çağırır nökəri ki, gəl bura. Nökər deyir: “Sən öl, başa düşüf, məni öldürəjəhlər də”.
Deyir:
– Qorxma, düzünü de. O su maa çox xeyir elədi, bir qab artırdı. O suyu hardan almısan?
Deyir:
– Vallah, xan sağ olsun, at yoruldu, axsadı. Ağdamın böyründə Boyəhmətdi kəndi var, suyu dağlardan gəlir, balaja bir çaydı, ordan götdüm gəldim.
Deyir:
– Həməşə maa suyu ordan gəti.
İndi o çayın adını xan qoyuf o zaman, Qabarttı çayı deyillər. Qabarttı qab artırır da, bir qab yeməyi artırıfdı. İndi də bu saat biz o çaya hamımız Qabartdı çayı deyirik, qab artıran çaydı da!
Dostları ilə paylaş: |